Tarixdə bu gün
İlin 101-ci (uzun illərdə 102-ci) günü.
Mühüm hadisələr:
1905 — Eynşteyn Nisbilik nəzəriyyəsini açıqlamışdır.
1919 — Beynəlxalq İş Təşkilatı (İLO) qurulmuşdur.

2018-ci il aprelin 11-də VIII rəsmi ümumilli seçki keçirilmişdir. Dövlətimizin başçısı İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ötən bir il Azərbaycan xalqının öz seçimində yanılmadığını, vətəndaşlarımızın siyasi şüurunun və seçmək qabiliyyətinin nə qədər yüksək olduğunu bir daha sübut etdi.

Doğum günləri:

1902 —Görkəmli azərbaycanlı aktyor, SSRİ Xalq artisti İsmayıl Osmanlı Nuxada (Şəki) kasıb ailədə doğulub. Mükəmməl təhsil görməyib. On bir yaşından yetim qalan İsmayıl Şəki ipək fabrikində dabbaqxanada işləyib. 1920-ci ildə rayondakı Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə Bakıya gələrək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib.
İsmayıl Osmanlı dram və faciə janrında xarakterik obrazların, dramatik pyeslərdə yumorlu surətlərin, həm də komediyalarda məsxərəli və satirik rolların ifaçısı olub.: Keçəl Aslan, Fon Hols, Şaliko (“Xanlar”, “İnsan” və “Vaqif”, Səməd Vurğun), Əmrah (“Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev), Şeyx Hadi, Vali, Şakro (“Şeyx Sənan”, “Səyavuş” və “Knyaz”, Hüseyn Cavid), Munis, Kərim Rəhimli (“Nizami” və “Alov”, Mehdi Hüseyn), Əliş (“Qatır Məmməd”, Zeynal Xəlil) və başqaları.
Böyük aktyor “Bakıda küləklər əsir”filmində Əlibala, “Bir məhəllədən iki nəfər”də usta Mahmud, “Dəli Kür”də Məmmədəli, “Əsl dost”da usta Şirəli, “İyirmialtılar”da Şahbazov, “Nəsimi”də Fəzlullah Nəimi, “Mən ki, gözəl deyildim”də Şərif dayı, “O olmasın, bu olsun”da Rza bəy, “Yenilməz batalyon”da dərzi Yusif, “Ulduzlar sonmür”də Hacı Zeynalabdin Tağıyev, “Yeddi oğul istərəm”də Kələntər əmi obrazları ilə Azərbaycan kinosuna canlı xarakterlər qalereyası gətirmişdir.
Məzarı Fəxri Xiyabandadır.

1908 – Geologiya-mineralogiya elmləri doktoru, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü və 1950-1958-ci illərdə bu qurumun Prezidenti olmuş Əliyev Musa Mirzə oğlu 1908-ci ildə Şamaxı şəhərində anadan olmuşdur.
Musa Əliyev 1926-cı ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1931-ci ildə “Geoloji-kəşfiyyat” fakültəsini fərqlənmə diplomu ilə bitirərək , aspiranturaya qəbul olunmuşdur. Daha sonra assistent vəzifəsinə təyin edilmiş və 28 yaşında namizədlik dissertasiyasını müdafiə etmişdir.
Musa Əliyev Azərbaycanda mezozoy faunasının sistemli öyrənilməsinin əsasını qoymuşdur.
1950-1958-ci illərdə Musa müəllim Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olmuşdur.
Akademiya şəhərciyinin layihəsinin başa çatdırılması, tikintiyə icazə alınması, Moskvada SSRİ hökumətində maliyyə vəsaitlərinin ayrılması işlərində Musa Əliyevin əvəzsiz xidmətləri olmuşdur.
1958-ci ildən başlayaraq Musa Əliyev Moskva şəhərinə dəvət olunmuş və SSRİ Elmlər Akademiyasının və SSRİ Neft Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərən “Yanar Qazıntı Yataqlarının Geologiyası İnstitutu”nun elmi işlər üzrə direktor müavini təyin olunmuşdur.
1967-ci ildə o, SSRİ Neftçıxarma Sənayesi Nazirliyi tərəfinlən Əlcəzairə ezam olunmuş və bu ölkə ilə bağlanmış böyük neft müqaviləsinə 1971-ci ilə kimi rəhbərlik edərək zəngin neft-qaz yataqlarının kəşfinə nail olmuşdur.
Akademik Musa Əliyev 1985-ci ilin may ayının 3-də Moskva şəhərində vəfat etmiş və Bakıda, I Fəxri Xiyabanda dəfn olunmuşdur.

1914— Görkəmli nasir, M.F. Axundov adına Dövlət mükafatı laureatı , Azərbaycanın Əməkdar incəsənət xadimi Qılman İsabala oğlu Musayev (Qılman İlkin) Bakının Mərdəkan kəndində anadan olmuşdur. 1932-ci ildə daxil olduğu indiki Pedaqoji Universitetin dil-ədəbiyyat fakültəsini 1936-cı ildə bitirib, indiki Bakı Dövlət Universitetində baş müəllim işləyib, 1963-1966 “Azərbaycan” jurnalının baş redaktoru , 1966-1971-ci illərdə “Uşaqgəncnəşr”, “Azərnəşr” nəşriyyatlarının direktoru olub.
“Kölgələr sürünür”, “Yenilməz batalyon” bədii filmlərinin və bir neçə televiziya filminin ssenarini də Qılman İlkin yazıb.
Kitabları:
“Qalada üsyan” (1959), “Şimal küləyi” (1962), “Hədiyyə” (1969), “Dağlı məhəlləsi” (1978), “Dəniz qapısı” (1984), “Madam Qədri” (1988)
Xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı”, “İkinci dərəcəli Böyük Vətən müharibəsi” ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və medallarla təltif olunmuşdur. Qafqaz xalqları Ali Dini Şurasının “Paklıq” mükafatına layiq görülmüşdür.
Vəfat etmişdir:

1992 — Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Musa oğlu Musayev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Fəxrəddin Musayev 30 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Bayraməli şəhərində anadan olmuşdur. 1964-1974-cü illərdə burada təhsil almışdır. 1975-ci ildə hərbi xidmətə çağırılmış, Çexoslovakiyada, sonra isə Orenburq Vilayətində xidmət etmişdir. 1979-cu ildə Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. 1982-ci il bu məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.
Milli Ordu yaranandan sonra o, Vətənə dönür və Qarabağda aparılan hərbi əməliyyatlarda iştirak edir. Fəxrəddin sərrast raket zərbələri ilə erməni quldurlarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 11 aprel baş leytenant Fəxrəddin Füzuli rayonunda düşmənə raket zərbələri endirərkən faciəli surətdə həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Musayev Fəxrəddin Musa oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Qusar rayonunun mərkəzi küçələrindən biri qəhrəmanımızın adını daşıyır.
Yaşadığı binanın önünə barelyefi vurulub.

1992— Baş leytenant, Azərbaycanın Milli Qəhrəmanı Pəhlivan Əhliman oğlu Fərzəliyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Pəhlivan Fərzəliyev 7 sentyabr 1958-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində doğulmuşdur. Doğma kənddə səkkizinci sinfi başa vurduqdan sonra Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. İdmanla məşğul olmuş, Şuşada keçirilən çempionatda Qarabağ çempionu adını qazanmışdır. O, 1979-cu ildə orduya çağırılmışdır. 1986-cı ildə Orenburq Politexnik Universitetini bitirmişdir.
BTR-n ekipaj komandiri olan Pəhlivanın taqımı Füzuli rayonundakı sərhəd kəndlərinin qoruyurdu. Onun şücaəti nəticəsində Xələfşə kəndində bir erməni bölüyü və bir BTR məhv edilmişdi.
1992-ci il 11 apreldə taqım komandirinin son döyüşü olur. Pəhlivan düşmənlə döyüşdə aldığı güllə yarasından gözlərini əbədi olaraq yumur.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə baş leytenant Fərzəliyev Pəhlivan Əhliman oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Füzuli rayonunun Qobu Dilağarda kəndində dəfn edilmişdir.

2009 – Əməkdar artist, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan arfa ifaçılığı məktəbinin yaradıcısı Aida Həmdulla qızı Abdullayeva Bakıda vəfat edib.
Aida Abdullayeva 1922-ci il aprel ayının 13-də Bakı şəhərində anadan olmuşdur.
Aida 13 yaşında fəhlə kurslarına yazılmışdır. Burada o, arfa müəllimi Yelizaveta Borisovna Şlezigerlə tanış olur. Y.Şleziger onun musiqi duyumunu yoxlayır və beləliklə, Aida arfa sinfində təhsil almağa başlayır.
Aida Abdullayeva 1938-ci ildə şagird musiqiçi kimi ilk konsert tədbirinə qatılır. Maraqlı ifası ilə konsertdə iştirak edən Üzeyir Hacıbəylinin diqqətini çəkir. Gənc musiqiçi 1940-cı ildə orta məktəbi bitirir. Azərbaycan Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən ali musiqi təhsili almaq üçün Moskva Dövlət Konservatoriyasına göndərilir. Ancaq 1941-ci ilin yayında II Dünya müharibəsinin başlanması ilə SSRİ-də vəziyyət dəyişir. Aida Abdullayeva Bakıya qayıdır və Opera və Balet Teatrının orkestrində işə qəbul olunur. Bütün bunlara baxmayaraq, dövrün qara kölgələri, dəhşətli repressiya dalğası bu ailəni rahat buraxmır. Musiqiçi 1942-ci ilin payızında ailəsi ilə birlikdə Qazaxıstana sürgün edilir. Bu haqsızlıqla barışmayan Üzeyir bəy 1943-cü ildə ailə haqqında vəsatət verir. Bundan sonra onlar Azərbaycana qaytarılır. A.Abdullayeva Azərbaycan Dövlət Konservatoriyasına bərpa olunur, eyni zamanda Radiokomitənin simfonik orkestrində işə götürülür.
A.Abdullayeva 1944-cü ildə yenidən Rusiyaya göndərilir. Moskva Dövlət Konservatoriyasında professor K.Erdelinin sinfində təhsil alır. 1949-cu ildə bu təhsil ocağını müvəffəqiyyətlə başa vurduqdan sonra vətənə dönən musiqiçi konservatoriyada arfa sinfinə rəhbərlik etməyə başlayır. Geniş pedaqoji və ifaçılıq fəaliyyəti ilə musiqidə yeni səhifə açan A.Abdullayeva arfa ixtisası üzrə təhsilin bütün mərhələləri üçün proqram və dərsliklər üzərində işləyir. Azərbaycan bəstəkarlarının əsərlərinin bu musiqi aləti üçün köçürmə və transkripsiyalarını yaradır. Azərbaycan arfa ifaçılığı məktəbinin yaradıcısı kimi tanınan musiqiçi 1969-cu ildə A.Zeynallı adına musiqi məktəbində, 1978-ci ildə isə S.Hacıbəyov adına Sumqayıt musiqi məktəbində arfa siniflərinin açılmasına nail olur. 1983-1985-ci illərdə “Arfa üçün uşaq pyesləri” və “Azərbaycan bəstəkarlarının arfa üçün pyesləri” toplularını nəşr etdirır. 1977-ci ildə dosent, 1985-ci ildə professor adları alır. Görkəmli musiqiçi dolğun pedaqoji fəaliyyəti dövründə onlarca arfa ifaçısı yetişdirir.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.