Tarixdə bu gün
İlin 89-cu (uzun illərdə 90-cı) günü.
Doğum günləri:

1912 — Professor, geoloqiya-mineralogiya elmləri doktoru , “Şərəf nişanı” ordeni və bir sıra medallarla təltif edilmiş Fatma İsmayıl ağa qızı Vəkiova Qazax qəzasının Yuxarı Salahlı kəndində, məşhur pedaqoqlar nəslinə mənsub İsmayıl ağa Vəkilovun ailəsində dünyaya göz açmışdır.
İlk təhsilini atasının müdir olduğu beşsinifli Dağ Kəsəmən məktəbində almışdır. Bu arada ailə paytaxta köçərək, Mərdəkanda yaşamış, həmin illərin nüfuzlu tədris ocaqlarından olan Bakı Darülmüəllimatına (Qızlar Seminariyası) təhsil almışdır.
Darülmüəllimatı bitirdikdən sonra ailəsinin yaşadığı Mərdəkanda orta məktəbdə işləmişdir.
Fatma xanım orta məktəbdə müəllimə işləməklə bərabər, Azərbaycan Pedaqoji İnstitutunda qiyabi, sonra əyani təhsil alır. Ali məktəbi bitirdikdən sonra bir müddət Bədən Tərbiyəsi İnstitutunda kimya və biologiya fənlərini tədris edir.
1943-cü ildən Elmlər Akademiyası sisteminə keçən Fatma xanım ömrünün sonunadək bu elm ocağında çalışmışdır. 1968-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi alır.
Fatma xanım Vəkilova Azərbaycan EA İ.M.Qubkin adına Geologiya İnstitutu geokimya və analitik kimya laboratoriyasının rəhbəri olmaqla geniş tədqiqat işləri aparmışdır. Onun əsas araşdırma sahəsi kobaltın geokimyası idi. Fatma xanımın uzun illər aparmış olduğu elmi araşdırmaların məhsulu olan “Kobaltın geokimyası” adlı sanballı əsəri 1966-cı ildə Bakıda rus dilində çapdan çıxmışdır.
Fatma İsmayıl ağa qızı Vəkiova 1987-ci ildə 75 yaşında Bakıda vəfat etmişdir.

1939 — Azərbaycan kino rəssamı, rejissor, ssenari müəllifi, rəssam assistenti, dekor rəssamı, Azərbaycanın Xalq rəssamı Rafiz Rza oğlu İsmayılov Bakıda anadan olub.
1962-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirib. 1966-1972-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.
1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir.
Bir çox bədii filmlərin, teatr tamaşalarının quruluşçu rəssamı, bir neçə animasiya filminin rəssamı və rejissorudur.
R. İsmayılov bir neçə kitabin da tərtibatçı – rəssamıdır.

1945— Məşhur aktrisa, Xalq artisti Məmmədova Şəfiqə Haşım qızı Dağıstanın Dərbənd şəhərində doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib (1968). Anarın “Şəhərin yay günləri” pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına (1980), Rasim Ocaqovun çəkdiyi “İstintaq” filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına (1981) layiq görülüb.
Azərbaycan Milli Dram Teatrının truppasına 1968-ci ildə qəbul olunub. Milli Dram Teatrının səhnəsində onlarla bir-birindən cazibədar obrazlar yaradıb.
Şəfiqə Məmmədova eyni zamanda “Qaraca Qız” (Qız), “Dədə Qorqud” (Burla xatun), “İstintaq” (Gülya), “Bizim Cəbiş müəllim” (Cəbişin arvadı), “Ad günü” (Fəridə), “Çarvadarların izi ilə” (Səriyyə) bədii filmlərinə çəkilib.
2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilmişdir.

1946 – Tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki , Əməkdar Elm xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru Cəmil Əliyev Bakı şəhərində tanınmış alim və görkəmli ictimai xadim Əziz Əliyevin ailəsində anadan olmuşdur.
1968-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.
1973-cü ildə Bakı şəhərində “Onkologiya” ixtisası üzrə “Alt dodağın dərisinin və ağız boşluğunun selikli qişasının xərçənginin diaqnostikası və müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1978-ci ildə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzində “Onkologiya” ixtisası üzrə “Dərinin melanoması və xərçəngi zamanı plastik cərrahiyyə əməliyyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Professor C.Ə. Əliyev 1994-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun onkologiya kafedrasına rəhbərlik edir. C.Ə. Əliyev süd vəzi, başın yumşaq toxumaları və boyun şişlərinin diaqnostikası sahəsində görkəmli aparıcı mütəxəssislərdən biridir.
C.Ə. Əliyev 600-dən çox elmi məqalənin, 10 ixtiranın, 18 monoqrafiya və tələbələr üçün dərs vəsaitinin müəllifidir. Onun elmi rəhbərliyi altında 8 tibb elmləri doktorluğu və 48 tibb üzrə fəlsəfə doktorluğu müdafiələri işlənib uğurla müdafiə edilmişdir.
C.Ə. Əliyev Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının əcnəbi üzvü, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Amerika Birləşmiş Ştatları M.D. Anderson Xərçəng Mərkəzinin fəxri professoru, Hammersmit Kral Universiteti Hospitalının fəxri doktoru, həmçinin bir çox beynəlxalq elmi qurumun və ictimai təşkilatın tərkibinə seçilmişdir.
1980-ci ildə “Dərinin melanoması və xərçəngi zamanı plastik cərrahiyyə əməliyyatı” monoqrafiyasına görə SSRİ Tibb Elmləri Akademiyasının akademik N.N. Petrov adına mükafatına layiq görülmüşdür.
Professor Cəmil Əliyevin adı 1996-cı ildə İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin dünya intellektualları arasında “Kim kimdir?” bioqrafik toplusuna daxil edilmişdir.

1966 —Məşhur qarmon ifaçısı, “Qaytağı” instrumental ansamblının bədii rəhbəri, Xalq artisti Ənvər Hidayət oğlu Sadıqov Bakı şəhərində anadan olmuşdur.
Ənvərin atası Hidayət bəyin əmisi oğlu gözəl pianoçu, ölməz bəstəkar Tofiq Quliyev, korifey sənətkarlarımız Rəşid Behbudov, Şövkət Ələkbərova kimi şəxsiyyətlərlə bərabər çalışmış Azərbaycan Respublikasının xalq artisti Çingiz Sadıqovdur. Hal-hazırda Çingiz Sadıqov ABŞ-da yaşayır. Ənvər Sadıqov 1983-cü ildə 254 nömrəli orta məktəbi bitirmişdir. H.Z.Tağıyev adına toxuculuq kombinatının klubunda qarmon dərnəyinin rəhbəri işləyib.
1990-cı ildə R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında işləmiş, 1994-cü ildən isə Azərbaycanın əməkdar artisti Brilyant Dadaşova ilə birgə çalışır. 1997-ci ildə Azərbaycan incəsənət nümayəndələrinin Norveçin məşhur “Skruk” xoru ilə birgə layihəsində iştirak etmişdir. Bundan başqa Ənvər bir çox xarici dövlətlərdə qastrol səfərlərində olmuşdur.
Vəfat etmişdir:

1951 — Tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın , mama-ginekoloq, tibb elmləri doktoru , professor Adilə İsa Sultan qızı Şahtaxtinskaya 57 yaşında Tiflisdə vəfat etmişdir.
Adilə Şahtaxtinskaya 1894-cü il aprelin 17-də Tiflis şəhərində publisist və kollec müşaviri İsa Sultan Şahtaxtinskinin ailəsində anadan olub. Şahtaxtinskaya 1930-cu ildə tibb elmləri doktoru dərəcəsini, 1936-cı ildə isə professor elmi adını qazandı, bununla da tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın oldu. 1933-cü ildən Şahtaxtinskaya Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) mamalıq və ginekologiya kafedrasına başçılıq edirdi. Adilə Şahtaxtinskaya Azərbaycanda ilk qadın kafedra müdirlərindən biri olub. Tədqiqatları, əsasən, qadın gigiyenasına, kəsilib götürülmüş uşaqlığın yumurtalıqlara təsirinə, eklampsiyaya həsr olunmuşdur.
Adilə Şahtaxtinskaya 30 mart 1951-ci ildə Tiflisdə vəfat etmişdir.
Tiflisin köhnə müsəlman qəbiristanlığında dəfn edilib (indiki Botanika bağının ərazisində).

2005— Azərbaycanın görkəmli opera müğənnisi (soprano), Xalq artisti Gülxar İbrahim qızı Həsənova 86 yaşında vəfat etmişdir.
Gülxar Həsənova 10 dekabr 1918-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində anadan olmuşdur.
Bakı Teatr Texnikumunda oxumuş , ADU-nu bitirmişdir.
G.Həsənova səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlamışdır . O, Üzeyir Hacıbəyovun məsləhəti və köməkliyi ilə 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrına işə qəbul olunmuşdur. Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olmuşdur. O, burada parlaq, koloritli qadın obrazları yaratmışdır. 1980-cı ildən teatrın məşqçi pedaqoqu olmuşdur.
Onun ifasında Əsli, Xanəndə qız (“Əsli və Kərəm”, “Koroğlu”, Ü.Hacıbəyov), Şahsənəm (“Aşıq Qərib” Z.Hacıbəyov), Təravət xanım (“Bahadır və Sona”, S.Ələsgərov), Anna (“Gəlin qayası”, Ş.Axundova) və digər partiyalar böyük professionallığı, özünəməxsusluğu ilə seçilir. Onun yaradıcılığının zirvəsi Müslüm Maqomayevin “Şah İsmayıl” operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasında Leyli, Leylinin anası partiyalarıdır. Səhnə fəaliyyətini bitirən G.Həsənova milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədirdi. G.Həsənova Azərbaycan Respublikasının “Şöhrət ordeni” ilə təltif edilmişdir.

2014 — Tanınmış dirijor, Əməkdar İncəsənət xadimi Azad Sabir oğlu Əliyev 63 yaşında vəvat etmişdir.
Azad Əliyev 1951-ci il martın 29-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasını 1974-cü ildə fortepiano ixtisası, 1980-ci ildə isə vokal ixtisası üzrə bitirmişdir.
Pedaqoji fəaliyyətə 1960-cı ildən, 6 №-li musiqi məktəbindən başlamışdır. A.Zeynallı adına Orta ixtisas musiqi məktəbində, Sumqayıt orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
1974-1982-ci illər ərzində Azərbaycan Dövlət Konservatoriyasının Simli alətlər kafedrasında konsertmeyster vəzifəsində çalışmışdır. 1972-1980-ci illər “Respublika” sarayının baş səs rejissoru olmuşdur. 1980-ci ildə Sumqayıt orta ixtisas musiqi məktəbinin müdir müavini vəzifəsidndə çalışmışdır. Həmini dövrdə Sumqayıtda ilk kamera orkestri yaratmış və bu orketstrlə müxtəlif konsertlərdə çıxış etmişdir.
1981-1985-ci illərdə Xalq artisti, skripka ifaçısı S.Qəniyevlə birgə pianoçu kimi SSRİ-nin bütün ölkələrində konsertlərdə çıxış etmişdir.
2006-cı ildən həyatının sonuna qədər Azteleradio Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru idi.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.