Sosial

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə
SURƏTİ:
— Ekologiya və Təbii Sərvətlər Nazirliyinə;
— Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə.
MÜRACİƏT EDƏN: Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 47, 49 və 51 nömrəli binanın sakinləri adından Akif Əhmədov
Ş İ K A Y Ə T
(Vəzifəli şəxslərin fəaliyyətsizliyi və vətəndaşların həyatını təhlükə altında qoyma faktları barədə)

Hörmətli cənab Baş Prokuror!
Biz, Xətai rayonu, General Şıxlinski küçəsi, 47, 49 və 51 nömrəli binanın sakinləri olaraq, artıq 5 ildir ki, həyat və sağlamlığımız üçün ciddi təhlükə yaradan iki problemlə bağlı müvafiq qurumlara (BŞİH Yaşıllaşdırma Birliyi, Yerli İcra Hakimiyyəti və Bələdiyyə) müraciət edirik: bir sakin və müstəqil jurnalist kimi, dəfələrlə özüm də müraciət etmişəm. Lakin bu qurumların nümayiş etdirdiyi sistemli fəaliyyətsizlik nəticəsində təhlükə və narahatçılıq bütün ciddiyyəti ilə yenə davam etməkdədir:
Həyat üçün təhlükəli ağaclar: Həyətimizdə onlarla qurumuş və əyilmiş qəzalı qovaq ağacları mövcuddur. Bu ağaclar hər an aşma təhlükəsi yaradır. Yaşıllaşdırma Birliyi “Ekologiya Nazirliyinin rəyi yoxdur” bəhanəsi ilə vəzifələrini icra etməkdən yayınır. Halbuki, ETSN tərəfindən qəzalı qovaqların kəsilməsi üçün Yaşıllaşdırma Birliyinə xüsusi arayış (ümumi razılıq) verilib və bu, hər ağac üçün ayrıca rəy gözləmədən dərhal tədbir görməyə hüquqi əsas yaradır.
Yarımçıq fundamentlər: 49 nömrəli binanın qarşısında elektrik dirəkləri üçün qazılmış və betondan tökülmüş 8 dirək özülü piyadalar, xüsusən də uşaqlar üçün açıq təhlükə mənbəyidir.
Hüquqi Əsaslandırma:
Azərbaycan Respublikasının “Yaşıllıqların mühafizəsi haqqında” Qanununa və Nazirlər Kabinetinin 17 may 2018-ci il tarixli 217 nömrəli Qərarına əsasən, bələdiyyələr və yaşıllaşdırma qurumları hər il fevralın 1-nə qədər monitorinq aparmalı və qəzalı ağacları müəyyən edərək tədbir görməlidirlər. ETSN rəsmisi Mirsalam Qənbərovun mətbuata verdiyi açıqlamada da qeyd olunduğu kimi, bu, bələdiyyə və yaşıllaşdırma qurumlarının vətəndaşın müraciətindən asılı olmayan “funksional öhdəlikləridir” (Mənbə: https://bizim.media/az/multimedia/155346/).
Əgər bələdiyyə monitorinq aparıb problemləri sənədləşdirirsə, ancaq onları həll etmirsə, bu, qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrin (yaşıllıqların mühafizəsi) icra edilməməsi sayılır.
Nazirlər Kabinetinin 17 may 2018-ci il tarixli 217 nömrəli məlum Qərarına əsasən, “Fevralın 1-nə kimi hesabat vermək” məsələsi də məhz bu funksional öhdəliyin bir hissəsidir. Əgər bələdiyyə həmin müddətə qədər qəzalı ağacları siyahıya alıb nazirliyə bildirmirsə, bu da birbaşa vəzifə səhlənkarılığı sayılır.
Qeyd olunan qurumların 5 il ərzində heç bir real addım atmaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddəsində (Səhlənkarlıq) nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini ehtiva edir.
Prokurorluq orqanlarının əvvəlki müraciətlərimizi “təsərrüfat məsələsi” kimi qiymətləndirib icra qurumlarına yönləndirməsi nəticə verməmiş, əksinə, aidiyyəti şəxslərdə cəzasızlıq mühiti yaradaraq etinasızlığı “institutlaşdırmışdır”.
Xahişimiz:
Yuxarıda qeyd olunanları və “Prokurorluq haqqında” Qanunun tələblərini rəhbər tutaraq, Sizdən xahiş edirik:
—Vətəndaşların həyatını real təhlükə altında qoyan Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi və müvafiq bələdiyyənin məsul şəxslərinin fəaliyyətsizliyinə prokuror nəzarəti qaydasında hüquqi qiymət verilsin;
—Təhlükəli ağacların kəsilməsi və yarımçıq fundamentlərin bərpası və ya ləğvi üçün həmin qurumlara icrası məcburi olan təqdimat verilsin;
—Məsələnin həlli prosesinə nəzarət edilərək, nəticəsi barədə tərəfimizə yazılı məlumat verilsin.
Qoşma: 1.Sakinlərin imza vərəqi (35 nəfər)
2. Problemləri əks etdirən 20 şəkil
Hörmətlə,
Əhmədov Akif
30 mart 2026-cı il
050 324 71 25




















