Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan cənab İlham Əliyevə Məktub

Baş redktordan


…Demə ki, bu ölkənin sahibi, yiyəsi yox,
Demə kəsmir qılıncın, qını var, tiyəsi yox.
Bu ölkənin başında başçı da var, baş da var,
Vətəni həqdən sevən əsil vətəndaş da var.
Bayraq azadlığım var, başım üstə yellənir,
Torpaq azadlığım var, düzləri sünbüllənir,
çölləri çiçəklənir.
Alış, ocağım mənim,
Yellən, bayrağım mənim,
Oxut, dodağım mənim,
Azadlıq nəğməsini, istiqlal havasını
Ürəkdə yanan işıq, damarda qan oxusun,
Azərbaycan oxusun, Azərbaycan oxusun!
Zəlimxan Yaqub



Hörmətli Prezident!

Mən müstəqil jurnalist kimi günümün mühüm bir hissəsini televiziya ekranı və kompüter qarşısında keçirirəm. Dünən Qubadlıdan olan bir həmvətənimizin 32 illik ayrılıqdan sonra doğma yurduna qayıdışını əks etdirən süjeti izlədim. Bu, sadəcə bir süjet deyildi — bu, bir xalqın yaddaşına yazılmış ağrının və ümidin canlı təcəssümü idi.
O kişi özünü saxlaya bilmirdi. Tez-tez kənara çəkilib qəhərini gizlətməyə çalışsa da, bu hisslər ekranın o tayına da açıq-aydın keçirdi. Bəlkə də kamera olmasaydı, o, dağıntıya çevrilmiş ata-baba ocağında diz çöküb hıçqırardı. Deyirlər, kişilər ağlamaz. Amma o gün gördük ki, kişi də ağlayır — həm də elə bir ağlayır ki, bu, nə zəiflik, nə də acizlikdir. Bu, illərlə yığılan həsrətin, dərdin, eyni zamanda qovuşmanın gətirdiyi ərkli göz yaşlarıdır.
Bu, bir uşağın ən çətin anında birdən atasını, qardaşını, babasını görüb kövrəlməsi kimidir. O an anlayır ki, tək deyil, kimsəsiz deyil. İçində yığılan ağrı göz yaşları ilə səssizcə axıb gedir.
Qubadlıdan, Füzulidən, Cəbrayıldan, Ağdamdan, Zəngilandan, Laçından, Kəlbəcərdən olan çoxlu dost-tanışım var. Onların yaşadığı bu hissləri mən də bölüşürəm. Mən də onlarla birlikdə kövrəldim, mən də o göz yaşlarını yaşadım.
Bu yaşantıları heç bir ölçü vahidi ilə ölçmək mümkün deyil. Belə bir ölçü sistemi yoxdur. Bunu yalnız uşaqlığını itirmiş, oyuncaqlarından didərgin salınmış, illərlə vaqonlarda, məktəblərdə, bağçalarda bu günü gözləyən insanlar anlaya bilər. Otuz ildən çoxdur ki, əlləri doğma həyətlərinə, ocaq yerlərinə uzanılı qalan köçkünlərimiz bu günü gözləyirdilər — və ümidlərini heç vaxt itirmədilər.
Bu ümidləri gerçəyə çevirən Siz oldunuz, cənab Prezident. Sizin müzəffər rəhbərliyiniz və rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində bu torpaqlar bizə qaytarıldı.
Bu, sadəcə torpaqların qaytarılması deyildi. Bu, xalqımızın namusunun, qeyrətinin, tarixi yaddaşının bərpası idi.
Bu gün Qarabağda dirçələn həyatı göz yaşları olmadan izləmək mümkün deyil — amma bu göz yaşları artıq kədərin deyil, qürurun və sevincin göz yaşlarıdır.
Dünən Yutube kanalında bir paylaşım da diqqətimi çəkdi: deyilirdi ki, ermənilər bizim oğullarımızı öldürdülər, kəndlərimizi xarabazara çevirdilər, Azərbaycan isə onlara “mazut” göndərdi. Bu cür yanaşmalar, bu cür ifadələr cəmiyyətin ağrısından doğsa da, məsələlərə yalnız emosiya ilə yanaşmaq doğru deyil.
Bu gün artıq fərqli bir mərhələdəyik. Qarabağda həyat bərpa olunur, insanlar öz yurdlarına qayıdır. Belə bir dövrdə ən vacib olan məsələ müdriklikdir. Hər kəs öz işi ilə məşğul olmalı, dövlət siyasətinə isə dövlət rəhbərliyi qərar verməlidir.
Cənab Prezidentin apardığı siyasət göstərir ki, sülhə gedən yol təkcə qələbə ilə deyil, həm də səbr, uzaqgörənlik və düzgün qərarlarla qurulur. Məqsədə çatmaq üçün hansı addımların atılmalı olduğunu dövlət başçısı bizdən daha yaxşı bilir.
Bu torpaqlar bizə böyük qurbanlar hesabına qaytarılıb. İndi isə onları qorumaq, dirçəltmək və gələcək nəsillərə ötürmək zamanıdır.
Bu gün Qarabağda dirçələn həyat artıq yalnız göz yaşları ilə deyil, həm də ümid və inamla izlənir.
Sizə dərin minnətdarlığımı bildirirəm, cənab Prezident. Allah xalqımızı qorusun, Sizi qorusun, müzəffər Ordumuzu qorusun.


Hörmətlə,
Müstəqil jurnalist
Akif Əhmədov

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.