Bizim yazarlar


Həyətimizdə Aysel adlı bir qızcığaz var idi. O, birinci sinifdə oxuyurdu. Hər səhər məktəbə gedəndə yolu qurtaracağı tində böyük tut ağacının yanından keçirdi. Aysel ona “Tutu” deyirdi. Aysel Tutunun yanından keçəndə əlini ağaca toxundurub:
— Salam, Tutu! Bu gün də məni gözlə, axşam gələndə birlikdə olacağıq, — deyirdi. Yayda isə lap sevinərdi. Çünki məktəbə gedəndə də, qayıdanda da Tutunun altında dayanır, əl uzadıb budaqlardan şirin tutları dərib yeyirdi.
Bir gün Aysel məktəbdən qayıdanda gördü ki, həyətdə böyük bir maşın dayanıb. Adamlar “Tutu”nu kəsir qol-budaqlarını ağaca yükləyirdilər. Ayselin ürəyi çox sıxıldı. Gözləri doldu və anasının yanına qaçdı:
— Ana, “Tutu”nu kəsirlər! Niyə belə edirlər? Anası Ayseli qucağına aldı və sakitcə izah etdi:
— Balam, bəzən ağaclar kəsilir. Onlardan dəftər, kitab, həm də gözəl mebel və ev əşyaları hazırlanır. Tutunun kötüyündən və gövdəsindən də bəzək şeyləri düzəldirlər. Amma yaxşı adamlar kəsdikləri yerə mütləq yeni fidan əkirlər. Aysel bir az düşündü və dedi:
— Atam iki tut fidanı alsın . Birini bağçamızda, birini də məktəbimizin bağasında əkək və qoruyaq !
Ayselin atası qızının arzusunu yerinə yetirdi və həmin gün ağac tingləri satılan yerdən 2 ting alıb gətirdi. Aysel, atası və anası bu tinglərdən birini elə həmin gün binalarının qarşısındakı bağçada yerə basdırdılar. Aysel balaca vedrəsi ilə bu tingə su da verdi.

Ertəsi gün isə ikinci tingi məktəbə apardı və fikrini müəlliminə bildirdi.Müəllim bu fikri çox bəyəndi. Bütün sinif həyətə çıxdı. Uşaqlar ağacı əkəcəkləri yerə gəldilər. Uşaqlardan biri tingi basdırmaq üçün çala qazdı. Aysel də kiçik tut fidanını çalada dik tutdu, uşaqlar ehtiyatla çalanı doldurdular, bir az da su tökdülər. Uşaqların üz-gözündən sevinc oxunurdu.Ən çox sevinən də Aysel idi.
Müəllif: Səmra