12 aprel

Tarixdə bu gün

İlin 102-ci (uzun illərdə 103-cü) günü.

Mühüm hadisələr:

1961 – Kosmosa ilk insan göndərildi. Vostok gəmisi ilə kosmosa gedən Yuri Qaqarin kosmosda 108 dəqiqə qaldı.

Doğum günləri:

1889 — Məşhur Azərbaycan xanəndəsi, Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi ( Cabbar Qaryağdıoğlu onu “Şərq musiqisinin incisi” adlandırmışdı) Seyid Şuşinski indiki Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur. Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirrlərinə yiyələnmək üçün ən əvvəl iki il Nəvvabın yanında oxumuşdu. Sonrakı müəllimi Cabbar Qaryağdıoğlu olmuşdu. Seyid Şuşinsi ifa üçün mürəkkəb muğam olan “Çahargah”ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu “mayə”dən yox, “Mənsuriyyə”dən başlayardı, zildə böyük ustalıqla zəngulələr vuraraq, sonra “mayə”yə enərdi. Maraqlıdır ki, həyatının son illərində, yaşı artıq 74 ötmüş Seyid “Mənsuriyyə”ni eyni şövqlə oxuyurdu.

Seyid Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edirdi. Sabirin “Millət necə tarac olur-olsun, nə işim var” şerini “Müxalif”də oxuyardı.

Seyid Şuşinski siyasi-ictimai mövzuda şeir və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran ilk xanəndə olmuşdur. O, bir sıra mübariz ruhlu mahnılar da oxumuşdur. “Ayıl ey millət”, “Mən bir türkəm”, “Millət istərsə” və s.

Seyid Şuşinski, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edirdi. “Molla Nəsrəddin”in bir neçə nömrəsinin nəşrinə maddi yardım göstərmişdir. Ümumiyyətlə, Seyid Şuşinski böyük mesenat idi, o dövrün teatr aktyorlarına çox kömək etmiş, özü də aktyor kimi bir sıra rolları oynamışdır. Seyid Şuşinski “Çahargah”dan başqa “Mahur”, “Nəva”, “Məsnəvi”, “Osmanı”, “Arazbarı”, “Heyratı” kimi muğamların gözəl ifaçısı idi. O, novator sənətkar olaraq, bir çox muğamları birləşdirib onları yeni variantda oxumuşdur. (“Rast-Humayun”, “Qatar-Bayatı”, “Şur-Şahnaz”) “Rast”da və “Kürdi-Şahnaz”da “Dilkəş”i ilk dəfə Seyid Şuşinski ifa etmişdir.

Seyid Şuşinskinin görkəmli bəstəkarımız Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazandığı “Şur” və “Kürdi-Ovşarı” simfonik muğamlarının yazılmasında məsləhətçi kimi böyük köməyi olmuşdur.

1907— Azərbaycan yazıçısı, ədəbiyyatşünası, folklorşünası, dramaturqu, ssenari müəllifi, tərcüməçisi, filologiya elmləri doktoru, professor Təhmasib Məmmədhüseyn Abbasqulu oğlu Naxçıvan şəhərində anadan olmuşdur.

1923-1927-ci illərdə Bakı pedaqoji texnikumunu bitirmişdir. 3 il Naxçıvan şəhər orta məktəbində müəllimlik edəndən sonra 1930-1933-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir . 1933-1936-cı illərdə Kürdəmir, Əli Bayramlı, 1939-1951-ci illərdə Göyçay şəhər maarif şöbələrində metodist, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində baş müəllim ,1951-1959-cu illərdə dosent, 1944-cü ildən vəfatınadək Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunda xalq yaradıcılığı şöbəsinin elmi əməkdaşı, şöbə müdiri işləmişdir .

Ədəbi yaradıcılığa 1934-cü ildən başlamışdır. “Qaçaq Nəbi” adlı ssenarisini 1938-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirmişdir. “Bir qalanın sirri” , “Onu bağışlamaq olarmı?” ssenariləri əsasında eyni adlı filmlər çəkilmişdir. “Bahar”, “Aslan yatağı” , “Çiçəklənən arzular”, “Hind nağılı”, “Rübailər aləmində” və b. pyes-nağılları respublikanın teatr səhnələrində müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. 1965 -ci ildə “Azərbaycan xalq dastanları (orta əsrlər)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.1965

1946-1977-ci illərdə “Koroğlu”, “Molla Nəsrəddinin lətifələri”, “Aşıq Ələsgər”, “Kitabi-Dədə Qorqud”, “Azərbaycan dastanları” və digər xalq incilərinin toplanması, tərtib edilməsi və nəşr olunmasında fəal çalışmışdır.

“Azərbaycan folkloru kursu” (1940), “Azərbaycan xalqının qəhrəmanlıq eposu”(1941), “Azərbaycan xalqının qəhrəman oğulları” (1942), “Çiçəkli dağ”- (nağıl-pyes) (1965), “Azərbaycan xalqının dastanları” (1972) və s. kitabların müəllifidir.

Məhəmmədhüseyn Təhmasib 1982-ci il oktyabr ayının 5-də Bakıda vəfat etmişdir.

1912— Məşhur  aktyor, GTT-nın yaradıcılarından biri, Aktyor kimi xarakterik və tipik obrazların mahir ifaçısı Məmmədağa Ağakərim oğlu Dadaşov Bakıda doğulub. Səhnəyə ilk dəfə on dörd yaşında, oxuduğu məktəbdə çıxıb. 40 saylı pioner dəstəsinin dram dərnəyinə üzv olub. GTT məhz həmin dərnəyin bazası əsasında yaranıb və truppanın ilk aktyorlarının sırasında Məmmədağa Dadaşov da olub. Ömrünün sonuna qədər səhnədən və bu kollektivdən ayrılmayıb.

Məmmədağa Dadaşov komediya, faciə, dram əsərlərində və nağıl-tamaşalarda müxtəlif səciyyəli rollar oynayıb. Azad (“Azad”, Əyyub Abbasov), Valer, Leandr (“Zorən təbib” və “Skapenin kələkləri”, Jan Batist Molyer), Vəhşi pişik (“Özbaşına gəzən pişlk”, Reyhard kiplinq), El oğlu (“E1 oğlu”, Abdulla Şaiq), Çingiz (“Nərgiz”, Mirmehdi Seyidzadə), Məhkəmə sədri (“Müfəttiş”, Nikolay Qoqol), Ağa Zaman, Məşədi Qurban, Hatəmxan ağa (“Molla İbrahimxəlil kimyagər”, “Xırs quldurbasan” və “Müsyö Jordan və dərviş Məstəli şah”, Mirzə Fətəli Axundzadə), Hacı Saleh (“Tamahkar”, Süleyman Sani Axundov), İmran (“Anacan”, Yusif Əzimzadə), Nüsrət (“Yaşar”, Cəfər Cabbarlı), Simnar xan (“ÇİÇəkiİ dağ”, Məmmədhüseyn Təhmasib), Casus (“Qavroş”, Viktor Hüqonun “Səfillər” romanı əsasında səhnələşdirənləri Zəfər Nemətov və Əli İsmayılov), Qasım xan (“Əlvida, Hindistan!”, Qeybulla Rəsulov), Milan Hersoqu, Montekki (“iki veronalı” və “Romeo və Cülyetta”, Vilyam Şekspir), Mirbağır ağa (“Yarımçıq şəkil”, Adil Babayev), Molla Səfi (“Hacı Qəmbər”, Nəcəf bəy Vəzirov), Mirzə Qoşunəli (“Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev), Jandarına polkovniki (“Ovod”, Etil Voyniç), Tağı müəllim (“Şirinbala bal yığır”, Salam Qədirzadə) rollarında özünün aktyorluq bacarıq və qabiliyyətini daha ifadəli şəkildə göstərə bilib.

27 fevral 1957-ci ildə Məmmədağa Dadaşova əməkdar artist fəxri adı verilib. Aktyor Bakıda 1996-cı ildə vəfat edib.

1928 — Azərbaycanın görkəmli Xalq yazıçısı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist və kinoredaktor, “Nəsimi” mükafatının ilk laureatı İsa Muğanna  (İsa Mustafa oğlu Hüseynov) Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib.

Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), “Literaturnıy Azerbaydjan” qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.

1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın “Anadil oxuyan yerdə” yazısı ilk dəfə 1949-cu ildə “İnqilab və Mədəniyyət” qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında (“26 Bakı Komissarı”, “Nəsimi”, “Ulduzlar sönmür” və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. “26 Bakı Komissarı” filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır.

1 aprel 2014- cü ildə  85 yaşında vəfat etmişdir.

1930—Azərbaycanın tanınmış xanəndələrindən biri olan Şahmalı Mirsəqulu oğlu Hacıyev(Şahmalı Kürdoğlu)Ağdam bölgəsinin Qiyaslı kəndində anadan olub. 

Azərbaycan muğam tarixində özünəməxsus xidmətləri olan bir sıra Qarabağ xanəndələrinin cərgəsində xüsusi dəsti-xətti ilə seçilən İslam Abdullayev, Xan Şuşinski, Seyid Şuşuniski kimi əvəzsiz xanəndələrin layiqli davamçısı olmaqla bərabər muğam tariximizdə şəhid xanəndə kimi anılmaqdadır. Xanəndə Ş.Kürdoğlu Seyid Şuşinski məktəbinin və eləcə də Qarabağ ictimai mühitinin yetirməsidir. Şahmalı Kürdoğlu Ağdam pedaqoji institutunu (indiki Şuşa Pedaqoji Texnikumu) Aşqabad Universitetinin hüquq fakültəsini, Asəf Zeynallı adına musiqi texnikumunu, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş öz dövrünün vətənpərvər ziyalılarından olaraq Azərbaycan muğamının inkişafında əvəzsiz xidmətlər göstərmişdir.

1980— Əməkdar jurnalist, Lider TV-nin xəbərlər departamentinin prodüser və redaktoru Elnarə Dərziyeva Tovuz rayonunda anadan olmuşdur. 1986-cı ildə A.S.Puşkin adına orta məktəbə gedib. 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşdur. Həmin fakültənin Radio və televiziya jurnalistikası ixtisasını bitirmişdir.

Elnarə Dərziyeva 1998-ci ildə jurnalistika fəaliyyətinə başlamışdır.

1998-ci ildə mart ayının 5-dən etibarən, “Bu gün” qəzetində jurnalist kimi çalışmışdır. 2001-ci ildə “Lider” televiziyasında işə qəbul olur və ilk olaraq “Üç bucaq” verilişi, daha sonra “Kriminform” verilişində müxbir kimi fəaliyyət göstərib.

2011-ci ildən isə həm “Lider Xəbər” departamentində, həm də departamentin “Barkod”, “Bizim Səda”, “Kriminform” verilişlərinin həm prodüseri, həm də redaktoru kimi fəaliyyət göstərib.

22 illik jurnalist təcrübəsinə malik olan Elnarə Dərziyeva hazırda Azad Azərbaycan Televiziasının ATV Səhər proqramında icraçı və yaradıcı prodüser vəzifəsində çalışır.

Elnarə Dərziyeva 2003-cü ildən “Nurlu Sabah Gənclərə Qayğı” İctimai Birliyinin təsisşilərindən biri, “Şəms Studio” adlı özəl çəklilş studiyasının prezidentidir.

2016-ci ilə prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşdür. 2017-ci ildə ilin “Ən yaxşı televiziya jurnalisti” nominasiyasının qalibi seçilmışdir.

1985 – Şahmat üzrə beynəlxalq dərəcəli qrossmeyster Şəhriyar Həmid oğlu Məmmədyarov 1985-ci il aprelin 12-də Sumqayıt şəhərində anadan olub. Sumqayıtda 23 nömrəli məktəbi bitirib.

1993-cü ildə Şəhriyarın atası ona şahmat oynamağı öyrədib və həmin ilin yayında Şəhriyar Sumqayıt şahmat məktəbində dərslərə başlayıb.

O, 1996-cı ildə Şirvan şəhərində keçirilən turnirdə iştirak edərək, turnirin qalibi olmuşdur. Həmin ildə Şəhriyar Məmmədyarov Beynəlxalq açıq turnirin “C” qrupunda birinci yerin sahibi olmuşdur.

1997-ci ildə Şəhriyar Məmmədyarov Azərbaycan Milli Şahmat Çempionatında ilk dəfə iştirak edərək, 2-ci yerin sahibi olmuş və Avstriyada keçirilən Avropa Çempionatlarında iştirak etmək hüququ qazanmışdır. O, həm də Zaqatala şəhərində keçirilən uşaqlar arasında Dünya Olimpiadasında 2-ci yerin sahibi olaraq Azərbaycan Milli Komandası tərkibində iştirak hüququnu qazanmışdır. Şəhriyar Məmmədyarov Türkiyədə keçirilən uşaqlar arasında Dünya Olimpiadasında öz lövhəsində gümüş medalın sahibi olmuş və bununla beynəlxalq turnirlərdə birinci müvəffəqiyyətini qeyd etmişdir.

2000-ci ildə Şəhriyar Məmmədyarov 16-18 yaşadək Azərbaycan Şahmat Çempionatının qalibi olmuşdur.

2001-ci ildə Məmmədyarov 16 yaşadək Avropa Şahmat Çempionatında gümüş medalın sahibi olmuşdur.

2001-ci ildə Məmmədyarov Bakıda keçirilən gənclər arasında Avropa Şahmat Çempionatında gümüş medalın sahibi olmuşdur. O, həmin ildə 18 yaşadək Avropa Şahmat Çempionatında 11 xaldan 10-u udaraq rekord yazmışdır.

2003-cü ildə Məmmədyarov Azərbaycanın Naxçıvan Muxtar Respublikasında keçirilən “U20” Dünya Çempionatında qızıl medalın sahibi olmuşdur. Gənc şahmatçımız həmin ildə 18 yaşadək Dünya Çempionatında qızıl medal qazanmışdır.

O, 2004-cü ildə Türkiyədə keçirilən Klublar arası Avropa Çempionatında 1-ci lövhədə 1-ci yerin sahibi və Dubay Open turnirinin qalibi olmuşdur.

2005-cü ildə Məmmədyarov İstanbulda 20 yaşadək gənclər arasında keçirilən Dünya Çempionatında yenidən çempion titulu qazanaraq, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə şahmatçı olmuşdur.

Vəfat etmişdir:

2013 — Azərbaycan və Rusiya Xalq artisti Nodar İzzətoviç Şaşıqoğlu 86 yaşında Bakıda vəfat etmişdir.

Nodar  Şaşıqoğlu 13 mart 1927-ci ildə Batumidə dünyaya gəlib. Babası Acarıstanda tanınmış zadəganlardan, atası isə çar zabiti olub. Əmisi, böyük aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalmış və 1938-ci ilin yanvarında Bakıda güllələnmişdir. Onun həyat yoldaşı Mərziyə Davudova da Azərbaycan teatr tarixində özünəməxsus iz qoyub.  

Nodar Şaşıqoğlu Azərbaycan və Rusiyanın Xalq artistidir. B.V.Şüşkin adına  Moskva şəhərinin teatr-məktəbində savad almışdır. Moskvanın Y.Vaxtanqov adına Taqankadakı teatrda, Leninqradın A.S.Puşkin adəna teatrda aktyor işləyib.

“Mosfilm”, “Dovjenko”, “Odessa”, “Azərbaycanfilm” kinostudiyalarda işləyib.

Teatr səhnələrində Don Quan (A.S.Puşkin “Kiçik tragediyalar”), Sirano (E.Rostan “Sirano de Bercerak”), Kreont (Q.Qauptman “Antiqo-solntsa”), kinoda Zakir “Telefonçu qız”, Rakov “Beş künc” , Məcnun “Leyli və Məcnun”, Mixaylo “Uzaq sahillərdə”  kimi  bir-birindən   maraqlı obrazlar yaradıb.

2003-cü ildən M.Şaşiq-oğlu S.Vurğun adına Rus Dram teatrına qayıdıb və teatrımızın səhnəsində Sorin (A.P.Çexov “Qağayı”), Kral Lir (U.Şekspir “Kral Lir”) əsas obrazları ifa edir.

Bayramlar və xüsusi günlər:

General-leytenant12 aprel – Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin orbitə çıxıb. “Vostok” kosmik gəmisi ilə orbitə çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və uğurla Saratov əyalətində yerə enib.

SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel – Ümumdünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda da bir çox ölkələr tərəfindən bu gün qeyd olunur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.