Tarixdə bu gün
İlin 103-cü (uzun illərdə 104-cü) günü.
Doğum günləri:

1902 — Fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar Elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Maqsud Əlisimran oğlu Cavadov Şamaxı qəzasının(hazırda İsmayıllı rayonunun) Basqal qəsəbəsində kəlağayı toxucusunun ailəsində anadan olmuşdur.
İbtidai təhsilini Basqal məktəbində almış, 1914-1918-ci illərdə isə təhsilini Şəki Gimnaziyasında davam etdirmişdir.
Maqsud Cavadov 1920-1924-cü illərdə nahiyə və kənd soveti müəssisələrində işləmişdir. Maqsud Cavadov 1924-cü ildə Bakıya gəlmiş, Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1927-ci ildə bu institutun fizika-riyaziyyat fakültəsini müvəffəqiyyətlə bitirmişdir. 1927-ci ildə Pedaqoji İnstitut ilə Azərbaycan Dövlət Universiteti birləşdiyi üçün elmi işlərdə çalışmaq məqsədi ilə Bakıda saxlanılan M.Cavadovun sonrakı fəaliyyəti ADU-nun ali riyaziyyat kafedrası ilə bağlanmışdır. O, 1930-1934-cü illərdə indiki Azərbaycan Dövlət Neft Akademiyasının “Ali riyaziyyat” kafedrasında çalışmışdır. M.Ə.Cavadov 1934-cü ildə Azərbaycan (Bakı) Dövlət Universitetinə dəvət olunmuş və dosent vəzifəsində çalışmağa başlamışdır. O, 1938-ci ildə həndəsə kafedrasının müdiri, 1943-1944-cü illərdə fizika-riyaziyyat fakültəsinin dekanı, 1944-1952-ci illərdə isə Universitetin tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır.
M.Ə.Cavadov 1940-cı ildə “Homometrik sistemlər” adlı namizədlik dissertasiyası, 1957-ci ildə isə “Cəbrlər üzərində həndəsələr və onların həqiqi həndəsələrdə tətbiqləri” adlı doktorluq dissertasiyası müdafiə etmişdir.
Respublikada riyaziyyatın tədrisi metodikasının bir elm kimi inkişafında onun böyük xidmətləri olmuşdur. O, 30 ildən artıq bir müddətdə Maarif Nazirliyinin Elmi Metodik Şurasının riyaziyyat bölməsinə rəhbərlik etmişdir. Həmçinin, məktəblilərin Respublika riyaziyyat olimpiadası təşkilat komitəsinin daimi rəhbəri olmuşdur.
M.Cavadov 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
M.Cavadov Azərbaycan dilində “Həndəsə kursunun əsasları”, “Vektor hesabı”, “Afin və npoyektiv çevirmələr”, “Böyük rus alimi N.İ.Laboçevski” və sair kitablar yazıb nəşr etdirmişdir.
M.Cavadov məşhur riyaziyyatçı və astronom Nəsrəddin Tusidən sonra Azərbaycan riyaziyyatı tarixində ikinci həndəsəçi kimi məşhurlaşmışdı. Onun həndəsə sahəsində apardığı 21 elmi tədqiqat işi bunu cəsarətlə deməyə əsas verir.
M.Cavadov 1972-ci ildə 70 yaşında vəfat etmiş və II Fəxri Xiyabanda dəfn olunmuşdur.

1922— Əməkdar artist, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan arfa ifaçılığı məktəbinin yaradıcısı Aida Həmdulla qızı Abdullayeva Bakı şəhərində anadan olmuşdur.
Aida 13 yaşında fəhlə kurslarına yazılır. Eyni zamanda musiqi ilə də maraqlanır. Arfa müəllimi Yelizaveta Borisovna Şlezigerlə tanış olur. Y.Şleziger onun musiqi duyumunu yoxlayır və beləliklə, Aida arfa sinfində təhsil almağa başlayır.
Aida Abdullayeva 1938-ci ildə şagird musiqiçi kimi ilk konsert tədbirinə qatılır. Maraqlı ifası ilə konsertdə iştirak edən Üzeyir Hacıbəylinin diqqətini çəkir. Gənc musiqiçi 1940-cı ildə orta məktəbi bitirir. Azərbaycan Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən ali musiqi təhsili almaq üçün Moskva Dövlət Konservatoriyasına göndərilir. Ancaq 1941-ci ilin yayında II Dünya müharibəsinin başlanması ilə SSRİ-də vəziyyət dəyişir. Aida Abdullayeva Bakıya qayıdır və Opera və Balet Teatrının orkestrində işə qəbul olunur. Bütün bunlara baxmayaraq, dövrün qara kölgələri, dəhşətli repressiya dalğası bu ailəni rahat buraxmır. Musiqiçi 1942-ci ilin payızında ailəsi ilə birlikdə Qazaxıstana sürgün edilir. Bu haqsızlıqla barışmayan Üzeyir bəy 1943-cü ildə ailə haqqında vəsatət verir. Bundan sonra onlar Azərbaycana qaytarılır. A.Abdullayeva Azərbaycan Dövlət Konservatoriyasına bərpa olunur, eyni zamanda Radiokomitənin simfonik orkestrində işə götürülür.
A.Abdullayeva 1944-cü ildə yenidən Rusiyaya göndərilir. Moskva Dövlət Konservatoriyasında professor K.Erdelinin sinfində təhsil alır. 1949-cu ildə bu təhsil ocağını müvəffəqiyyətlə başa vurduqdan sonra vətənə dönən musiqiçi konservatoriyada arfa sinfinə rəhbərlik etməyə başlayır. Geniş pedaqoji və ifaçılıq fəaliyyəti ilə musiqidə yeni səhifə açan A.Abdullayeva arfa ixtisası üzrə təhsilin bütün mərhələləri üçün proqram və dərsliklər üzərində işləyir. Azərbaycan bəstəkarlarının əsərlərinin bu musiqi aləti üçün köçürmə və transkripsiyalarını yaradır. Azərbaycan arfa ifaçılığı məktəbinin yaradıcısı kimi tanınan musiqiçi 1969-cu ildə A.Zeynallı adına musiqi məktəbində, 1978-ci ildə isə S.Hacıbəyov adına Sumqayıt musiqi məktəbində arfa siniflərinin açılmasına nail olur. 1983-1985-ci illərdə “Arfa üçün uşaq pyesləri” və “Azərbaycan bəstəkarlarının arfa üçün pyesləri” toplularını nəşr etdirır. 1977-ci ildə dosent, 1985-ci ildə professor adları alır. Görkəmli musiqiçi dolğun pedaqoji fəaliyyəti dövründə onlarca arfa ifaçısı yetişdirir.
A.Abdullayevanın Bakıda ilk konserti 1950-ci ildə keçirilir. 1969-cu ilədək Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestrində çalışan fədakar musiqiçinin əməyi hökumət tərəfindən yüksək qiymətləndirilir. 1972-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülür.
Gözəl pedaqoq və musiqi təşkilatçısı kimi yaddaşlarda iz qoyan Aida Abdullayeva 11 iyun 2009-cu ildə Bakıda vəfat edib.

1929— Tanınmış şair, Əməkdar İncəsənət xadimi Tofiq Mütəllim oğlu Mütəllibov Naxçıvan şəhərində anadan olmuşdur.
1958–1963-cü illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) təhsil almışdır.
Onun 1946-cı ildə “Zəfər” adlı ilk şeiri “Azərbaycan pioneri” qəzetində çap olunmuşdur. O, “Pioner” jurnalında çıbə müdiri, məsul katib, Televiziya və Radio Verilişləri Komitəsində redaktor, böyük redaktor vəzifələrində çalışmışdır. Sonra isə “Azərbaycan gəncləri” qəzetində işə başlayan Tofiq Mütəllibov ömrünün sonuna kimi burada işləmişdir. XX əsrin 50-ci illərindən şair kimi diqqət çəkən T.Mütəllibov 30-a yaxın kitabın müəllifidir.
“Görüş”, “Şeirlər”, “Bəxtiyar balalar”, “Gözəllikdən doymur ürək”, “Sənin xətrinə”, “Danışan çiçəklər”, “Mənim əzizlərim”, “Görüş yerimiz” və başqa kitabları ilə oxucu rəğbəti qazanan Tofiq Mütəllibovun pərəstişkarlarına son töhfəsi ölümündən bir qədər əvvəl çap edilən “Sevənlərin ürəyi” adlanır. Azərbaycanın məşhur bəstəkarlarının əksəriyyəti şairin yaradıcılığına müraciət etmiş, onun sözlərinə bəstələnən mahnılar seviləsevilə dinlənilmişdir. Tofiq Mütəllibov bəstəkar Qənbər Hüseynli ilə birlikdə Azərbaycan musiqisinə “Cücələrim” mahnısını bəxş etmişdir. “Cücələrim”in 60-dan çox yaşı var. Mahnının mətni bir çox xalqların dillərinə tərcümə olunaraq ifa edilmişdir. Tofiq Mütəllibov uşaqların psixologiyasını çox yaxşı bildiyinə görə qələmindən çıxan şeirlər dillər əzbərinə çevrilmişdir.
Görkəmli şair Tofiq Mütəllibov 1992-ci il oktyabr ayının 30-da vəfat etmişdir.

1937 — Görkəmli Azərbaycan jurnalisti, yazıçısı və publisisti Osman Mirzəyev Keşlə qəsəbəsində anadan olmuşdur.
Osman Mirzəyeb 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olmuş Osman Mirzəhüseyn oğlu Mirzəyev Bzakıda Keşlə qəsəbəsində anadan olmuşdur.
Osman Mirzəyev “Adlarımız”, “Bir dəfə yaşayırıq”, “Damla və göl”, “Qartal uçuşda” kitablarının müəllifidir.
1990-1991-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi işləmişdir.
Publisistin məhsuldar yaradıcı fəaliyyəti, təbii ki, diqqətdən kənarda qala bilməzdi.
Osman Mirzəyev Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl Qələm” mükafatı ilə təltif edilmiş, 1988-ci ildə isə mətbuat sahəsində göstərdiyi xidmətlərə görə “Azərbaycan SSR-in Əməkdar jurnalisti” fəxri adına layiq görülmüşdür.
Hal-hazırda Səbail rayonu 190 saylı orta məktəb Osman Mirzəyevin adını daşıyır.

1946 — Azərbaycan Respublikasının Xalq artisti , “Azərbaycantelefilm”in direktoru Ramiz Həsənoğlu Mirzəyev İrəvan şəhərində dünyaya göz açıb.
Anası Azərbaycan milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan, əməkdar artist Ətayə Əliyeva, atası Əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir.
1948-ci ildə ermənilərin təhdidlərindən sonra İrəvan teatrının kollektivi qonşu Azərbaycana üz tutur. 2 yaşlı R.Həsənoğlu valideynləri ilə birlikdə Gəncə şəhərinə köçür. 1956-cı ildə isə Bakıya gəlirlər.
Ramiz 1965-ci ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Teatr İnstitutunun Mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunur. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayır. Ağəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev kimi görkəmli sənətkarlardan bu sənətin sirlərini öyrənir.
Anarın pyesləri əsasında “Mən, sən, o və telefon”, “Dindirir əsr bizi”, “Ötən ilin son gecəsi” teletamaşalarını ekranlaşdırır. 1973-1978-ci illərdə Peterburq Dövlət Teatrı, Musiqi və Kinematoqrafiya Akademiyasını uğurla başa vurur.
R.Həsənoğlu Hamlet Xanızadənin, Həsən Əblucun, Yaşar Nurinin rol aldıqları “Qatarda” televiziya tamaşasından sonra daha artıq populyarlıq qazanır. Onun quruluş verdiyi teletamaşalar sırasında ən uğurlu alınanlardan biri də Hüseyn Cavidin eyniadlı əsəri əsasında ekranlaşdırdığı “Topal Teymur”dur. “Günahsız Abdulla” və ilk Azərbaycan telemüzikli “Ordan-burdan” ona daha geniş şöhrət gətirir. Məşhur, bənzərsiz “Ac həriflər” televiziya tamaşası Ramiz Həsənoğlunun yaradıcılığından qırmızı xətt kimi keçir. Tamaşa “Humay” mükafatına layiq görülmüşdür.
R.Həsənoğlu 200-dən artıq müxtəlif səpkili bədii, sənədli, musiqili proqramlara quruluş verib. O, eyni zamanda Musiqili Komediya Teatrında “Məzəli əhvalat” və Milli Akademik Dram Teatrında “Brüsseldən məktublar” tamaşalarına da quruluş vermişdir. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi “Ailə” bədii filmi 2000-ci ildə Moskvada keçirilən Avrasiya festivalının baş mükafatına layiq görülmüşdür.
2019-cu ildə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin direktoru təyin edilib.

1972— Gənc aktrisa Məlahət Əhmədova Bakıda anadan olmuşdur.
1989-cu ildə Sumqayıt şəhər 4 saylı orta məktəbi bitirmişdir. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsinə qəbul olunub, Nəsir Sadıqzadənin yaradıcılıq emalatxanasında dram teatrı və kino aktyoru ixtisası üzrə təhsil alıb. 1997-ci ildə universiteti bitirib elə həmin ildən dövlət təyinatı üzrə Şuşa Dövlət Musiqili Dram Teatrına aktrisa kimi işə qəbul olub.Paralel olaraq bir müddət Dövlət Gənclər Teatrında Hüseynağa Atakişiyevin rəhbərliyi altında tamaşalarda rollar ifa edib.Teatrda çalışdığı illərdə bir çox rollar oynayıb.
Rejissor Rövşən İsaxın “Aktrisa” bədii filmində,”Sonuncu fəsil”,”Vicdan haqqı” seriallarında, Elşən Zeynallının “İsmayıl bəy Qutqaşınlı”,”Saz haqqı”,”Əziz Əliyev olduğu kimi”,”Ahıska türkləri”,”Bir ömrün salnaməsi”, Cahangir Mehdiyevin “Qüdsi”, Oqtay Əlizadənin “Qəm karvanı”,Vasif Məmmədzadənin “Mən Hesyn Arifəm”,”Söz körpüsü Həmid Araslı” bədii-sənədli filmlərində çəkilmişdir. Eyni zamanda 2000-2001-ci illərdə Lider TV-da efirə çıxan “Vur,çatlasın!” adlı yumoristik bədii tv layihəsində bir çox rolların ifaçısı olub.(xüsusi yazılmış ssenarilər üzrə rollar oynamışdır) Sonra “Pozitiv Media” MMC-de produsor vəzifəsində çalışmışdır. 2004-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio verilişləri QSC-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində 2-ci rejissor vəzifəsində çalışır.
Vəfat etmişdir:

1992 — Azərbaycanın Milli Qəhrəmanı Sadıq Dayandur oğlu Hüseynov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Sadıq Hüseynov 29 iyul 1969-cu ildə Ağcabədi rayonunun Xocavənd kəndində doğulmuşdur. 1968-1978-ci illərdə burada orta məktəbdə oxumuşdur. 1980-cı ildə ordu sıralarına çağırılmışdır. 1989-cu ildə DİN-nin sərəncamı ilə Şuşa şəhərində sahə müvəkkili olaraq işə başlamışdır.
Ermənilərin azğınlaşmış silahlı dəstələri Azərbaycan torpaqlarını işğal etdikləri vaxtlarda o da silaha sarılır.
29 mart 1992-ci ildə gedə qanlı döyüşlərin birində ağır yaralansa da, mövqeyini tərk etmir, şəxsi hünər nümunəsi göstərir.
13 aprel 1992-ci il erməni faşistlərinin Şuşanı ağır raket atəşinə tutmuşdular. Sadıq döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Sadıq Dayandur oğlu Hüseynov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Ağcabədi rayonunun Xocavənd kəndində dəfn edilmişdir.
Xocavənd kənd orta məktəbinə onun adı verilmişdir.

1992— Azərbaycanın Milli Qəhrəmanı Firuddin İsa oğlu Şamoyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Firudin Şamoyev 7 fevral 1962-ci ildə Qazax şəhərində, kürd mənşəli ailədə anadan olmuşdur. Orta təhsilini burada almışdır. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Tərxis olunduqdan sonra Təmir -tikinti İdarəsində çilingər işləməyə başlamışdır. Ermənilərin torpaqlarımıza təcavüzü, onlar tərəfindən törədilən vəhşiliklər onu bərk narahat edirdi. Firuddin 8 iyul 1991-ci ildə könüllülərdən ibarət dəstəyə yazıldı.
“N” saylı hərbi hissəyə hərbi hissədə minaatan bölüyünün komandiri vəzifəsinə təyin olunan Firuddin Qazax rayonunun Bağanis Ayrım, Məzəm, Quşçu Ayrım kəndlərinin müdafiəsində iştirak etmişdi. O, ermənilərin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 13 aprel Quşçu Ayrım kəndi ətrafında gedən döyüşlərdə Firuddin qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 iyun tarixli 833 saylı fərmanı ilə Şamoyev Firudddin İsa oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanıfəxri adı verilmişdir.
Qazax şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Qazax şəhərindəki 4 nömrəli məktəb Firudin Şamoyevin adını daşıyır.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.