Küllühüm aləmi tuta qiylü qal,
Heç adətdə yoxdur elçiyə zaval.
El namusu elə düşər, əzizim,
Yaman yerə yetib işimiz bizim.
Qasım bəy Zakir – “Tərlan və elçi”


Bu ifadə Şərqdə çox qədim tarixi olan bir adətlə əlaqədardır. Qalib hökmdarlar məğlubları həmişə öz əsarətində saxlamaq üçün onların övladlarını və ya çox yaxın adamlarını “zaval” olaraq öz saraylarında yaşamağa məcbur edirdilər. Bu mənada “zaval” sözü “girov” anlayışına uyğun gəlir (lakin girov cansız əşyalardan olur və başqa səciyyəlidir). Zaval kimi sarayda saxlanan adamlar isə nə qədər olsa da, özlərini azad, sərbəst hesab edə bilmirdilər, yad mühitdə aciz, yazıq görkəm alırdılar, buradan da “zavallı” sözü meydana gəlmişdir.
Elçi sifəti ilə göndərilən şəxs isə zaval olaraq saxlanıla bilməzdi.
Tarixdən məlumdur ki, eramızdan əvvəl 659-cu ildə Manna hökmdarı Axşeri Assuriya ilə müharibədə öldürülür.
Onun oğlu Yalli isə qaliblərlə sülh bağlayır və zaval olaraq öz oğlunu və qızını Aşşurbanipalın hüzuruna (sarayına) göndərir.
Bu ifadə Q.B.Zakirin “Tərlan və elçi” təmsilində belə işənmişdir:”Heç adətdə yoxdur elçiyə zaval”.
Y.V.Çəmənzəminlinin “Qan içində” romanında Şahnisə
İrana ərə verdiyi qızı haqqında danışarkən belə bir dialoq verilir:
“–Yaxşı, təkmi göndərək, yoxsa xanzadələrdən birini qoşaq? Nə məsləhət görürsən?
Vaqif düşündü. ”Məncə, –dedi, – xanzadə qoşmaq lazım deyil. Kim nə bilir, nə ola bilər…Xanzadəni Tehrana zaval apara bilərlər. Onda gərək İrandan nə əmr gəlsə, boyun əyək.
Şahnisə xanım qorxulu sifətlə soruşdu: – Bəs qız? – Qıza zaval yoxdur. Ondan arxayın ol”.
Göstərilən adətlə əlaqədar “zaval” sözü ümumiləşərək “bəla, fəlakət” mənası kəsb etmişdir.
“Dədə Qorqud” dastanlarında Təpəgözü doğmuş Pəri qızı çobna deyir:”– Çoban! Əmanətini al! Amma Oğuzun başına zaval gətirdin”. (Dastanların Bakı nəşrində bu söz “xəstəlik” şəklində şərh olunur ki, bu səhvdir).
H.Abbaszadənin “Burulğanlar” romanında deyilir: “Qayıqları dənizdə tufana düşüb batmışdımı? Ya Xəzərdə keşik çəkən ingilislərin zavalına gəlmişdilər?”
Musa Adilov- Filologiya elmləri doktoru, professor
