Mövqe:

Şah Xətayi ayatından,
Sözün söylə öz zatından,
Оlmaya kim, pir qatından
Səni edə irağ bir söz.

Sosial şəbəkələrin birində (https://paralel.az/az/article/581522 və sair ) qarşıma çıxan bir başlıq diqqətimi çəkdi: “Bu qızlarla evlənməyin – Tövsiyyələr”. Əvvəlcə elə bildim ki, əksər mətbu orqanlarda dəbdə olan, kütləvi maraq üçün tirajlanan gündəlik qoroskop və ya bəsit məişət yazılarından biridir. Sərlövhədəki “tövsiyə” sözünün iki “y” ilə (tövsiyyə) yanlış yazılışı da bu formatda bir mətnlə qarşılaşacağıma dair təxminlərimi gücləndirdi. Amma elə ilk cümlədəcə bu “tövsiyəni” edən şəxsin bir professor olduğu xəbərdarlığı, məni yazını sonadək oxumağa vadar etdi. Təəssüf ki, oxuduqca mətndəki “tövsiyə” sözünün mənası mənim həyatdan bildiyim, böyük əsərlərdən əxz etdiyim anlamların heç birinə uyğun gəlmədi.Gərək auditoriyaya söz demək məsuliyyətini boynuna götürmüş müdrik böyüklər, ustad Xətai demiş, “sözünü yaxşı bişirsin, ölçüb-biçsin”:

Sözünü bir söyləyənin
Sözünü edər sağ bir söz.
Pir nəfəsin dinləyənin
Yüzünü edər ağ bir söz.
Bir söz vardır xalq içində,
Dəxi söz var xülq içində,
Оlmaya ki, dəlq içində
Deyəsən çarqadağ bir söz.
Söz vardır, kəsdirər başı,
Söz vardır, kəsər savaşı,
Söz vardır ağulu aşı,
Bal ilən edər yağ bir söz.
Sözünü yaxşı bişirgil,
Yaxşı us ilə düşürgil,
Yaramazını şaşırgil,
Canına оlur dağ bir söz.
İstərəm görəyim yarı,
Bu rəmzi anlagil barı,
Hezaran əhli-iqrarı
Elər qara tоprağ bir söz.
Şah Xətayi ayatından,
Sözün söylə öz zatından,
Оlmaya kim, pir qatından
Səni edə irağ bir söz.
Tövsiyə — qarşı tərəfə həyati vacib məsələlərdə bələdçilik etmək tutumu və təsiri olan faydalı məsləhət, nəsihət və ya təklifdir. Mənşəyinə görə ərəb dilindəki “tawṣiya(t)” kökündən gəlir. Tarixi və mənəvi mənada bu kəlmə bir şəxsin ömrünün son anında doğmalarına etdiyi müqəddəs tapşırığı, nəsihəti, yəni, yaxınlarına söz demək haqqı olan kəslərin iradəsini ifadə edir. Daha geniş anlamda isə ali rəhbərlərin, elin ixtiyar qocalarının topluma verdiyi nəsihətlərdir.Məna təkamülü bu sözə getdikcə “əmanət edilən dəyərli söz” statusu qazandırmışdır. Amma bu söz, ilk eşidildiyi anda belə insanda qayğı və pasibanlıq assosiasiyası doğurmalıdır; vahimə, ümidsizlik yaratmamalıdır. O, insanın varlığına bir ana nəfəsi kimi toxunan, qoruyan, əsirgəyən və sığınacaq olan bir pasibanlıq libasıdır. Tövsiyə pıçıldananda ruh sakitləşir. Çünki bu söz, sadəcə bəsit bir məsləhət deyil, qəlbin qəlbi qoruması, bəşəri bir qayğının doğuluşudur. O, insanın insanı sarsıntılardan hifz etmək üçün uzatdığı görünməz bir himayədar əl olmalıdır. Mən bu professoru ancaq televiziyadan tanıyıram. Beynəlxalq hüquq üzrə kamil bir mütəxəssis, alim kimi qəbul edirəm. Amma irəli sürdüyü bu son “tövsiyə”sini onun akademik reputasiyasına heç cür uyğunlaşdıra bilmədim. Bir filoloq, sözlərin ifadə etdiyi üslubi məna çalarlarına yaxın olan bir insan kimi, professorun bu yanaşmasında müdriklik şəfqəti görmürəm. Təqdim olunan mətndə “tövsiyə” kəlməsi özünün o zərif, qoruyucu mahiyyətindən tamamilə qoparılaraq bir növ hökm, qəlibləşdirmə (stereotip) və ittiham alətinə çevrilib.Üstəlik, mətndə həm linqvistik, həm də məntiqi baxımdan müəyyən naqisliklər var. Əvvəla, professor da, saytın redaktoru da heç olmasa sərlövhədəki sözü doğru (tək “y” ilə) yazmalı idilər. Lakin məsələ təkcə orfoqrafik xəta ilə bitmir; burada sözün mənəvi ruhuna da sayğısız yanaşılıb. Mətndə “tövsiyə” adı altında insanlara bölücülük, ümumiləşdirmə və önmühakimə diktə olunur. Bir qrupu — bu mətndə qadınları və ailədaxili travma almış insanları — hədəf göstərərək “onlardan uzaq durun” demək tövsiyə deyil, təcridetmə və damğalamadır. Müqəddəs bir kökdən gələn söz, burada insanları bir-birindən soyutmaq üçün istifadə edilib.Professorun irəli sürdüyü tezisləri mən , sadəcə, şəxsi və qəlibləşmiş düşüncələr kimi qəbul etdim. Onun “Oğlanlar, adətən, valideynlərindən razı olur” iddiası heç bir elmi araşdırmaya əsaslanmayan cinsiyyətçi bir yanaşmadır. Reallıqda oğlan uşaqları da ata və ya ana basqısından eyni dərəcədə “əziyyət” çəkirlər. Qadınların şüuraltı olaraq yalnız “avara və xuliqan” tipləri seçdiyini iddia etmək isə ibtidai bir təfəkkür formuludur və müasir qadının intellektual, emosional, sosial seçimlərini aşağılamaqdır. İstisnalar və bəzi fərdi nümunələr ola bilər, lakin bu kütləvi xarakter daşımırdırsa, onu niyə elmi həqiqət kimi ictimai tribunaya çıxartmalıyıq?
Unutmaq olmaz ki, həqiqi tövsiyə qəlbləri bir-birinə bağlayar, şübhələri dağıdar. İnsanları yaralarına, keçmişlərinə və fərqliliklərinə görə ayırmağı nəsihət edən hər hansı bir mətn isə heç cürə tövsiyə ola bilməz. Yazıda sanki fərdi taleləri, yaşanmış travmaları kənara qoyaraq, bütöv bir qrup (atasından narazı olan qadınları) hüquqsuz və gələcəksiz elan edir. Bir növ, insanların seçə bilmədiyi valideynlərinə görə gələcəkdə ailə qurmaq hüququnu mənəvi cəhətdən əllərindən alınır.
Heç bir hüquq fəlsəfəsi bir insanın gələcək taleyini və mənəvi dəyərini onun seçə bilmədiyi valideynləri ilə olan münasibətinə bağlayaraq mühakimə etməz.
İnsanları yaralarına və idarə edə bilmədikləri keçmişlərinə görə “müqəddəslər” və “nankorlar” deyə iki düşərgəyə ayırmaq hüquq elminin deyil, ibtidai mühakimə sisteminin məhsuludur. Elm insanı sarsıntılardan hifz edən bir pasiban, bəşəriyyəti birləşdirən bir işıq olmalıdır, fərdləri damğalayıb küncə sıxışdıran bir ittihamnamə deyil. Dilimizin zərifliyini və sözlərimizin daşıdığı o müqəddəs pasibanlıq ruhunu bu cür aqressiv, qəlibləşmiş ifadələrlə zədələmək olmaz.

Hörmətli Professor, mən görmüşəm. Kitabxabada daim zənginləşən, elmi biliklərə can atan oğlanı sevək üçün, gərək onu bəyənəcək qız da bu yolun yolçusu olsun. Sevmk From demişkən əyləncə məkanı olmayacaq. Ailə bu birliyi yaratmağı əhd edən, arzulayan, bunun üçün can atan və qovuşandan sonra tərəflərin birgə səyləri və zəhmətləri ilə qazanılacaq SƏADƏT olacaq.