Tarixdə bu gün
İlin 182-ci (uzun illərdə 183-cü) günü.

Mühüm hadisələr:
1683 — Osmanlı ordusunun Vyanaya yürüşü başlamışdır.
1966 — İlk rəngli televiziya yayını Kanadanın Toronto şəhərindən başlanmışdır.
1996 — Azərbaycan Respublikası İrlandiya ilə diplomatik əlaqələr qurmuşdur.
1998 — Azərbaycan Respublikası Tunis ilə diplomatik əlaqələr qurmuşdur.
Doğum günləri:

798 – Xalq qəhrəmanı Babək Bilalabadda dünyaya gəlib. Əsl adı Həsən olub. Atasının ölümündən sonra karvanlara qoşularaq Azərbaycanın hər tərəfini gəzib. Xürrəmi təlimi ilə tanışlığı Təbrizdə başlayıb…
Bilalabad yaxınlığındakı dağlarda yerləşən Bəzz qalasında Cavidan adlı varlı vilayət hakimi – xürrəmi yaşayırdı. O, bir dəfə qışda qalaya qayıdarkən qar fırtınasına düşür. Məcbur olub Bilalabada dönür. Həsənlə də bu zaman tanış olur. 16-17 yaşlı cavanın ağlına, fərasətinə heyran qalır və onu özü ilə Bəzz qalasına aparır. Həsən az vaxtda hamının hörmətini qazanır və məşhurlaşır. Cavidan döyüşlərin birində öldürüldükdən sonra onun vəsiyyətinə əsasən xürrəmilərə başçılıq edən Həsən 816-cı ildə özünə “Babək” təxəllüsü götürür.
Babək xürrəmilər hərəkatına başçılıq edib. O, həmfikirləri və silahdaşları qarşısında ərəbləri qovmaq və ədaləti bərpa etmək vəzifəsi qoymuşdu. Belə də oldu. Babəkin başçılığı ilə ərəblər öldürülür və ya ölkədən qovulurdu. Az sonra bütün Azərbaycan xürrəmilərin əlinə keçdi. Üsyan şimaldan cənuba adladı. Bu da olmuşdu 819-cu ildə. Bəs sonra nələr baş verir?
Ərəb xəlifəsi Babəkin üstünə bir-birinin ardınca say-seçmə qoşun göndərir. Hər dəfə də məğlub olur. Bu minvalla Babək xilafətə qarşı təxminən 17 il vuruşur. Döyüşlərdə 225 mindən çox ərəb əsgəri və sərkərdəsi öldürülür. Yeni xəlifə Möhtəsim Babəkin üzərinə Afşinin başçılığı ilə daha böyük qoşun göndərir. 836-c ldə Azərbaycana daxil olan Afşin Bəzz qalasını mühasirəyə alır. Qüvvələrin qeyri-bərəbər olduğu bu döyüşdə məğlubiyyətə uğrayan Babək qalanı tərk edir və özünü Bizansa yetirmək istəyir. Afşin onun ardınca hər yana dəstələr yollayır. Təqiblər başlayır.
Təəssüf ki, Babək bu təqiblərdən qaçıb qurtara bilmir. Köhnə tanışlarından olan Səhl ibn Sumbat adlı bir vilayət hakimi Babəki aldadaraq əsir alır və Afşinə təhvil verir. Xəyanət qurbanı olan Babək 838-ci ildə edam olunur…
O vaxtdan görün nə qədər vaxt keçir? Min ildən də çox zaman ötməsinə baxmayaraq, Babək və onun başçılıq etdiyi Xürrəmılər üsyanı yaddan çıxmır. Bu hadisələr Azərbaycan tarixinin parlaq səhifələrindən biri kimi xalqın hafizəsində yaşayır.

1863 — Alman mənşəli rus rəssamı, karikaturaçı, “Molla Nəsrəddin” jurnalının əməkdaşı Oskar İvanoviç ŞmerlinqTiflisdə hərbi qulluqçu ailəsində anadan olub. Tbilisi realnı məktəbində oxuyub. 1880-1881-ci illərdə özünün müstəqil “Ağcaqanad” (gürc. კოღო) jurnalını çıxarır, lakin bu jurnal maddi imkanlar baxımından yetərli olmur. Həmin illərdə “Falanj” (gürc. ფალანგა) jurnalına qoşulur, lakin karikatura barəsində təcrübəli olmadığı üçün 1884-cü ildə peşəkar rəssam olmaq məqsədilə Peterburq Rəssamlıq Akademiyasına daxil olur, rus rəssamlıq sənətini dərindən öyrənmək imkanı qazanır. 1889-cu ildə akademiyanı gümüş medalla bitirir. Oranı bitiridikdən sonra 1 il ərzində Qarabağda Xankəndində yaşayır və Şuşada təşkil olunmuş teatr tamaşalarına dekorasiyalar verməklə məşğul olur. Onun əsərləri Almaniyanın “Papifaks”, Rusiyanın “Səmimi söz” (rus. “Задушевное слово”) jurnallarında yayımlanır.
Şmerlinq Rusiyada bir müddət xəstə olaraq yaşayır. Daha sonra Almaniyadakı Münhen Rəssamlıq Akademiyasında təhsilini davam etdirir. 2 il burada rəssam Frans Rubonun sinfində təhsil alır. Bir müddət alman “Radfar Humor” jurnalında işləyir. 1893-cü ildə Tiflisə qayıdır və ailəsi ilə Zubalaşvili küçəsində yaşamağa davam edir. 1901-ci ildə Gürcüstanın “Tsnobis Purtseli” qəzeti (gürc. ცნობის ფურცელი) onun şəkillərini yayımlamağa başlayır. “Eşmaxis Matraxi” (Şeytanın qamçısı), “Şurduli” (Sapand), “Bziki” (“Eşşək arısı”), “İblis” və “Kənd qarışıqlığı” adlı gürcü jurnallarında, Molla Nəsrəddin” jurnalı, erməni Xatabala jurnalında işləmişdir.
Şmerlinq 1898-ci ildə Tiflis öz incəsənət məktəbini açıb, daha sonra “Qafqaz Sənətkarlarına Dəstək Cəmiyyəti”ndə “Rəsm, heykəltaraşlıq və arxitektura institutu”nun əsasını qoyaraq 1902-ci ildən 1916-cı ilə qədər rəhbərlik edib. 1922-ci ildə institut akademiyaya çevrilib. O ,həmçinin ilk Klassik Gimnaziyada da dərs deyib.
Cəlil Məmmdquluzadə “Molla Nəsrəddin” jurnalının nəşrinə başlayarkən Azərbaycanda peşəkar satirik rəssam olmadığı üçün jurnal üçün rəsm çəkmək işinə ilk növbədə Tiflisdə yaşayıb yaradan alman rəssamı Şmerlinqi dəvət edib. Şmerlinq Cəlil Məmmədquluzadənin təklifini təmənnasız surətdə qəbul edib. Oskar Şmerlinq 1906-1917-ci illərdə “Molla Nəsrəddin” jurnalının əsas rəssamlıq funksiyasını bacarıqla yerinə yetirib. “Molla Nəsrəddin” jurnalının aparıcı ideyalarını əks etdirdiyindən onun rəsm əsərləri əksər hallarda jurnalın birinci səhifəsində, yəni üz qabığında özünə layiqli yer tapıb.
Şmerlinqin nadir fırçasının məhsulu olan “Sizi deyib gəlmişəm”, Qafqazda mədrəseyi-ruhaniyyə”, “Niyə məni döyürsünüz?”, “Molla Nəsrəddin”, “İran sərhəddindən”, “Xabi-qəflət”, “Müsəlman məclisində rus zabiti”, “Məhəmmədəli şahın Təbrizdən çıxması” və s. kimi yüzlərlə satirik rəsmləri sözün geniş mənasında karikatura sənətinin şah əsərləri səviyyəsinə yüksəlib”.
Şmerlinq 2 yanvar 1938 –ci ildə 74 yaşındaTiflisdə vəfat etmişdir.

1909 — Azərbaycan SSR EA-nın prezidenti, Əməkdar elm xadimi Rüstəm Hacıəli oğlu İsmayılov Bakı şəhərində dünyaya gəlmişdir.
1961-ci ildə texnika elmləri doktoru, 1967- 1970-ci illərdə EA-nın Ksemiki və prezidenti olmuşdur.
1 iyun 1972-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Əsas elmi işləri neft kimyasına və neft emalı texnologiyasına aiddir. Azərbaycanın neftayırma sənayesində termik krekinq texnologiyasının əsaslı surətdə təkmilləşdirilməsində böyük xidmətləri olmuşdur.
120 elmi əsərin, o cümlədən 7 monoqrafiyanın müəllifidir.

1925 — Görkəmli ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru , professor Pənah İmran oğlu Xəlilov Gürcüstanın Borçalı rayonunun Sadaxlı kəndində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini kənddə almışdır.
1943-1948-ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır. 1948-1951-ci illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı, sonra həmin kafedrada baş müəllim, dosent (1951-1969), SSRİ xalqları ədəbiyyatı tarixi kafedrasının müdiri (1969-1989) olmuşdur. 1948-ci ildən fəal ədəbi yaradıcılığa başlamışdır. Ədəbi tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə ilə məşğul olmuşdur.
16 avqust 2019-cu ildə vəfat etmişdir.

1937—Məşhur Azərbaycanlı aşığı, Əməkdar Mədəniyyət işçisi İsfəndiyar Ədil oğlu Rüstəmov Gədəbəy rayonunun Gərgər kəndində doğulub.
1954-cü ildə orta məktəbi bitirdikdən sonra aşıq sənəti ilə məşğul olmağa başlayıb. Lap erkən yaşlarından aşıq sənəti ilə məşğul olan İsfəndiyarın da ilk ustadı atası Ədil kişi olub. O, atasının yanında 5 il sənət öyrəndikdən sonra müstəqil sənətkar kimi fəaliyyətə başlayır.
1958-ci ildə SSRİ-nin 50 illik yubileyi münasibəti ilə keçirilmiş festivalda birinci dərəcəli diplom və döş nişanına layiq görülüb.
1964-cü ildə 9 nəfər gənc aşığı ətrafına toplayaraq ansambl yaradıb, bu ansambl tezliklə Azərbaycanda məşhurlaşmağa başlayıb.
1975-77-ci illərdə keçirilən Ümumittifaq Festivalında da bu ansambl məharətlə çıxış edib, 9 nəfər aşığın hər biri “Qızıl medal”a layiq görülüb.
Aşıq İsfəndiyar bir sıra xarici ölkələrdə qastrol səfərlərində olub və keçirilən yüksək səviyyəli tədbirlərdə iştirak edərək vətəninə mükafatlarla qayıdıb.
Aşığın həyat və yaradıcılığı 2007-ci ildə dərc edilmiş “Baş sarıtel” kitabında öz əksini tapıb.
9 fevral 2018 –ci ildə 80 yaşında vəfat etmişdir.

1944 — Xalq artisti Lətifə Cahandar qızı Əliyeva Qazaxın Yuxarı Salahlı kəndində anadan olub. Teatr İnstitutunda dram – kino aktyorluğu fakültəsində təhsil alıb.
Əməkdar mədəniyyət işçisi Kərim Həsənovun kurslarında dərs alıb. 1964-cü ildən Gənc Tamaşaçılar Teatrında işləyir. Bu illər ərzində bir çox tamaşalarda əsas rolların ifaçısı olub (Nəriman Nərimanov “Şamdan bəy”, Cəlil Məmmədquluzadə “Məkkəyə gedən yol”, Süleyman Sani Axundov “Tamahkar”, Mirzə Fətəli Axundzadə “Müsyö Jordan və Dərviş Məstəli şah” və.s). Onun kinodakı rollarını da uğurlu hesab etmək olar. “Bircəciyim” (1986), “Kişi sözü” (1987), “Lətifə” (1989), “Tənha narın nağılı” (1984), Ağ atlı oğlan (1995), “Yuxu” (2001), “Yalan” (2006) kimi filmlərə çəkilib. Həmdə İran istehsalı olan “Divlər zindanı”, və “Arzular” filmlərində də rol alıb. Ancaq tamaşaçılar onu daha çox “Bəyin oğurlanması” filmində Həsənin anası rolu ilə tanıyırlar. Lətifə xanım ana rollarının mahir ifaçılarından sayılır. Təsadüfi deyil ki, oynadığı rolların çoxu ana rollarıdır.
Vəfat etmişdir:

1888 —XIX əsr Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani 53 yaşında vəfat etmişdir.
Seyid Əzim Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Seyid Əzim kiçik yaşlarında ikən Şamaxının tanınmış, mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd vəfat etmişdir. Seyid Əzim ana babası molla Hüseynin himayəsi altında yaşamışdır. Molla Hüseyn Dağıstanda Yaqsay kəndində ruhanilik edirdi. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim təxminən 10 il sonra Şamaxıya qayıdır və burada mədrəsədə oxuyub orta ruhani təhsilini tamamlayır.
1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edir. Köhnə mollaxanalardan fərqli olaraq o, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verirdi. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində oxumuşlar.
Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca bəddi irsinin əsasını qəzəl janrı təşkil edir.
Şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Məhəmməd Füzuli şeirlərinə yazdığı nəzirələr də vardır. Lakin bunlar şairin zəngin bədii irsi içərisində az yer tutur. Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Şairin qəzəllərində həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi yer tutur. Onun aşiqanə qəzəlləri daha çoxdur. Müəllifin şeirə hərarət və can verən dərin lirikasını məhz bu qəzəllərdə görmək olur.
Gecə gördüm səni, ey afəti dövran, yuxuda,
Ki, elərdin mənə yüz lütfi-firavan yuxuda.
Seyid Əzim Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-satirik şeirlərilə başlayır ki, artıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir. Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində “Əkinçi” qəzetinin mühüm rolu olmuşdur. Çünki, məhz “Əkinçi”nin təsirilə şair günün bir çox zəruri məsələləri ilə maraqlanır və yaradıcılığında yeni mövzulara keçir, müasir həyatın tələblərinə uyğun şeirlər yazır, Azərbaycanın ilk mətbu orqanında nəşr etdirir. Maarifçi şair üçün “Əkinçi” xalqa müraciət yeri idi. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırır, Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini alqışlayır, onu bilikli bir müəllim və xeyirxah bir insan kimi qiymətləndirirdi.
Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan “Yerdəkilərin göyə şikayət etmələri”, “Dəli şeytan”, “Məkri-zənan”, “Bəlx qazisi və xarrat”, “Müctəhidin təhsildən qayıtması”, “Elmsiz alim”, “Alim oğul ilə avam ata” ,”Qafqaz müsəlmanlarına xitab” və s. satiralarıdır.

1988— Görkəmli tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, professor , Azərbaycanın Əməkdar elm xadimi Əziz Qurbanəli oğlu Şərifzadə vəfat etmişdir.
Əziz Şərif 1895-ci il martın 28-də Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. 1915-ci ildə orta təhsilini Tiflisdə almış, sonra işləmişdir.
“Molla Nəsrəddin” jurnalı redaksiyasında işlədiyi ilk gənclik illəri Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid və Əliqulu Qəmküsarla yaxın dostluq əlaqələri onu ömürlük ədəbi fəaliyyətə bağlamışdır. Moskva Kommersiya İnstitutunda təhsilini davam etdirdiyi dövrdə (1915-1917) rus ədəbi mühiti ilə tanış olmuşdur. Tiflisdə mətbuat və nəşriyyat sahəsində çalışmışdır (1920-1930). Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində məsləhətçi olmuşdur (1925-1935). Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun tənqid bölməsini bitirmişdir (1943). Sonra SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi olmuşdur (1950-1961). M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində SSRİ xalqları ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1961-1988).
Ədəbi fəaliyyətə 1906-cı ildən “Molla Nəsrəddin” jurnalında dərc olunan “Naxçıvandan məktublar”ı ilə başlamışdır. Bundan sonra tənqid və ədəbiyyatşünaslıq və bədii tərcümə sahəsində səmərəli fəaliyyət göstərmiş, Maksim Qorkinin “Ana”, “Düşmənlər”, Aleksandr Fadeyevin “Tarmar” əsərini rus dilindən, E.Ninoşvili və N.Mijsişvilinin əsərlərini gürcü dilindən çevirmiş və çap etdirmişdir.
Azərbaycan bədii ədəbiyyatından ruscaya çoxlu tərcümələr etmiş, onlara ön söz, müqəddimə, şərhlər yazmışdır.
İki medalla təltif olunmuşdur.
Əziz Şərif 1988-ci il iyunun 1-də Moskvada 94 yaşında vəfat etmiş, Naxçıvan şəhərində dəfn olunmuşdur.

2003 — Tanınmış aktyor Sadıq Ömər oğlu Hüseynov 79 yaşında vəfat etmişdir.
Sadıq Hüseynov 29 dekabr 1924-cü ildə Kürdəmir rayonunun Atakişili kəndində anadan olub.
1974-cü ilə qədər teatrda işləyib.
“Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır.
1990-cı illərdə uşaqların axşam verilişində müdrik Savalan baba obrazı ilə yadda qalıb.
Sadıq Hüseynov irili-xırdalı, qısametrajlı-tammertrajlı 98 filmə çəkilib.
Həmin filmlərdən “Axırıncı aşırım”, “Tütək səsi”, “Arxadan vurulan zərbə”, “Qaçaq Nəbi”, “Evlənmək istəyirəm”, “Qəm pəncərəsi”ni sadalamaq olar.
Ömrünün sonunda Dövlət Televiziyasının “Cizgi filmi” buraxılışında Savalan baba kimi özünə rəğbət qazanıb.