7 aprel

Tarixdə bu gün
İlin 97-ci (uzun illərdə 98-ci) günü.
Mühüm hadisələr:

1 1906 – Azərbaycanın ilk satirik jurnalı olan “Molla Nəsrəddin”in birinci nömrəsi Tbilisidə çapdan çıxıb.

1946 – Dünya Səhiyyə Təşkilatı fəaliyyətə başlayıb. BMT-nin üzvü olan 26 dövlət təşkilatın nizamnaməsini ratifikasiya edib və sənəd qüvvəyə minib.
1969 – İnternetin simvolik ad günüdür.
1992 – Azərbaycan Respublikası İsrail ilə diplomatik əlaqələr qurmuşdur.
1991 – Ermənilər Qubadlı rayonu ərazisində (Ermənistanla sərhəddə) yerləşən SSRİ DİN-in daxili qoşunlarının bölməsinə basqın ediblər. 2 nəfər (o cümlədən rus zabiti) öldürülmüş, 4 nəfər yaralanmışdı.

Doğum günləri:

1930– Görkəmli jurnalist, ictimai xadim Azad Ağakərim oğlu Şərifov Bakıda teatr xadimi ailəsində anadan olub.
Atası Ağakərim Şərifov şərqdə Cəfər Cabbarlı adına ilk teart muzeyinin yaradıcısı idi. A.Şərif iki ali təhsil almışdı: Azərbaycan Dövlət Konservatoriyasını və Bakı Dövlət Universitetinin bitirmişdi.
Azad müəllimin 19 yaşında ikən”Molodyoj Azerbayjana” qəzetində alpinistliyə aid oçerkləri digər nəşrlərin də diqqətini cəlb edir. “Fizkulturnik Azerbayjana” qəzetinin demək olar, hər sayında onun yazılarına yer verilir və həmin nəşrdə işə dəvət olunur. Bir müddət sonra “Pionerskaya pavda”nın Azərbaycan üzrə xüsusi müxbiri təyin edilir. 1956-cı ildə “Molodyoj Azerbayjana” qəzetində şöbə müdiri, redaktor müavini kimi fəaliyyət göstərir. 1959-cu ildə qəzetin ilk azərbaycanlı redaktoru kimi tarixə düşür.
Peşəkarlığı və kollektivdəki yüksək idarəçilik xüsusiyyəti ilə seçilən A.Şərifov bir il sonra Moskvaya Ümumittifaq Leninçi Komsomol Gənclər İttifaqına nəşriyyat bölməsinə dəvət olunur. Tezliklə məşhur “Vokruq sveta” jurnalında baş redaktorun müavini vəzifəsini tutur. A.Şərifovun bu jurnalda Türkiyəyə aid oçerkləri janrın müasir jurnalistikamız üçün də dolğun nümunələri kimi sayılır. Məhz bu materiallar “İzvestiya” qəzetinin diqqətini cəlb edir. Nəşrin rəhbərliyi onu Türkiyə, İran və Əfqanıstan üzrə xüsusi müxbir vəzifəsinə dəvət edir.
1969-cu ildən Bakıda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyət şöbəsinin müdiri kimi fəaliyyətə başlayan A.Şərif 1979-cu ildən Dövlət Kinematoqrafiya Komitəsində sədr vəzifəsində çalışır. Görkəmli jurnalistin doğma peşəsinə qayıdışı 1988-ci ilə təsadüf edir. Həmin il o, “Azərinform” informasiya agentilyinin (indiki “AzərTAc” Dövlət Teleqraf Agentliyi) baş direktoru vəzifəsinə təyin olunur. Azad müəllimin müxtəlif illərdə çapdan çıxmış 20-dən artıq kitabı, yüzlərlə elmi məqaləsi oxucular tərəfindən böyük maraqla qarşılanıb.
Azad Şərifov mediamızın ağsaqqallarından biri kimi öz dərin təcrübəsini gənc jurnalistlərə də həvəslə öyrədir, onların yetkin mütəxəssis kimi formalaşması üçün səylərini əsirgəmirdi.

2009 –cu ildə 79 yaşında Bakıda vəfat etmişdir.

 1934  –  Azərbaycan memarı, 1992–2002.ci illərdə  Azərbaycan Memarlar İttifaqının prezidenti , Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının akademiki, Azərbaycan SSR əməkdar arxitektoru İlham İsmayıl oğlu Əliyev    Bakı şəhərində anadan olmuşdur.

1959-cu ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq şöbəsini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda əmək fəaliyyətinə başlayaraq, ömrünün 30 ilini bu institutla bağlamış və burada kiçik elmi işçi, baş elmi işçi, Şəhərsalma şöbəsinin müdiri, institutun elmi katibi və direktor müavini vəzifələrində çalışmışdır.

1966-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvü olan İlham Əliyev 1992-ci ildən ömrünün sonunadək bu ittifaqa rəhbərlik etmişdir.

İlham Əliyev 2002-ci il dekabrın 12-də ömrünün 69-cu ilində vəfat etmişdir.

2018-ci ildə “Azərmarka” tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş “Markalı kitabda”kı 12 markadan biri İlham Əliyevə həsr edilmişdir.

Təltif və mükafatları

“Azərbaycan SSR əməkdar arxitektoru” fəxri adı — 5 dekabr 1979

“Şöhrət” ordeni — 19 aprel 2000

1974— Azərbaycanın Milli Qəhrəmanı İntiqam Vahid oğlu Atakişiyev Qəbələ rayonunun Tüntül kəndində anadan olub. 1981-1991-ci illərdə Qəbələ rayonunun Tüntül kənd orta məktəbində, 1991-1992-ci illərdə isə Bakı şəhəri 61 saylı texniki peşə məktəbində oxuyub.

Ailəlidir, iki övladı var.

İntiqam Atakişiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyinin 776 saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən atıcıdan taqım komandirinin müavini vəzifəsinədək qalxıb.

O, 1995-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin nəzdində taqım komandirləri məktəbini, 1997-ci ildə isə Türkiyə Respublikasının Jandarma Komandirləri məktəbini bitirib.

1995-ci ildən 2004-cü ilədək “N” saylı hərbi hissədə taqım komandiri vəzifəsindən hərbi hissə komandirinin müavini vəzifəsinədək yüksəlib.

1992-1994-cü illərdə Qubadlı, Laçın, Ağdam, Füzuli, Ağdərə və Tərtər bölgələrində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. Murovdağ döyüşlərindən birində yaralanmasına baxmayaraq silahı yerə qoymadı. Müalicə olunan kimi yenidən cəbhəyə döndü. 1995-ci il mart hadisələri zamanı dövlət çevrilişi etmək istəyən qüvvələrin zərərsizləşdirilməsində şəxsi igidlik və şücaət göstərib. Onu, “N” saylı hərbi hissənin qrup komandiri təyin etmişdilər. Dövlət Sərhəd Xidməti Xüsusi məktəbinin ilk rəisi vəzifəsində çalışmışdır.

Təltif və mükafatları

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Atakişiyev İntiqam Vahid oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

 (4 aprel 1995) — “Qızıl Ulduz” medalı

 (16 avqust 2011) — “İgidliyə görə” medalı[2]

 (15 avqust 2014) — “Vətən uğrunda” medalı[3]

 (2018) — 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni

Vəfat etmişdir:

1963 — Azərbaycanlı teatr və kino aktyoru, Xalq artisti Əşrəf Əmrah oğlu Yusifzadə 56 yaşında vəfat etmişdir.

Əşrəf Yusifzadə 5 dekabr 1906-cı ildə Şərur rayonunun Sərxanlı kəndində doğulub. On dörd yaşına kimi kənddə yaşayıb. Şərurdakı birinci dərəcəli məktəbdə oxuyub.

Beşillik təhsilini uğurla başa vuraraq müəllimlərinin tövsiyəsi ilə İrəvana gəlib. Burada Azərbaycan teatrının canlı klassiklərindən olan Yunis Nurinin dram dərnəyinə yazılıb: epizodik rollar oynayıb, kütləvi səhnələrdə iştirak edib. Fəhlə fakültəsini iki ilə başa vuran Əşrəf Yusifzadə Yunis Nurinin zəmanəti ilə İrəvandam Azərbaycan teatr dəstəsinin aktyor heyətinə qəbul olunub. 1928-ci ildə bu kollektivin əsasında İrəvan Dövlət Azərbaycan Dram Teatrı yaranıb və kollektiv Jan Batist Molyerin “Zorən təbib” komediyası ilə fəaliyyətə başlayıb. Aktyor bu tamaşada nökər rolunu ifa edib.

Əşrəf Yusifzadə dram truppasında və Dövlət Teatrında hazırlanmış Cəfər Cabbarlının “Aydın” (Dövlət bəy), Qabriel Sundukyanın “Pepo” (Pepo) əsərlərinin tamaşalarında əsas rollarda oynayıb.

1930-cu ildə Əşrəf Yusifzadə teatr sənətindən ayrılaraq Bakıya ali təhsil almağa gəlib. Burada Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsinə daxil olub. Məşhur aktyor Rza Təhmasiblə, şair-dramaturq Hüseyn Cavidlə dostluğu onu yenidən teatr sənətinə bağlayıb. 1932-ci ilin oktyabrında Bakı Türk İşçi Teatrının truppasına aktyor götürülüb. Kollektivlə birgə 1933-cü ildə Gəncəyə gəlib və ömrünün sonun qədər Gəncə Dövlət Dram Teatrında aktyorluq edib. 1936-cı ildən müstəqil binada fəaliyyət göstərən Gəncə DDT-nin repertuarının əsas ağırlığını cəsarətlə çəkən, demək olar, bütün qəhrəman və əsas rolları oynayan barınaqla sayılacaq aparıcı aktyorlardan biri də Əşrəf Yusifzadə idi. O, Gəncə tamaşaçılarının rəğbət və məhəbbətini, ehtiram və hörmətini qazanmışdı. Kollektivin populyar aktyoru kimi sevilirdi. Teatrda tamaşalar hazırlamış rejissorlardan Həbib İsmayılovun, Mehdi Məmmədovun, Həsən Ağayevin, Yusif Yulduzun, Hüseyn Sultanovun, Tofiq Kazımovun, Nəsir Sadıqzadənin, Yusif Bağırovun, Vaqif Şərifovun, Əşrəf Quliyevin bədii cəhətdən daha kamil quruluşlarında əsas rolları Əşrəf Yusifzadə ifa etmişdir. Romantik aktyor, cəfakeş teatr xadimi, gənclərin qayğıkeş hamisi Əşrəf Yusifzadə görkəmli səhnə xadimi Rəmziya xanım Veysəlovanın həyat yoldaşıdır.

1997 – Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, Dövlət Mükafatı Laureatı, tibb elmləri doktoru, professor Tamerlan Əziz oğlu Əliyev 75 yaşında dünyasını dəyişmişdir. Alim Fəxri Xiyabanda dəfn edilmişdir.

Tamerlan Əliyev 3 oktyabr 1921-ci ildə Naxçıvanın bölgəsinin Şahtaxtı kəndində anadan olmuşdur. Onun dünyaya gəlməsindən 3 il əvvəl – 1918-ci ildə valideynləri əzəli Azərbaycan torpağı olan İrəvandan məcburi köçkün salınmış, gəlmə ermənilərin törətdikləri vandalizmin qurbanı olmuşdular.

Tamerlan Əliyev  ilk təhsilini Bakıdakı 3 nömrəli ibtidai məktəbdə almış, sonra isə Bakının Oktyabr rayonundakı 176 nömrəli orta ümumtəhsil məktəbini bitirmişdir. 1940-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş,  əlaçı tələbə kimi

ən yüksək təqaüdə  layiq görülmüşdür.

1944-cü ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun mikrobiologiya kafedrasında assistent kimi fəaliyyət göstərmişdir. Gənc məzun 1945-ci ildən etibarən Azərbaycan Dövlət Tibb İnstitutunun fakültativ terapiya – Azərbaycan Tibb Universitetinin indiki II müalicə – profilaktika fakültəsinin daxili xəstəliklər kafedrasında əvvəlcə kliniki ordinator, sonra isə assistent, dosent, professor və kafedra müdiri vəzifələrində çalışmış və onun bütün sonrakı fəaliyyəti Azərbaycan Tibb Universiteti ilə bağlı olmuşdur.

Professor T.Əliyev pedaqoji, müalicəvi, təşkilati fəaliyyəti ilə yanaşı, elmi-tədqiqat işlərinə də böyük əmək sərf etmişdir.  Gənc alim  1954-cü ildə “Heyvan orqanizminin immun reaktivliyinin Naftalan neftinin təsiri altında dəyişməsinin xarakteristikası” mövzusu üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.

Professor T.Əliyev apardığı elmi-tədqiqat işlərinin nəticələrinə əsasən,  1969-cu ildə “Şəkərli diabetin müxtəlif formaları olan xəstələrdə, periferik damarların vəziyyəti: metabolizmin və qanın laxtalanmasının bəzi göstəriciləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1970-ci ildə isə SSRİ Ali Attestasiya Komissiyası onun professor elmi adını təsdiq etmişdir. Elə həmin ildə Tamerlan Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun daxili xəstəliklər kafedrasının müdiri vəzifəsinə seçilmişdir. O, 20 il bu vəzifədə çalışmışdır.

Görkəmli alim 1990-cı ildə o dövrün yaş senzinin tələblərinə riayət edərək ərizəsinə görə kafedra müdiri vəzifəsindən çıxmış, öz yetirməsinin həmin vəzifəyə seçilməsinə zəmanət vermişdir. O, 1990-cı ildən ömrünün sonuna qədər kafedranın professoru vəzifəsində

T.Əliyev Azərbaycanda kardioloji xidmət sisteminin təşkili sahəsinin inkişafına böyük əmək sərf etmişdir. Novator alimin təşəbbüsü ilə keçmiş SSRİ miqyasında ilk dəfə olaraq Bakıdakı 4 nömrəli şəhər Klinik Xəstəxanası nəzdində miokard infarktı və şəkərli diabeti olan xəstələrin distansion diaqnostikası, təxirəsalınmaz yardımı, həmçinin intensiv terapiyası təşkil edilmişdir və bu da respublikada həmin xəstəliklərdən ölüm faizinin azalmasına səbəb olmuşdu.

Tamerlan Əliyevin Azərbaycan səhiyyəsində xidmətlərindən biri də bilavasitə onun təşəbbüskarlığı və təşkilatçılığı ilə inşa edilərək fəaliyyətə başlayan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu olmuşdur. Belə bir möhtəşəm müalicə-diaqnostika mərkəzinin fəaliyyətə başlaması Azərbaycan səhiyyəsinin, tibb elminin inkişafına güclü təkan  vermişdir.

Tamerlan Əliyevin elmi məsləhətçiliyi və rəhbərliyi altında 5 doktorluq və 25 namizədlik dissertasiyası yerinə yetirilmişdir.

Professor T.Əliyev 250-dən çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, metodiki tövsiyələrin və səmərələşdirici təklif, ixtiraların, həmçinin çoxsaylı elmi-kütləvi məqalələrin müəllifi olmuşdur.

Tamerlan Əliyevin müəllifi olduğu “Klinik-diaqnostik laborator tədqiqat üsulları” , “Şəkərli diabet haqqında ətraflı məlumat” , “Biokimyəvi tədqiqat üsulları” , “Şəkərli diabet”, “Prediabet”, “Karbohidrat mübadiləsinin pozulmaları və ürəyin işemik xəstəliyi”, “Şəkərli diabet zamanı qan dövranı pozulmaları və onların tənzimi”, “Endokrinologiya” və s. bu kimi əsərlər indi də öz aktuallığını saxlayır. Alimin uzun illərin təcrübəsi sayəsində əldə etdiyi praktik vərdişlər və nəzəri biliklər əsasında qələmə aldığı “Endokrinologiya” adlı dərslik bu sahə üzrə Azərbaycan dilində yazılmış ilk irihəcmli    nəşrdir.

2005 – Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Hacı Dadaş oğlu Xanməmmədov 86 yaşında Bakıda vəfat etmişdir.

Hacı Xanməmmədov 1918-ci il iyunun 15-də Dərbənd şəhərində anadan olub. 14 yaşında Ü.Hacıbəyovun himayədarlığı ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakultəsinə daxil olur və Səid Rüstəmovun tar sinfində təhsil alır.

1934-cü ildə Ü.Hacıbəyov H.Xanməmmədovu özünün rəhbərlik etdiyi Azərbaycan Dövlət Radiosu nəzdindəki Xalq Çalğı Alətləri Orkestrinə solist kimi qəbul edir.

1937-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Koroğlu” operası tamaşaya qoyulanda Ü.Hacıbəyovun Simfonik Orkestrə dəvət etdiyi 7 tarzəndən biri H.Xanməmmədov idi.

1938-ci ildə Moskvada keçirilən Birinci Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyündə H.Xanməmmədov “Koroğlu” operasının tamaşasında orkestrin tərkibində iştirak etmişdir və 1941-ci ildə həmin teatrla İranda qastrol səfərində olmuşdur.

1943-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir bəyin təşəbbüsü ilə “Xalq musiqisinin əsasları” şöbəsi açıldıqda H.Xanməmmədov bu şöbəyə qəbul olunur. İkinci Dünya müharibəsi illərində H. Xanməmmədov Azərbaycan Dövlət Musiqili Komediya Teatrında dirijor kimi fəaliyyət göstərməklə yanaşı, müəlliminin rəhbərliyi ilə bir sıra mahnı və marşlar, habelə o zaman tez məşhurlaşmış “Gözəl Pəri” mahnısını, Xalq Çalğı Alətləri Orkestri üçün “Qəhrəmani” əsərini bəstələyir.

1947-ci ildə H. Xanməmmədov öz təhsilini Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsində davam etdirir. Əvvəl professor Boris Zeydmanın sinfinə daxil olan H. Xanməmmədov sonralar öz yaşıdı, böyük bəstəkarımız Qara Qarayevin sinfinə keçir. H. Xanməmmədov Qara müəllimin məsləhəti ilə diplom işi kimi tar ilə orkestr üçün “Konsert” əsərini yazır. Bu əsər Dövlət Imtahan Komissiyası tərəfindən əla qiymətləndirilir və gənc bəstəkarın istedadı musiqi ictimaiyyətinin diqqətini cəlb edir. O vaxtlar hamı Azərbaycanın qüdrətli bəstəkarlar dəstəsinə öz sözü, öz nəfəsi olan bir bəstəkarın gəlişini çox yüksək qiymətləndirirdi.

1990-cı ildə H.Xanməmmədov musiqimizdə ilk dəfə olaraq kamança və orkesrt üçün “Konsert” bəstələyir və əsər mərhum sənətkarımız Ədalət Vəzirovun ilk və kamil ifasından sonra tez bir zamanda məşhurlaşır, ifaçıların repertuarına və tədris proqramlarına daxil olur.

H. Xanməmmədov həm də gözəl mahnılar müəllifidir. Onun 150-dən çox mahnısı görkəmli müğənnilərimizin repertuarında layiqli yer tutur. Bu mahnıların mətnini Aşıq Ələsgər, Mikayıl Müşfiq kimi görkəmli şairlərin şerləri təşkil edir. Xüsusilə, H.Xanməmmədovun lirik mahnıları xalqımız arasında geniş yayılmışdır. Bu baxımdan “Yaşa, könül”, “Arzuya bax, sevgilim”, “Yadıma düşdü”, “Gözünə qurban”, “Güllü”, “Ceyran”, “Getmə, amandır”, “Oxu, sevgilim” və s. gözəl örnəklərdir.

H. Xanməmmədov 40 ildən artıq bir dövrdə H.Xanməmmədov Bakı Musiqi Texnikumunda dərs demiş, 1957-ci ildən isə indiki Bakı Musiqi Akademiyasında çalışmışdır. O, “Xalq çalğı alətləri” kafedrasının dirijorluq üzrə professoru, son illərdə isə “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasının məsləhətçisi idi.

Bəstəkar müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri kimi məsul vəzifələrdə çalışmış, bir bəstəkar və ictimai xadim kimi çox faydalı işlər görmüşdür.

20

2006 – Azərbaycanın ilk balet rəqqasəsi Qəmər Hacıağa qızı Almaszadə 91 yaşında Bakıda vəfat etmişdir.
Qəmər Almaszadə 1915-ci ildə Bakı şəhərində çəkməçi ailəsində anadan olub. Uşaqlıqda baletlə məşğul olan dostu onda bu sənətə maraq oyandırıb. Mühafizəkar müsəlman atasından gizli olaraq dostunun məsləhəti ilə özəl balet studiyasına yazılır (daha sonra studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilir).

1930-cu ildə Qəmər Almaszadə Xoreoqrafiya Məktəbini bitirib Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlayır. Bu arada həmçinin ali pedaqoji məktəbinə də daxil olur. 1932-də Reynhold Qlierin “Şahsənəm” operasında ikinci dərəcəli rola seçilir. 1933-cü ildə indiki Sankt-Peterburqda Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olur və orada məşhur balerina Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində oxuyur. 1936-cı ildə ali məktəbi bitirib Bakıya qayıdır. 1937-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının əsasını qoyur. Üzeyir Hacıbəyovun rəhbərliyi ilə Azərbaycan əyalətlərinə elmi səyahət təşkil edib ilk mənbədən xalq rəqsləri haqqında məlumat toplayır. 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbində ilk rəqs dərsini deyir. Daha sonra həmin məktəbin direktoru olur. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin “Qız Qalası” baletində ilk professional çıxışını edir. Sonralar Fransada, Hindistanda, Nepalda da çıxış etmişdir. 1970-ci ildə Bağdada İraq Xalq Rəqsləri Ansamblını qurmaq üçün dəvət olunur. 1950-ci illərdə baleti tərk etsə də, 1990-cı illərin sonuna qədər Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi çalışmışdır.

Bayramlar və xüsusi günlər:


1948-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı yaradılıb, 1950-ci ildən isə 7 aprel Ümumdünya Sağlamlıq Günü (World Health Day) kimi qeyd edilir.
Ötən illər ərzində 194 ölkə: ABŞ, İtaliya, İspaniya, Fransa, Türkiyə, Almaniya, İsrail, RF, Böyük Britaniya və s. ölkələr Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv olub. Azərbaycan da BMT-nin ixtisaslaşdırılmış təşkilatlarından olan ÜST ilə sıx əməkdaşlıq edir.
ÜST-nin yaradılması ilə bağlı hər il keçirilən tədbirlər Yer kürəsinin səhiyyəsi qarşısında duran qlobal problemlərə həsr olunur. İndiyə qədər keçirilən tədbirlər:
“Sənin qanının təhlükəsizliyi – çoxlarının həyatını xilas edə bilər”, “Fəal həyat tərzi – uzunömürlülüyə aparan yoldur”, “Hamiləlik – həyatınızda xüsusi hadisədir. Onun təhlükəsizliyini qoruyaq”, “İqlim dəyişikliyindən sağlamlığımızı qoruyaq” və s. kimi müxtəlif mövzuları əhatə edib.
2014-cü il “Transmissiv xəstliklərə qarşı mübarizə və prafilaktika” mövzusuna həsr edilib. Xatırladaq ki, belə xəstəliklərin daşıyıcıları, patogen və parazitləri infeksiyalı şəxsdən (və ya heyvandan) ötürərək, insanlarda ciddi xəstəliklərə səbəb olurlar.

Keçirilən tədbirlərin əsas məqsədi: insanlara sağlamlığın nə qədər önəmli olduğunu anlatmaq, səhiyyə müəssisələrini isə insanların sağlamlıqla bağlı problemlərini həll etməkdə səylərini əsirgəməməyə çağırmaqdır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.