Tarixdə bu gün
İlin 100-cü (uzun illərdə 101-ci) günü.

Doğum günləri:

1018 – Büyük Səlcuq Dövlətinin vəziri və “Siyasətnamə” adlı kitabın müəllifi, siyasətçi, tarixi şəxsiyyət Nizamül Mülk (tam adı Əbu Əli Əl-Həsən et-Tusi Nizamülmülk ) anadan olmuşdur.
Şərq tarixində müdrik, uzaqgörən vəzir deyəndə iki şəxs ağıla gəlirsə, biri Nizamülmülkdür. Məşhur Səlcuqi sultanları Alparslan va Məlikşahın vəziri olmuş bu şəxs dövlətin iqtisadi qüdrətinin artmasında, qoşunun möhkəmlənməsində, ölkənin mədəni həyatında çox mühüm rol oynayıb.
Eyni zamanda o, diribaş korrupsioner, rəqiblərini məhv etmək üçün istənilən üsula əl atan sərvaxt məmur, proteksionist.,. olub. Nizamülmülkün bu xüsusda “ilk kövrək addımları” barədə “Vəzirin tərcümeyi-halı” adlı bir kitabda yazılır: “Bir ara Xacə (Nizamülmülk) Bəlx əmiri ibn Şadanın yanında katiblik edirdi. Vaxtaşırı ibn Şadan Xacəyə deyirdi:”Ey Həsən, yaman kökəlibsən”. Sonra nəyi varsa əlindən alıb deyərdi: “Sən katibsən, qələmin sənə bəsdir”. Bir qədər işləyəndən sonra əmlakı müsadirə edildi, özü isə tutulmamaq üçün qaçıb aradan çıxdı». Amma bütün bunlar onun üçün bir məktəb olur. O, saray sirlərini, yaltaqlıq, nifaq salmaq, ürəyə girmək, kiçik və böyük məmurlarla necə davranmaq və s. dərindən öyrənmişdi. Dövlət işləri üçün önəmli fəaliyətləri olsa da, öz məqsədinə çatmaq üçün heç bir tədbirdən, yeri gələndə xəyanət və cinayətlərdən də çəkinmirdi. Nəhayət, öz rəqiblərini bir-bir vuraraq vəzirliyə kimi yüksəlmişdi.
1092-ci ildə Bağdad yaxınlığındakı Səhnə qəsəbəsində xaincəsinə öldürülmüşdür.

1906 – Məşhur pambıq ustası, əl ilə pambıq yığımı hərəkatının təşəbbüsçüsü. iki dəfə Sosialist Əməyi Qəhrəmanı Bəsti Məsim qızı Bağırova Goranboy rayonun Bağçakürd kəndində anadan olmuşdur.
1930–1933-cü illərdə Azərbaycan SSR Qasım İsmayılov rayonu “Bağçakürd”(sonralar B.Bağırova adına) kolxozunun kolxozçusu, 1933–1950-ci illərdə həmin kolxozda manqa başçısı və 1953–1962-ci illərdə sədri olmuşdur.
1952-ci ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir .
AKP-nin XXIII–XXV qurultaylarında Mərkəzi Komitə üzvü seçilmişdir. SSRİ Ali Sovetinin (I–III çağırış), Azərbaycan SSR Ai Sovetinin (IV–V çağırış) deputatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdur.
3 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla, ÜİKTS-in böyük qızıl medalı ilə təltif edilmişdir.
Bağçakürd kəndinə Bəsti Bağırovanın tunc büstü qoyulmuşdur. Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.

1910 — 1966-cı ildə Parisdəki Beynəlxalq Elmi-Tarixi və Fəlsəfə Akademiyasının müxbir üzvü olmuş Yusif Süleyman bəy oğlu Musabəyov Tiflis şəhərində anadan olub.
Əslən Qəbələ bölgəsindəndir.
Yusif Musabəyovun Yaroslavl Texnologiya İnstitutunun üzvi kimya kafedrasının yaradılmasında və inkişafında böyük əməyi olmuşdur. O, pedaqoji, elmi və təşkilatçılıq fəaliyyətini əlaqələndirən alim kimyanın tarixi ilə təcrübi və nəzəri kimyəvi tədqiqatların bağlılığı ideyasını həmişə müdafiə etmişdir. Tarixçi kimi, Musabəyovun elmi maraqları bu sahədə çatışmazlıqların aradan qaldırılması vəzifəsinə yönəldilmişdi. O, rus kimyaçıları tərəfindən daha mühüm maddələrin sintezi tarixini araşdırmışdır. Onu, haqlı olaraq, qidanın kalorililiyinin müəyyənləşdirilməsinin orijinal üsulunun yaradıcısı və quru spirtin ixtiraçısı hesab edirlər.
Təsadüfi deyil ki, institutun əsas binasında Beynəlxalq Təbiətşünaslıq və Fəlsəfə Tarixi Akademiyasının (Paris, Fransa) müxbir üzvü, üzvi kimya kafedrasının əvəzsiz rəhbəri, Yaroslavl Texniki Universitetinin texnologiya fakültəsinin dekanı, kimya elmləri doktoru, professor Yusif Musabəyovun şərəfinə xatirə lövhəsi asılmışdır.
Y.Musabəyov 1970-ci ildə vəfat etmiş və Yaroslavl şəhərində torpağa tapşırılmışdır.

1923 — Məşhur Azərbaycan yazıçısı, dramaturq Salam Dadaş oğlu Qədirzadə Bakı şəhərində anadan olub. Hələ uşaq illərindən ədəbiyyata böyük həvəsi olan S. ]Qədirzadə şeir və hekayələr yazır, ədəbi dərnəklərdə iştirak edir, məktəbdən sonra məhz bu sahədə təhsil almağı planlaşdırırdı. Lakin Böyük Vətən müharibəsi həmin arzuları düz 5 il təxirə saldı.
1941-ci ildə orta məktəbi bitirən kimi 18 yaşlı Salam könüllü şəkildə cəbhəyə yola düşür. 1941-1945-ci illərdə o, Şimali Qafqaz, Kuban, Qərbi Ukrayna, Polşa, Bessarabiya, Rumıniya, Çexoslovakiya, eləcə də Almaniyanın faşistlərdən azad edilməsində sıravi döyüşçü kimi iştirak edir, cəbhələrdə göstərdiyi şücaətə görə III dərəcəli Şöhrət ordeni, İgidliyə görə və daha yeddi medalla təltif olunmuş, Baş Ali Komandanlıq tərəfindən fərqləndirilmişdi. Müharibə illəri sonradan yazıçının bir sıra əsərlərində öz əksini tapmışdı. 1946-cı ildə ordu sıralarından tərxis olunduqdan sonra Salam Qədirzadə Sumqayıt şəhərində 18 saylı fabrik-zavod təhsili məktəbində müdir müavini vəzifəsinə təyin edilir. 1948-ci ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olur və eyni zamanda Mərkəzi radionun yerli verilişləri üzrə məsul redaktoru vəzifəsində çalışmağa başlayır.
1949-cu ildə Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə Salam Qədirzadə Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilir. Onun hələ tələbə ikən diplom işi olaraq yazdığı “Gənclik” povestini Rusiyanın məşhur “Detgiz” nəşriyyatı ayrıca kitab şəklində nəşr edir. Moskvada oxuyarkən Salam ailə qurur və 1952-ci ildə təhsilini başa vurduqdan sonra həyat yoldaşı ilə birgə Vətənə qayıdır. Burada gənc yazıçı 8 il Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Azərbaycan” jurnalının məsul katibi vəzifəsində işləyir. 1960- cı ildə S. Qədirzadə “Kirpi” satirik jurnalının məsul katibi təyin olunur və 1966 ilədək həmin vəzifədə çalışır. 1975-1976 illərdə Salam Qədirzadə Yazıçılar İttifaqının Dramaturgiya üzrə məsləhətçisi kimi çalışır. 1976-cı ildə isə “Kirpi” satirik jurnalının baş redaktoru təyin olunur və 1980-cı ilədək həmin vəzifəni icra edir. Bir qədər sonra həmin dövrdə Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyevin iştirakı ilə keçirilən Azərbaycan yazıçılarının qurultayında Yazıçılar İttifaqının İdarə heyətinə üzv seçilir.
Salam Qədirzadə 35-dək kitab müəllifidir. Onun “Qış gecəsi”, “46 Bənövşə”, “Kəndimizdə bir gözəl var”, “Sevdasız aylar” kimi romanları gənclərin masaüstü kitabına çevrilmişdir. Oxucular tərəfindən səbirsizliklə gözlənilən əsərləri hər zaman ən yüksək tirajlarla nəşr olunurdu. Salam Qədirzadə dramaturq kimi də tamaşaçıların rəğbətini qazanmış, onun pyesləri təkcə Azərbaycanda deyil, Ukrayna, Moldova və digər ölkələrdə səhnəyə qoyulmuşdur. “Hardasan, ay subaylıq”, “Həmişəxanım”, “Gurultulu məhəbbət”, “Şirinbala bal yığır” kimi komediyaları isə elə indi də gündəmdədir. Salam Qədirzadə güclü satira və yumor ustasıdır. Onun satirik əsərləri müasir Azərbaycan ədəbiyyatında yeni bir səhifə açdı, yeni məktəbin bünövrəsini qoydu.
Salam Qədirzadə yaradıcılıq baxımından çox dolgun, təqvimi hesabla isə qısa bir həyat yaşadı. O, 1987-ci ilin noyabrın 15-də 64 yaşında dünyasını dəyişdi.

1940 — Texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Neft Akademiyası “Kompyuter texnologiyaları və proqramlaşdırma” kafedrasının müdiri işləmiş Sabit Qəhrəman oğlu Kərimov Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. O, 1961-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini bitirmişdir.
Sabit Kərimov 1967-ci ildə Moskva Energetika İnstitutunun aspiranturasını bitirərək 1968-ci ildən elmi-pedaqoji fəaliyyətini Azərbaycan Neft və Kimya İnstitutunda davam etdirmişdir. Sabit Kərimov 1968-ci ildə texnika elmləri namizədi, 1987-ci ildə isə texnika elmləri doktoru elmi dərəcəsini almış, 1989-cu ildə professor adına layiq görülmüşdür. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Alim 1989-cu ildən 2013-cü ilə kimi Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Hesablama maşınları və proqramlaşdırma kafedrasının müdiri vəzifəsində çalışmışdır.
16 iyun 2013-cü ildə 73 yaşında Bakıda vəfat etmişdir.
Vəfat etmişdir:

1992— Azərbaycanın Milli Qəhrəmanı Şahlar İsa oğlu Hüseynov Vətən uğrunda döyülərdə qəhrəmancasına həlak olmuşdur.
26 noyabr 1968-ci il Qərbi Azərbaycanın Dərəçiçək mahalının Razdan rayonunun Hankavan kəndində anadan olmuşdur. 1985-ci ildə burada təhsilini rus dilində başa vurmuşdur.
1986-1988-ci illərdə hərbi xidmətdə olmuşdur.
Şahlar erməni vəhşilərinin 1992-ci il 25-26 fevral Xocalıda törətdikləri hadisədən sonra könüllü olaraq Gəncə batalyonuna daxil olur. O, erməni dilini təmiz bildiyi üçün kəşfiyyata həmişə tək gedər, çox mühüm məlumatlarla dönərdi. 10 aprel 1992-ci il Şıxarx (keçmiş Marquşevan) kəndinə hücum edən erməni qəsbkarlarının hücumunun qarşısı alınır, bu döyüşdə Şahlar Hüseynov şücaət göstərərək qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Şahlar İsa oğlu Hüseynova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Gəncə şəhərində adına küçə var.

2008– Məşhur Azərbaycan bəstəkarı, Xalq artisti , “Şöhrət” ordenli , professor Mustafayev Ramiz Hacı oğlu 81 yaşında Bakıda vəfat etmişdir.
Ramiz Mustafayev 1926-cı il oktyabrın 16-da anadan olub. 1941-ci ildə isə Teatr Texnikumunun aktyorluq şöbəsinə daxil olub. Təhsil illərində Gənc Tamaşaçılar Teatrında, sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. 1948-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, professor Bülbülün sinfində müğənniliyin sirlərini öyrənib. 1952-ci ildə Konservatoriyanın vokal şöbəsini müvəffəqiyyətlə bitirib. O, “Vaqif”, “Polad”, “Aydın”, “Şirin”, “Xan və əkinçi”, “Tərs keçi” operalarının müəllifidir. R. Mustafayev 1968 – 1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb. 1957-ci ildən Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub. Musiqi sənətimizin inkişafına görə, “Şöhrət” ordeninə layiq görülən bəstəkar xüsusilə iri həcmli, monumental musiqi janrlarında əsərlər yazıb. O, baletdən başqa bütün janrlara müraciət edib. Bəstəkar 6 opera, 6 musiqili komediya, 9 oratoriya, kantata, 8 simfoniya, 300-dən çox mahnı və romans, müxtəlif səpkili instrumental əsər və s. yazıb.
Bayramlar və xüsusi günlər:

10 aprel Azərbaycanda İnşaatçılar Günü kimi qeyd olunur. Bu günün inşaat sahəsində çalışanların peşə bayramı kimi qeyd edilməsi prezident İlham Əliyevin 16 dekabr 2009-cu il tarixli sərəncamı ilə təsbit edilmişdir.
Bu gün ölkədə yenidənqurma, quruculuq işləri uğurla davam etdirilir. Hər ötən gün özünün yenilikləri ilə diqqəti daha çox cəlb edir. Aparılan tikintilərdə Azərbaycan memarlığının heç zaman bitib tükənməyən milli ruhu, koloriti və daimi müasirliyi öz əksini tapır. Eyni zamanda müasirliklə milliliyin vəhdəti, tarixi ənənələrin davam etdirilməsi hazırlanan layihələrdə yaşadılır, milli üslubda iş görülür.
Azərbaycanda inşaat sahəsi durmadan inkişaf edir. Təkcə paytaxt Bakıda yox, eləcə də, regionlarda bir-birindən gözəl tikililər istifadəyə verilir.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.