Repetitorluq: təhsil sisteminin açıq etiraf edilməyən iflası, yoxsa alternativ model?

Repetitorluqla mübarizə aparmaq mümkün deyil.
Repetitorluq artıq paralel təhsil sisteminə çevrilib. Sizcə, bu vəziyyət dəyişə bilər? 👇

Giriş:

✍️ Son illərdə Azərbaycanda repetitorluq artıq fərdi seçim deyil, kütləvi ehtiyaca çevrilib. Valideynlərin böyük əksəriyyəti övladını əlavə hazırlığa yönləndirir. Bu isə təbii olaraq sual doğurur: məktəb təhsili niyə kifayət etmir? Onlayn və distant təhsilin geniş yayılması repetitorluğu daha əlçatan etsə də, problemin mahiyyətini dəyişmir — əksinə, onu daha görünən edir. Onlayn və distant təhsil: fərqlər və reallıq
Onlayn və distant təhsil anlayışları terminoloji baxımdan yaxın olsa da, mahiyyət etibarilə fərqlənir. Onlayn təhsil daha çox metodoloji yanaşmanı — yəni, tədrisin internet üzərindən təşkilini ifadə edir. Distant təhsil isə müəllim və şagird arasında fiziki məsafənin mövcudluğunu əsas götürür. Müasir dövrdə bu iki forma əsasən üst-üstə düşsə də, eyni məna daşımır.
Rəqəmsal texnologiyaların inkişafı repetitorluq fəaliyyətinin coğrafi sərhədlərini aradan qaldırmış, onu daha əlçatan və çevik etmişdir. Xüsusilə onlayn platformalar vasitəsilə fərdi dərslərin təşkili həm zaman, həm də maliyyə baxımından müəyyən üstünlüklər yaratmışdır. Bununla belə, təcrübə göstərir ki, texnoloji imkanlar canlı müəllim-şagird ünsiyyətini tam əvəz edə bilmir. Təhsildə emosional əlaqə, motivasiya və fərdi yanaşma hələ də insan faktoruna bağlı olaraq qalır.
Repetitorluğun yüksəlişi: səbəblər və imkanlar
Repetitorluğun geniş yayılmasının əsas səbəblərindən biri də müəllimlərin sosial-iqtisadi vəziyyətidir. Son illərdə sertifikasiya nəticəsində müəyyən maaş artımları tətbiq olunsa da, bu, hələ də repetitorluq gəlirləri ilə rəqabət aparacaq səviyyədə deyil. Bu şəraitdə repetitorluq bir seçimdən çox, zərurət kimi formalaşır.
Nəticədə müəllimlər dərsdən sonra əlavə fəaliyyətə yönəlir. Bu isə onların enerjisinin bölünməsinə və məktəbdəki tədris keyfiyyətinə təsir göstərir.
Halbuki alternativ modellər mövcuddur. Məsələn, özəl təhsil müəssisələrində müəllimlərin sosial təminatı yüksək olduqda, onların əlavə gəlir axtarmağa ehtiyacı qalmır. Belə şəraitdə müəllim bütün diqqətini şagirdin inkişafına yönəldə bilir.Korporativ etika (repetitorluq qadağası) yalnız o halda işləyə bilər ki, müəllim məktəbdən kənarda gəlir axtarmağa məcbur qalmasın, aldığı maaş onun  sosial ehtiyacları tam qarşılansın. Bu gün dövlət səviyyəsində sertifikasiya ilə maaş artımı müəyyən irəliləyiş olsa da,    bəzi dünya ölkələrindəki kimi  “xoşbəxt işçi” modelinə çatmaq üçün hələ uzun yol getmək lazımdır. Çünki xoşbəxt müəllim tək maaşla deyil, həm də özünü tam mühafizə olunmuş hiss etdikdə yaranır. 

Sinifdə 35 şagird: fərdi yanaşmanın mümkünsüzlüyü
Bir sinifdə 35 şagirdin olduğu şəraitdə hər şagirdə 1-1.5 dəqiqədən az vaxt düşür. Bu fəal fərdi yanaşmanı qeyri-mümkün edir.  Xüsusilə müxtəlif hazırlıq səviyyəsinə malik şagirdlərlə zəif hazırlıqlı şagirdlərin birgə komplektləşdirildiyi sinifdə. Nəticədə təlimdə belə vəziyyət zəif şagirdlərin geri qalmasına, güclü şagirdlərin isə potensialını tam reallaşdıra bilməməsinə səbəb olur.    Ona görə də valideynlər risk etmək istəmir: çıxış yolunu məktəbdənkənar haşırlıq məşğələlərində görürlər. Beynəlxalq təcrübədə (məsələn, Finlandiya və ya Sinqapurda) şagirdlərin qavrama sürətinə görə qruplaşdırılması tətbiq olunur. Bizdə isə eyni sinifdə həm olimpiada səviyyəsində olan, həm də bazası çox zəif olan şagirdin oturması repetitorluğa “təbii ehtiyac” yaradır. Nə qədər inanmamaq istəsək də, insanlar bizim məktəblər haqqında söz düşəndə deyirlər: “indi məktəblərdə dərs keçirlər ki?”

Repetitorluq: ehtiyac, dəb, yoxsa psixoloji sığorta?
Bu gün repetitorluq artıq təkcə akademik ehtiyac deyil. O, müəyyən sosial davranış modelinə çevrilib. Valideynlər arasında formalaşmış “hamı gedir” düşüncəsi, şagirdlər üçün isə sosiallaşma və mühit dəyişmə istəyi bu prosesi daha da gücləndirir.
Şagirdlər üçün bu, bəzən sosiallaşma mühiti rolunu oynayır
Bəzi hallarda repetitorluq psixoloji “təhlükəsizlik” vasitəsinə çevrilir. Yəni , məktəbin verdiyi təhsilə tam etibar etməyən böyük sayda valideynlər həm məktəbin yaratdığı şübhəni, həm də öz narahatçılıqlarını əlavə məşğələlərlə aradan qaıdırmağa çalışır.
Bu gün repetitor yanına bu qədər axın da təkcə zəifliyin deyil, həm də qorxunun nəticəsidir. Valideynlər təlaşdadırlar ki, uşaq geri qala bilər, imtahanda uğur qazana bilməz və sair . Onda repetitor bu qorxulara qarşı bir növ “sığorta mexanizmi” kimi qəbul edilir. Şagird bilik qazanmaq üçün deyil, özünü güvənli hiss etmək üçün repetitor axtarır.
Ən narahatedici məqam isə budur ki, bu “təhlükəsizlik hissi” real keyfiyyətə yox, sistemə olan inamsızlığa söykənir. Məktəb öyrətmədiyi üçün deyil, artıq kifayət qədər güvən vermədiyi üçün repetitorluq qaçılmaz görünür.
Bu isə göstərir ki, repetitorluğun yayılmasında sosial və psixoloji faktorlar da mühüm rol oynayır.

Repetitorsuz uğur: alternativ mümkündürmü?
Müşahidələr göstərir ki, repetitor dəstəyi olmadan da yüksək nəticə əldə edən şagirdlər də var. Bu nümunələr təsdiqləyir ki, uğurun əsas şərtləri düzgün metodologiya, güclü baza və yüksək motivasiyadır.
İnformasiya əlçatanlığının artması da bu prosesi dəstəkləyir. Bu gün istənilən şagird müxtəlif mənbələrdən istifadə edərək müstəqil hazırlaşmaq imkanı əldə edir.

Rəqəmsal nəsil: imkanlar və risklər
Müasir şagirdlər rəqəmsal mühitdə böyüyür. Onlayn təhsil onlara zaman və məkan sərbəstliyi verir, öyrənmə prosesini daha maraqlı edir.
Lakin bu sərbəstlik eyni zamanda risklər də yaradır. Diqqətin tez yayınması, məsuliyyətin azalması və “hazıra öyrəşmə” meyli bu modelin zəif tərəfləridir.
Nəticə:
Beləliklə, repetitorluq nə tamamilə zəruri, nə də tamamilə təsadüfi bir hadisədir. Repetitorluq, sadəcə, nəticədir.
O, təhsil sistemindəki struktur və metodoloji boşluqların təbii məhsuludur.O, daha çox təhsil sistemindəki struktur və metodoloji boşluqların nəticəsi kimi meydana çıxır. Bu ehtiyacın azalması üçün isə əsas diqqət məktəb təhsilinin keyfiyyətinin artırılmasına, müəllimlərin sosial rifahının yaxşılaşdırılmasına və fərdi yanaşmanı təmin edən mühitin formalaşdırılmasına yönəldilməlidir.
Əgər məktəbdə:
-siniflər optimallaşdırılsa,
– peşəkar fərdi yanaşma tətbiq olunsa,
– müəllimlərin sosial rifahı yüksəldilsə,
repetitorluğa olan kütləvi ehtiyac əhəmiyyətli dərəcədə azalacaq.
Bu gün isə əsas məsələ repetitorluqla mübarizə aparmaq deyil, onu yaradan səbəbləri aradan qaldırmaq olmalıdır.
Hamının bildiyi, amma az danışdığı həqiqət budur: görünən nəticəsidir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.