31 mart

Tarixdə bu gün

Mühüm hadisələr:

1918 — Azərbaycanın Bakı, Şamaxı, Quba da daxil olmaqla bir sıra şəhərində erməni daşnakları və bolşeviklər tərəfindən yerli camaata qarşı soyqırım törədilmişdir.

Doğum günləri:

1861 – Məşhur xanəndə, bəstəkar, Azərbaycanın Xalq artisti Cabbar İsmayıl oğlu Qaryağdıoğlu Şuşada “Seyidli” məhəlləsində anadan olmuşdur.

 Cabbar Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olmuşdur.

•    Şuşada 1906-ci ildə “Leyli və Məcnun” tamaşasını səhnəyə qoyublarmış. Məcnun rolunu Cabbar Qaryağdıoğlu oynayırmış. Deyirdilər o, başına quş yuvası qoyubmuş. Yuvanın içində bülbül varmış. Cabbar Qaryağdıoğlu Leylinin qəbri üstündə hönkürəndə bülbül uçub gedib.

•    1965-ci ildə Moskvada nəşr olunmuş “Pesnya i muzıka Azerbaydjana” kitabında deyilir ki, Cabbar Qaryağdıoğlu 1906-cı ildə Varşavada konsert verib. Bu konsertdən toplanan pul vəsaiti Zaqafqaziya müsəlman tələbələrinə paylanıb. Bu müdrik xanəndə xeyriyyəçi kimi də tanınırdı.

•    O, Bakıda Mərdəkan qəsəbəsində Yesenin və Şalyapinlə görüşmüşdü. Aralarında müəyyən söhbət də olmuşdu. Cabbar Qaryağdıoğlunun zil və məlahətli səsi, geniş səs diapazonu onları heyrətə salmışdı. Yesenin Cabbar Qaryağdıoğlunu “Şərq musiqisinin peyğəmbəri” adlandırmış və ona bir şer həsr etmişdi.

•    Cabbar Qaryağdıoğlunun şairliyi də vardı. Bəstəkar kimi mahnılar da qoşurdu. O, bir dəfə Irəvanda bir toy məclisində oxuyurmuş. Məclisin qızğın vaxtında toy sahibi, daha doğrusu, qız atası xanəndədən xahiş edir ki, gəlini tərifləyən bir mahnı oxusun. Cabbar əmi də o dəqiqə elə oradaca “İrəvanda xal qalmadı” adlı mahnı bəstələyib oxuyur. Toy sahibi çox razı qalır. Məclis xanəndəni alqışlayır…

•    XX yüzilin əvvəllərinədək Azərbaycan xanəndələri farsdilli şeirlərlə muğam melodiyalarını ifa etmək ənənəsinə riayət edirdilər. Bu ənənəyə görkəmli Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu son qoydu. Onunla başlayaraq, muğamların Azərbaycan dilində ifası Azərbaycanda, eləcə də Azərbaycan muğamlarının çox geniş populyarlığa malik olduğu bütün Güney Qafqazda ənənəyə çevrildi.

1861-ci ildə doğulan xanənədə 83 yaşında, 1944-cü ildə dünyasını dəyişib.

1936- Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Xalq artisti Rafiq Fərzi oğlu Babayev Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur.

 Atası Fərzi Babayev 1937-ci ildə  güllələnmə cəzasına məhkum edilmişdir . Rafiqin anası Şahbəyim xanım 6 övladını – Mərziyə, Vəsilə, Emilya, Oqtay, Rafiq, Armanusa-nı hədsiz çətin şəraitdə tərbiyə etməyə məcbur olmuşdur. Sonradan bu uşaqların hamısı peşəkar musiqiçi kimi tanınmışdır.

1943-cü ildə 160 nömrəli musiqi məktəbinə daxil olan Rafiq ilk caz kvaretini də məhz bu məktəbdə yaradır. 1950-ci ildə həmin məktəbi bitərək, A.Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olur, R.S.Levinanın sinfində təhsil alır. Bu məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyir. O, caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığını təkmilləşdirirdi.

1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda Rafiq Babayev bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilir. R.Babayev və R.Behbudov teatrlaşdırılmış böyük konsert proqramı hazırlamağa başlayırlar.

1967-ci ildə Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festifalında Rafiq Babayevin ansamblı laureat olur. Onun “Bayatı-kürd” ladında ifa edilmiş kompozisiyası xüsusi qeyd edilir.

1991-ci ildə Rafiq Babayev “Cəngi” folklor-caz kollektivini təşkil edir və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən Səsyazma Studiyası yaradır. O, folklor çalğı alətlərindən istifadə etməklə, onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda bir-birinə zidd cəhətlərinə – Qərbə və Şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalar yaradırdı.

Rafiq Babayev 19 mart 1994-cü ildə Bakı metropolitenində Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş terror hadisəsi zamanı həlak olub.

1967 — Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov Bakı şəhərində doğulmuşdur.

1984-cü ildə Bakı şəhərinin Nəsimi rayonundakı 19 nömrəli orta məktəbi bitirmişdir.

1985- 1987-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur.

1991-ci ildə könüllü olaraq Qarabağ cəbhəsinə yollanmışdır.

1992-ci ildə Ağdam cəbhəsində hərbi hissələrdən birinin komandiri təyin edilmişdir.

1992-ci il sentyabr ayının 4-də Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il fərmanı ilə Fəxrəddin Vəliəddin oğlu Nəcəfova  ğlümündən sonra Azərbaycan Respublikasının  Milli Qəhrəmanı fəxri  adı verilmişdir.

Azərbaycanın qəhrəman oğlu Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Bakı şəhəri 266 nömrəli tam orta məktəb onun adını daşıyır.

1976 — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Azərbaycanın Milli Qəhrəmanı Murad Telman oğlu Mirzəyev Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub.

Hələ uşaq yaşlarında hərbçi olmaqa can atan Mirzəyev anasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib.

1991-1994-cü illərdə bu hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib.

1998-ci ildə ali hərbi məktəbi bitirib. Nəticədə Murad Mirzəyev Amerika Birləşmiş Ştatları, Rumıniya və İordaniyada baş tutan hərbi təlimlərə qatıldı.

Murad Mirzəyev 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alan Fizzə Mirzəyeva ilə ailə həyatı qurdu.

Murad Mirzəyev 2 aprel 2016-cı ildə aprel döyüşlərində Vətən naminə Şəhidlik zirvəsinə ucalmışdır.

1986—Texnika üzrə fəlsəfə elmləri doktoru, elmmetriya üzrə Azərbaycanda ilk gənc mütəxəssislərdən biri olan Nigar Tahir qızı İsmayılova anadan olmuşdur. 2007-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) “Tətbiqi Riyaziyyat” ixtisasını bitirmiş, 2009-cu ildə ADNA-da “Riyazi modelləşdirmə” ixtisası üzrə magistr dərəcəsi almışdır.

2008-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutuna işə qəbul edilmişdir. İnstitutun E-kitabxana Mərkəzində Bibliometriya sektorunun müdiridir.

Bibliometriyanın inkişafı, müasir vəziyyəti və inkişaf perspektivləri, bibliometrik xəritələrin hazırlanması, elektron kitabxanalarda sosial şəbəkələr, bibliometrik üsullar vasitəsilə elektron kitabxanalarda xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində araşdırmalar aparır. N.İsmayılova “Qeyri-səlis çoxluqlar üçün bir sinif hamar mənsubiyyət funksiyalarının tədqiqi və tanıma sistemlərində tətbiqi” mövzusu üzrə 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertasiya işi müdafiə etmişdir.

Vəfat etmişdir:

1980— Görkəmli sirk artisti, jonqlyor. Azərbaycanın Xalq artisti Xosrov Abdulla oğlu Abdullayev Moskvada vəfat etmişdir.

Xosrov Abdulla oğlu Abdullayev 29 yanvar 1926-cı ildə Şamaxıda anadan olub.

Moskvadakı Dövlət Sirk Sənəti Məktəbini bitirib.

Görkəmli sovet jonqlyorlarından olan Abdullayev 30 ildən artıq bu janrda fəaliyyət göstərmişdir. Abdullayevin jonqlyor sənəti virtuozluğu, orijinallığı, milli özünəməxsusluğu və ekssentrik elementləri ilə fərqlənirdi. Abdullayev həmçinin kloun və illüzionist kimi də tanınmış (Karandaş və E. Kionun proqramlarında), 1976-cı ildə ilk dəfə “İllüziya revüsü” attraksionu ilə müstəqil çıxış etmişdir. Dünyanın 48 ölkəsində qastrolda olmuşdur. “Uşaqlığın son gecəsi”, “Cəsurlar meydanı”, “Sirk meydançası” və s. filmlərdə çəkilmişdir. Abdullayev haqqında “Sirk mənim həyatımdır” sənədli filmi yaradılmışdır.

2007— 1961-ci ildə Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, Sosialist Əməyi Qəhrəmanı Fərman Qurban oğlu Salmanov 75 yaşında vəfat etmişdir.

Fərman Salmanov 28 iyul 1931-ci ildə Şəmkir rayonun Morul kəndində anadan olmuşdur. Orta məktəbi yüksək qiymətlərlə başa vuran Fərman Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra Kuzbasa neft-qaz yataqlarının kəşfiyyatına göndərilir. O tezliklə Kuzbasın heç bir neftlilik-qazlılıq potensialının olmadığı qərarına gəlir və Sovet rəsmilərinin icazə olmadan kəşfiyyat qrupundan olan könüllülərlə Sibirin Surgut bölgəsinə getməyi qərara alır.

Salmanov 1961-ci ilin 21 mart tarixində Megion yatağını kəşf edir. Yatağa qazılmış ilk kəşfiyyat quyusu neft fontanı verir

 Salmanov Üst-Balıqda ikinci neft-qaz yığımını kəşf edir. Sibir qısa müddətə ölkə iqtisadiyyatının əsas aparıcı qüvvəsinə çevrilir.

Fərman Salmanov ömrünün 50 ilini Sovet İttifaqı vı Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr etmiş, 100-dən artıq nəhəng neft-qaz yatağını kəşf və ya onların kəşfində iştirak etmişdir. Belə nəhəng yataqlardan Mamontov, Megiyon, Pravdinsk, Üst-Balıq, Surgut, Urengoy, Yamburq və s. misal göstərmək olar.

Görkəmli geoloq 160-dan artıq monoqrafiya və elmi əsərlərin müəllifidir. O Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surgut şəhəri və Texas ştatının fəxri vətəndaşı seçilmişdir.

Bayramlar və xüsusi günlər:

31mart-Azərbaycanlıların Soyqırımı Günüdür.

Mart Soyqırımı  həm də 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın  Azərbaycan xalqının faciə tarixidir

Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.” Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.

İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda Mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir.

Bu hadisələrin dəhşətini göz önünüzə gətirməyiniz üçün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarından bəzi çıxarışları nəzərinizə təqdim edirik:

  • 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.
  • Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir.
  • 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.
  • Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.
  • İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir.

31 Mart faciəsi tarixə qanlı bir ləkədir.  Bu qanlı tarix Ümummilli faciədir.

Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.    28 mart 2006-cı ildə Azərbaycan Respublikası prezidenti İlham Əliyevin “31 Mart Azərbaycanlıların soyqırımı Günü” münasibətilə Azərbaycan xalqına müraciəti olmuşdur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.