Baş redaktordan

Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz.
Sokrat

Bu gün Azərbaycanın təhsil tarixinə Qafqazda pedaqoji elmlər üzrə ilk qadın elmlər doktoru kimi həkk olunmuş Əməkdar müəllim Rəfiqə Mustafayevanın anadan olmasının 90 illiyi tamam olur. Rəfiqə xanımı xatırlayanda təkcə böyük alim və tanınmış pedaqoq deyil, həm də insan talelərinə işıq saçan nəcib bir şəxsiyyət göz önünə gəlir. Orta məktəbdə oxuduğum illərdə onun mənimlə həmyaşıd olan övladı ilə məktublaşırdıq. Sonralar, 1972-ci ildə Bakıya gəlib ali məktəbə qəbul olmaq arzusu ilə yaşadığım çətin günlərdə də Rəfiqə xanım məni diqqətindən və qayğısından kənarda qoymadı. Həmin il qəbul ola bilməsəm də, onun mənəvi dəstəyi, səmimi münasibəti və inamı yoluma işıq saldı. Ali məktəbə qəbul olunduğum zaman isə ən çox sevinənlərdən biri məhz o oldu. Buna görə də mənim yaddaşımda Rəfiqə Mustafayeva yalnız böyük alim kimi deyil, həm də əsl müəllim, əsl ana kimi yaşayır. Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Azərbaycan Respublikasının Əməkdar müəllimi olan Rəfiqə Mustafayeva ömrünü Azərbaycan təhsilinin inkişafına, gənc nəslin tərbiyəsinə və elmi-pedaqoji fikrin zənginləşməsinə həsr etmişdir. Onun fundamental elmi araşdırmaları, dərslikləri və metodik əsərləri bu gün də pedaqoji ictimaiyyət üçün qiymətli mənbə olaraq qalır. Yüzlərlə müəllim və alim onun elmi məktəbindən bəhrələnmiş, ölkəmizin təhsil sistemində layiqli yer tutmuşdur. Rəfiqə Mustafayeva yalnız auditoriyalarda dərs deyən müəllim deyildi. O, bütöv bir nəslin düşüncə tərzinə, dünyagörüşünə və həyat yoluna təsir göstərən böyük maarifçi idi. Onun fəaliyyəti Azərbaycan pedaqogikasının inkişaf salnaməsində xüsusi bir mərhələ təşkil edir. Bu gün cismən aramızda olmasa da, onun işıqlı xatirəsi, zəngin elmi irsi və yüksək mənəvi keyfiyyətləri onu tanıyanların qəlbində yaşayır. Böyük alim, fədakar pedaqoq və nəcib insan Rəfiqə Mustafayevanın əziz xatirəsi hər zaman ehtiramla anılacaq, Azərbaycan elminə və təhsilinə bəxş etdiyi töhfələr isə gələcək nəsillərə örnək olacaqdır.
