
Kiçik detallarda gizlənən böyük həqiqətlər
Bəzən böyük həqiqətlər çox kiçik görünən detallarda gizlənir. Heydər Əliyev adına Parkdakı şəlalənin qarşısında diqqətimi çəkən iki ağac da belə detallardandır. Bu ağaclardan birini 4 iyun 2000-ci ildə Azərbaycanın həmin dövrdə prezidenti olmuş Heydər Əliyev əkmişdir: bu park da məhz Ulu Öndərin adını daşıyır. İkinci ağacı isə indiki prezidentimiz cənab İlham Əliyev 30 oktyabr 2007-ci ildə əkmişdir.

Ağac əkmək: siyasi jest yox, mədəni və mənəvi simvol
Ümumiyyətlə, Prezidentlərin və dövlət başçılarının ağac əkməsi dünya praktikasında var və bu, bir ənənədir. Belə ağaclar istər rəsmi səfərlərdə əkilmiş olsun, istərsə də öz ölkələrində, bunlar adi ağaclar deyillər. Onlar, sadəcə, təbiəti qorumaq üçün deyil, həm də dövlətlərarası dostluğun və əməkdaşlığın simvolu kimi çıxış edir. Onlar dünyaya diplomatik mesaj və gələcəyə yönəlmiş siyasi iradənin vizual atributlarıdır.
Bir çox mədəniyyətlərdə və beynəlxalq təşkilatlarda (məsələn, BMT) ağacəkmə mərasimləri sülhün, birliyin və ümidin rəmzi kimi qəbul edilir.
Dövlət başçılarının ağac əkməsi gələcək nəsillərə buraxdığı bir irs hesab olunur:”İnsan ağacı özü üçün deyil, gələcək nəsillər üçün əkir” fəlsəfəsini simvolizə edir. Məsələn, zeytun ağacı sülhü, palıd güc və uzunömürlülüyü, çinar isə köklü dövlətçiliyi və əbədiyyətin rəmzidir. Şam, küknar və ya sərv kimi həmişəyaşıl ağaclar isə münasibətlərin hər zaman canlı və sarsılmaz qalacağına bir assosasiya yaradır.
Prezidentlərin ağac əkməsi həm də dövlətin ekoloji siyasətinin və təbiətə verdiyi önəmin bir göstəricisidir. Artıq bu gün Azərbaycanda prezident səviyyəsində keçirilən ağacəkmə aksiyaları ekoloji mədəniyyətin təbliği və “Yaşıl dünya naminə həmrəylik” simvolu kimi qəbul edilmişdir. Bəs Xətai rayonundakı Heydər Əliyev adına Parkda Ulu Öndərin 2000-ci ildə əkdiyi ağac 26 ildən sonra yaşıl dünya naminə həmrəyliyin monumental abidəsi halına gətirilibmi? Və yaxud Cənab İlham Əliyevin əkmiş olduğu ağac niyə parkın kompozisiya mərkəzində deyil? Bəs məsuliyyət haradadır? Axı simvolik ağaclara həm estetik, həm də ehtiva etdiyi anlayışlar baxımından xüsusi yanaşma göstərilməlidir. Reallıq isə budur ki, hər iki xatirə ağacı vizual baxımdan parkdakı digər ağaclardan “Ən” deyillər. Prezidentlərin adı ilə bağlı olan atributlara qarşı bu cür hallara necə səssiz qalmaq olar?!
Bəlkə də bir ağacın taleyi böyük məsələ kimi görünməz. Amma şəhərin yaşıllığına münasibət məhz belə xırda detallardan başlayır. İstər Ümummilli lider tərəfindən əkilmiş və artıq 26 yaşı olan bir ağacın, istərsə də cənab İlham Əliyevin əkdiyi ağacın belə görünməsi normal deyil və hər ikiağacın görkəmi park ərazisində yaşıllıqlara göstərilən münasibətin real mənzərəsini açıq şəkildə ortaya qoyur. Bax, iki ağacın vücudunda gizlənmiş həqiqət budur.
Əgər park ərazisində xüsusi əhəmiyyət daşıyan, tarixi məqamlarla bağlı ağac belə vəziyyətə düşübsə, bəs digər ağacların taleyi necədir? Onlar göstərilən qayğı, diqqət bu ağacları əsrin o tayına apara biləcəkmi?
Bu sual artıq təkcə estetik məsələ deyil. Bu, şəhər təsərrüfatına, yaşıllıqların qorunmasına və onlara göstərilən diqqətə verilən qiymətin göstəricisidir.
Aidiyyəti qurumlar bu məsələyə aydınlıq gətirməli, belə halların səbəbləri araşdırılmalı və məsul şəxslər müəyyən edilməlidir.
Çünki əkilən ağac təkcə torpağa deyil, həm də yaddaşa əkilir. Ona göstərilən münasibət isə cəmiyyətin öz keçmişinə və gələcəyinə münasibət, həm də gələcək nəsillərə verilən mesajdır.
26 illik bir ağacın vəziyyəti nə deyir?

Yazımızın niyyətinə xüsusi gərəkliliyi üçün bunu da qeyd etməliyik ki, prezidentlərin əkdiyi ağaclar heç vaxt təsadüfi seçilmir. Bu seçim xüsusi diplomatik protokolla ağacların yerli iqlimə uyğunluğu və rəmzi mənaları əsasında aparılır. Çünki əkiləcək ağacın qurumaması və onilliklər boyu yaşaması üçün belə seçim vacibdir. Çünki dövlət başçısının əkdiyi ağacın quruması diplomatik baxımdan xoş olmayan bir əlamət kimi də qəbul edilə bilər. Məhz bu baxımdan harda əkilməsindən asılı olmayaraq, əkiləcək hər bir ağac (ting) xüsusi seçilir . Belə ağaclar sağlam, düzgün gövdəli və artıq müəyyən boya çatmış olmalıdır ki, həm rahat boy atıb inkişaf edə bilsin, həm də ziyarət zamanı vizual olaraq gözəl görünsün. Odur ki, bu kimi məsələləri protokol xidməti və ekoloqlar birlikdə ümumi razılığa gəlib qərar verirlər.
26 yaşı olan bir ağacın bu qədər zəif, forması pozulmuş, budaqları nizamsız şəkildə kəsilmiş vəziyyətdə olması, sadəcə, məsuliyyətsizlikdən, ağaclara və parklara xidmət işinin qeyri-peşəkarlara həvalə etmələrindən qaynaqlanır. Parkda elə ağaclar var ki, bəlkə elə bir xüsusi qayğı da görməyiblər, amma cörkəmləri, sağlamlıqları bu rəmzi ağaclardan da cəlbedicidir.
Əgər bu ağac 2000-ci ildə əkilmiş ağacdırsa:
– Artıq tam formalaşmış, hündür və sıx taclı olmalı idi;
– ən azı 6–10 metr və ya daha çox (növündən asılı olaraq) inkişaf göstərə bilərdi;
– estetik və sağlam görünüşlü olmalı idi.
Amma onun görkəminə əsasən deyirik :
– Çox sərt, həm də düzgün olmayan budama aparılıb, tac demək olar ki, dağıdılıb;
– simmetriyası pozulub – bir tərəf inkişaf edib, digər tərəfi zəifdir;
– gövdədə zədələnmə izləri var (qabıq soyulmaları);
– torpaq sahəsi çox məhduddur – kök sistemi rahat inkişaf edə bilmir.
– ətrafı daş və betonla əhatələndiyinə görə köklər “boğulur”;
– mexaniki zədələr və ya xəstəlikləri ağacın ümumi sağlamlığına təsir edir.
Reallıq: Simvolik ağaclar niyə seçilmir, onlar nə üçün mərkəzdə deyillər?
Ən narahatedici hal da budur ki, qayğı göstərilməsinə məsuliyyətsiz yanaşılan, unudulan, bu ağacdan 20-25 metr aralıda isə 19 il əvvəl cənab İlham Əliyev tərəfindən əkilmiş ikinci bir simvolik ağac var. Bu ağaca qarşı da eyni laqeydlik göstərilməkdədir.
Parkın panoramik görünüşü bir həqiqəti aydın göstərir: dövlət başçısı tərəfindən əkilmiş ağac parkın kompozisiya mərkəzində deyil, kənar hissədə – iri ağacların kölgəsində yerləşir. Halbuki, Ulu Öndərin ağac əkdiyi meydança ilə yanaşı, eyni dekorativ meydança və açıq landşaft kompozisiyalı sahə mövcuddur.

Ağacları böyük torpaq kütləsi ilə birlikdə çıxaran xüsusi texnikaların köməyi ilə cənab Prezidentin əkdiyi simvolik ağacın məhz bu nöqtədə yerləşdirilməsi həm estetik, həm də mənəvi baxımdan daha məntiqli olardı və bu ağacların xüsusi landşaft elementinə çdvrilməsi təmin olunadı.
Yazımızn məqsədi təkcə iki ağacın taleyindən bəhs etmək deyil. Söhbət simvolik məna daşıyan bir detalın park memarlığında necə təqdim olunmasından və daha çox bu məsələyə yanaşmada hiss olunan diqqətsizlikdən gedir.



Həll yolları: bu ağaclar “simvola” necə çevrilə bilər?
- Kompozisiyanln mərkəzi İstər Ulu Öndərin, istərsə də cənab İlham Əliyevin əkdiyi ağacların ətrafına çəkilmiş nəfis dövrəmə (bordür) çox kiçikdir. Bu simvolik ağacların 5-10 addımlığında dekorativ meydançada əkilmiş ekzotik ağacın ətrafına çəkilmiş dövrəmə iki simvol ağacın ətrafına çəkilmiş dövrəmədən genişdir.
Cənab İlham Əliyevin əkdiyi ağacın gövdəsindəki “kol-kos” təmizlənməli, əvəzinə rəngli dekorativ qırıntı daşlar (mulyaj) və ya həmişəyaşıl alçaqboylu örtücü bitkilər əkilməlidir. Bu, ağacı kompozisiyanın mərkəzinə gətirər.
2. İnformasiya lövhəsi (Stela)
Abidəyə abidə ahəngini verən ən əsas element qarşısındakı məlumat lövhəsidir. Bu lövhə onu “gizli bir dəyər” kimi ön plana çıxarır. Onun əkilmə tarixini və ən əsası, kim tərəfindən əkilməsini bəyan edəcək. Ağacı adı yazılmasa da, bu lövhə var. Amma bu lövhəyə bir Rəqəmsal Bələdçi (QR Kod Sistemi) yerləşdirilə bilər ki, bu, abidənin ictimai məzmunluluğunu daha da artırardı. Ziyarətçilər telefonu koda yaxınlaşdıranda açılan səhifədə:
– Prezidentin ağacı əkdiyi anın tarixi fotoları və ya qısa videosu;
– ağacın növü və onun ekoloji əhəmiyyəti;
– parkın yaradılma tarixi haqqında maraqlı faktlar nümayiş oluna bilər.
3. Professional topiar budama
Ağaca mükəmməl, simmetrik bir forma (məsələn, təmiz piramida və ya konus) verilməlidir.
Nizamsız uzanan budaqlar kəsilərək ağacın “kübar” görünüşü bərpa olunmalıdır. Bu, onun parkın digər ağaclarından fərqlənməsini və daha “rəsmi” görünməsini təmin edər.
4. Yaxınlıqdakı nəhəng ağacların budanması
Bu ağacın arxa tərəfində “çətir” yaradan nəhəng ağaclar var, bu ağaclar mütləq “sanitar budanma” keçməlidir ki, simvolik ağacın üzərinə həm işıq düşsün, həm də o, digər ağacların kölgəsində “itib-batmasın”.
5. Gecə işıqlandırılması
Ağacın dibindən yuxarıya doğru yönəlmiş xüsusi projektorlar (spot-light) quraşdırıla bilər. Gecə vaxtı ağacın aşağıdan yuxarıya doğru işıqlandırılması ona əzəmətli, “abidəvari” bir görkəm verər və parkın qaranlıq vaxtında da diqqəti cəlb edərdi. Bu, hər iki ağacın gələcək taleyi və parkın estetikası üçün çox vacibdir. Amma ağacın kökə doğru gəldikcə iç gövdəsini bürümüş kol-kos təmizlənməlidir ki, ağacın əzəməti aydın görünsün.
6.Vizual yol
Parkın girişində və ya mərkəzində hər iki ağaca işarə edən bir “Xəritə/İstiqamət lövhəsi” yerləşdirilə və üzərində qeyd oluna bilər : “Bu parkda Ulu Öndər Heydər Əliyev və dövlət başçısı cənab İlham Əliyev tərəfindən əkilmiş rəmzi ağac var.
Bu məqsədlə parkın ana yolundan bu ağaclara tərəf balaca bir dekorativ cığır (daş və ya çınqıldan) da çəkilə bilər. Bu isə parka gəlmiş ziyarətçiləri həmin nöqtəyə daha məqsədli şəkildə yönləndirərdi.
Uşaqlar, təhsil, “Yaşıl miras”
Xüsusilə gənclər üçün daha cəlbedici etmək üçün burada “Xatirə fotosu” zonası yaratmaq olar.
Bu yer nikaha yeni girənlər və ölkəmizə qonaq və ya turist kilmi gəlmiş əcnəbilər üçün arzu olunan bir məkana çevrilə bilər.
Bunun üçün hər iki ağacın ətrafı “estetik platforma” kimi dizayn edilməli (məsələn, ağacın formasını andıran dairəvi daş döşəmə), ərazidə gecə çəkilişləri üçün yumşaq dekorativ işıqlandırma fonu quraşdırılmalıdır.
Böyüməkdə olan nəsillərin qədirşünaslıq duyğularını, elmi biliklərini, fantaziyalarını canlandırmaq üçün də bu zona çox faydalı rol oynaya bilər. Burada məktəblilər üçün park dərsləri təşkil oluna bilər. Uşaqlar həm təbiəti öyrənər, həm də dövlətçilik ənənələrinin yaşıllaşdırma mədəniyyəti ilə necə birləşdiyini görərlər. Ekoloji mövzuda inşa müsabiqələrinin qaliblərini burada mükafatlandırmaq olar. Bu ağacın önündə uşaqların asfaltda ekoloji mövzuda təbaşirlə çəkdikləri mini rəsm müsabiələri təkil etmək olar. Bunlar uşaqlar üçün çox vacibdir. Bu gün bışəriyyəti təhdid edən ən təhlükəli fəlakətlər sırasında ekoloji fəlakət də yer alır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası 11–22 noyabr 2024-cü il tarixlərində Bakıda keçirildi. Cənab İlham Əliyevin timsalında Azərbaycan bəşəriyyətə yaşıl dünya naminə həmrəy olmaq çağrışı etdi. Bu vəzifələri , bax, indi asfalt üzərində yarpaq, budaq şəkli çəkən uşaqlar həll edəcəklər. Biz onlara təbiəti internetdə deyil təbiətin özündə öyrətməliyik.
Bu niyyətlər Azərbaycan üçün, Bakı şəhəri üçün “Yaşıl Miras” konsepsiyasının qurulmasına təkan verə, paytaxt şəhərimizdə mədəniyyətimiz üçün yeni və nümunəvi bir addım olardı.
Son söz əvəzi: bir insanın davranışı və böyük sual

Ümummilli liderin adını daşıyan parkda sonuncu dəfə olarkən müşahidə etdiyim bir səhnə diqqətimi xüsusi olaraq cəlb etdi: yaşlı bir kişi ağacın qarşısındakı lövhəyə yaxınlaşaraq sakitcə əyildi, papağını götürərək xatirə lövhəsini təkrar-təkrar öpdü. Bu səssiz davranış, əslində, təkcə həmin ağaca deyil, həm də müəyyən bir dövrə və Heydər Əliyevin şəxsində dünyaşöhrətli bir Liderə göstərilən hörmətin ifadəsi idi.
Bir tərəfdə fərdi səviyyədə nümayiş etdirilən həssas münasibət, digər tərəfdə isə yaşıllıq elementlərinin vəziyyəti arasında yaranan belə fərq, məsələyə daha geniş prizmadan yanaşmağın vacibliyini ortaya qoyur.
Ağaclar yalnız ekoloji deyil, həm də mənəvi dəyər daşıyıcılarıdır. Onların qorunması və düzgün qulluq edilməsi həm şəhər mühitinin keyfiyyəti, həm də cəmiyyətin ümumi münasibətinin göstəricisi kimi qiymətləndirilə bilər.
🔗 Yazının 1-ci hissəsi : “Ana və Uşaq” saytında
Bax: https://anaveushaq.wordpress.com/2026/03/19/parklar-v%c9%99-m%c9%99suliyy%c9%99t-x%c9%99tai-rayonundaki-heyd%c9%99r-eliyev-parkindan-qeydl%c9%99r/
Qeyd: Manşetdəki şəkil internetdən götürülmüşdür.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.