
“Repetitorluğun kiçik bir qrup insana bacarıqların öyrədilməsi kimi mənşəyi ilk dəfə Qədim Misir mənbələrində (məsələn, kahinlərin təlimi) qeyd olunur. Orta əsr Çinində “böyük repetitor” vəzifəsi var idi – taxt varisini yetişdirmək vəzifəsi daşıyan müdrik məmur.”
Giriş
Repetitorluq haqqında çox danışılır: səbəblər, nəticələr, məktəbin rolu… Amma bu sistemin bir də görünməyən tərəfi var — hamının bildiyi, lakin açıq şəkildə deməkdən çəkinilən həqiqətlər.
Yuxarıdakı fikir artıq mübahisə mövzusu deyil, reallığın özüdür.
Məsələ repetitorlarda deyil, repetitorluqdadır
Repetitor müəllimlərin fəaliyyətini tənqid etmək doğru yanaşma deyil. Əksinə, bugünkü nəticələrin əhəmiyyətli hissəsi məhz onların zəhməti hesabına əldə olunur. Hər müəllim repetitor ola bilmir — bu, ayrıca peşəkarlıq tələb edir.
Problem fərddə deyil. Problem sistemdədir.
Söhbət “repetitorlardan” yox, “repetitorluq fenomenindən” gedir. Bu fenomen artıq məktəbin nüfuzuna təsir edən, ona olan etimadı zəiflədən amilə çevrilib.
Repetitorluq təhsil sisteminin çatışmazlıqlarını üzə çıxarır. Bunu təhsil siyasətindən ayrı düşünmək mümkün deyil. Çünki repetitorluğa ehtiyac, ilk növbədə, məktəbin öz funksiyasını tam yerinə yetirə bilmədiyini göstərir. Bu isə dövlətin keyfiyyətli təhsil siyasəti ilə ziddiyyət təşkil edir.
Təsadüfi deyil ki, repetitorluq bu gün “kölgə təhsili” adlandırılır. O, rəsmi təhsillə paralel fəaliyyət göstərərək məktəbin rolunu kölgədə qoyur.
Təhsil: missiya, yoxsa bazar?


Tez-tez deyirik ki, təhsil dövlətin strateji sahəsidir. Amma reallıq fərqli mənzərə yaradır:
-hazırlıq kursları.
-test topluları.
-əlavə dərs vəsaitləri.
-iş dəftərləri…
Bütün bunlar artıq böyük bir bazara çevrilib.
Dövlət hər kəs üçün bərabər təhsil imkanlarının təminatçısı olmalıdır. Amma repetitorluq maliyyə imkanlarından asılı olaraq fərqli nəticələr yaradır: daha çox vəsait — daha yüksək nəticə.
Bu isə təhsilin humanist mahiyyətinə ziddir.
Şagird üzərinə düşən yük
Araşdırmalar göstərir ki, dərsdən sonra əlavə məşğələlər uşaqların həddindən artıq yüklənməsinə səbəb olur. Bu, yorğunluq, istirahət və hobbi üçün vaxtın azalması deməkdir.
Halbuki məktəb proqramları yaş xüsusiyyətlərinə uyğun şəkildə tərtib olunub. Amma reallıqda bir çox ailələr uşaqları dərsdən çıxan kimi əlavə kurslara yönləndirir.
Bu isə uzunmüddətli perspektivdə həm psixoloji, həm də akademik nəticələrə mənfi təsir göstərir.
Problemin digər tərəfi

Dərsliklərin keyfiyyəti məsələsi də ciddi müzakirə mövzusudur. Hər yazılan dərsliyi və ya test toplusunu təhsil sisteminə daxil etmək düzgün deyil.
Keyfiyyətli təhsil üçün iki əsas amil vacibdir:
Dərslik və proqramların keyfiyyətinin yüksəldilməsi
Müəllimlərin sosial rifahının yaxşılaşdırılması
Müəllimin maddi təminatı artmadan, onun yalnız məktəbdə yüksək nəticə göstərməsi gözlənilən deyil.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.