Doğum günləri:

1851 — Azərbaycan jurnalisti, publisisti, təbiətşünas alim və ictimai xadimi İsa Sultan Nəcəfqulu oğlu Şahtaxtinski 5 may 1851-ci ildə Azərbaycanın İrəvan şəhərində ziyalı ailəsində dоğulmuş, Tiflisdə realnı gimnaziyanı, Peterburqda Əkinçilik İnstitutunu bitirmişdir. Paris, Lоndоn və Sürix Institutlarının azad dinləyicisi оlmuşdur. Ərəb, fars, qədim türk, rus, alman, fransız dillərini mükəmməl bilmişdir. 1875-ci ildən Tiflisdə jurnalistlik fəaliyyətinə başlamış, “Tiflisski vestnik” qəzetində şöbə müdiri, “Kavkazski almanax” ın təsisçisi, naşiri və redaktоru, Türkiyədə “Qars” qəzetinin (rusca) əməkdaşı оlmuşdur. Bir sıra yazının müəllifidir. İsa Sultan 1865-ci ildə təhsilini təkmilləşdirmək üçün gürcü maarifçisi David Kapianinin məktəbinə, 1867-ci ildə isə Tiflis realnı gimnaziyasına daxil olur. 1871-ci ildə İsa Sultan ikinci təhsil olaraq Sankt-Peterburq Əkinçilik İnstitutuna daxil olur. O fransız, alman, yunan, latın və ingilis dillərində mükəmməl bilirdi. Təhsilini bitirdikdən sonra İsa siyasi-iqtisadi müzakirələri dinləmək üçün London və Parisə yollanır. Təhsilini bitirdikdən sonra 1876-cı ildə Tiflisə qayıdaraq, “Tiflisski vestnik” qəzetində çalışmağa başlayır. İsa Sultan türk dilini mükəmməl bildiyi üçün 1877-ci ildə türk-rus müharibəsinin başlanması ilə əlaqədar Qars şəhərinə yollanılır. 1 yanvar 1878-ci ildə Qars bölgəsinə nəzarət üçün rəsmi və xüsusi nümayəndə seçilir. 1878-ci ildə o, köhnə Osmanlı hakimiyyəti altında mülkiyyət hüquqlarının və əhalinin öhdəliklərin müəyyənləşdirilmə Komissiyasının sədri təyin edildi. İsa Sultan 1878-ci ilin oktyabr ayında Qars bələdiyyə başçısı oldu. O, 1880-1882-ci illərdə mübahisəli məsələləri həll etmək üçün Ərzuruma səfərə göndərilirdi, həmin illərin ən məşhur məsləhətçisi idi. İsa Sultan 1883-cü ildən ömrünün sonuna qədər Qars Rayon Hərbi valisi Aparatının rəhbəri təyin edilib və bu vəzifədə ömrünün sonuna qədər fəaliyyət göstərir. İsa Sultan 1885-ci ildə general Allahyar Ağalarovun qızı Səkinə xanımla ailə qurur, bu evlilikdən altı qız övladı olur. İsa Sultan Şaxtantinski 1894-cü ildə Tiflisdə vəfat etmişdir. Tiflisdə “Botanika bağı”nın yaxınlığında yerləşən müsəlman qəbirstanlığında dəfn edilmişdir
1856 — Azərbaycanın ilk maarifçi qadınlarından biri olan Hənifə xanım Məlikova Şimali Qafqazda – Nalçikdə doğulmuşdur. O, Tiflisdə “Müqəddəs Nina” adlı qız məktəbində təhsil almışdır. Hənifə xanım Həsən bəy Zərdabinin həyat yoldaşı olmuşdur: tək həyat yoldaşı yox, həm də mübarizə yoldaşı idi. O, 16 il əri ilə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşamağa məcbur edilib. Hənifə xanım 1875-1877-ci illərdə Həsən bəylə birlikdə “Əkinçi” qəzetinin nəşrində çox əziyyətlər çəkdi. Bu ziyalı xanım və əri Zərdabda yaşadıqları dövrdə, 1881-ci ildən başlayaraq öz evlərində, mənzillərində pulsuz məktəb açdılar və təqib və təzyiqlərə baxmayaraq, heç bir təmənna ummadan insanlara elm, savad öyrətdilər. Hənifə xanım Azərbaycan qadınlarının taleyində çox mühüm rol oynamışdır. O, məşhur “Nicat”cəmiyyətinin Azərbaycan qadın xeyriyyə cəmiyyətinin yaradıcılarından biri olmuş, 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdiri işləmişdir. 1908-ci ildə ilk Azərbaycan qadın xeyriyyə cəmiyyətinin yaranmasında təşəbbüs göstərmişdir. 1909-cu ildən 1919-cu ilədək Bakı şəhər dövlət birinci Rus-tatar qız məktəbində müdiri vəzifəsində çalışmışdır. Hənifə xanım deyirdi: “Həyatımın məqsədi – bacardığım qədər avam kütlənin, xüsusən də qadınların hüquqları və istismara qarşı mübarizədə türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olmuş və olacaqdır. Düşünürəm ki, mən Sovet hakimiyyətinin proqramı ilə işləyirəm. Partiya ədəbiyyatını dərindən öyrənməyə vaxtım olmayıb. Mən partiyalılığı ancaq forma hesab edirəm, xoşbəxtəm ki, türk qadınının əsarətdən qurtarması üçün bütün perspektivlərin açıldığı dövrə kimi yaşamışam”. Hənifə xanım 1920-1926-cı illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığında məsul vəzifədə işləmişdir. Hənifə xanım 1929-cu ildə vəfat etmişdir.
1892 – Böyük istiqlal şairi Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur.1906-1912-ci illərdə Gəncə ruhani seminariyasında , 1922-1927-ci illərdə Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix və filologiya fakültəsində təhsil almışdır. 1920-1922-ci illərdə Quba Xalq Maarif şöbəsinin müdiri, 1930-1933-cü illərdə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri, 1934-cü ildə Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor , 1935-1936-cı ilərdə “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri işləmişdir. Şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə “Qoşma” adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə “Dalğa” adlı kitabı nəşr olunmuşdur. Onun məşhur “İstiqlal uğrunda şeirlər” kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır. Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz qalmış, 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur.
1908 — Azərbaycanın ilk qadın kinorejissoru, ssenarist Qəmər Əliqulu qızı Salamzadə Culfada görkəmli maarifçi, teatr xadimi, şair Əliqulu Qəmküsarın ailəsində dünyaya göz açıb. 1912-ci ildə ailəsi Tiflis şəhərinə köçür. Atası 1919-cu ildə burada menşeviklər tərəfindən qətlə yetirilir. Qəmər əmisi Rzaqulu Nəcəfovun himayəsində qalır. İlk təhsailini Naxçıvanda qız məktəbində alıb. Tiflisdə rus dilində təhsilini davam etdirirb. Atası öləndən sonra isə Naxçıvana qayıdıb. Burada qız məktəbində təhsilini davam etdirib. Həmin illərdə qız məktəbində tamaşaya hazırlanan “Arşin mal alan” musiqili komediyasında dəfələrlə Telli rolunu oynayıb. Qəmər Salamzadə təhsilini Moskvada Dövlət Kinematoqrafiya Texnikumunda davam etdirmişdir. 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində “Azərkino”da çəkilən filmlərin sayı artdığına görə, rəhbərlik II kursu bitirdikdən sonra Qəmər xanımı geri çağırtdırır. Bakıya qayıdan tələbə Q.Salamzadə “Qızıl kol” bədii filmində (1930) rejissor köməkçisi, “Əlsiz adamlar”da (1932) rejissor assistenti, “Rəqs edən bağalar” da (1935) ikinci rejissor, “Dəcəl dəstə”də (1937) quruluşçu rejissor (A.Popovla birgə), “Səbuhi”də (1941) və “Bir ailə”də (1943) rejissor assistenti, “Ordenli Azərbaycan” sənədli filmində (1938) II rejissor, “Kənd təsərrüfatı sərgisi”ndə (1940) və “Şəfa nəğməsi”ndə (1944) rejissor və digər filmlərdə işləmişdir. Vaxtilə Bakıda çıxan “Raboçiy zritel” jurnalının (1930, N35) üz qabığında Qəmər xanımın şəkli verilmiş və bu sözlər yazılmışdır: “Azərkino”da işləyən ilk qadın kinorejissor köməkçisi – türk qadını Qəmər Nəcəfova”. Qəmər xanım həyat yoldaşı, xalq rəssamı Salam Salamzadə ilə birgə böyük və mənalı ömür yaşamışdır. O, 1994-cü ildə 86 yaşında vəfat etmişdir.
1908– AMEA-nın həqiqi üzvü, 1959-1961-cı illərdə AMEA-nın Neft- Kimya Prosesləri İnstitutunun direktoru, 1965-1975-ci illərdə isə AMEA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitunun yaradıcısı və direktoru olmuş Murtuza Fətulla oğlu Nağıyev 1908-ci ildə Aşqabad şəhərində fəhlə ailəsində doğulmuşdur. 1922-26-cı illərdə keçmiş Səttarxan zavodunda xarrat işləmişdir. 1926-29-cu illərdə Azərbaycan Dövlət Universitetinin nəzdindəki fəhlə fakültəsinin tələbəsi olmuşdur. 1932-35-ci illərdə isə Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirərək, oranı kimyaçı-texnoloq ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə hələ tələbə olarkən 1932-ci ildə V. Strua adına “Krekinq” zavodunda növbə mühəndisi kimi başlamışdır. 1936-38-ci illərdə həmin zavodda baş mühəndis vəzifəsinə qədər yüksəlmişdir. 1938-40-cı illərdə Azərbaycan Neft Emalı elmi-tədqiqat institutunun “Krekinq” laboratoriyasına rəhbərlik etmişdir. 1940-42-ci illərdə Azərbaycan Sənaye İnstitutunun “Neftzavod mexanikası” kafedrasında dosent vəzifəsində işləmişdir. 1940-cı ildə “Resirkulyasiya ilə krekinqdə benzin çıxımlarının tədqiqi” mövzusunda namizədlik, 1944-cü ildə isə “Texnolologiyanın əsas məsələsi və krekinq prosesinin kinetikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1945-ci ildə “Kimya texnologiyası” ixtisası üzrə professor adına layiq gorülmüşdür. 1952-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.Professor M.F.Nağıyev 1942-ci ildən ömrünün sonuna kimi akademiya sistemində işələmişdir. Ana dilimizdə neftin texnologiyasına dair ilk dərslik onun qələminin məhsuludur. “Kimya texnologiyasında resirkulyasiya proseslərinin nəzəriyyəsi”, monoqrafiyasını dünyanın bir sıra (ingilis, alman, çin) dillərinə tərcümə etmişdir.Akademik M.F.Nağıyev əsas elmi işləri neft kimyası və texnologiyası, kimyəvi reaksiyaların kinetika və termodinamikasına həsr edilmişdir. Murtuza Nağıyev 28 yanvar 1975-ci ildə 66 yaşında Bakıda vəfat etmişdir.
1909— Sovet İttifaqı Qəhrəmanı Müseyib Abdulla oğlu Allahverdiyev Qazax rayonun Dağkəsəmən kəndində dünyaya göz açmışdır. 1936-cı ildə hərbi siyasi məktəbi bitirib və 1941-ci ildə könüllü olaraq orduda xidmətə getmişdir. Böyük Vətən müharibəsində batalyon komandiri olub. Böyük Vətən müharibəsi illərində döyüşən ordu sıralarında Moskva altındakı döyüşlərdən başlayaraq Budapeştə qədər döyüş yolu keçmişdir. Mayor Müseyib Allahverdiyevin komandir olduğu batalyon Dnepri keçərək Macarıstan ərazilərində ağır döyüşlərdə iştirak etmişdir. Batalyonun 1944-cü ilin 1 dekabrında apardığı döyüşdə düşmənin 500 əsgəri məhv edilmiş və 2200 nəfəri əsir alınmışdır. M.Allahverdiyev Budapeştin azad edilməsi əməliyyatında da iştirak etmişdir. Müharibədə göstərdiyi şücaətlərə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 24 mart tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Qazax və Ağstafa rayonlarının yeganə Sovet İttifaqı Qəhrəmanıdır. 19 may 1969-cu ildə vəfat edib.
1910— Azərbaycanın görkəmli teatr və kino rejissoru, aktyoru, Zaqafqaziyanın ilk SSRİ Xalq artisti, Azərbaycan SSR Ali Sovetinin 4 və 5-ci çağırış deputatı olmuş Adil Rza bəy oğlu İsgəndərov Gəncədə bəy ailəsində dünyaya gəlib. Ağır təbiətli idi, ancaq həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş etməyi sevərdi. Zabitəli insan idi. Onunla təmas yaratmaq o qədər də asan deyildi, ancaq dostları, yaxınları deyirdilər ki, Adil müəllimə yaxınlaşdınsa, ondan aralanmaq da müşkül işə çevrilir. “Köhnə kişilər”in təbiəti var idi onda. Elə kinoda rol seçəndə də, görünür təbiətindəki bu ştrixləri nəzərə alırdı. Adil müəllim Teatr Texnikumunu və A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil almışdı, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçmişdi. 1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçmədi bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçildi və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaratdı. Adil İsgəndərovun tamaşaları öz orijinallığı, monumentallığı ilə fərqlənirdi. “Xanlar”, “Fərhad və Şirin”, “Aydın”, “1905-ci ildə”, “Dumanlı Təbriz”, “Şərqim səhəri”, “Otello”, “Türkiyədə” və s. əsərləri tamaşaya qoyan bu istedadlı rejissor səhnəyə həmişə yeni nəfəs, yeni ruh gətirirdi. Adil müəlliminin tamaşaları həmişə teatrsevərlərin ürəyincə olardı. Adil İsgəndərovun rejissor kimi başlıca xüsusiyyətlərindən biri də tamaşalara aktyor seçmək məharəti idi. Adicə görüşdən aktyorun obraza uyğun gəlib-gəlmədiyini müəyyən edə bilirdi. Bu böyük sənətkar həm də güclü təşkilatçı idi. İnsanlarla dil tapmağı bacarırdı. Teatrda direktor işlədiyi illərdə tamaşaların keyfiyyəti yüksəldi, repertuarı zənginləşdi. Və yəqin ki, onun bu qabiliyyətini nəzərə alıb C. Cabbarlı adına “Azərbaycanfilm” kinostuduyasına direktor (1966–1974) təyin etdilər. 1966-cı ilə qədər Adil müəllim kinoda aktyor kimi işləmişdi. İlk dəfə Hüseyn Seyidzadə Adil İsgəndərova “O olmasın, bu olsun” filmində qoçu rolunu vermişdi. Əslində bu çox kiçik, epizodik bir roldur və filmdə biz onu bircə dəfə görürük. Bazar səhnəsində onun görünməsi ilə filmə xüsusi bir ovqat gəlir. Onun aktyor ifaçılığında bir bütövlük var. Adil İsgəndərovun yaratdığı obrazlar içərisində “Qanun naminə” filmindəki Kamilov xüsusi qeyd edilməlidir. Kamilov rayonda İcraiyyə Komitəsinin sədridir. Əslində mənfi tipdir. Adil İsgəndərov bu rolu o qədər təbii, o qədər səmimi ifa edir ki, tamaşaçı onun istedadına valeh olur. “Arxadan vurulan zərbə” filmindəki prokuror Dadaşlı rolu bu aktyorun böyük istedad sahibi olduğunu bir daha təsdiqlədi. Bu, onun kinoda son aktyor işi idi. “Əhməd haradadır?” bu böyük sənətkarın quruluş verdiyi yeganə filmdir. Tamaşaçı onun səmimiyyətini hər kadrda duyur. O istəyirdi ki, azərbaycanlılar öz obrazlarını kinoda da olduğu kimi görsünlər. O, təbiətcə kosmopolitlikdən çox-çox uzaq idi. Film boyu tamaşaçını xoş bir ovqat müşayiət edir. Onun qəhrəmanları əsil azərbaycanlılardır. Hadisələr çox məzəli bir süjet üzərində qurulmuşdur və tamaşaçı film boyu bu insanların taleyini maraqla izləyir. Adil müəllim burada da çox maraqlı aktyor ansamblı seçə bilib. Azərbaycan aktyorluq sənətinin Mustafa Mərdanov, Nəcibə Məlikova, Lütfəli Abdullayev, Məmmədrza Şeyxzamanov, Bəşir Səfəroğlu kimi korifeyləri filmdə maraqlı rollarda çəkilmiş və ona xüsusi təravət gətirmişlər. Adil İsgəndərovun yaradıcı irsi doğrudan da əsil məktəbdir. Və bu məktəbin yetirmələri hələ neçə-neçə illər kinomuzu, teatrımızı yaşatmaq qüdrətinə malikdirlər.
Adil İsgəndərov 1978-ci ildə 68 yaşında Bakıda vəfat etmişdir.
1916 – Sovet İttifaqı Qəhrəmanı, Azərbaycanın Daxili İşlər Naziri olmuş Xəlil Məmməd oğlu Məmmədov Şuşa şəhərində anadan olmuşdur. 1938-ci ildə Şuşa RHK-dan orduya çağırılmışdır. Müharibədə rütbəsi mayor olub. Krım, Donbas, Ukrayna uğrunda aparılan döyüşlərdə iştirak etmişdir. Rumın şəhərciyi Merqura hücum zamanı hitlerçilər tərəfindən güclü müdafiə sistemi yaradılmışdı. Məmmədovun batalyonuna müdafiəni yararaq, şəhərin digər başında yerləşən körpünü düşmən keçə bilməsin deyə partlatmaq əmri verilmişdir. Gecə həmləsi zamanı mayorun tankları beton pilləkənlərdən ibarət maneə ilə qarşılaşdı. Belə bir maneəni keçib getmək qeyri-mümkün idi. Tankçılar dəmir troslarla maneəni yox edərək, mina meydançasını keçdilər və şəhərə daxil oldular. Tapşırıq yerinə yetirilmişdi. Rumın torpağında 15 günlük mübarizə ərzində mayor Məmmədovun batalyonu düşmənin 4 tank, 2 özüyeriyən top, 64 artilleriya silahı, 191 avtomaşın, 108 pulemyot, 1375 əsgər və zabitini məhv etmişdi. Həmçinin 3 dəmiryol eşelonu, 350 avtomaşın, 4 min hitlerçi ələ keçirilmişdir. SSRİ Ali Sovetinin 24 mart 1945-ci il tarixli fərmanı ilə Məmmədov Xəlil Məmməd oğluna Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Müharibədən sonra İctimai Asayişi Mühafizə İdarəsində və Nazirlər Sovetinin Sovet orqanları şöbəsinin müdiri işləmişdir.
21 fevral 1989-cu ildə vəfat edib. Bakı şəhgərindəki II Fəxri Xiyabanda dəfn edilmişdir.
1918 — Məşhur tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi , Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü Mirəli Mir Ələkbər oğlu Seyidov Qərbi Azərbaycanın İrəvan şəhərində bəy ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi, Bakıda S.Ağamahoğlu adına hidromeliorasiya texnikumunu bitirmişdir. 1938-1944-cü illərdə Yerevan Dövlət Pedaqoji İnstitutunda, 1941-1945-ci illərdə isə Ermənistan Dövlət Universitetinin Şərq şöbəsində oxumuşdur. Həmin illər “Sovet Ermənistanı” qəzeti redaksiyasında korrektor, ədəbi işçi, gənclər şöbəsinin müdiri, məsul katibin müavini vəzifələrində işləmiş, mətbuat müvəkkili olmuşdur. Azərbaycan SSR EA-nın Nizami adına Ədəbiyyat Muzeyinin orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1945–1953), Nizami adına Dil və Ədəbiyyat İnstitutunda orta əsrlər şöbəsində baş elmi işçi (1953–1960), ədəbi əlaqələr şöbəsində baş elmi işçi (1960–1967), şöbə müdiri (1967–1980), Azərbaycan mifologiyası və orta əsrlər folkloru şöbəsinin müdiri (1980–1988), institutun xalq yaradıcılığı şöbəsində aparıcı elmi işçi işləmişdir (1987-ci ildən). 1982-ci ildə Türkiyədə keçirilən 4-cü türkoloji konqresdə Sovet nümayəndə heyətinin tərkibində olmuş, “Azərbaycan mərasimlərində teatr ünsürləri (Yuğ mərasiminə əsasən)” mövzusunda məruzə etmişdir. Ədəbi fəaliyyətə 1941-ci ildə “Sovet Ermənistanı” qəzetində çap etdirdiyi rəy və oçerklərlə başlamışdır. Həmin dövrdən mətbuatda vaxtaşırı çıxış etmişdir. 1952-ci ildə “Sayat Novanın yaradıcılığı” mövzusunda namizədlik, 1967-ci ildə “Azərbaycan-erməni ədəbi əlaqələri (ən qədim dövrdən XVIII əsrin sonunadək)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. “Azərbaycan mifologiyası Azərbaycan xalqının mənşəyini öyrənməkdə bir mənbə kimi” mövzusunda tədqiqat üzərində çalışırdı. Ümumittifaq türkoloji müşavirə və konfranslarda iştirak etmişdir.
1992-ci il aprelin 26-da Bakıda vəfat etmiş, II Fəxri xiyabanda dəfn olunmuşdur. Yaşadığı binanın divarına xatirə lövhəsi vurulmuşdur. Yasamal rayonunda adına küçə var.

1922 — Məşhur teatr və kino aktyoru Ələddin Aslan oğlu Abbasov Gəncədə doğulub. On beş yaşında Gəncə DDT-nin nəzdindəki aktyor studiyasma qəbul olunub. İki il təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb. 1939-cu ildən aktyor truppasının üzvüdür və yaradıcıhğı yalnız bu kollektivlə bağlıdır. Gəncə Dövlət Dram Teatrının səhnəsində Xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə xanım Veysəlova,Məhəmməd Bürcəliyev,Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə, respublikanın əməkdar incəsənət xadimləri Yusif Bağırov,Həsən Ağayev kimi sənət korifeyləri ilə birgə çalışıb. Ələddin Abbasov 13 iyul 2014-cü ildə 92 yaşında vəfat etmişdir. Sənət uğurlarına görə Azərbaycan Respublikasının əməkdar artisti (20 may 1958) və xalq artisti (1971) fəxri adları ilə təltif olunub. “Mən ki gözəl deyildim” (İmran), “Özgə ömrü” (Ata), “Qatır Məmməd” (Məşədi Göyüş) və sairə bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu “Dəli Kür” əsərində Cahandar ağa obrazıdır. Yaradıcılığı romantik və realist aktyor məktəblərinin poetika göstəriciləri çərçivəsində formalaşıb. Lirik-psixoloji üslublu tamaşalarda məhəbbət qəhrəmanlarını da bacarıqla oynayıb. Xarakterik səs tembri, ifadəli sifət cifət cizgiləri, cazibəli səhnə görkəmi var. Aktyorluq təhsili yoxdur, lakin yaradıcılığı yüksək peşəkarlıq zəminində formalaşıb.
1923 — Sovet İttifaqı Qəhrəmanı Mehdi Nadir oğlu QuliyevGədəbəy rayonunun Heriknaz kəndində anadan olub. M. Quliyev 1942-ci ildə Sovet Ordusu sıralarına çağrılmışdır. Pulemyotçular dəstəsinin komandiri qvardiya serjantı M. Quliyev 1943-cü ilin 27 mayında 15-ci qvardiyaçı alayın tərkibində Krasnodar vilayətinin Krım rayonunun Qorişnı kəndi ətrafındakı döyüşlərdə düşmənin 10-a yaxın əks hücumunu dəfn edərək onun 150-dən çox əskər zabitini, iki dəzgah pulemyotunu məhv etmişdir. Kerç yarımadasında Kırımın azad edilməsində igidlik göstərdiyinə görə, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür: 17 Noyabr 1943-cü ildə Qafqaz döyüşü və Kerç-Eltigen əməliyyatındakı hərəkətlərinə görə bu ada layiq görülmüşdür. Müharibədən sonra Polis (milis) polkovniki rütbəsinə qədər yüksəlmiş və uzun illər Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Müəssisədənkənar Mühafizə İdarəsinin rəisi vəzifəsində işləmişdir. 2-ci dərəcəli Vətən müharibəsi, 2 Qirmizi Ulduz ordenləri və medallara təltif olunmuşdur. Mehdi Quliyev 6 yanvar 1976-cı ildə Bakı şəhərində vəfat edib.
1930 — Məşhur muğam ustası , Xalq artisti Yaqub Məhəmməd oğlu Məmmədov Ağcabədi rayonunda anadan olmuşdur. Qarabağ xanəndəlik məktəbinin XX əsrin II yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndəsi olmuşdur. Qarabağ torpağında boya-başa çatmış Yaqub Məmmədov peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində almışdır. Görkəmli xanəndə Seyid Şuşinskidən muğam dəsgahları, xanəndəlik sənətinin sirlərini öyrənmiş, həmçinin musiqi və poeziya sahəsində dərin biliklər qazanmışdır. Yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə diqqəti cəlb etmişdir. O, bütün muğam dəstgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən bilirdi. Yaqub Məmmədov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olmuş, konsertlərdə çıxış etmişdir. Onun ifasında qrammafon vallarına yazılmış muğam dəstgahları bütün Yaxın və Orta Şərqdə yayılmışdır. Ustad xanəndə kimi püxtələşmiş Yaqub Məmmədov sənətdə öz ənənələrini yaratmışdır. Öz dövrünün bir çox xanəndələri, eyni zamanda, yeni gələn nəsil onun yaradıcılığından bəhrələnmişlər.
Yaqub Məmmədov 5 iyul 2002 -ci ildə 72 yaşında vəfat etmişdir.
1961 — Azərbaycanın Milli Qəhrəmanı İlham Müzəffər oğlu Əliyev Gədəbəy rayonunda anadan olmuşdur. Orta məktəbi 1978-ci ildə bitirmiş, 1980-ci ildə hərbi xidmətə çağırılmışdır. 1985-ci ildə İlham Əliyev Braynsk Xüsusi Orta Milis Məktəbinə daxil olur. 19 avqust 1990-cı il leytenant İlham Əliyev torpaqlarımızın müdafiəsinə göndərildi. Qazax rayonunun Əskipara kəndində döyüşən İlham qəhrəmancasına həlak oldu. Azərbaycan Respublikası Prezidentinin 6 iyul 1992-ci il tarixli, 831 saylı fərmanı ilə İlham Müzəffər oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Gədəbəy rayonunda dəfn edilib. Gədəbəy şəhərindəki 1 saylı orta məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur. 2013-cü ildə onunla yanaşı Gədəbəy rayonundan olan digər üç Milli Qəhrəman – İsgəndər Aznaurov, Məzahir Rüstəmov və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edən “Alınmaz qalanın qəhrəmanları” sənədli-bədii filmi çəkilmişdir.
1966 — Azərbaycanın Milli Qəhrəman Elşad Məmmədhənifə oğlu Yəhyayev Şəki şəhərində doğulmuşdur. 1983-cü ildə Xətai rayonundakı 56 saylı orta məktəbi bitirmişdir. 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər Məktəbinə daxil olmuşdur. 1991-ci ildə leytenant rütbəsi ilə Vətənə dönəndə, artıq Qarabağ müharibəsi başlamışdı. Elşad könüllü olaraq DİN-ə müraciət edir və onu “N” saylı hissəyə taqım komandiri təyin edirlər. Cəsur komandir Sırxavənd, Naxçıvanlı, Papravənd kəndlərində gedən döyüşlərdə iştirak edir. Ermənilərə öz şücaətini göstərən döyüşçü xeyli qulduru məhv etmişdi. Naxçıvanlı kəndində qaynar döyüşlər gedirdi ermənilər ağır itki verdilər və geri çəkildilər…Elşad bu döyüşdə xeyli düşməni məhv etmişdi lakin qəfil snayper gülləsi onun gənc ömrünü qırdı 20 iyun 1992-ci il o, qəhrəmancasına şəhid oldu. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Yəhyayev Elşad Məmmədhənifə oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Şəki rayonundakı 12 saylı məktəb qəhrəmanımızın adını daşıyır. Bakı şəhərindəki 56 saylı orta məktəbdə büstü qoyulub.
1969 — Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın Xalq artisti Ayan Oqtay qızı Mirqasımova Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbini bitirib (1986). Moskvada ÜDKİ-nin kino və teatr aktyorluğu ixtisasında (Aleksey Vladimiroviç Batalovun sinfində) təhsil alıb (1986-1990). 1991-ci ildən S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. Teatrda aktrisalıqla yanaşı xoreoqrafiya quruluşlarını da verir. Xarici film istehsalçılarının filmlərində də çəkilib: “Kiçik” (1993, Özbəkfilm, rej: Rano Kubayeva) və “Yelləncək” (2005, NTV, Rusiya, serial, rejissor: Vyaşeslav Nikiforov) filmlərində yer alıb. “Apofiqey – 99” teatr mükafatı tamaşaçı rəğbəti nominasiyası, I Beynəlxalq Madrid Kinofestivalında “ən yaxşı qadın rolu” mükafatı, XII Beynəlxaq Daşkənd Kinofestivalının “qızıl zanbaq”, MDB və Baltrikyanı ölkələrin Açıq Kinofestivalının “Qorqipiya” mükafatı laureatı, “Humay” mükafatçısıdır.
1970— Azərbaycanın Milli Qəhrəmanı Pərviz Əbdüləhəd oğlu Səmədov Gəncə şəhərində anadan olmuşdur. 1977-1985-ci illərdə Gəncədəki 1 saylı orta məktəbdə təhsil almışdır. 1988-ci ildə orduya çağırılır Çitada iki il xidmət etdikdən sonra isə vətənə dönür. Bir müddət burada Toxuculuq Kombinatında işləyir. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi Vətən övladı kimi Pərvizi də narahat edirdi. O, könüllü olaraq 22 fevral Ağdam cəbhəsinə gəlir və komandir təyin edilir. Şelli, Pircamal, Naxçıvanlı, Aranzəmin kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuşdu. Pərviz kəşfiyyat hissəsinə başçılıq edirdi onun sayəsində erməni yaraqlılarının onlarla zirehli texnikası, silah-sursatı aşkarlanıb məhv edilmişdi. 1992-ci il 15 may Ağdamın Gülablı kəndində dəhşətli döyüşlər gedirdi. Pərviz başda olmaqla bölüyü döyüşə atıldı ermənilər tərəfindən vurulmuş “Təcili yardım” vertolyotunun ekipajını xilas etmək mümkün oldu lakin işğalçı, təcavüzkar ermənilərin snayper gülləsi gənc komandir Pərvizin qəlbini əbədi olaraq susdurdu. O, 22 yaşında ömrünün baharında Vətənimiz uğrunda qəhrəmancasına həlak oldu. Səmədov Pərviz Əbdüləhəd oğlu Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Gəncə şəhərində dəfn edilib, qəhrəmanımızın adına burada küçə var.
1970— Azərbaycanın Milli Qəhrəmanı Rzayev Qasım Qara oğlu Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuşdur. 1987-ci ildə burada məktəbi bitirən Qasım sürücülük peşəsinə yiyələnir. 1988-ci il hərbi xidmətə çağırılır. 1990-cı ildə xidmətini başa vuran Qasım Vətənə dönür. Könüllü özünümüdafiə batalyonlarından birinə yazılır. Qasım Rzayev Muncuqlu, Ağdam, Hacallı kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdur. Qasım idarə etdiyi avtomobilə mərmiatan qurğu qoşaraq düşmənin başına od ələyirdi. Qasımın bu qəhramanlığı hamını heyrətləndirmişdi. 1992-ci il 11 fevral “Qan çanağı” deyilən ərazidən hücuma keçən erməni yaraqlıları bir dəstə döyüşçü ilə rastlaşdılar. Bu Qasımın başçılıq etdiyi dəstə idi, onlar işğalçıları məhv etməklə yanaşı, ermənilərə məxsus bir PDM-ni də, alova bürüdülər. 14 may 1992-ci il erməni işğalçı dəstələri ağır texnikalarla Tovuz rayonunun sərhədyanı bölgələrinə hücum etmişdilər. Qasım bir-birinin ardınca 20 raket atdı. Bir müddət sonra ətrafa sakitlik çökdü. Erməni quldurları qəfil top atəşinə başladılar, mərmilərdən biri onun maşınının düz üstünə düşdü. Qasım ömrünün 22-ci baharında Vətənimiz uğrunda, torpaq uğrunda qəhrəmancasına həlak oldu.Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Rzayev Qasım Qara oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir. Tovuz rayonunun Əlibəyli kənd qəbristanlğında dəfn edilib. Hacallı kənd orta məktəbi qəhrəmanımızın adını daşıyır. Rejissor Etibar Məmmədov Qasım Rzayev haqqında Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun təqdimatı ilə “Qasımın andı” adlı sənədli film çəkmişdir.
Vəfat etmişdir:
1852 – Şimali Qafqaz xalqlarının əslən Dağıstanın Xunzax kəndindən olan görkəmli rəhbərlərindən biri olmuş Hacı Murad vəfat etmişdir. Milliyətcə avardır. Lev Tolstoyun eyniadlı əsərinin baş qəhrəmanıdır. 1816-cı ildə avar xanlığında doğulmuşdur. 1834-cü ildə qardaşı Osmanın Həmzət bəy Avarlıya qarşı təşkil etdiyi sui-qəsddə iştirak etməklə məşhurluq qazanmışdır. Sonralar rus ordusu və avarlar arasında aparılan danışıqlarda vasitəçi olmuşdur. 1836-cı ildə Hacı Murad Şeyx Şamillə gizli əlaqələr qurmaqda ittiham edilərək general Klüqenaunun əmri ilə həbs olunur və Temir-xan Şuraya göndərilir. Lakin yolda qaçmağa müvəffəq olur. Həmin vaxtdan etibarən onu bütün avar kəndlərinin naibi təyin edən Şamilə xidmət etməyə başlayır. Hacı Murad o dövrün bütün hərbi əməliyyatlarında – xüsusilə də ruslara qarşı 1843-cü ildəki döyüşlərdə iştirak etmiş və vacib rol oynamışdır. 1851-ci ildə bəxti ondan üz döndərir: onun Tabasarana yürüşü uğursuzluqla nəticələnir və bundan sonra Şamillə münasibətləri pozulur. Şamilin intiqam alacağından qorxan Hacı Murad həmin il Çeçenistana qaçır və ruslara təslim olur. Ruslar onun dağlılar arasındakı hörmətindən istifadə edərək onları öz tərəflərinə çəkmək qərarına gəlirlər. Təxminən bir il ruslara xidmət edən Hacı Murad satqınlığını sonadək öz boynuna götürə bilmir və qaçmağa cəhd göstərir. Silahdaşları ilə saxlandığı Nuxa (İndiki Şəki) qalasından qacan Hacı Murad Qaxın Tanqıt kəndi yaxınlığında İlisu pristavı kapitan Hacı Ağa və oğlu kornet Əhməd xanın başçılıq etdiyi dəstə və sonradan onların köməyinə gələn Nuxa qalasının komendantı mayor Korqanovun rəhbərliyi altında olan kazaklar tərəfindən mühasirəyə alınır. 11 saata yaxın davam edən vuruşda Hacı Murad və silahdaşları öldürülür. Bir müddət Tiflis yanğınsöndürmə deposunda saxlanılan baş sonradan Çar I Nikolayın əmri ilə görkəmli rus anatomu və cərrahı N.N.Piroqova göndərilir. N.N.Piroqov tərəfindən mumiyalandıqdan sonra başı Sankt-Peterburq Hərbi-Tibb Akademiyasının muzeyində nümayiş etdirilir.

1921 — Avstriyalı yəhudi əsilli pasifist, jurnalist, naşir və Alman Sülh Cəmiyyətinin qurucularından biri olmuş Alfred German Frid vəfat etmişdir. Alfred German Frid 11 noyabr 1864-cü ildə Vyanada doğulmuşdur. O, 1911-ci ildə Tobias Asser ilə birlikdə Nobel Sülh mükafatına layiq görülmüşdür.Alfred Frid haqqında əsas faktlar:Fəaliyyəti: Frid, xüsusilə “Die Waffen Nieder!” (“Silahları yerə qoyun!”) adlı sülh jurnalı və “Die Friedens-Warte” (“Sülh keşikçisi”) nəşri ilə tanınırdı. O, 2000-dən çox məqalə yazmış və beynəlxalq hüquq, arbitraj (beynəlxalq məhkəmə) və silahsızlanma mövzularında fəal təbliğat aparmışdır.Nobel Komitəsi Fridə “beynəlxalq münasibətlərdə anarxiyanın aradan qaldırılması və sülhün bərqərar olması uğrunda göstərdiyi səylərə görə” Nobel mükafatı vermişdir. Frid Esperanto dilinin beynəlxalq ünsiyyət vasitəsi kimi sülhə töhfə verəcəyinə inanırdı və bu dildə dərsliklər dərc etmişdir.I Dünya Müharibəsi zamanı Almaniyanın militarist siyasətinə qarşı çıxdığı üçün İsveçrəyə köçmüş və müharibədən sonra Avropanın sülh yolu ilə birləşməsi (Pan-Avropa) ideyalarını müdafiə etmişdir.

1992— Azərbaycanın Milli Qəhrəmanı Yunis Əsgər oğlu Əliyev Vətən uğrund döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Yunis Əliyev 1958-ci il oktyabrın 9-da Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuşdu. 1973-cü ildə həmin kənddə səkkizinci sinfi bitirmiş, sonra təhsilini Dəliməmmədli şəhərindəki 102 nömrəli texniki-peşə məktəbində davam etdirmişdi. Yunis 1976-cı ildə ordu siralarına çağırılmış və hərbi xidmətini Tacikistanda başa çatdırmışdı.
1992-ci ildə Goranboy rayonunda yaradılmış ikinci batalyona üzv yazılmışdı. Erməni ordusuna qarşı ilk döyüşü Ağdərə bölgəsində olmuşdu. O, 1992-ci il mayın 4-də Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndini mühafizə edən bölük Talış kəndində yerləşən ermənilərin mövqelərini susdurmaq üçün “Yaltaxıl” adlı əməliyyat planı hazırlamışdı. Həmin əməliyyat uğurla başa çatmışdı. Bir gün sonra ermənilərin qəfil hücumu nəticəsində döyüşçülərimiz əvvəlki mövqelərindən çəkilməli olmuşdular. Elə həmin döyüşdə Yunis erməni gülləsinə tuş gələrək qəhrəmancasına həlak olub. Onun meyiti 43 gündən sonra Talış kəndi azad edildiyi zaman tapılmışdı.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Əliyev Yunis Əsgər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Yunis Əliyev 1992-ci il iyunun 16-da Qızılhacılı kəndində dəfn olunub. Qızılhacılı kənd 3 nömrəli uşaq bağçası onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulub.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Qarabağ müharibəsi şəhidi Fikrət Əli oğlu Hacıyev Vətən uğrunda döyüşlərdə həlak olmuşdur.
Fikrət Hacıyev 1 9 may 1964 – cü ildə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuşdur.
Fikrət Hacıyev 1978-ci ildə səkkizinsi sinfi bitirərək, Gəncə texniki-peşə məktəbində elektrik ixtisasına yiyələnmişdir. 1982-ci ildə Goranboy rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti Ufa şəhərində keçirmişdir. Hərbi xidmətdən sonra Bakı Kooperativ Texnikumunda oxumuşdur.
1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yazılmışdır. Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Qaraçinar və digər yaşayış məntəqələrinin müdafiəsində fəal iştirak etmişdir.
1992-ci il may ayının 5-də Goranboy uğrunda döyüşlərində qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Fikrət Əli oğlu Hacıyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Qızılhacılı kənd qəbristanlığında dəfn edilmişdir.
Ballıqaya kənd orta məktəbi onun adını daşıyır.
Goranboy rayonunda büstü qoyulmuşdur.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Sərxan Surxay oğlu Ocaqverdiyev Vətən uörunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Sərxan Ocaqverdiyev 16 iyul 1967-ciildə Goranboy rayonu Səfikürd kəndində anadan olmuşdur. 1985-ci ildə Tatarlı kənd orta məktəbini bitirdikdən sonra Xabarovsk şəhərində hərbi xidmətdə olur. 1988-ci ildə hərbi xidmət borcunu yerinə yetirib Vətənə dönmüş və Gəncə Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1991-ci ildə təhsilini uğurla başa vurub, Gəncə Maşınqyırma Zavodunda əmək fəaliyyətinə başlamışdır. 10 yanvar 1992-ci ildə Goranboy özünümüdafiə batalyonuna üzv yazılıb, Şəfəq, Zeyvə, Tap Qaraqoyunlu kəndlərinin müdafiəsi zamanı qanlı döyüşlərdə iştirak edib. Həm də şəxsi hünər nümunələri ilə. Goranboyun Talış kəndi ermənilərə ərazicə ən yaxın kənd hesab olunurdu. Onlar bu kənddə aramsız hücumlar edirdilər. Lakin Goranboyun mərd oğulları sinələrini düşmənin qarşısında sipərə çevirirlər. 5 may 1992-ci il… Erməni faşistləri növbəti dəfə Talış kəndinə hücuma keçir. Qeyri-bərabər döyüş gedirdi. Vətənin qeyrətli oğlu Sərxan Ocaqverdiyev bu qanlı döyüşdə qəhrəmancasına həlak oldu. Azərbaycan Resbublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Sərxan Surxay oğlu Ocaqverdiyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir. Səfikürd kəndində dəfn edilmişdir. Təhsil aldığı Tatarlı kənd orta məktəbi onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulmuşdur.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.