Zoğalla Gilas Müqayisə Olunarmı? – Səthi Komplimentlər və Dərin Həqiqətlər

Mövqe

Giriş Əvəzi

Müasir medianın ən böyük problemlərindən biri auditoriyaya nəyi, necə və kimin dili ilə təqdim edəcəyini dəqiq qura bilməməsidir. “Yeni Sabah” xəbər saytının bugünkü sayında ekranlarda yumoristik obrazları ilə tanınan 45 yaşlı həvəskar aktyor Elməddin Cəfərovla bir müsahibəyə rast gəldim. Əksər media subyektlərindı belədir. Bu mənzərə mənə tariximizin ən ağır illərini xatırlatdı. 1941-1945-ci illər müharibəsində elin-obanın, sənətin əsl kişiləri, korifeyləri cəbhəyə yollanmışdı; yerlərdə onları azyaşlı uşaqlar, təcrübəsiz həvəskarlar əvəz edirdi. Bu gün yerli mediaya baxanda elə bir təəssürat yaranır ki, sanki sənətin və fəlsəfənin Qurban kişilərini, İsfəndiyar kişilərini, Kərim babalarını, Dədə Bəhmənlərini yenidən mənəvi bir səfərbərliyə alıb aparıblar. Meydan bomboş qalıb. İndi cəmiyyətdə nə bir ciddi məsələ müzakirə olunanda, nə də auditoriyaya dərin bir söz söyləmək lazım gələndə əsl müdriklərin səsi eşidilir. Media dərhal şou nümayəndələrinə – Tolikə, Nadirə, Rəqsanəyə, Elgizə üz tutur. Eləcə də Elməddinə, Rəvan Qarayeüvə, daha kimlərə. Onların bəsit, şablon və həyat fəlsəfəsindən uzaq şərhləri mənəviyyat qəzetlərinin baş səhifələrini bəzəyir. Qorxulu olanı odur ki, sənət adından danışan həvəskarlar da axırda bu şou mühiti ilə qaynayıb-qarışacaq, əllərindəki sənət tüfəngini atıb tamamilə o tərəfə – səthiliyin tərəfinə keçəcəklər.” Mətbuat, televizya ictimai tribunadır cəmiyyət fərqli fikirlər də eşitmək istəyir. Amma ümumiləşdirmə, axlaqi-tərbiyəvi sonluqla duvaqqapma yapmaq onların işi deyil. Biz televiziyadan görkəmli rejissor, teatrşünas, pedaqoq, tənqidçi, tərcüməçi, Xalq artisti Mehdi Məmmədovun, məşhur teatrşünas-tənqidçi , jurnalist, Əməkdar incəsənət xadimi İlham Rəhimlinin, Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabovun, Xalq artisti, rejissor Həmidə Ömərovanın hər cümləsindən bir həyat fəlsəfəsi əxz edirdiksə,  bugünkü zorla populyar edilmiş simaların müsahibələri auditoriyaya nə sənət, nə də həyat dərsi verə bilir. Əksinə, cəmiyyətdə ciddi mövzulara qarşı səthi və “ziyanlı” yanaşmalar formalaşdırır.

,
Səthi Komplimentlər və Reallıq
E. Cəfərov müsahibəsində “Titanik” gəmisini misal gətirərək qadınların daş karxanasında işləməməli olduğunu, onların hər zaman kişidən üstün və “baş tacı” olduğunu vurğulayır. İlk baxışdan bu fikirlər qadına qarşı böyük bir hörmət və kompliment kimi görünsə də, əslində məsələnin daxili mahiyyətini bəsitləşdirməkdən başqa bir şey deyil. Qadını sadəcə “müqəddəs və zəif” bir çərçivəyə salıb, onun cəmiyyətdəki real hüquqi, sosial problemlərinin üstündən keçmək fəlsəfi baxımdan yanlışdır.

Filosof Əbu Turxanın dediyi kimi, bərabərlik iddiası bəzən mexaniki anlaşıldıqda ailəni sarsıda bilər. Çünki qadınla kişi eyni kateqoriyanın elementləri deyil ki, onları tərəzinin eyni gözünə qoyub ölçəsən. Zoğal da meyvədir, gilas da. Onları eyni tərəziyə qoyub “hansı daha üstündür?” demək nə qədər absurddursa, kişi və qadını da mexaniki olaraq bərabərləşdirmək və ya birini digərindən üstün elan etmək o qədər mənasızdır. Onlar bir-birini tamamlayan tam fərqli dünyalardır.

Kişi Qanundur, Qadın İman…
Əslində, bu mövzuda ispan poeziyasından tərcümə olunmuş bir şeir insan fəlsəfəsinin zirvəsini göstərir. Elməddinin “daş karxanası” bəsitliyindən fərqli olaraq, poeziya kişi və qadının fərqliliyini belə izah edir:
“Kişi yaranışdan üstün,
Qadınsa yaradılmışların üstünü.
Kişi beyin .
Qadın ürək.
Beyin işıq yayır ,
ürək məhəbbət.
İşıq həyat verir, məhəbbət qanad.
Kişinin qüdrəti ağlında gizli,
Qadınınsa gücü – gőz yaşlarında.
Ağıl inandırır,
Göz yaşlarısa –
susdurur,
sarsıdır,
həyəcan verir.
Kişi bütün qəhrəmanlıqlara
hazır,
Qadın bütün – əzablara …
Qəhrəmanlıq – şöhrət demək,
Cəfakeşlik – ucalıq.
Kişi qanun kitabı tək,
Qadın – İncil, ( Quran. )
Qanun islah edər,
iman – mükəmməl….!
Kişi fikirləşər,
Qadın arzular.
Fikirləşmək bir yığın qırış – beyində,
Arzu etmək isə,
nurlu gələcək var önde.
Kişi bir qartal ki, hey qanad açar,
Qadın – bülbül,
nəğmələr qoşar !
O, uçar – səmanı sahiblənərək.
O isə, qəlbləri fəth eder,
ram edər tək-tək …
Nəhayət,
torpaq bitən yerdə kişi dayanar.
Üfüqdnəsə birbaş
qadın başlayar!”
Ulu babalarımızın, fəlsəfəmizin bizə qoyduğu miras budur: Ailədə Atanın üstün, istiqamətverici və qoruyucu rolu danılmazdır. Əsl qadın ucalığı isə bu nizama, yaradılışın ahənginə əməl edərək öz arzularını və ailəsinin xoşbəxtliyini gerçəkləşdirmək bacarığındadır.

Nəticə: Media Kimə Tribuna Verməlidir?
Cəmiyyət olaraq bəsit şou-biznes yanaşmalarından, efir xatirinə deyilən “qadınlar başımızın tacıdır” tipli şablon komplimentlərdən uzaqlaşmalıyıq. Saytlar və qəzetlər auditoriyaya dərinlik təqdim etməlidir. Bizə şou elementlərinin səthi fikirləri yox, insan ruhunun və ailə institutunun dərinliklərini izah edən fəlsəfi baxışlar lazımdır. Çünki torpaq bitən yerdə kişi dayansa da, üfüqlərdən başlayan qadın ruhunu anlamaq üçün daha dərin zəka lazımdır.

Leave a Reply