Mövqe

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Səbinə xanım Əliyeva Müraciət
Hörmətli Səbinə xanım!

Biz, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 47, 49, 51 saylı binaların sakinləri olaraq, illərdir davam edən və birbaşa həyati təhlükəsizliyimizə yönələn problemlərlə bağlı İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatına artıq 4-cü dəfədir ümidlə müraciət edirik. Təəssüflə bildiririk ki, Ombudsman Aparatından aldığımız son cavab məktubu, bu təsisatın Konstitusiya Qanunu ilə müəyyən edilmiş müstəqil hüquq-müdafiə funksiyasını yerinə yetirmədiyini, şikayət etdiyimiz Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) yalan və təhrif olunmuş hesabatını bizə köçürüb göndərməklə kifayətləndiyini nümayiş etdirdi. İllərdir ki, dövlət orqanları koordinasiyalı şəkildə vətəndaşları və onların qanuni müraciətlərini bürokratik bir “ping-pong” (karusel) oyununa cəlb ediblər. Biz Milli Məclisə, Baş Prokurorluğa, Ombudsmana yazırıq; hər kəs məktubumuzu şikayətçi olduğumuz İcra Hakimiyyətinə göndərir. Nəticə: 5 ildir ki, 0 iş görülmüşdür və hər müraciət bizi yenidən ilkin qaranlıq nöqtəyə qaytarır.
Bu məktub vasitəsilə Sizə aidiyyəti qurumların hüquqi manipulyasiyalarını, bir-birini təkzib edən rəsmi sənədlərini təqdim edərək, məsələyə şəxsən müdaxilə etmənizi xahiş edirik.
I. İŞIQLANDIRMA SİSTEMİNİN YARIMÇIQ QOYULMASI VƏ RƏSMİ SƏNƏDLƏRDƏKİ ZİDDİYYƏTLƏR
Məktubunuzda Xətai Rayon İcra Hakimiyyətinə istinadən bildirilir ki, ərazidə abadlıq işləri çərçivəsində işıqlandırma sisteminin qısa müddətdə tamamlanması nəzərdə tutulub və sakinlərə məlumat verilib. Bu məlumat doğru deyildir və gerçəkliyi əks etdirmir.
1. İcra strukturunun öz daxilindəki ziddiyyət: * 07.03.2023-cü il tarixli məktubunda BŞİH-in rəsmisi Abid Əliyev rəsmi olaraq imza ataraq bildirmişdi ki, sözügedən ünvanda abadlıq işləri “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən aparılmamışdır və məsələ üçün rayon MKTL-ə müraciət edilməlidir.
16.06.2023-cü il tarixli məktubda isə Xətai RİH başçısının müavini Rafiq İsayevin imzası ilə gönsərilmiş cavab məktubu bu iddianı təkzib edir: “Sözügedən ərazidə “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən abadlıq-quruculuq işləri davam etdirilir və nöqsanlar mərhələli aradan qaldırılacaq.”


2. “Bakı Şəhər İşığı” MMC-nin işlərin yarımçıq qalması faktını təsdiq etməsi: Müəssisənin 2026-cı ilin fevral və mart aylarında bizə göndərdiyi rəsmi cavablar təsdiq edir ki, ərazidə işıq dirəkləri bərpa edilməyib və qurumun balansına təhvil verilməyib.
“Bakı Şəhər İşığı” yalnız podratçı təşkilatlar tərəfindən quraşdırılaraq bu müəssisənin balansına verilmiş işlq dirəklərinə xidmət göstərir. Əgər qayda belədirsə, müraciət nə üçün doğru ünvana yönləndirilməyib? Demək, sadəcı, hər qurum məsləni özündən ötürür.
Nəticə: Gözəyarı və keyfiyyətsiz aparılan bu layihə ucbatından artıq 5 ildir ki, həyətimizdə 8 ədəd beton özül (fundament) naqilləri açıq şəkildə, qəzalı baryer kimi hərəktin intensiv olduğu səkinin üzərində qalmaqdadır. Axşamlar qaranlıq olan həyətdə azyaşlı uşaqlar, hamilə qadınlar və ahıl insanlar bu beton maneələrə ilişərək xəsarət alma riski ilə yaşayırlar. Yuxarı təşkilatlarda oturan icraçılar isə hələ də şikayəti hara yönəldəcəklərini bilmirlər.

II. QƏZALI AĞACLAR MƏSƏLƏSİNDƏ HÜQUQİ MANİPULYASİYA VƏ QEYRİ- PEŞƏKARLIQ
Biz həyətimizdəki qurumuş, hər an aşma və insan qətlini törətmə təhlükəsi olan qovaq ağaclarının götürülməsini tələb edirik. Lakin qurumlar məsuliyyətdən qaçmaq üçün Nazirlər Kabinetinin 321 saylı Qərarını təhrif edirlər.
1. Riyazi və Aşkar Sübut: 194 Sözlük Şablon Taktikası
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Baş direktoru Mirdaməd Seyidov tərəfindən 6 ay ərzində (o cümlədən 02.10.2025-ci il tarixli, 3-52-6/2-Ə-3-758/2025 nömrəli məktubla) 3 fərqli müraciətimizə nöqtəbənöqtə, eyni söz sayı ilə (düz 194 sözdən ibarət) şablon cavab verilmişdir. Bu rəqəmsal fakt sübut edir ki, məmurlar bizim göndərdiyimiz fərqli arqumentləri və yeni sənədləri, ümumiyyətlə, oxumur, sadəcə, kompüterin yaddaşındakı hazır faylı kopyalayıb vətəndaşa göndərirlər. Bu, “Vətəndaşların müraciətləri haqqında” Qanunun müraciətlərə “hərtərəfli, obyektiv və mahiyyəti üzrə baxılması” tələbini tənzimləyən 7-ci və 10-cu maddələrinin birbaşa və kobud şəkildə pozulmasıdır.

Fikir verin, idarə rəsmidi hər 3 məktubda bildirir ki, ağaclar budanaraq təhlükəsiz hala gətirilib. 1-ci cavab 25 fevral, 2-ci cavab 13 mart, 3-cü cavab isə 10 iyunda yazılıb. Deməli, 2-ci budama birincidən 16-17 gün sonra təkrar edilir , 3-cü budama isə 57 gün sonra – 75 gündə 3 dəfə. İnanmaq olarmı? Bu nə bioloji, nə də inzibati çəhətdən mümkün deyil. 1.Bioloji cəhətdən bir ağacı 75 gün ərzində 3 dəfə budamaq onun fotosintez qabiliyyətini tamamilə yox edir, ağacı ağır stressə salır və qurudub məhv edir. Əgər bir dəfə budanma aparılıbsa, növbəti 2 ayda budanası yeni budaq onsuz da bitə bilməz. 2. “İnzibati icraat haqqında” Qanunun 32-ci maddəsinə əsasən, inzibati orqan qərar verməzdən əvvəl işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmalıdır.İnzibati cəhətdən qüsur buradadır: Onlar həyətə gəlib yeni bir baxış keçirmədən, ağacın vəziyyətini yenidən qiymətləndirmədən köhnə mətni kopyalayıblar. Yəni, ikinci və üçüncü məktubları yazarkən inzibati icraat (araşdırma) aparılmayıb.
2. Məmurun Özü-Özünü Təkzib Etməsi (Hüquqi Absurd)
M.Seyidovun imzaladığı məktubun girişində qeyd olunur ki, sakinlərin müraciəti bu quruma Dövlət Ekoloji Ekspertiza Agentliyindən (09.09.2025) və Xətai RİH-dən (15.09.2025) daxil olub. Lakin məktubun sonunda iddia olunur ki, quru ağacın kəsilməsi üçün yerli icra hakimiyyəti Ekologiya Nazirliyinə müraciət etməlidir. Sənəd onlara onsuz da həmin qurumlardan gəlibsə, deməli, rəsmi müraciət artıq formalaşıb! Yaşıllaşdırma Birliyi rəsmi orqanların göndərişini qulaqardına vurub vətəndaşı yenidən qapı-qapı salır.
3. Qanunvericiliyin Vətəndaşın Ziyanına Təhrif Olunması (321 saylı Qərarın Təfsiri)
Məmurlar müraciətlərimizə cavab olaraq NK-nin 321 saylı Qərarının 2.5-ci və 2.4-cü bəndlərini əsas gətirərək fərdi vətəndaşın sənəd toplayıb rəy almalı olduğunu iddia edirlər. Bu, bir manipulyasiyadır:
Vətəndaş sahibkar deyil: Sözügedən bəndlərdəki (fiziki və ya hüquqi şəxsin müraciəti əsasında) ifadəsi, kommersiya fəaliyyəti göstərən, obyekt tikən, xüsusi mülkündə ağac kəsmək istəyən subyektlərə aiddir. Biz kommersiya layihəsi icra etmirik. Sözügedən ərazi dövlət balansında olan ictimai yaşayış sahəsidir. Heç evi olmayan didərgin də fiziki şəxsdir. Amam bu fiziki şəxs fərdi sahibkar statuslu fiziki şəxs deyildir. Fərdi sahibkar statuslu fiziki şəxs tamam başqa anlamı ifadə edir.

Aidityyəti qurumların birbaşa vəzifəsi: *” Nazirlər Kabinetinin 2018-ci il tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası” “*na əsasən, yerli İcra Hakimiyyəti orqanı hər il fevralın 1-nə kimi quru ağacları özü aşkarlamalı, monitorinq siyahısına salmalı və nazirliyə təqdim etməlidir. İcra strukturları 2017-ci ildən bəri bu vəzifələrini icra etməyərək fəaliyyətsizlik nümayiş etdirməkdədirlər. Vətəndaş dövlət məmurunun görməli olduğu illik monitorinq işini öz üzərinə götürməyə borclu deyil.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərovun mətbuata rəsmi açıqlamasına görə, yaşayış ərazilərindəki quru ağaclar üçün rəyin alınması vətəndaşın deyil, birbaşa əraziyə cavabdeh olan Yaşıllaşdırma İdarəsinin və yerli İcra Hakimiyyətinin funksional vəzifəsidir (Mənbə: https://bizim.media/az/multimedia/155346/).
Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi paytaxtdakı quru qovaq ağaclarının kəsilməsi ilə bağlı BŞİH Yaşıllaşdırma Birliyinə xüsusi arayış verib. Bu sənədə əsasən, həmin ağaclar əlavə rəy gözlənilmədən dərhal kəsilə bilər (https://yenisabah.az/bakida-bu-agaclarin-ekilmesi-qadagan-olundu).
4. Vətəndaşyönümlü Maddələrin Qəsdən Gizlədilməsi
Agentlik (24.04.2025-ci il tarixli, 3-14/2-Kol-778-3/2025 saylı məktubunda) və Yaşıllaşdırma Birliyi sözügedən 321 saylı Qərarın bizim vəziyyətimizə birbaşa aid olan və problemi dərhal həll edən aşağıdakı bəndlərinin üstündən qəsdən sükutla keçirlər:
Bənd 2.2.3 (İnşaat fizikası rejimi): Ağac binaya çox yaxındırsa və mənzillərin işığını tamamilə kəsirsə (96 №li MİS-nin ərazisində 9-cu mərtəbəni keçmiş quru və yaş nhəng aöaclar var), dərhal tədbir görülməlidir. Bənd 2.2.4 (Sanitar qırma): Ağac quruyubsa və müalicəsi mümkün deyilsə, fəsad törətməməsi üçün dərhal sanitar qırma işləri aparılmalıdır.

5. Yaşıllaşdırma İdarəsinin “Vandalizm” və “Budama” Nağılı
Məktubunuzda ağacların budanaraq təhlükəsiz hala gətirildiyi yazılır. Reallıq isə tamamilə fərqlidir. Yaşıllıq işçiləri peşəkar dendroloq və ya arborist olmadıqları üçün əraziyə gəlib quru ağacları götürmək əvəzinə, sağlam ağacların tac hissəsini tamamilə kəsərək, onları müharibədən çıxmış qorxunc bir gövdə halına salıblar (Fotolar əlavə olunur). Budanma zamanı kəsilmiş yerlərə vurulmalı olan xüsusi qoruyucu məcun və ya yağlı boyadan istifadə olunmayıb. Ən dəhşətlisi odur ki, tamamilə qurumuş və hər an aşa biləcək ağaclar olduğu kimi saxlanılıb. Onlardan artıq 3-ü gecə saatlarında aşıb Şəkillər əlavə edilir! Xoşbəxtlikdən insanlar xsarət almayıb, həyatını itirməyib. verməyib. Axı, quru ağacı budamaqla onu təhlükəsiz hala gətirmək olmaz.

III. HÜQUQİ ƏSASLANDIRMA VƏ MƏMURLARIN CİNAYƏT MƏSULİYYƏTİ
Azərbaycan Respublikasının Konstitusiyası Maddə 39 – Sağlam ətraf mühitdə yaşamaq hüququ Bu maddə vətəndaşların sağlam ətraf mühitdə yaşamaq hüququnu təsbit edir və ekoloji mühitin qorunmasını dövlətin nəzarətində saxlayır.
“İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsi (Hüquqa sadiqlik prinsipi): İnzibati orqanlar qanunları olduğu kimi icra etməlidirlər. Qanun normalarını təhrif edərək, vətəndaşa aid olmayan sahibkarlıq bəndlərini irəli sürüb vətəndaşın əleyhinə qəsdən maneə yaratmaq bu prinsipin birbaşa pozulmasıdır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: Dövlət qurumlarının qanuna səhv bəhanələr gətirərək işi yarımçıq qoyması və təhlükəni saxlaması səbəbindən gələcəkdə həmin ağaclar aşıb bir vətəndaşın həyatına son qoyarsa, yaxud işıqsızlıqdan bir uşaq beton özülə çırpılıb şikəst olarsa, bu sənədlərə qol çəkən məmurlar birbaşa Cinayət Məcəlləsinin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-cü (Səhlənkarlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməlidirlər.
XAHİŞ VƏ TƏLƏBİMİZ
Hörmətli Səbinə xanım, Siz uzun illər Konstitusiya Məhkəməsində çalışmış, qanunun aliliyini hər şeydən üstün tutan yüksək ixtisaslı bir hüquqşünassınız. İcra orqanlarının adi vətəndaşlara verdikləri cavablarla Sizin rəhbərlik etdiyiniz Aparata məlumatlar ötürməsi Müvəkkillik təsisatına qarşı da diqqətsizlikdir.
Ölkə başçısının vətəndaş məmnunluğu və etik məmur davranışı barədə tapşırıqları ortada olduğu halda, bu məmurlar insanları dövlətdən və qanunlardan incik salır, bizi çarəsiz qoyaraq məsələni sosial şəbəkələrdə və beynəlxalq platformalarda işıqlandırmağa vadar edirlər. Yuxarıda qeyd olunan rəsmi faktları və ziddiyyətləri rəhbər tutaraq Sizdən xahiş edirik:
Şikayətimizlə bağlı icra qurumlarının şablon cavablarını bizə yönləndirmək formasında aparılan işə xitam verilsin;
Ombudsman Aparatının mütəxəssislərinin iştirakı ilə General Şıxlinski küçəsi 47, 49, 51 saylı binaların ərazisində yerindəcə müstəqil monitorinq təşkil edilsin (sakinlərin və media nümayəndələrinin iştirakı təmin olunmaqla);
Xətai RİH və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin qarşısında qəzalı quru ağacların təcili götürülməsi (NK-nin 321 saylı Qərarının 2.2.3 və 2.2.4-cü bəndlərinə uyğun olaraq) və 5 ildir yarımçıq qalan işıqlandırma sisteminin (beton özüllərin mənşəyinin) həlli barədə Müvəkkilin imperativ rəsmi tələbi (təqdimatı) qaldırılsın. Qanunun aliliyinə və ədalətinizə inanırıq. Hörmətlə,
Sakinlər adından təmsilçi: Akif Əhmədov
02 iyul 2026-cı il



Əlavələr:
1.Ərazidəki 5 ildir səkinin üstündə saxlanılmış yarımçıq beton özüllər
2.BŞİH rəsmisi A.Əliyevin 07.03.2023-cü il tarixli məktubunun surəti.
3.Xətai RİH başçısının müavini R.İsayevin 16.06.2023-cü il tarixli məktubunun surəti.
4.”Bakı Şəhər İşığı” müəssisəsinin 2026-cı il fevral və mart tarixli cavab məktubları.
5.Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 194 sözlük eyni şablon məktublarının surəti (3 ədəd).
6.Bakı Şəhər elektrik Şəbəkə İşığı MMC -nin ayrı-ayrı vaxtlarda yazdığı 2 məktub.
7. Dövlət Ekoloji Ekspertiza Agentliyinin sonuncu cavab məktubu.
və qəzalı/vandalizmə uğramış ağacların mövcud vəziyyətini əks etdirən fotoşəkillər 8.Qəzalı vəziyyətdə olub , külək nəticəsində aşmlş 3 ağac. (Cəmi:11)