İkili Standart: Tikinti Üçün “Qorunan” Kollar və Vətəndaşın Həyatı Üçün Təhlükəli Olan “Görünməz” Ağaclar

Mövqe

Nəfəs almaq istəyirsən? Binalar səni günəşdən qorumaz. Təmiz hava, sərin kölgə, dinclik – bunları sənə ağac verir.

Bu gün bəşəriyyətin qarşısında duran ən aktual məsələlərdən biri də ekoloji problemlərin düzgün elmi həlli ilə bağlıdr. Yaşıllıq, biomüxtəliflik və sağlam ətraf mühit olmasa, həyat da olmaz, nə də insan adı varlıq. Olub da qorunmazsa, qayğısına qalınmazsa, nəticədə ətraf mühit pisləşər, xəstəliklər artar və insanların yaşam keyfiyyəti aşağı düşər. Ona görə də ekoloji problemlər hər bir dövlətin, o cümlədən Azərbaycan dövlətinin ən vacib prioritetlərindən biridir. Dövlətimizin, onun ali rəhbərinin, hörmətli Mehriban xanımın, Leyla xanımın təbiətlə bağlı niyyət və fəalliyyətləri hamımıza məlumdur. Bu gün Bakıda 300-dən çox bir-birindən füsunkar park, bağ və istirahət məkanı mövcuddur. Baş şəhərimizə qədəm basan əcnəbi qonaqlar ölkələrinə qayıdandan sonra da bu parkların onlara bağışıadığı səmimiyyəti heç zaman unuda bilməycəklər. Amma Bakının füsunkarlığı təkcə mərkəzdə mövcud olan parklardan və magistral yol boyunca qarşılaşdığımız viziual rekviztlərdən ibarət olmamalıdır. Bəs bir qədər şəhərətrafı ərazilərə yaxınlaşdıqca, daxili məhəllələrdə, eləcə də məhəllə və küçələrarası yollarda rastımıza çıxan yaşıllıq üzünə həsrət qazonlar, qurumuş və yıxılmış ağaclar, heç vaxt sanitar qulluq görmədiklərindən və suvarılmadıqlarından get-gedə cılızlaşan və boydan qalan ağaclar bizim deyilmi?
Şəhərin mərkəzində hər yarpağı sığallanan ağacların əksinə, şəhərətrafı ərazilərdə və yaşayış məhəllələrində təbiət sanki “Allahın ümidinə” buraxılıb. Burada nə “unikal nömrəli” qayğı var, nə də illərdir müraciət olunan sanitar xidmət. Elə bil şəhərin bu hissəsində oksigenə ehtiyac yoxdur. Tikinti meydançaları üçün proqnozlaşdırılan ərazilərdə hər kolun dibi rəqəmsallaşdırıldığı halda, məhəllələrdə aşma təhlükəsi olan nəhəng ağaclar vətəndaşın başı üzərində “Demokl qılıncı” kimi asılı qalıb. Belə selektiv yanaşma onu göstərir ki, qurumlar üçün önəmli olan Bakının real ekologiyası deyil, sadəcə rəhbərliyin və turistlərin keçdiyi yollardakı “yaşıl rekvizitlər”dir.
Bakı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin , əsasən, MİS işçiləri ilə keçirdiyi ağacəkmə kampaniyaları kütləvi informasiya vasitələrində tirajlanır, təqdir edilir. Bundan sonra bütün ekoloji laqeydliklər bu görüntülərlə sığortalanır. Daxili məhəllələr atılır bir kənara.
Məsələn, belə yerlər Xətai rayonunun mərkəzi ərazilərindən aralı yaşayış massivlərində də var: bir deyil, iki deyil, on deyil.
“Bakı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin kütləvi ağacəkmə kampaniyaları KİV-də böyük təntənə ilə işıqlandırılır, rəqəmlər və görüntülər bir-birini əvəz edir. Bu parlaq kadrlar sanki ətraf mühitə qayğının “toxunulmazlıq sığortası”na çevrilir. Ekranlarda hər şey yaşıllaşır, hər şey qaydasındadır. Lakin kameraların işığı sönən kimi, mərkəzi yollardan cəmi bir neçə yüz metr içəridə — daxili məhəllələrdə reallıq tamamilə başqadır.
Bura o parıltılı hesabatların çatmadığı “ölü zona”dır. Burada ağaclar illərdir nəinki suvarılmır, budanmır, dərmanlanmır, hətta quruyub insanların həyatı üçün real təhlükəyə çevriləndə belə, “unikal nömrəli” diqqətdən məhrum qalırlar. Görünür, qurumlar üçün yaşıllıq yalnız obyektiv qarşısında sığortalanmış bir görüntüdür; daxili məhəllələrdəki təhlükəli ağaclar isə nə reklam gətirir, nə də hesabatlarda “fəaliyyət”kimi görünür. Beləliklə, şəhərin ekoloji təhlükəsizliyi məhəllələrin küncündə, insanların başı üzərində “unudulmuş bir risk” kimi tərk edilir.”
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (RETSİ), Xətai bələdiyyəsinin, Yaşıllaşdırma Təsərrfatı Birliyinin daxili məhəllələrdə, küçə və yol kənarlarında ağaclara və yaşıllıqlara fitosanitar xidmətini heç vaxt- görməmişik. Elə bir ərazi yoxdur ki, orada qurumuş, ya da hədsiz əyilmiş təhlükəli ağac olmasın. Çünki heç vaxt ərazilərdə fitosanitar xidmət, budama işləri aparılmayıb. İstənilən vaxt bu ağaclar bədbəxt hadisəyə səbəb ola bilər. Bunu sübut edəcək 100-lə şəkil təqdim edə bilərik.
Biz aidiyyəti qurumlara bu ərazidə təbiətə, yaşıllıqlara laqeyd münasibət haqqında dəfələrlə müraciət edib tədbirlər görülməsini xahiş etmişik. Amma əhəmiyyət verilməyib, saya alınmayıb. Fikirləşiblər ki, Cənab İlham Əliyevin, hörmətli Mehriban xanımın belə məhəllələrə yolu düşməz.
Bakı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri bizim məhəllədə olarkən artıq tamam həyati fəaliyyətlərini itirmiş qovaq ağaclarını onlara göstərsəm də, kəsim etmədilər.
İcra hakimiyyəti də, bələdiyyə də, Yaşıllaşdırma Təsərrüfatı Birliyi də hər dəfə eyni şeyi deyirlər: əvvəlcə vətəndaş torpaq mülkiyyətçisinə müraciət etməlidir, torpaq mülkiyyətçisi də Ekologiya Nazirliyinə. Ekologiya Nazirliyi rəy verəndən sonra biz icra etməliyik. Üzücü və vətəndaş cəmiyyəti prinsiplərinə etimadsızlıq yaradan münasibətdir. Səlahiyyətlər by cürə bölüşdürüldüyündən iş görməli olanı ya tapmaq olmur, ya da proses “karusel forması”nda uzanır.
Vətəndaş müraciət etməzsə, ağaclar budanmamalıdırmı, təhlükəli ağaclar götürülməməlidirmi? Belə halarda insan həyatına, eləcə də onların əmlaklarına dəyən xəsarətə görə məsuliyyət niyə müəyyən edilmir? Məmurlar bu səbəblərdən bir neçə məhkəmə çəkişməsinə cəlbedilsələr, bəlkə işlərinə məsuliyyətlə yanaşalar.
Almaniyanın məşhur dövlət xadimi və ilk kansleri olmuş Bismark çox doğru demişdir: “Sövləti pis qanunlarla idarə etmək olar, amma pis məmurlarla yox.” Bizim istər ekoloji, istərsə də digər problemlərdən əziyyət çəkməyimizin əsas səbəbi də məmur korpusumuzun keyfiyyətindədir. Dövlətə, onun rəhbərlərinə qarşı etimadsızlıq yaradan da onlardır.
Təbiətə qəsd edənlərə (budağı kəsənlərə, gülü qıranlara, yaşıllığı əzənərə) necə dözümlülük göstərilirsə, dövlətdən təbiətə xidmətə görə məvacib alıb amma qulluq etməyənlərə də (təkcə kəsmək yox, qulluq etməmək də problem hesab olunur) eyni dözümlülük göstərilir. Amma problemləri diqqətə gətirərək cavbdeh qurum və şəxsləri tədbir görməyə dəvət edənlərin səsinə isə məhəl qoyulmur. Bu isə ekoloji deqredasiyasının eninə və dərininə işləməsinə stimul vermiş olur.
Biz israr etdiklərimizi özümüzdən uydurmuruq, bunlar dövlətimizin, onun liderinin müəyyən etdiyi nizamlamalardır.



Hüquqi əsaslandırmalara görə:
1.Azərbaycan Respublikasə Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli qərarı ilə tətbiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının aparılması” Qaydasının 2-5-ci bəndinə əsasən, uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Bu qanunlar yaşıllıqların mühafizəsinə dövlət nəzarətini təmin edir və bələdiyyələrin bu sahədəki vəzifələrini müəyyənləşdirir. Məlumatın düzgün və tam şəkildə təqdim edilməməsi, yaşıllıqların uçota alınmaması və ya təhrif edilməsi halında bələdiyyələr İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
2. 2011-ci ildən etibarən ETSN-nin Dövlət Ekspertiza İdarəsi Bakı şəhəri daxilində yaşı ötmüş, köküstə qurumuş, həmçinin gövdəsi əyilmiş, qəzalı durumda olan, insan həyatı üçün təhlükə yaradan kommunal xətlərə, eləcə də yaşayış binalarına qəza faktoru yaradan hündürlüyü 12 metrdən yuxarı olan qovaq cinsli ağacların təhlükəsiz səviyyədə budanmasına və müstəsna hallarda rəy əsasında kəsilməsinə icazə verib.
Diqqət: Ekologiya və Təbii Sərvətlər Nazirliyi də Bakıdakı qovaqların kəsilməsinə etiraz etmir. Qurum bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə xüsusi arayış verib. Həmin sənədə əsasən, paytaxtdakı qurumuş qovaqlar əlavə rəy alınmadan kəsilə bilər. ( Mənbə: https://yenisabah.az/bakida-bu-agaclarin-ekilmesi-qadagan-olundu). ”
Amma Ekologiya Nazirliyi də, Yaşıllaşdırma Təsərrüfatı Birliyi də hər dəfə bizim müraciətlərə bu nizamlamalardan deyil öz nizamlamalarından cavab vermişlər.
3. Vətəndaşların müraciət etmələrinə gəlincə:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza Agentliyininİdarə Heyəinin Sədri rəsmisi Mirsalam Qənbərovun mətbuata verdiyi açıqlamada da qeyd olunduğu kimi, vətəndaşın müraciət etməsi şərt deyil. Vaxtaşırı olaraq ağaclara qulluq göstərmək, budamaq, müalicə etmək lazımdırsa, müalicə etmək, götümək lazımdırsa götürmək bələdiyyə və yaşıllaşdırma qurumlarının vətəndaşın müraciətindən asılı olmayan “funksional öhdəlikləridir” (Mənbə: https://bizim.media/az/multimedia/155346/).
Bakı Yaşıllaşdırma Təsrrüfatı Birliyinin və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (RETSİ) rsmiləri də bu nizamlamalardan xəbərdar olmamış deyillər, sadəcə, əməl etmirlər.
Elə bil ki, Ekologiya Nazirliyi, Bakı Şəhər Yaşıllaşdlrma Təsərrüfatı Birliyi General Şıxlinski küçəsi 47, 49 və 51 nömrəli binanın sakinləri ilə prinsip aparır. Ekologiya Nazirliyi bizim dəfələrlə müraciət etdiyimizi bilir. Amma aydınlaşdırma aparmır ki, əslində, problem nədir, niyə narazılıq, yazışmalar illərdir davam edir? Səbəbi maraqlı tətrəf olaraq biz belə qəbul edirik: mövcud vəziyyətə görə, bizə cavab yazan qurum və şəxslərin hər birinin məsuliyyət payı var. Ona görə də əraziyə, sadəcə, formal baxış keçirir, formal da cavab verirlər.
Gəncə prospekti 25A və 27 nömrəli binaların arxa həyətində yeni yaşayıs binasının tikintisi üçün sahə ayrıması nə bizim bu yazımızın, nə də 4 ildən çoxdur sakinlərlə birlikdə etdiyimiz şikayətlərin prioriteti deyildir. Arayış üçün qeyd edim ki, yeni yaşayış binasının tikintisi üçün ayrılmış bu ərazi bizim yaşadığımız General Şıxlinski küçəsi 47, 49 və 51 nömrəli binaların yerləşdiyi ərazi ilə çox yaxın məsafədədir. Bu yerlərdə ətraf mühitin mühafizəsi, ekoloji sağlamlıq kimi strateji sahələrə cavabdeh olan qurumların öz vəzifə öhdəliklərinə ikili standart gördüm, selektiv yanaşma gördüm.


Biz 3 il əvvəl Gəncə prospektində həmin ərazidə olanda bu yerləri məşhur filmdə gördüyümüz Sakit okeanın cənubundakı “Robinzon Kruzo” adasına bənzətmişdik. Həmin vaxt çəkdiyimiz şəkillərə əsasən siz də Bakının “Robinzon Kruzo” adasını seyr etmiş kimi olacaqsınız. Sonuncu dəfə isə 2025-ci il iyun ayında olmuşduq. Rastımıza çıxan sakinlərlə söhbət də etmişdik. Demişdilər ki, televizayadan çəkiliş də ediblər. Burada müasir tipli istirahət parkı quracaqlar. Ona görə deyiblər də, sən saydığını say, “görək sahibkarlar necə sayır .”


2026-cı ilin martında artıq bütün ərazi hasara alınmış, ərazidəki bütün canlı-cansız, əhəmiyyətli-əhəmiyyətsiz nə qədər ağac, nə qədər yabanı kol vardısa, “unukal” şəkildə inventarlaşdırılmış, hər bir ağaca identifikasiya nömrəsi vurulmuşdu.

Ümumiyyətlə, identifikasiya nömrələrinin vurulmasında məqsəd yaşıllıqların elektron reyestrinin formalaşdırılması ilə onların etibarlı şəkildə mühafizəsini təmin etmək, yaşıllıqlara müdaxilə hallarının qarşısını almaq və ictimai nəzarətin gücləndirilməsidir. . Amma Gəncə prospektindəki ərazidə barmaqla sayılacaq qədər sağlam ağac qalıb.
Əgər Nazirliyin Bakıda ağacların inventarlaşdırılması və nömrələnməsi (etiketlənməsi) layihəsi ilə bağlı dediklərinə görə, vahid reyestrin yaradılması məqsədi daşıyırsa. Gəncə prospekti 25 A və 27 nömrəli binaların arxa həyətində “qurumuş , yanmış kola və yaxud yıxılmış ağaca nömrə vurulması” faktı rəsmi olaraq belə təəssürat yaradır ki, hətta qurumuş ağac və kollar da qeydiyyata alınmalı, aktlaşdırılmalı və sonra kəsilməsi üçün rəy verilməlidir.

Görünür ki, bu nömrələr ağacın mühafizəsini deyil, sabah o tikintini aparacaq şirkəti “ağacları niyə kəmisiniz?” suallarından) qorumaq üçün bir növ “zireh” rolunu oynayacaq. Elə əraziyə yerləşdirilmiş Polis budkası da belə vasitələrdən biridir .Yoxsa, ərazidə heç bir texnika, tikili, əmlak olmadığı halda, polis nəzarəti nə üçündür? Baxmayaraq ki, budkada mühfizə vəzifəsini həyat keçirən mülki vətəndaşdır. 2026-cı ildən tətbiq olunacaq yeni qaydaya görə, ancaq inventarlaşdırılmış və nömrələnmiş ağaclarla bağlı müraciətlərə rəy veriləcək.
Onda bel çıxır ki, əgər General Şıxlinski küçəsindəki təhlükəli ağacın nömrəsi yoxdursa, nazirlik “reyestrdə yoxdur” bəhanəsi ilə məsuliyyətdən qaçacaq.
Nəyə görə Gəncə prospekti 25 A və 27 nömrəli binaların axasındakı ərazidə “özbaşına bitən kol” elektron reyestrə düşəcək qədər əhəmiyyətlidir, amma bu ərazidn 1-2 km aralıda – General Şıxlinski küçəsində insanların həyatı üçün təhlükə olan neçə-neçə ağac illərdir “görünməz” qalır?
Bu, sistemin necə “kor-təbii” və ya selektiv işlədiyini göstərmirmi? Bu, sadəcə, bir şikayət deyil, bir vətəndaşın səbrinin və rəsmi qurumların fəaliyyətsizliyinin xronologiyasıdır. 27 nömrəli binanın arxasında qurumuş , aşmış ağacları reyestrə daxil edirlər, mühafizə görüntüsü yaradırlar, amma həmin binanın blokları qarşısındakı ağaclar mühafizə əhəmiyyəti kəsb etmir.

Son söz əvəzi: Daşlar divardır, ağaclar şəhər. Hazırda Bakı şəhərində mövcud olan yaşıllıqların ümumi sahəsi təxminən 14 min hektardır ki, bu da adambaşına 6 kvadratmetr təşkil edir.Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə və beynəlxalq normalara gəldikdə isə hər bir şəhər sakini üçün minimum 9 kvadratmetr yaşıllıq sahəsi  düşməlidir. Göründüyü kimi,  paytaxt şəhərimizdəbu norma  beynəlxalq normalardan aşağıdır.   Mütəxəssislər bunun səbəblərini artan tikinti sürəti ,  Bakının iqlim şəraiti və əhalı sıxlığı  ilə əlaqəlndirirlər.  Amma nədənsə   ağacların qorunmasına laqeyd yanaşmanı, yaşıllıq sahələrinin zibillənməsini və baxımsız qalmasını problem kimi  diqqətə çatdırmaq istəyənlər azdır. Mənim fikrincə, bu amil heç də digər səbəblərdən  təsirsiz deyildir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.