Heç kimin oxumadığı kitablar və ya cəmiyyətin empatiya böhranı

Mövqe

“Heç kim heç kimin kitabını oxumur.”  Bu metaforik   ifadə artıq  özünə leksik mühit qazanmış olsa da,  hamı tərəfindən eyni çürə  qəbul edilmir. Məsələn, sosial şəbəkələrdən birində  qələm sahiblərinin  birinin gileyindən belə başa düşdüm ki,   yazdıqları əsərlərin təbliği,  istər kitabxanalara paylaşılması, istərsə də pərakəndə satışı ilə bağlı ciddi çətinlikləri var, bəlkə  qələm sahiblərinin özləri də  bir- birlərinin kitablarını oxumurlar.  Bu kontekstdə “kitab oxumamaq” –  həm mütaliə,  həm də biganəlik simvolu kimi  oxucunun yazıçıya,  ideal qardaşlarının (yazıçılar bir-biri ilə ideal qardaşlarıdır) bir-birlərinə biganəliyi  kimi  də qəbul oluna bilər. Kiminsə qarşındakı insanın daxili dünyasına, onun “mətninə” maraq göstərməməsi  kimi anlaşıla bilər.
Onsuz da bizim mütailə  səviyyəmiz üz ağardan deyil.
 Bu sahədə Hindistan,Tayland və Çin öndə olan ölkələrdir.  Məsələn, Hindistanda insanlar vaxtlarının həftədə 10 saat 42 dəqiqəsini, Taylanda  9 saat 24 dəqiqəsini, Çində  8 saatını  kitab oxumağa ayırırlar.  Sıralamada gələn digər ölkələr isə bunlardır: Filippin, Misir, Çexiya, İsveç, Fransa, Macarıstan və Səudiyyə Ərəbistanı.  Qısacası, dünyada ən çox kitab oxunan ölkələr arasında yoxuq biz.  Bizdə kitabxanalardan daha çox kafelər, kazinolar qurulur. İndi falçıxanaya gedənlərin sayı  kitabxanaya gedənlərin sayından çoxdur.
Mən sovet dövründə təhsil almışam. Tələbəlik vaxtımda  bəlkə Bakının mərkəzində  elə  kitabxana olmzadı ki,  ora yolum düşməmiş olsun. İndi onların çoxsu yoxdur.  Saylarını, sahələrini elə məharətlə aradan çıxardırlar ki, “nə diş bilir, nə dodaq” .
Məşhur ingilis yazıçısı  Roald Dalın   kitabsızlaşmış insanlara çox  emosional bir çağrışı kitabsızlaşmış cəmiyyətlərə də  bir yaddaş olmalıdır: “Lütfən, yalvarıram, gedin televiziyanızı çölə atın və boşalan yerdə balaca bir kitabxana qurun”.
M.Qorki deyərmiş ki, məndə olan bütün  müsbət cəhətlərə görə kitablara borcluyam. 
 Məşhur  nəzəri fizik, Nobel Mükafatı Laureatı Albert Eynşteyn  də insanların aydınfikirli, ədalətli, humanist, əməlpərvər olmaları tək bir yeri nişan vermişdir: “Mütləq bilməli olduğunuz yeganə şey kitabxananın yeridir”.                                                                       Bütün dövrlərdə  ictimai fikir sahibləri  nəinki öz müasrləri üçün, eləcə də  xələfləri üçün də  çox doğru olaraq  kitaba dəyər  verməyə  dəvət ediblər. Böyük  şairimiz Nizami Gəncəvi də xalqımızın əxlaqi-mədəni  dəyərlərini, özünün fəlsəfi fikirlərini  bizə kitablarla miras qoya bilmişdir. Dahi şair:

“Dünyada nə qədər kitab var belə,
Çalışıb, əlləşib gətirdim ələ.
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəznədən bir dürr çıxardım”
,  deyərək,-  insanları  hər zaman kitaba  sığınmağı   tövsiyə etmişdir.
Bu mənada  kitablar sivilizasiyanın nümunəsidir. O olmazdısa, ədəbiyyat da , tarix də itərdi.  Sivilizasiya dayanardı,işıqlı düşünə bilməzdik, aydın görə blməzdik.


Fəqət, “heç kim heç kimin kitabını oxumur” ifadəsindəki müstəqim fikir tamam  fərqlidir, daha ciddidir. Belə olmasaydı, heç bu ifadədəki fikir öz həqiqi məcrasından çıxıb   aforizm halına  düşməzdi. Burada  çox gücli ironiya var, sarkazm var…Bu fikir laqeydliyə, biganəliyə  etiraz olaraq işlədilir.    
Aforizmin alt  qatında – sosial kontekstdə  isə daha   digər ciddi məcazi mənalar da üzə çıxır.    Əvvəlcə, bu sözün etimologiyasına diqqət edək. “Kitab” sözü ərəbcə “kətəbə”  sözündən götürülüb ,   “yazmaq”, “bir araya gətirib dikmək/bağlamaq” mənalarını veriən  informasiya daşıyıcılarından ibarət kağız vərəq toplusu kimi  başa düşülür. Yəni, hər şeyi, hər məişət, dimgə söhbətini kağız vərəqlərə köçürüb kitab demək olmaz. Kitabın  müəyyən  ictimai-siyasi məzmunu olmalıdır, ideyası olmalıdır. Onu ideya halına  gətirən isə  müdrikliklə söylənilmiş sözlərdir.  Böyük Füzuli əbəs yerə deməmişdi ki:

“Hər sözüm bir pəhləvandır, kim bulub təyiqi-həq,
Əzm qıldıqca tutar tədricilə bəhrü- bəri”

  Belə  sözlər, təkcə dənizləri və  torpaqları deyil,  könülləri də  ələ keçirər.  Qüdrətli söz, həm də müdrikdir.  Amma  bu gün sanki söz  ucuzlaşıb. Hər kəs  danışır, yazır, susan görməzsən,   amma heç kim oxumur, heç kim dinləmir. Hamını bir empatiya qıtlığı  çulğamışdır. Hər kəs öz cildinin içindəki cılız məntiqlərin dustağıdır.
Heç kim heç kimin sözünü eşitmək istəmir. Və  getdikcə  bu kitabsızlıq, bu eşitməməzlik cəmiyyəti  daha ciddi mənəvi mərəzlərə sürükləyir.
 “Biz  artıq elə bir zamana gəlib çatmışıq ki, eynən kitabxana  rəflərindəki toz basmış kitablar kimi, metroda, küçədə, həyətdə ətrafımız empatiya hisslərindən çox-çox uzaq toz basmış “insan-kitablar”la doludur.  Amma  bu kitabları heç kim oxumur; hər kəs, sadəcə,  öz hekayəsinin ən yaxşı olduğunu sübut etməyə çalışır.  Hər kəs yalnız öz həqiqətini hayqırır.”Kitab oxunmaması” burada bir simvoldur; yəni, “mən sənin fikrinə, təcrübənə və daxili dünyana maraqlı deyiləm” deməkdir.


“Heç kim heç kimi oxumur” demək , əslində “Heç kim heç kimi başa düşmək istəmir” mesajıdır.   Bu kəskin sarkazm, əslində, bir fəryaddır..
Artıq  hər kəs “müəllifdir”, hər kəs öz həyat kitabını yazır, amma başqasının səhifəsini çevirməyə maraqlı deyil. Bilir ki, onu açan kimi , bu ayinədə onun və onun mənsub olduğu İerarxiya sorğu-suala tutulacaq.
 Nə dəyşilməlidir, necə etmək lazımdır ki,  biz də  ən çox  mütailə edən ölkələr sırasında bir mütailə zirvəmiz olsun, orada qərarlaşaq. Mütailə mədəniyyəti ilə paralel  dinləmək, qəbul etmək  həvəsimiz olsun.
Bunun üçün cəmiyyətin hədəfi olmalıdır: Günəş kimi. Heç kim onun varlığını görməyə bilmir, dana bilmir… Amma indi 2 ay  bundan əvvəl  yüksək vəzifədən  uzaqlaşdırılmış şəxs yenidən  revanş edir, vəzifəsinə qayıda bilir. Ömrünü 30-40 il  məktəbə, uşaqlara  həsr etmiş  peşəkar müəllimə kənd təsərrüfatı, iqtisadiyyat  mütəxəssisləri necə rəhbər təyin olunur, hansı qanunauyğunluqla?  Onda mən Emin Əmrullayevin təhsil sahəsində yazdığı kitabını oxumaq istəmirəm və oxumayacağam da. Tək təhsil sahəsində deyil ki,  kitabsızlaşmaq. Hər yerdə  davam etməkdədir.
Hər kəs hər şeyi inkar edir:  oğul atasını, qız anasını, gəlin qayınanasını.  Ailədəki sərhədsiz “sərbəstlik” cəmiyyətdə də  özünü göstərməkdədir.  “
Davranış və yaşam normaları nə qədər  qanunlarla nizamlansa da, cərimə və digər tənbeh vasitələri ilə təqib olunsa da,  yenə ağaclar kəsilir, yenə   maşınlar sürət həddini   aşır, narkotika alüdəçiliyi  kəsilmək bilmir ki bilmir.  Subordinasiya qaydasında yuxarı orqan  tabeli qurumun icraatına vətəndaş müraciətini göndərir.  O da bu  icraratı özündən  aşağı ranqa  və  şəxsə göndərir. Yəni, sadəcə,  poçt rabitəsi qaydasında  məktublar    poçt qutularını gəzir, sonda da ya  müraciət yaddan çıxır, arxivə  atılır, ya da  Xətai Rayon İcra hakimiyyətinin  sabiq müavini Etibar Əhmədov kimi yazırlar ki, İcra hakimiyyəti belə məsələlərə baxmır. Yəni, heç kim heç kimin kitabını oxumur.  Belə laqeydlik və  bürokratiya təzahürləri cəmiyyətdəki karlaşma və özünə qapanma sindromundan xəbər verir.  Bu, getdikcə, yaşadığımız  dövrün  sosial diaqnozuna  çevrilir.
Günəşin işığını danmaq mümkün olmadığı kimi, bir insanın savadını, o yerə layiq olduğunu da danmaq mümkün olmamalıdır.
Amma   kənd təsərrüfatı mütəxəssisinin,  iqtisadiyyat ürə mütəxəssisin, idarəçilik  təhsili olan bir bələdiyyə məmurunun, hüquq işçisinin   rəhbər pedaqoji vəzifəyə təyin edilməsi rəhbərlik etməsi və ya  heç bir novatorluğu olmayan bir  rəhbər  işçinin  vəzifədən -vəzifə  dəyişdirilməsi  — həmin “Günəş hədəfi”nin tam əksidir. Bu, artıq ədəbi yox, sistemli xaosdur.  Əgər meyarlar (ixtisas, təcrübə, mənəvi haqq) itibsə, orada “kitab oxumaq” da (yəni o şəxsin fikrinə, qərarına və rəhbərliyinə hörmət etmək) mənasını itirir. Əgər insan layiq olmadığı yerdədirsə, onun yazdıqları da, dedikləri də cəmiyyət üçün “cildlənmiş kağız parçasından” başqa bir şey deyil.
Bu yanaşma göstərir ki, “heç kim heç kimin kitabını oxumur” fikri həm də bir inam böhranıdır. İnsanlar artıq avtoritetlərə, vəzifəli şəxslərin intellektual bazasına inanmırlar. “Mütəxəssis olmayan rəhbər” obrazı yarandıqca, onun təmsil etdiyi sahənin “kitabı” da cırılıb atılır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.