Tarixdə bu gün

İlin 95-ci (uzun illərdə 96-cı) günü.
Mühüm hadisələr:
1993 — Azərbaycan Respublikası Malayziya ilə diplomatik əlaqələr qurmuşdur.
1995 — Azərbaycan Respublikası Antiqua və Barbuda ilə diplomatik əlaqələr qurmuşdur.
2004 — Azərbaycan Respublikası Çad ilə diplomatik əlaqələr qurmuşdur.
2004 — Azərbaycan Respublikası Şərqi Timor ilə diplomatik əlaqələr qurmuşdur.
Doğum günləri:

1909 — Məşhur Azərbaycan bəstəkarı Asəf Zeynalabdin oğlu Zeynallı Dərbənddə doğulmuşdur.
1923-1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirmişdi. 1929-1931 illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləmişdir. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olmuşlar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.
23 il ömür sürməsinə baxmayaraq, milli musiqi sənətində silinməz iz qoymuşdur. Milli romans, piano və simfonik musiqinin banisidir. Onun “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” romansları milli vokal musiqimizin inciləridir. Piano üçün “Uşaq süitası” silsiləsi, “Çahargah” Pyesi, violino və piano üçün “Muğamsayağı”, 2 fuqa, simfonik orkestr üçün “Fraqmentlər”, teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş aparmışdır. “İbtidai not savadı” adlı dərslik tərtib etmişdir.
O həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının “Sevil”, “Qayıdış”, X. Nəzirli və S. Rüstəmin “Alov”, A. Həmidin “Hind qızı”, V. Kirşonun “Küləklər şəhəri” əsərlərinə musiqi bəstələmiş, “Uşaq süitası” əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoymuşdu.
Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota almışdır. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi “Ölkəm” romansı ən məşhur əsəri hesab olunur.
O, “Uşaq süitası” əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoyur, 70-ə yaxın Azərbaycan xalq mahnılarını nota alır.
Azərbaycan musiqi folkloru nümunələrinin toplanması üçün Qarabağa səfər edir və orada da ağır xəstələnir. Qarın yatalağına tutulan bəstəkar müalicə almaq üçün Bakıya qayıdır. O, xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazır və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edir. Təəssüf ki, onun son vəsiyyətini heç kim yerinə yetirmir…
Beləcə, Asəf Zeynallı 27 oktyabr 1932-ci ildə yaradıcılığının inkişaf etdiyi bir dövrdə, bu ağır xəstəlikdən vəfat etmişdir.
Bakı musiqi kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır.

1922 — İkinci dünya müharibəsində alman faşizminə qarşı vuruşmuş partizan — Mehdi Hüseynzadənin silahdaşı Mirdamət Seyidov anadan olmuşdur.
İkinci Dünya müharibəsi başlayanda Mirdamətin 19 yaşı var idi.
Müharibənin ilk günlərindən cəbhəyə getmiş, 1943-cü ildə əsir düşmüşdür. Almaniyanın Ştrans əsir düşərgəsindən İtaliyaya, Triestə və Yuqoslaviyaya köçürülmüşdür.
Sonralar düşmənin yaratdığı hərbi legionundan qaçmağı bacaran döyüşçü partizanlara qoşulmuşdur. Mirdamət Seyidov İkinci Dünya müharibəsi illərində Yuqoslaviya və İtaliya ərazisində işğalçılara qarşı cəsarətli əməliyyatlar aparan sovet zabiti və kəşfiyyatçısı kimi xidmət etmişdir. Onun əfsanəvi partizanlar Cavad Həkimli, Mehdi Hüseynzadə ilə tanışlıqları da buradan başlayıb. Onlar dəfələrlə birlikdə çətin tapşırıqları çiyin-çiyinə yerinə yetiriblər. Mirdamət Seyidov və Mehdi Hüseynzadə gizli antifaşist təşkilatı yaratmışdılar. Bir-birinin ardınca əldə olunan uğurlar onu nəinki bütün ölkədə, hətta İtaliya və Yusoqlaviyada da məşhurlaşdırır.
Mavigözlü gənc partizanı artıq “İvan Ruskiy”, “Miriço Mario” və “Vesilin” təxəllüsləri ilə tanıyırıdlar.
Mirdamət Seyidov və Mehdi Hüseynzadə 1944-cü il aprelin 2-də Triest şəhərinin yaxınlığında – “Opçine” adlı yerdə kinoteatrı partlatdı. Nəticədə 80 nəfər hitlerçi əsgər və zabit öldü, 110 nəfəri isə ağır yaralandı.
Mirdamət Seyidovun həyata keçirdiyi ən böyük əməliyyatlardan biri Triest şəhərinin özündə — “Via qeqa” küçəsində almanların “Soldatenhaus” (“Əsgər evi”) restoranının binasının partladılması oldu. Faşist zabitipaltarlarını geyinmiş Mehdi və onun dostu Mirdamət Seyidov əvvəlcədən detanatorun ampulasını əzib restorana girdilər. Stol arxasında iki yer tutub içində partlayıcı olan çantanı stolun altına qoydular, özləri isə talon almaq bəhanəsi ilə əvvəlcə salondan, sonra isə binadan çıxdılar.
Yarım saatdan sonra faşistlərin nahar etdiyi restoran yerlə-yeksan oldu. ..
Mirdaməd Süyidovun döyüş yolu belə qəhrəmanlıqlarla zəngindir.
Əfsanəvi qəhrəman 2011-ci ildə vəfat etmiş və Göygöl rayonunun Qızılca kəndində dəfn edilmişdir.

1929—Məşhur pianoçu, Azərbaycan Respublikasının Xalq artisti , Bakı Musiqi Akademiyasının professoru Çingiz Hacı oğlu Sadıqov Bakıda anadan olmuşdur.
İlk təhsilini 1939-1946-cı illərdə musiqi məktəbinin istedadlı uşaqlar qrupunda almışdır. 1939-1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının piano fakultəsində (X), 1951-1953-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil almışdır.
1953-1971-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 1971-1981-ci illərdə 16 saylı Bakı musiqi məktəbinin direktoru, 1981-1990-cı illərdə “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, 1973-1976-cı illərdə Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və muəllimi, 1983-1986-cı illərdə mədəniyyət və turizm nazirinin məsləhətçisi, 1991-1994-cü illərdə Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərmişdir.
Məşhur Azərbaycan muğənniləri Rəşid Behbudov, Bülbül, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalarla işləmiş, onları royalda müşayiət etmişdir.
1994-cu ildən ABŞ-da San-Fransisko şəhərində yaşayırdı. Amerikanın 40-a yaxın şəhərində konsertləri təşkil olunmuşdur.
Azərbaycanın tanınmış musiqicisini 80 illik yubileyi münasibətilə ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelozi Çingiz Sadıxova təbrik məktubu göndərmişdir.
Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıxov 30 dekabr 2017-ci ildə Amerikada vəfat etmişdir.

1941— Azərbaycan bəstəkarı, Azərbaycanın Xalq artisti, pedaqoji elmlər doktoru, professor, əməkdar müəllim, Prezident təqaüdçüsü, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki Oqtay Məmmədağa oğlu Rəcəbov Bakıda anadan olub.
Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində alıb.
Azərbaycan EA-nın Fizika İnstitutunda aspirantura təhsili alıb. 1969-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 116 nömrəli axşam məktəbində fizika, 1 nömrəli Musiqi məktəbində isə musiqi fənnini tədris edib. Azərbaycan ETPEİ-də kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb.
Ü.Hacıbəyli adına Musiqi Akademiyasının “Azərbaycan xalq musiqisi” kafedrasının professorudur. 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifidir. Pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir.

1947 — Görkəmli teatr rejissoru, Xalq artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru Əsədov Vaqif Firudin oğlu Naxçıvan Muxtar Respublikasında anadan olub.
1969-cu il may ayının 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indi ki,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Dram və kino aktyorluğu” fakültəsini bitirib.
1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb. 1982-1989-cu illərdə Naxçıvan şəhərində fəaliyyət göstərmiş “Cavid” Poeziya Teatrının yaradılmasına nail olmuşdur. Lenin Komsomolu mükafatı laureatı adına layiq görülmüşdür.
V.Əsədov hələ aktyor kimi işləyərkən yadda qalan bir çox obrazlar yaratmışdır. Rejissor kimi onun Naxçıvan teatrında hazırladığı “Elektra” tamaşası uğurlu tamaşa kimi vaxtı ilə Moskva televiziyası ilə nümayiş etdirilmişdir.

1959 – Fəlsəfə elmləri doktoru Tahirə Bəkir qızı Allahyarova Qəbələdə anadan olmuşdur.
Tahirə Allahyarovanın elmi tədqiqatı ən müasir elmi paradiqmanın – sinergetikanın cəmiyyətşünaslıq, sosial idrak sahəsində metodoloji potensialının aşkara çıxarılması, yeni sintez metodologiyanın – sosial sinergetikanın formalaşdırılması zərurətinin əsaslandırılmasına həsr olunmuşdur.
1981-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1986-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olmuş,1993-cü ildə “Ekoloji mədəniyyət” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1998-ci ildə İnstitutun “Qloballaşma və sosial ekologiyanın fəlsəfi problemləri” şöbəsində elmi işçi, 2003-cü ildən böyük elmi işçi, 2005-ci ildən isə aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, Azərbaycan Memarlıq və İncəsənət Universitetində, 1999-2009-cu illərdə Bakı Dövlət Universitetinin Fəlsəfə və sosiologiya kafedrasında müəllim işləmişdir. Alim AMEA-nın Fəlsəfə, politologiya və sosiologiya elmləri üzrə Problem Şurasının üzvüdür.
Tahirə Allahyarova Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Daxili siyasətin təhlili şöbəsinin müdiri vəzifəsində çalışır.
Dörd monoqrafiyası (biri həmmüəlliflə), 100-ə yaxın elmi məqaləsi çap olunmuşdur

1969 — Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Cəmil oğlu Abdullayev qədim Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlmişdir.
1986-cı ildə Nərimanlı kəndində orta məktəbi əla qiymətlərlə bitirətrək Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. Birinci kursu bitirdikdən sonra ordu sıralarına çağrılmışdır. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub, Bakıya qayıtmışdır. 1992-ci ildə Dağlıq Qarabağda döyüşlər başlayanda o, yeni yaradılan Milli Orduya yazılmış, Ağdamda təşkil edilmiş tank briqadasına komandir təyin edilmişdir. Onun tank briqadası Abdal-Gülablı kəndini özünə mövqe seçmiş, Papravənd, Pircamal, Aranzəmin və digər kəndlər uğrunda ağır döyüşlər aparmışdır. 1992-ci il 23 avqustda onun tank briqadası Gülablı kəndi ətrafındakı strateji əhəmiyyətli yüksəklikdən çıxarılaraq müəmmalı şəkildə Ağdərəyə, Drambon kəndinin müdafiəsinə kömək üçün göndərilmişdir. Az vaxt içərisində Drambon kəndi erməni-rus birləşmələrinin müqaviməti qırılaraq azad edilmişdir. Eyni zamanda, mühasirə həlqəsinə düşmüş çoxlu sayda piyada döyüşçülərimiz mühasirədən çıxarılmışdır. Drambon kəndi uğrunda gedən döyüşlərdə təkbaşına qalan Şövqiyar Abdullayevin tankı bir neçə dəfə vurulmuşdur. Hər iki ayağından yaralanan tank komandiri Ağdam hərbi hospitalına göndərilmşdir. Amma sağalmağa doğru gedən Ş.Abdullayev sonrakı müalicədən imtina edərək yenidən cəbhəyə qayıtmışdır.
1992-ci il 27 avqustda çox ağır döyüşdə o, öz yoldaşlarını əsir düşməkdən xilas etmiş, özü isə qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
29 avqust 1992-ci ildə Bakının Şəhidlər Xiyabanında dəfn edilmişdir.

1971 — Azərbaycanın Milli Qəhrəmanı Etibar Firudin oğlu Hacıyev Göyçə mahalının Basarkeçər rayonunun (Vardenis) Zod kəndində anadan olmuşdur. Zod kənd orta məktəbini bitirdikdən sonra bir müddət sovxozda işləmişdir. Erməni millətçiləri və separatçıları tərəfindən oradakı soydaşlarımız qovulan zaman onun ailəsi Kəlbəcər rayonuna pənah gətirir.
Etibar 1989-cu ildə hərbi xidmətə çağırılır, ordudan tərxis edildikdən sonra 1992-ci ildə könüllü olaraq Milli Orduya yazılır və torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə atılır. Böyük Canbar, Kiçik Canbar, Buzluq, Erkəç kəndlərinin erməni quldurlarından azad edilməsində xüsusi fədakarlıq göstərir. 1992-ci il 15 iyun Goranboy rayonunun Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Hacıyev Etibar Firudin oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Göygöl rayonunda dəfn edilmişdir.
Göygöl rayonunda küçələrdən biri qəhrəmanımızın adını daşıyır.
Vəfat etmişdir:

1992— Lev Nikolayeviç Qumilyov 1912-ci il oktyabrın 1-də Rusiyanın Tsarskoe Selo əyalətində şairə Anna Axmatova və yazıçı Nikolay Qumilyovun ailəsində doğulub. Uşaqlığı Tversk quberniyasının Slepnevo Bejetsko adlanan ərazisində, nənəsinin himayəsində keçib. 1917-ci ildə ailəsi əyaləti tərk edərək, Bejetsk şəhərində məskunlaşıb. 1929-cu ilə qədər buradakı orta məktəbdə oxuyub.
L. Qumilyov hələ orta məktəbdə oxuyanda məktəb müəlimləri və şagirdləri tərəfindən özünə qarşı “ağ qarğa” münasibəti görürdü. Onu “akademik kulaklıq”da ittiham edirdilər – guya o, öz biliyi, uğurları ilə özünü hamıdan üstün tutur, başqalarından fərqlənmək istəyir. Orta məktəbin sonuncu sinfini Lev Qumilyov Leninqradda, Krasnoarmeyets küçəsindəki 67 saylı məktəbdə bitirdi. 1933-cü ildə Lev Qumilyov Krıma yollanır. Burada o, Litva tatarlarından olan Q.A. Bonç-Osmolovskinin arxeoloji ekspedisiyasının elmi-texniki işçisi olur. Payızda Lev Qumilyov Leninqrada qayıdır və Geoloji İnstitutda elmi-texniki işçi kimi işə başlayır. O, 1944-cü ildə Leninqrad Universitetinin tarix fakültəsinə qəbul olunur. Burada Lev V.V Struyevin, E.V. Tarlenin, S.İ. Kovalyovun tarix barədə mühazirələrinə qulaq asır. Lev Qumilyov 1935-ci ildə həbs edilir. Oğlunun həbsindən sonra Anna Axmatova Stalinə müraciət edir və həm öz oğlunu, həm də onunla birlikdə həbs olunan digər tələbələrin həyatını xilas edə bilir. Lev və tələbə yoldaşları “hərəkətləri cinayət tərkibli olmadığından” azadlığa buraxılırlar. Buna baxmayaraq, onu universitetdən xaric edirlər. Bu vaxtlar o, Şərqşünaslıq İnstitutunun Leninqrad şöbəsinə müntəzəm olaraq baş çəkir və burada müstəqil şəkildə qədim türklərin tarixi haqda yazılı mənbələrlə tanış olur. 1937-ci ildə onu Leninqrad Dövlət Universitetinə bərpa edirlər. 1938-ci ilin əvvəllərində tələbə Lev Qumilyov yenidən həbs olunur. Bu dəfə ona beş il həbs cəzası kəsirlər. Həbs müddətini Norilskdə, Norillaqedə çəkir, miss-nikel şaxtasında işləyir. Onun həbs müddəti 1943-cü ildə bitir, amma şəhərdən çıxmaq üçün icazə ala bilmədiyi üçün elə oradaca qalır. Həmin müddətdə Norillaqedə və Norilskdə texnik-geoloq kimi çalışır.
1947-ci ildə Lev Qumilyov kitabxanaçı qismində Leninqrad psixoterapevtik xəstəxanasına işə düzəlir və xəstəxananın ona verdiyi müsbət xasiyyətnamə sayəsində 1948-ci ildə Leninqrad Dövlət Universitetində namizədlik dissertasiyasının müdafiəsinə buraxılır.
1948-ci ilin yazında Lev Qumilyov S. İ. Rudenkonun rəhbərliyi altında, “Pazırık” kurqanının qazıntıları üçün Altayda aparılan arxeoloji ekspedisiyada elmi işçi kimi iştirak edir. Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra, “SSRİ xalqlarının etnoqrafiyası muzeyi”nə elmi işçi kimi işə qəbul olunur.
Bir sözlə, Lev Qumilyovun xidmətlərini – həm pedoqoji, həm də elmi – inadlı şəkildə kölgədə qoyurdular. Bunun ən bariz sübutlarından biri Lev Qumilyova nəinki hansısa fəxri adlar və ya mükafatların, heç professor elmi dərəcəsinin belə verilməməsidir.
Amma 1959-cu ildən bəri onun əsərləri az tirajla da olsa, nəşr edilirdi. Həmin vaxtdan sonra o, Ümumittifaq Coğrafiya Cəmiyyətinin Leninqrad şöbəsində işə başlamışdı. Cəmiyyətin çıxardığı topluların vasitəsilə o, qadağan olunmuş elmi işlərini çap edə bilirdi. İkinci doktorluq dissertasiyasından sonra, elmi “hakimiyyət” LDU-nin jurnalında L. Qumilyovun yazılarının nəşrinə qadağa qoymuşdu.
Lev Qumilyovu ancaq şərti olaraq, tarixçi adlandırmaq olar. O, dərin, üslub baxımından olduqca yenilikçi araşdırmaların müəllifi idi. Levin tarixini araşdırdığı xalqlar və tayfalar arasında Orta və Mərkəzi Asiyadakı köçərilər, Tibet və Pamir xalqları, qədim ruslar, türklər və s. vardı.
Lev Qumilyov 1992-ci ilin 15 aprelində vəfat edib.

1993 — Birinci Qarabağ müharibəsinin qəhrəmanı Hakim Cəmiyağa oğlu Həsənov 19 yaşında vəfat etmişdir.
Hakim Həsənov 1973-cü ilin oktyabrın 25-də Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1990-cı ildə Yeddioymaq kənd orta məktəbinin, 1991-ci ilin oktyabrında isə Bakı Dənizçilik Məktəbini bitirmişdir.
Hakim 1992-ci il iyulun 5-də Azərbaycan Milli Ordusun Qusar batolyonunda hərbi xidmətə başlamışdır.
Füzuli bölgəsində ermənilərə qarşı vuruşmuş, sentyabr ayında Qubadlı-Laçın bölgəsində gedən qızğın döyüşlərdə fəal iştirak etmiş, Muradxanlı, Güləbird, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Mavutulu, Səfiyan, Türklər kəndlərinin erməni quldurlarından təmizlənməsində böyük şücaət göstərmişdir. Hakim Füzuli, Laçın, Qubadlı və Zəngilan bölgələrində onlarla yaralı və meydin döyüş zonasından çıxarılmasına nail olmuşdur.
Hakim 1993-cü il aprelin 5-də Laçın bölgəsinin Qızartı kəndini erməni qəsbkarlarından azad edərək qəhrəmancasına həlak olmuş, Qasımlı kənd qəbristanlığında dəfn edilmişdir.
Qasımlı kənd orta məktəbinə Hakim Həsənovun adı verilmişdir.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.