1 aprel

Tarixdə bu gün

İlin 91-ci (uzun illərdə 92-ci) günü.

Mühüm hadisələr:

1992 – Azərbaycan Respublikası Niderland ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1860 — Azərbaycanın məşhur xalça ustası, “Əmək veteranı” medalı laureatı, uzunömürlü qadın Zibeydə Mikayıl qızı Şeydayeva Quba qəzasının Hil kəndində anadan olmuşdur.

Zibeydə Mikayıl qızı Şeydayeva  8 yaşından  xalça toxumağa başlasa da, əmək fəaliyyətinə 1874-cü ildə  14 yaşında ikən başlamışdır.  O, manifakturaya üzv olmuş, evdə palaz, xalça və sumaq toxumuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1924-cü ildə o, Qusardakı “Sumaq ” xalça emalatxanasının üzvü olmuşdur. 1974-cü ildən etibarən ömrünün sonunadək Quba xalça emalatxanasında çalışmışdır.

Z.M.Şeydayeva 1975-ci ildən etibarən Quba Şəhər Sovetinin deputatı kimi fəaliyyət göstərmişdir.

Zibeydə Şeydayevanın 100 illik əmək fəaliyyəti dövrün partiya və hökümətləri tərəfindən yüksək qiymətləndirilmişdir. 1974-cü ildə əmək fəaliyyətinin 100 illiyi ilə əlaqədar olaraq  Zibeydə Şeydayeva “Qırmızı Əmək Bayrağı” ordeni, 1975-ci ildə isə “Əmək veteranı” medalı ilə  təltif edilmişdir.

Zibeydə Şeydayeva   ömrünün 100 ildən çoxunu xalça dəzgahı arxasında keçirmişdir. Toxuduğu incə və nazik xovlu Quba xalçaları, nəfis sumax nümunələri Azərbaycan tətbiqi sənət əsərləri ilə birgə London, Paris, Nyu-York və Monrealda keçirilmiş ümumdünya sərgi və yarmarkalarında nümayiş etdirilmişdir. Bir neçə xalçası Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində (Bakı) saxlanılır.

Planetimizin ən qocaman əmək veteranı Zibeydə Mikayıl qızı Şeydayeva 1981-ci ildə    121 yaşında       vəfat etmişdir.

1911— Neft maşınqayırması sahəsində alim, SSRİ Dövlət Mükafatı Laureatı, Əməkdar elm və texnika xadimi, Əməkdar mühəndis, texnika elmləri doktoru, professor Kərim Səlim oğlu Əliverdizadə Ağdamın Qaradağlı kəndində dünyaya gəlib.

K.S. Əliverdizadə 1930-cu ildə “Azneft” istehsalat  birliyinin nəzdində açılmış üç illik Ali mühəndis-pedaqoji kursuna daxil olub, 1933-cü ildə həmin kursu uğurla  bitirdikdən sonra – 1934-cü ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye institutuna  (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)  daxil olub, 1938-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək mühəndis-mexanik ixtisasına yiyələnmişdir.

K.S. Əliverdizadə 1938-ci ildə keçmiş “L. Şmidt” adına maşınqayırma  zavodunda sıravi mühəndis-konstruktor kimi özünün mühəndis-texniki fəaliyyətinə  başlamışdır.

 1952-1954 cü illərdə isə “Nefqazlayihə” institutunun direktoru vəzifəsində işləmişdir.

O,  1954-cü ildən 1974-cü ilə qədər AzİNMAŞ-da elmi işlər üzrə direktor müavini, 1972-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Mexanizm və maşınlar nəzəriyyəsi” kafedrasının professoru, 1974-cü ildən 1990-cı ilə qədər “Neft-mədən mexanikası, maşın və mexanizmləri” kafedrasının müdiri işləmişdir və 1990-cı ildən ömrünün sonuna qədər (16 mart 1996-ci il)  həmin kafedranın professoru vəzifəsində fəaliyyətini davam etdirmişdir.

K.S. Əliverdizadə “Neftin dərinlik nasos üsulu ilə çıxarılmasının köklü yenidənqurulması”na görə  1950-ci ildə SSRİ  Dövlət Mükafatı Laureatına layiq görülmüşdür. O, 1954-cü ildə texnika elmləri namizədi, 1963-cü ildə texnika elmləri doktoru alimlik dərəcələrini, 1964-cü ildə professor elmi adını almışdır, 1981-ci ildən  Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimidir.

K.S. Əliverdizadə 3 monoqrafiyanın, 300-ə qədər  elmi məqalə və tədris vəsaitinin, 100-ə qədər ixtira və  səmərəli təklifin müəllifidir.

Rəhbərliyi ilə 15 nəfər elmlər namizədi hazırlanmışdır.

2 dəfə “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.

Kərim Əliverdizadə 1996-cı ildə  Bakıda 84 yaşında vəfat etmişdir.

1949 — Filologiya elmləri doktoru, professor Nizami Manaf oğlu Xudiyev ildə Şahbuz rayonunda anadan olmuşdur.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsini bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Əməkdar elm xadimi, “Qızıl qələm” mükafatı laureatıdır. 60-dan çox kitabın, 300-dən çox məqalənin müəllifidir.

Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.

1970-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor, Həmkarlar İttifaqı Komitəsinin sədri, Birinci prorektor işləmişdir. 1994-1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olmuşdur.

1996-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri, 2005–2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışmışdır.

Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

25 may 2021-ci ildə vəfat etmişdir.

1967 — Azərbaycanın Milli Qəhrəmanı Qorxmaz Eyvazov Abış oğlu Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur.

1974-cü ildə Laçın rayon Güləbird kənd orta məktəbinə birinci sinfə getmiş, 1984-cü ildə onuncu sinfi bitirərək Laçın rayon 127 saylı texniki peşə məktəbinə daxil olmuşdur. Hazırda 127 saylı texniki peşə məktəb Qorxmaz Eyvazovun adını daşıyır.

1985-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidmətini Ukraynada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçmişdir.  Qorxmaz 1987-ci ildə hərbi xidmətini başa vurub doğma yurduna dönmüşdür.

O, 1988-ci ildə Laçında yaradılmış partizan dəstəsinə qoşulub. 1991-ci ildə O, Laçın rayon polis şöbəsinə qəbul edilib. Qorxmaz Eyvazovun döyüş yolu öz doğma yurdundan Güləbird, Qazdərəsi, Suarası, Mazutlu kəndələrindən başlayıb. Qızartı dağı uğrunda gedən döyüşlərdə onlar  düşmənin bir tankını ələ keçirmişlər.

4 avqust 1992-ci ildə erməni quldurlarının   yenidən Qızartı dağına  hücumu zamanı  Qorxmaz yaralanır.   Sağaldıqdan sonra  yenidən  cəbhəyə   qayıdır.

Füzuli rayonu ərazisində gedən döyüşlərdə Qorxmaz böyük şücaət göstərir. Horadiz əməliyyatı zamanı göstərdiyi igidliyə görə onu rota komandiri təyin edirlər.  Qorxmaz Daxi İşlər Nazirliyi tərəfindən mükafatlandırılır.

Horadizin işğaldan azad edilməsi zamanı Ulu öndər Heydər Əliyevin cəbhə səfəri zamanı Qorxmaz 1 erməni tankını 2 erməni ilə birlikdə əsir götürərək qənimət kimi gətirmiş və  o,  Heydər Əliyev tərəfindən qol saatı ilə mükafatlandırılmışdır.

10 fevral 1994-cü ildə Cəbrayıl rayonu Cocuq-Mərcanlı kəndi uğrunda gedən döyüşdə  Qorxmaz , düşmənin xeyli canlı qüvvəsini məhv edir, lakin bu döyüşdə özü də həlak olur.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli, 262 saylı fərmanı ilə Qorxmaz Abış oğlu Eyvazov  ölümündən sonra   Azərbaycanın Milli Qəhrəmanı fəxri adına  layiq görülmüşdür.

Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Vəfat etmişdir:

1939 — Məşhur rus pedaqoqu Anton Semyonoviç Makarenko 51 yaşında Moskvada vəfat etmişdir.

Makarenko 13 mart 1888-ci ildə(Belopolye, Suma uyezdi, Xarkov quberniyası) anadan olmuşdur.

1968— Nəzəri fizikanın bir çox sahələrinə fundamental elmi töhfələr bəxş etmiş sovet fiziki Lev Davidoviç Landau 60 yaşında vəfat etmişdir.

Landau 22 yanvar 1908-ci ildə Bakıda yəhudi ailəsində anadan olmuşdur.

1980 — SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatı laureatları İsmayıl Yusif oğlu Hacıyev 73 yaşında vəfat etmişdir.

İsmayıl Dağıstanlı 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində dоğulub. Səhnə fəaliyyətinə 1925-ci ildə Nuxa (Şəki) mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. 1926-1930-cu illərdə Bakı Teatr Texnikumunda təhsil alıb . 1927-ci ildən  həm də  aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib. 1930-cu ildən 1937 –ci ilə kimi  fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında  işləyib, 1932-1933-cü illərdə  Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub .

1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Azərbaycan səhnəsində V.İ.Lenin rollarının ilk ifaçısı kimi məşhurlaşıb.

1981 — Məşhur Xalq  şairi, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Rəsul Rza 70 yaşında Bakıda vəfat etmişdir.

Rəsul Rza 1910-cu il may ayının 19-da Göyçayda anadan olmuşdur.

1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxumuşdur.

Rəsul Rza Azərbaycan Yazıçıları İttifaqının sədri (1939), Azərbaycan Kinematoqrafiya naziri (1945-48), Azərbaycan Ensiklopediyasının baş redaktoru (1966-75), Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri (1960-81), Xəbərlər Mətbuat Agentliyi Respublika İdarə Heyətinin sədri (1966-75), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü (1964 ildən) olmuşdur.

Rəsul Rzanın “Bu gün” adlı ilk şeri 1927-ci ildə     dərc olunmuşdur. İlk şerlərindən Rəsul Rza müasirlik ruhu ilə seçilən lirik şair kimi diqqəti cəlb etmişdir.

Böyük Vətən müharibəsi illərində hərbi müxbir olan Rəsul Rza  xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaratdı.

60-cı illərdə Rəsul Rza, yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşdi, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meylləri gücləndi (“Şerlər” (1959), “Pəncərəmə düşən işıq” (1962), “Duyğular, düşüncələr” (1964), “Dözüm” (1965) şer kitabları). “Qızıl gül olmayaydı” (1958-61), “Bir gün də insan ömrüdür”, “Xalq həkimi” (1961) poemalarında insanpərvərlik ideyaları əks olunmuşdur. “Rənglər” (1962) silsiləsində 20-ci əsr insanının mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsi ilə açılır.

Rəsul Rza şaqlar üçün də yazmışdır (“Balacaların şəkilli təbiət ensiklopediyası” seriyasından kitabçalar). Ədəbi-tənqidi və publisistik məqalələri oçerkləri var (“Mənim fikrimcə” kitabı, 1967).

Nizami Gəncəvinin “Xosrov və Şirin”, Esxilin “Zəncirlənmiş Prometey” əsərlərini, eləcə də rus və dünya ədəbiyyatı klassiklərinin  əsərlərini Azərbaycan dilinə çevirmişdir.   R.Rzanın bir çox şerlərinə musiqi bəstələnmişdir

R.Rzanın “Qızılgül olmayaydı” poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biridir. Poemanın əsas mövzusu Müşfiqin həyatı və taleyidir.   R.Rza  M.Müşfüqin  nümunəsində ümumiyyətlə 30-cu illər cəmiyyətinin faciəsini, sovet rejiminin antihumanist mahiyyətini açıb göstərmişdir.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Seymur Qəhrəman oğlu Məmmədov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

18 sentyabr 1971-ci ildə Füzuli şəhərində anadan olmuşdur. 1978-1988-ci illərdə burada 2 saylı məktəbdə təhsil almışdır. 1988-ci ildə Azərbaycan Politexnik İnstituna daxil olmuşdur. 1991-ci ildə hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Almaniya və Ukraynada keçirmişdir.

Seymur Məmmədov ordudan tərxis edilən kimi könüllü olaraq özünümüdafiə batalyonuna yazılıb. Seymur bir çox kəndlrin azad edilməsində, əsirlərin geri alınmasında əsl qəhrəmanlıq göstərmişdir.

1992-ci il 1 aprel Seymurun son döyüşü oldu.

Məlikcanlı kəndi uğrunda gedən döyüşlərdə hər birində 10 erməni döyüşçsüsü olan 15 dayaq nöqtəsi məhv edildi. Həmin döyüşdə snayperlə vurulan Seymur 20 yaşında qəhrəmancasına şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 11 avqust 1992-ci il tarixli 131 saylı fərmanı ilə Məmmədov Seymur Qəhrəman oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Oxuduğu məktəb onun adını daşıyır.

1993— Görkəmli tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru , professor, Azərbaycanın Əməkdar elm xadimi , Azərbaycan EA müxbir üzvü Abbas Fəttah oğlu Zamanov Bakıda vəfat etmişdir.

Abbas Zamanov 10 oktyabr 1911-ci ildə Şərur rayonunda doğulmuşdur.

Bakı pedaqoji texnikumunu bitirdikdən sonra rəhbər komsomol işçisi kimi çalışmışdır (1929-1937), iki il də “Gənc işçi” qəzeti redaksiyasında məsul redaktorun müavini vəzifəsində işləmişdir (1933-1934). Sonra “Ədəbiyyat” qəzetində məsul katib və Azərnəşrin bədii ədəbiyyat şöbəsində müdir (1937-1939) olmuşdur. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirmiş və oraya müəllimliyə dəvət edilmişdir.

Opera teatrının və filarmoniyanın direktoru (1940-1941) olmuşdur. M.F.Axundov adına Opera və Balet Teatrının Təbrizə qastrol səfərinə rəhbərlik etmişdir (1941). İkinci dünya müharibəsi illərində Ordu sıralarında xidmət etmişdir. Tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim (1948-1960), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı (1960-1968), Azərbaycan EA Nizami adına Ədəbiyyat muzeyinin direktoru (1968-1971), ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri (1971-1979) vəzifələrində çalışmışdır. Universitetdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olmuşdur (1979-cu ildən).

Mətnşünaslıq sahəsində ciddi fəaliyyət göstərmiş, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov, S.S.Axundov, S.Hüseyn, H.Nəzərli, S.Ə.Şirvani, S.M.Qənizadə və Q.Zakirin əsərlərini rus və Azərbaycan dillərində tərtib və nəşr etdirmişdir. O, M.Ə.Sabir, Cavid haqqında xatirə və məqalələri toplayıb ön sözlə “Sabir xatirələrdə” (1982) və “Cavidi xatırlarkən” (1982) adı ilə kütləvi tirajla çap etdirmişdir. 1 dərəcəli “Vətən müharibəsi” ordeni, döyüş xidmətlərinə görə medalı və bir sıra digər medallarla təltif edilmişdir.

2014 —  Azərbaycanın görkəmli ədibi,  Xalq yazıçısı, Azərbaycan Respublikasının  Əməkdar incəsənət xadimi, ssenarist və kinoredaktor,”Nəsimi” mükafatının ilk  laureatı  İsa Mustafa oğlu Hüseynov (Muğanna) 85 yaşında Bakıda vəfat etmişdir

İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib.

Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), “Literaturnıy Azerbaydjan” qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.

1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın “Anadil oxuyan yerdə” yazısı ilk dəfə 1949-cu ildə “İnqilab və Mədəniyyət” qəzetində çap edilib.

1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında (“Nəsimi”, “Ulduzlar sönmür” və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur.

Tarixi gün və bayramlar

Ümumdünya Gülüş Günü

Hər il aprel ayının 1-də Avropada və bir çox Asiya ölkələrində Gülüş Günü keçirilir. Bu gün rəsmi bayram kimi heç bir ölkənin təqviminə daxil edilməsə də, dünyanın bir çox dövlətlərində qeyd olunur. Həmin günü Böyük Britaniyada “Səfehlər günü”, Fransada isə “Aprel balığı günü” adlandırırlar.

“Su günü” (“Поливальный понедельник”)

Bu gün xristian dünyasının bir inancıdır. Pasxa bayramından sonrakı ilk bazar ertəsi günü qeyd edilir. Qərbi Ukraynada Pasxa bayramından sonra bu ayini xüsusi təmtəraqla keçirirlər. Həmin gün Karpat ukraynalılarını təmsil edən gənclər sevdikləri qızlarla çaya gəlir, onları suya basır, üstünə su atır, suda yaxşıca isladırlar. Bu adət guya qızları daha da gözəlləşdirməyə, dərilərini daha da parlaq olmağa, yara varsa, sağaltmağa xidmət edir.

Bu mərasim Avropanın Çexiya,Polşa və başqa dövlətlərində də qeyd olunur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.