15 aprel

Tarixdə bu gün

Mühüm hadisələr:

1970 – Yaponlar ilk elektron kalkulyator hazırladılar.

1992 – Azərbaycan Respublikası Fələstin ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1452 —  Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan “Universal İnsan” (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsi Leonardo di ser Pyero da Vinçi Florensiya Respublikasının Vinçi şəhərində anadan olmuşdur.

İkinci minilliyin adamı seçilmişdir.

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

1892 — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, pedaqoq, yazıçı, jurnalist, tərcüməçi Əli Camal oğlu Qasımov Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur.

1913-cü ildə Qori Müəllimlər Seminariyasını, 1925-30-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir.

    Əli Qasımov  1914-cü ildən ədəbi yaradıcılığa başlamış,  “Molla Nəsrəddin” jurnalında “Taqiyanuszadə” imzası ilə çıxış etmişdir. “Səbri” onun təxəllüsüdür.

    1914-cü ildə “Solğun çiçək” adlı ilk kitabı nəşr olunmuşdur.

1919-cu ilin yayında ingilis-daşnak hərbi hökuməti Şərur-Naxçıvan ərazisində repressiyaya başlamış və apardığı kütləvi həbslər zamanı demokratik fikirli adamlar içərisində Əli Səbri də həbs olunaraq, Aleksandropola (Gümrü) sürgün edilmişdir.

 Sürgündən  qayıtdıqdan sonra ədəbi və ictimai fəaliyyətini davam etdirmiş,  müxtəlif  jurnal və nəşriyyatlarda çalışmışdır. Əli Qasımov “Maarif işçisi” jurnalının redaktoru, “Azərnəşr”in bədii ədəbiyyat şöbəsində redaktor, Azərbaycan Yazıçılar İttifaqı Ədəbi fondunun sədri olmuşdur. Povest, hekayə və xatirələr müəllifidir. Rus və dünya ədəbiyyatından: V. Şekspirdən, R. Toqardan, P. Verşiqoradan Azərbaycan dilinə, həmçinin Azərbaycan ədəbiyyatından rus dilinə tərcümələr etmişdir.

Əli Qasımov 1983-cü ilin fevralın 19-da Bakıda vəfat etmişdir.

1905 — Görkəmli memar, memarlıq tarixçisi, Azərbaycan memarlığının banilərindən biri, professor, SSRİ Memarlıq Akademiyasının müxbir üzvü , EA-nın akademiki, SSRİ Dövlət Mükafatı laureatı Sadıq Ələkbər oğlu Dadaşov Bakıda anadan olmuşdur.

Sadıq Dadasov 1929-cu ildə M. Əzizbəyov adına Bakı Politexnik İnstitutunun İnşaat fakültəsini bitirmişdir.

O, 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Memarlıq İşləri İdarəsinin ilk rəisi olmuşdur.

Sadıq Dadaşov 1941-ci ildə SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, 1945-ci ildə yeni yaradılmış Azərbaycan SSR Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) akademiki seçilmişdir.

1940-cı ildə ona Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı verilmiş və 1941-ci ildə SSRİ Dövlət mükafati laureatı olmuşdur.

Sadıq Dadaşov 24 dekabr 1946-cı ildə Moskvada vəfat etmiş, Bakıda dəfn olunmuşdur.

Sadıq Dadaşov 1929-1933 illərdə 23 tikilinin layihəsini vermişdir. Bunlara Bakıdakı fabrik-mətbəx (Bayılda), Azərbaycan Sənaye İnstitutunun yeni binası (indiki Azərbaycan Dövlət Neft Akademiyası; hər ikisi 1932), İncəsənət işçiləri üçün ev, bir sıra yaşayış binaları kompleksi, Qazaxdakı Pedaqoji Texnikumun binası (hamısı 1933) aiddir.

Sadıq Dadaşovun əsas işləri:

Azərbaycan Texniki Universitetinin binası (1935)

“Nizami” kinoteatrının binası (1934)

Bakı Musiqi Akademiyasının binası (1936)

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binası (1940) və s.

Sadıq Dadaşov Nizami Gəncəvinin 1946-cı ildə Gəncədə , 1949-cu ildə Bakıda qoyulmuş abidələrinin layihə müəllifidir.

 1907 — Xalq xəssamı, ictimai xadim, kitab qrafikası ustası İsmayıl Hüseyn oğlu Axundov Maştağa qəsəbəsində doğulub. Bakı Rəssamlıq Məktəbini bitirdikdən sonra Moskva Poliqrafiya İnstitutunun nəşriyyat şöbəsində təhsil alıb. 1932-ci ildə təyinatla Bakıya göndərilib və “Azərnəşr”də , “Kirpi” satirik jurnalında rəssam işləyib.

Teatra ilk dəfə 1937-ci iidə rejissor Ədil Isgəndərovdan dəvət alıb və Akademik Milli Dram Teatrında onun quruluş verdiyi Mirzə İbrahimovun “Həyat” pyesinin tamaşasında geyim eskizlərini çəkib. Bu teatrda İ938-ci ildə Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” (həmçinin 1940 və 1957-ci il quruluşlarında), Cabbar Məcnunbəyovun “Yanar dərə”, Səməd Vurğunun “Vaqif”, 1944-cü ildə Cəfər Cabbarlının “1905-ci ildə”, 1955-ci ildə Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər” komediyasının tamaşalarında geyim rəssamı olub. 1938-ci ildə rejissor Məcid Zeynalovun hazırladığı “Müsyö Jordan və dərviş Məstəli şah” (Mirzə Fətəli Axundzadə) tamaşasında ilk tərtibatçı rəssam da İsmayıl Axundov idi.

İsmayıl Axundov səhnə tərtibatlarında klassik üslubda işləməyə üstünlük verib. Yaradıcılığı rənglərin şuxluğu və aydınlığı, kompozisiyanın sadəliyi, tərtibat işləri dramaturq və rejissor fikri ilə poetik ahəngdarlıq yaratınası baxımından səciyyəvidir. Təsviri sənətin müxtəlif sahələrində qazandığı nailiyyətlərə görə bir çox mükafatlara layiq görülüb.

İsmayıl Axundov 13 sentyabr 1969-cu ildə Krakovda vəfat edib.

 1915 — Məşhur İran inqilabçısı Xosrov Ruzbeh anadan olmuşdur.

İranın orta məktəbi–iki dərəcəlidir. Xosrov birinci dərəcəli məktəbi Məlayirdə oxumuş,  təhsilini sonra  Həmədanda davam etdirmişdir.

Xosrov Ruzbeh  orta məktəbi başa vuraraq Ali hərbi məktəbin topçuluq fakültəsində təhsil almışdır.

1937-ci ildə Xosrov Ruzbeh Ali hərbi məktəbi leytenant rütbəsi ilə bitirib, topçu alayında xidmət etməyə başladı. O, zenit toplarındakı elektrik və optik cihazlarının nəzəri əsaslarını öyrənməklə məşğul olmuş və “Zenit toplarındakı optik qurğuların nəzəri əsasları” adlı kitabını yazmışdır. Ruzbeh həm də mərmilərin hədəfini dəqiq hesablamaq üçün qurğu işləyib hazırlamış və bunun məsafələrə görə hesablama cədvəlini tərtib etmişdir.

 1940-cıillərdə  İranda Xalq Partiyası yaradılır. Xosrov Ruzbeh 1943-cü ildə bu partiyanın üzvu olur. Bu dövrdən başlayaraq Ruzbeh marksizm-leninizm klassiklərinin əsərlərini inadla öyrənir və marksizm-leninizm ideyalarının alovlu təbliğatçısı olur.

Ruzbeh İranın Ordu zabitlərindən birinci olaraq İran Xalq Partiyasının sıralarına daxil olur. O, siyasi mübarizədə fəal iştirak edir və partiyanın tapşırığı üzrə orduda böyük iş aparır.

Ruzbeh, Siyaməklə və İran ordusunun partiyaya daxil olmuş digər ən yaxşı zabitləri ilə birlikdə “İranın azadlıqsevən zabitlər təşkilatı”!nı yaradır və bu təşkilatın mərkəzi komitəsinə üzv seçilir. 1945-ci ildə İranda irtica baş qaldırırdı. Baş qərargah tərəfindən İranın mütərəqqi zabitləri şiddətli surətdə təqib olunmağa başlandı. “İranın azadlıqsevən zabitlər təşkilatı”nın üzvlərindən bəziləri həbs olunub sürgün edildilər, çoxları isə gizləndi, Xosrov Ruzbeh gizli fəaliyyətə keçməyə məcbur oldu. Ruzbeh yaratmış olduğu zabitlər təşkilatının fəaliyyətinə rəhbərliyini gizli şəraitdə davam etdirdi. O, böyük risqə baxmayaraq, İran Xalq Partiyasının zabitlər təşkilatına yeni mübarizlər cəlb edirdi. Gələcəyin məşhur publisisti olan Ruzbeh ordudakı vəziyyəti ifşa edən çoxlu məqalələr yazır.

Hökumət orqanları Xosrov Ruzbehi üç dəfə həbsə almış, lakin o hər dəfə həbsxanadan qaçmış və işini davam etdirmişdir.

1950-ci il dekabrın 15-də “Qəsr” həbsxanasından qaçmaq xüsusilə cəsarətli bir iş idi.

Polis xəfiyyələri əldən–ayaqdan düşdülər, lakin qaçanları tapa bilmədilər. Hay-küy hərisi olan burjua qəzetləri yazırdılar ki, Ruzbeh xarici ölkəyə qaçmışdır. Lakin o, İranda qalmışdı və inqilabi fəaliyyətini davam etdirirdi. 1954-cü il avqust ayının ikinci yarısında  İranda  kütləvi həbsləri başlandı. Ordu, polis və jandarmın yüzlərlə ən bilikli və şərəfli zabitləri həbs edildi.

Ruzbehdən başqa fəalların hamısı həbs olundu.  X.Ruzbeh isə gizlənmişdi, onu tapa bilmədilər.

Xosrov Ruzbehin axtarılması davam edirdi. Növbəti xəyanət nəticəsində polis onun izini tapa bildi. 1957-ci il iyulun 6-da saat 9-da Tehran küçələrinin birində Ruzbeh İran xəfiyyə polisi agentlərinin böyük bir silahlı dəstəsi tərəfindən mühasirəyə alındı. O, qəhrəmancasına müqavimət göstərdi və özünü möhkəm bir iradə ilə ələ ala bildi. O, üç ağır güllə yarası almasına baxmayaraq,–güllənin biri sol dirsəyinə, o birisi sol buduna, üçüncüsü isə ürəyinin altından dəyərək daxili qan axmasına səbəb olmuşdu,–o, nərdivanla ən yaxın bir evin damına çıxa bilmiş, xəyanət etmiş şəxsi xalqa tanıtdırmaq üçün həmin xainin adını cib dəftərinin vərəqlərinə yazıb imzalamış və səpələyərək küləyə vermişdi. Gücdən salınmış Ruzbeh tutuldu və “Qızılqala” həbsxanasının təkadamlıq kamerasına salındı.

1958-ci il mayın 11-də  dan yeri ağaranda Tehrandakı Hişmətiyyə atəş təlimi meydanında görkəmli İran kommunisti Xosrov Ruzbeh güllələndi. Xosrov Ruzbeh məhkəmədə olduğu kimi, edam günündə də özünü son dərəcə mərdanə aparmış, başını uca tutaraq qəhrəmancasına həlak olmuşdur.

 

Vəfat etmişdir:

1985 — Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva 1985-ci ildə Moskva şəhərində vəfat etmişdir.

Zərifə xanım 28 aprel 1923 -cü ildə Naxçıvan MSSR-nin Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur.

1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, 1982-1985-ci illərdə isə oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır.

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafıə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqu” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.

Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.

1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur.

Fəxri Xiyabanda məzarı üstündə tuncdan heykəli ucaldılmışdır. Bakıda Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər poliklinikası onun adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınmışdır. Bakı və Naxçıvanda küçə Zərifə Əliyevanın adını daşıyır.

1987— Sovet İttifaqı Qəhrəmanı Bahyəddin Şahvələd oğlu Mirzəyev 72 yaşında vəfat etmişdir.

Bahyəddin Mirzəyev 1914-cü ildə İsmayıllı rayonunun Sulut kəndində anadan olmuşdur. 1936-cı ildə İsmayıllı RHK-dan orduya çağırılmışdır. Leytenant Bəhyəddin Mirzəyev 416-cı Taqanroq atıcı diviziyasının 1054-cü nişançı alayının taqım komandiri olub. Mozdok, Kostroma şəhərləri uğurunda gedən döyüşlərdə rəşadət göstərib. Melitopol, Nikolayev, Odessa, Kişinyov şəhərlərinin faşistlərdən azad edilməsində iştirak etmişdir.

Mirzəyevin batareyası Visladakı, Oderdəki, Şpreedəki döyüşlərdə xüsusilə fərqlənmişdi. Təkcə Küstrin uğurundakı döyüşlərdə onun artilleriyaçıları 7 tankı və bir bölük düşmən əsgərini məhv etmişdir.

Polşanın Byalobeki şəhərindəki küçə döyüşlərində Mirzəyevin batareyası piyadalara dəstək verərək, 6 tankı zərərsizləşdirmişdir.

1945-ci ilin fevral ayının əvvəlində batareya piyada qoşunları yeddi günlük qanlı vuruşma nəticəsində Oder çayının qərb sahilindəki meydanı ələ keçirdilər. Bununla da sovet qoşunlarının irəliləmək üçün yolu açılmış oldu. Kapitan Mirzəyev ağır yaralanmasına baxmayaraq, döyüşün sonunadək batareyasına başçılıq etdi.

Berlin uğurunda gedən döyüşlərdə yaralanıb.

SSRİ Ali Sovetinin 1945-ci il 24 mart tarixli əmrinə əsasən Mirzəyev Bahəddin Şahvələd oğluna Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. 1-ci dərəcəli Vətən Müharibəsi ordeni, Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir.

Şamaxı, İsmayıllı şəhərlərində adına küçə var.

 2009 — Xalq artisti, mahir klarnet ifaçısı Vəli Qədimov 69 yaşında vəfat etmişdir.

Vəli Qədimov 1940-cı il yanvarın 12-də Bakının Çəmbərəkənd deyilən ərazisi ilə Dağlı məhəlləsinin qovuşduğu məkanda dünyaya gəlmişdir.

Uşaq yaşlarından klarnet çalmağa başlayan Vəli 14 yaşında artıq tibb işçilərinin mədəniyyət evində Zeynəb Xanlarova ilə birlikdə özfəaliyyət kollektivində iştirak etməyə başlamışdır.

İki ildən sonra — 1956-cı ildə Vəli Qədimovun peşəkar ifaçı olmasını nəzərə alan məşhur müğənni Sürəyya Qacar onu Müslüm Maqomayev adına filarmoniyanın ansamblına dəvət edir

1970-ci ildə o, Baba Salahovun, 1983-cü ildə Zeynəb Xanlarovanın ansamblında aparıcı solist yerini tutmuşdur. Onun ifasında Azərbaycan musiqisi dünyanın bütün qitələrində səslənmiş və sürəkli alqışlarla qarşılanmışdır.

Vəli Qədimov Balaxanı qəbiristanlığında əzizlərinin yanında dəfn olunub.

Bayramlar və xüsusi günlər:

 Hər il aprelin 15-i Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədardır. Bu gün beynəlxalq hüquq təcrübəsində Rerix paktı kimi də tanınır. O vaxtdan etibarən dünyanın bir çox ölkəsində 15 aprel – Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur.

2008-ci ilin dekabrında Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, Latviya və Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin dünya bayrağı altında Ümumdünya Mədəniyyət Günü kimi təsdiqi üçün beynəlxalq hərəkat yaradılıb.

Ümumdünya Mədəniyyət Gününün qeyd olunmasını ilk dəfə 1931-ci ildə Belçikanın Brügge şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.