Londonda insandan çox ağac var

Baş redaktordan

Yer üzündə hər şey: torpaq, səma, su, hava uşaqlara məxsusdur, gələcəyə məxsusdur.

Qızıldərililərin Atalar sözü


…Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edirəm ki, o, mənim qolumu, barmaqlarımı kəsir … İnsan qurmalıdır, yaratmalıdır… Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, təbiəti çirkləşdirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir.

Heydər Əliyev – Ümummilli Lider


Yaşayış ərazilərindəki ağaclara və yaşıllıqlara qulluq, onların suvarılması və qorunması Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Bakı Şəhər Mənzil Komminal Təsərrüfatı Birliyi , onların müvafiq rayon şöbələri və bələdiyyə xidmətləri tərəfindən həyata keçirilir. Bəs ölkənin paytaxt şəhərində bu strateji məsələyə münasibət necədir? Adlarını çəkdiyimiz qurumlar vəzifələrinin öhdəsindən necə gəlirlər? Ətraf mühitin, ekoloji sağlamlığımızn qorunması üçün məsul edimiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu cavabdehlikdə mövqeyi necədir?
Cavablar birmənalı olmayacaq. Bu sahədə müəyyən vəzifə tutanlar deyəcəklər ki, əla. Və fikirlərinin davamı kimi deyəcklər ki, Azərbaycanda hər zaman təbiətin qorunması, yaşıllıqların artırılması və ekoloji tarazlığın bərpası məqsədilə ağacəkmə kampaniyaları keçirilir. 5 iyun Ümumdünya Ətraf Mühit Günü, 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının peşə bayramları və sair bu kimi əlamətdar günlərdə ağacəkmə aksiyası təşkil edilir. Və deyəcəklər ki, 2025-ci il ərzində Bakı Şəhər İcra Hakimiyyəti və müxtəlif qurumlar tərəfindən paytaxtda 7 906 ədəd ağac və 9 800 ədəd gül kolu əkilmişdir. COP29 çərçivəsində təkcə Azərbaycanda əkilən ağacların ümumi sayı 8 milyondan çox olmuşdur. Onu da diqqətə çatdıracaqlar ki 2024-cü il 11–22 noyabr tarixlərində Bakıda BMT-nin iqlim dəyişmələri mövzusunda keçirilmiş 29-cu iqlim konfransı planetin yaşıl gələcəyinə və dayanıqlı inkişafa olan sadiqliyini növbəti dəfə dünyaya nümayiş etdirdi. Bu nüfuzu ölkəmizə xalqımızın rəhbəri hörmətli İlham Əliyev müdrik və qətiyyətli siyasəti ilə qazandırmışdır, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Mənzil-Kommunal Təsərrüfatı Birliyi və onun yerli şöbələri yox. Keçən əsrin əvvəllərində 3 dəfə Bakıda olmuş görkəmli rus şairi V.Mayakovski neft və mazutla dolu mədənlərini seyr etdikdən sonra bu şəhəri “dünyanın pencəyində yağlı ləkə” adlandırmışdı. Amma bu gün bizim neft mədənlərimiz nəinki özünü, hətta bütün Azərbaycanı gözəlləşdirir. Bir vaxt baş şəhərimizin adına, hüsnünə bir ağırlıq gətirən “Qara şəhər”imizi Cənab İlham Əliyevin birbaşa diqqət və qayğısı ilə memar və inşaatçılar “Ağ şəhər” ə çevirmişlər. Heydər Əliyev Fondunun, IDEA İctimai Birliyinin “Yaşıl həyat naminə” devizi ilə həyata keçirdikləri layihələr paytaxt şəhərimizin hüsnünü daha da cilvələndirir. İnqilabdan əvvəl Bakıda, əsasən, 2-3 böyük ictimai bağ mövcud idisə, bu gün şəhərdəki park, bağ və istirahət məkanlarının sayı 300-400-ə yaxınlaşmışdır. Bunlar var , amma şəhərimizdə ağaclara və yaşıllıqlara olan münasibətlərdə hökm sürən ciddi nöqsanları da görməzlikdən gəlməməliyik. Məsuliyyət
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin , Bakı Şəhər Mənzil Komminal Təsərrüfatı Birliyinin və onların yerli orqanlarının, hər rayonun yerli idarə orqanı olan bələdiyyələrin üzərinə düşür. Amma çox təəssüf ki, bu gün adları qeyd olunmuş qurumların fəaliyyətində mövcud olan nöqsanlar Heydər Əliyev Fondunun, IDEA İctimai Birliyinin bir-birindən uğurlu layihələrinin arxasında görünməz və eşidilməz olur.
Mətbuatda oxumuşam ki, London şəhəri ağacların sayına görə dünyanın ən yaşıl metropollarından biridir. Şəhərdə təxminən 8,4 milyon əhali və müvafiq olaraq 8,4 milyondan çox ağac var.


London Birləşmiş Millətlər Təşkilatının (BMT) standartlarına görə dünyanın ən böyük “Şəhər Meşəsi” hesab olunur.
Londonun bu qədər yaşıl olmasının və bu qədər çox ağaca sahib olmasının əsas səbəbləri nədir:
London meriyası ağacları, sadəcə, bəzək deyil, şəhərin əsas infrastrukturu hesab edir. Londonda hər kəs ağacları və yaşıllığı sevir və qoruyur. Bizdə isə belə deyil. Ölkənin paytaxt şəhərində elə bir bağça, məktəb, xəstəxana , digər idarə və müəssisə varmı ki, həyətində insan özünü gözəlliklər qoynunda hiss etsin. Yaradılmış bütün park və
qoruqlar Cənab Prezidentin, Mehriban xanımın, Heydər Əliyev Fondunun, IDEA İctimai Birliyinin şəxsən qayğısı nəticəsində mümkün olmuşdur.
Şəhərin mərkəzi hissələrini, magistral yol kənalarınınəzərə almasaq, Bakıda əhatə gözəlliyi gözoxşayan, könüloxşayn idarə və təşkilatlar, müssisələr, tədris müəssisələri çox azdır.
Bakı şəhərində ümumi yaşıl örtüyü təşkil edən sahə 14 000 hektardır. Bunun da 920 hektarı park, bağ, yəni, ictimai yaşıllıq sahələridir. Adambaşına təxminən 5-7 m² yaşıllıq sahəsi düşür. Bu, dünya üzrə göstəricilərindən çox aşağıdır. Ciddi səbəb kimi, əsasən, urbanizasiya amilini və tıkinti bumunu qeyd edirlər. Amma mən bu fikirdəyəm ki, bu sırada insan amili də çox ciddi faktordur. İnsanlar ağacların həm insanlara, həm də təbiətə verdiyi faydaları adi qəbul etməyə meyillidirlər. Çünki təbii sərvətlərin: ağacın, gülün, çiçəyin, heyvanın, arının varlığını, nə də əhəmiyyətini bütün təfərrüatları ilə dərk edə bilməyiblər. Bir arı nəslinin yox olması 100 min bitki növünün yox olması deməkdir. Köklü-köməcli bir ağac 4 ailənin oksigenini təmin edir və s. Unsanlar bunu gözləri ilə görüb yəqin edə bilmədikləri üçün bu qədər laqeyd və məsuliyyətsizdirlər. Bu gün bəşəriyyəti təhdid edən ən böyük təhlükələrdən biri də ekoloji problemlərdir. Gələcək ekoloji fəlakətləri bugünkü gənclər həll etməlidirlər. Fəqət, onlar hər gün yanlarından keçdiyi hansısa kolun bir yarpağını qoparırsa, yaşıllığı tapdalayıb keçirsə, yaşadığı binanın qarşısındakı ağaca bir vedrə su vemək ehtiyacı hiss etmirsə, onlar ətraf mühit üçün necə məsul ola bilərlər?! Uşaqlar yaşadıqları binanın böyür-başında, bağçaya- məktəbə yedərkən yol kənarında qulluq göstərilmədiyindən qurumuş “başıkəsik gözəl kötüklər”i hər gün eynilə görür və heç nə dərk edə bilmirlər. Ağacların ekosistemdəki rolu bir yana, heç bilmirlər ki, oxuduqları kitablar, yazdıqları dəftərlər ağaclardan hazırlanır. Uşaqlarımız bunları hardan bilməli idiər, əlbəttə, kitablardan, böyüklərdən. Böyüklər bunu öyrədə bilməsələr də, fəndgirlik nümunələri miras qoya bilirlər.
2019-cu ilin 7-8 mart tarixlərində Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsmiş və nəticədə paytaxtın müxtəlif əraziləridə ağaclar aşmışdı. Səhərisi gün “Xəzər Xəbər”in operativ buraxılışları paytaxtın müxtəlif yerlərində aşan ağaclardan bəhs edir, xidmət qurumlarının guya “gücləndirilmiş iş rejimində” fəsadları necə fədskarcasına aradan qaldırdığını nümayiş etdirirdi. Ekranlardakı titr eyni idi: “Güclü külək üç ağacı aşırıb…”
Amma bu, həqiqətin hamısı deyildi. Fəqət, böyük bir yalanın operativ şəkildə tirajlanması idi.Çünki o küləkli gecədən bir neçə saat əvvəl, səhər çağlarında gözümüzün önündə təbiətə bir qəsd edilmişdi. Yaşadığımız binanın qarşısında – 24 nömrəli məktəbə gedən yolun üstündə kimlərsə harasa su xətti çəkirdilər. Qazıntı zamanı şəkildə gördüyünüz illər bahasına başa gəlmiş bu yaraşıqlı Eldar şamının kökləri ilə qarşılaşdılar. Amma görəcəkləri işin marağl bu “şümşadboylu cavanın”/ağacın canından vacib idi! Təmirçi fəhlə düşünmədən, laqundasına güc verərək torpaqdan qidalanan, onu ayaqda saxlayan bu ağacın şah damarlarını iki-üç yerdən amansızcasına kəsmiş, sonra da heç nə olmamış kimi üstünü torpaqla örtmüşdür.

O gecə əsən külək torpaqla bağlılığını itirmiş həmin ağacı yanı üstı çevirdi. Külək, sadəcə, bəhanə oldu; o, illərin ərsəyə gətirdiyi bir ağacı yox, bəni-adəm tərəfindən şah damarı kəsilmiş , kökləri qoparılmış bir “canlı cəsədi” yerə sərdi.
Biz o vaxt ağacın dibi hələ doldurulmamış, o qanlı kəsikləri kameramızın yaddaşına köçürmüş, “Ana və Uşaq” saytında fəryad dolu bir yazı ilə cəmiyyətə səslənmişdik: “Külək bəhanədir, səbəb insan amilidir!” demişdik. Fəqət, “təbiətə qənim kəsilənlərə əsər eyləmədi fəryadımız”. İctimai rəyə, vətəndaş fəallığına qarşı bu laqeydlik, bu “ping-ponq” oyunu davam etdikcə, hələ çox yaşıllıqlar belə çıxdaş ediləcək.
Bu kiçik, amma vahiməli fakt bu gün rəsmi qurumların və medianın güzgüsüdür. Bu mənzərə bizə dörd acı reallığı pıçıldayır:
• Mühəndisli mühəndissizlik xidməti: Su xətlərinin çəkilişi zamanı ağacların qorunma zolağı və əkilmə qaydaları tamamilə heçə sayılır.
• Cinayətə bərabər laqeydlik: Bir fərdi sahibkarın su xətti xatirinə xidmət işçiləri çoxillik bir ağacın şah damarlarını kəsməyi özlərinə rəva görürlər.
• Peşəkarlıq qıtlığı: Əgər Yaşıllaşdırma Təsərrüfatı Birliyində düz-əməlli dendroloqlar, arboristlər, bioloq-ekspertlər olsaydı, o ağacın yıxılma səbəbinə baxan kimi sübut edərdilər ki, bu şamı külək yox, insan yıxıb! Amma onlara peşəkarlıq yox, televiziya ekranlarında “operativ qəza briqadası” obrazı yaratmaq lazımdır.
• Medianın süstlüyü: Hadisə yerinə gələn televiziyanın çəkiliş qrupu, o operator və müxbir sadəcə “görüntü” xatirinə orada idilər. Əgər dördüncü hakimiyyətin zərrə qədər obyektivliyi qalsaydı, operator kameranın obyektivini ağacın laqunda ilə kəsilmiş o şah damarlarına dikər, müxbir isə aidiyyəti qurumların qarşısında kəsərli suallar qoyardı. Amma onlar asan yolu – “təbiət hadisəsi” bəhanəsini seçdilər.

24 aprel 2025-ci ildə Gəncə prospekti 83 ünvanında 91 №li MİS-nin yerləşdiyi binanın arxasında irigövdəli bir şam ağacı güclü külək və ya zəif kök sistemi səbəbindən skamyanın üzərinə aşmış, bir necə körpə ağacı da ciddi zədələmişdi. Yıxılmış ağac düz 12 gün göz dağı kimi ortada qaldı, üstülərinə yıxıldığı körpə ağacların çiyinləri üstə, həttə onların qol-qanadlarını üırdı da. 12 gündən sonra gəlib yıcılmışaöacı ortadangötürdülər, amma kökü elə oradaca qaldı, indi də həmin yerdədir, 1 ildir ki, oradadır. Həmin günlərdə uşaqlar bu balaca ərazidə oynaya bilmədi, sakinlər həyətə enmək istəmədilər. Azərbaycan Respublikasının qanunvericiliyinə və “Yaşıllıqların mühafizəsi haqqında” Qanuna əsasən, yaşayış məntəqələrindəki məhəllədaxili yaşıllıqların bərpası, qəza vəziyyətində olan ağacların kəsilərək ərazidən daşınması yerli icra hakimiyyəti orqanlarının və müvafiq Yaşıllaşdırma Təsərrüfatı Birliyinin birbaşa vəzifəsidir.



Yenə həmin gün bu qəza yerindən 200 -300 m aşağıda Gəncə prospekti 19-da — “Fəridə” şadlıq sarayının qarşısında bir tut ağacı da aşmışdı və mayın 5-nə qədər böyrü üstə uzandığı yerdə də qalmışdı. Şəklə diqqət edin, bu ağac aşmaya da bilərdi, təbii ki, vaxtlı- vaxtında budansaydı. Tac hissəsinin həddindən artıq enli və ağır olması küləyin təzyiqini qat-qat artırıb və ağac yelkən effekti verərək aşmışdı. Çünki külək eninə təzyiq edir.
Düz 11-12 gün, yəni, mayın 5-nə qədər yol kənarında bu vəziyyətdə qalmasından , tutaq ki, Yaşıllaşdırma İdarəsi xəbərsiz olub. Bəs Xətai Rayon Bələdiyyəsi, bəs ərazi üzrə MİS-lər, bəs polis sahə müvəkkilləri? Aidiyyəti qurumlar istəmirlər onların fəaliyyətsizliyi mətbuatda faş edilsin. Çünki məsələ ictimailəşsəydi, nəhəng tut ağacının görüntüsü məsələnin, sadəcə, “təbii fəlakət” olmadığını, birbaşa aqrotexniki qulluğun olmamasından (vaxtında budanmamasından) qaynaqlandığını açıq şəkildə ortaya qoyardı.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Xətai rayon bələdiyyəsi və Xətai Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi problemlər ancaq televiziyada, mətbuatda yayılandan sonra – yuxarı instansiyalardan yoxlama gələndə və ya kameralar qarşısında “iş görürlər”, amma reallıqda 200 metr məsafədə həftələrlə, aylarla daxili məhəllələrdə, yol kənarlarında insanları vahimədə saxlayan ağaclardan xəbərsizdirlər. Hər gün televizorda “yaşıllaşdırma”, “ekologiyanın qorunması” nağılları danışan qurumlar hara baxır? Xətai Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin binasından GeneraL Şıxlinski küçəsi 49 ünvanına gələn yollar bağlanıb? Bir kötüyü və aşmış gövdəni ərazidən götürmək üçün mütləq hansısa faciə baş verməli, ya da xarici ölkələrdən gəlmiş qonağın yolu burdan düşməli idi?General Şıxlinski küçəsi 49 ünvanda yerləşən 579 nömrəli ATS-nin qarşısında illərdir təhlükəli qovaq ağacı məhəllə yolunun üstündə olmaqla həmin yolla hərəkət edən insanlar üçün təhlükə yaradırdı. Ağacın kök hissəsi dərin oyuq vardı. Gövdəsinin qabıqları, demək olar ki, tökülmüşdü.Həyat nişanələri yox idi.
2018-ci ildə 579 №li ATS bu ağacla bağlı Ekologiya Nazirliyinin Ekspertiza idarəsinə rəsmi şəkildə müraciət edibmiş. 2018-ci ilin 13 noyabrında İdarə rəisi Bilal Dadaşovun imzası ilə göndərilmiş sərəncamla həmin ağacla bağlı müvafiq addımlar atılmasına icazə verilmişdir .


Amma üstündən 2 il 8 ay keçsə də , bu işi kim, hansı qurumlar etməlidir, heç bir iş görməyiblər. Halbuki, Ekspertiza İdarəsinin qərarı məhkəmə qərarı kimi məcburidir: icra olunmalı idi.
Ekologiya Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin göstərişi 2 ildən çox, indiyə qədər olan müddəti də əlavə etsək, 6 ildən çox kağız üstündə qalırdı. Həmin vaxt binanın qarşısında təhlükəli vəziyyətdə olan tam qurumuş digər 6 ədəd qovaq ağacının gövdə hissəsini götürmək üçün Nazirliyə müraciət etmişdik. Çox uzun yazışmalardan sonra Yaşıllaşdırma Birliyinin işçiləri əraziyə gələrkən ATS-nin qarşısındakı təhlükəli qovaq ağacı ilə bağlı rəyi də onlara göstərdik. Telefonla kiminləsə danışandan sonra ağacn, sadəcə, bir qolunu kəsdilər. Amma bu ağac tamam götürülməli idi.
2025-ci il may ayın 14-də güclü külək həmin qovaq ağacının yeganə qolunu da qıraraq altındakı mağazanın üstünə aşırmışdı. Yaxşı ki, kiçik istisna ilə, ətrafdakı maşınlara zərər dəymədi. Qopmuş budaq 2 həftəyə yaxın mayın 14-dən 28-nə kimi qırılmış vəziyyətdə mağazanın üstündən asılı vəziyyətdə qaldı. Bura uşaqların çox olduğu yerlərdir. Hər an uşaqların üstünə düşə bilərdi.
Ayın 28-də saysız-hesabsız zənglərdən sonra gəlib bu budağı damın üstündən yerə salıb getdilər. Sönra ağacın kötük hissəsini də külək aşırdı. Halbuki, hələ 2018-ci ildə Ekspertiza darəsinə müraciət ediləndə bu ağac birmənalı olaraq götürülməli bilərdi .

Şəkildə məktəb hasarının birbaşa üzərinə aşmış və maşınların dayandığı piyada səkisini tamamilə bağlamış sərv ağacı aydın görünür. Biz bu şəkli lentə alanda 12 mart 2026-cı il idi. Bəlkə də həmin ağac daha neçə gün əvvəl aşıbmış.
Məktəbin qarşısında, xüsusən də uşaqların hər gün keçdiyi və oynadığı yerdə aşmış bir ağacın günlərlə məktəb hasarına (reşotkaya) söykənili qalması gərginlik yaradaraq dəmir konstruksiyanın qəfil uçmasına və uşaqların xəsarət almasına səbəb ola bilərdi. Eləcə də , məktəbə gedib-gələn uşaq və valideynlərin hərəkəti məhdudlaşıb. Səkilərin kəsilməsi uşaqları və piyadaları avtomobil yoluna çıxmağa məcbur edir ki, bu da növbəti bir qəza riskidir.
Nə üçün məktəb rəhbərliyi həmin təhlükəli vəziyyəti qəza günü aradan qaldırılması üçün aidiyyəti qurumlara müraciət etməyib. Bəlkə də edib, sadəcə, Yaşıllaşdırma Təsərrüfatı Birliyi məhəl qoymayıb. 171 nömrəli məktəbin qarşısında aşmış ağacın şəklini sonuncu dəfə 30 martda çəkmişdik. Daha sonra neçə gün də təhlükəli vəziyyət eynən bu şəkildə qalıb deyə bilmərik. Amma şəkillərə istinadən 19 gün bu cür təhlükəli vəziyyətdə qalıb.
Bu laqeydlik gənclərin dünyagöşünə, ekoloji qədirşünaslığına çox mənfi təsir göstərir. Hər gün məktəbə gedərkən aşmış, sındırılmış və günlərlə təmizlənməyən belə ağacları görən uşaqlar ətraf mühitə qarşı laqeydliyi normal bir davranəş kimi qəbul etməyə başlayırlar. Dərsliklərdə uşaqlara “Təbiəti qoruyun!”, “Yaşıllığı sevin!” deyilir, lakin məktəbin düz pəncərəsinin qarşısında günlərlə, aylarla baxımsız qalan ağaclar bu nəzəriyyəni tamamilə heçə endirir.
Dövlət qurumlarının və böyüklərin bu cür qəzalara operativ reaksiya verməməsi gələcəkdə ekoloji fəlakətləri həll etməli olan nəsildə “onsuz da heç kim heç nə etmir” düşüncəsini formalaşdırır, laqeydliyi həyat tərzinə çeviririr. Ona görə də nisbətən gənc nəsillər təbiətin gərəkliliyini hələ dərk edə bilmirlər. Bəs böyüklər, bəs insan cəmiyyətinin mövcud ola bilməsi üçün zərurət olan ətaf mühitə ona xidmət etmək, onu qorumaq tapşırılmış vəzifə sahiblərinin ekoloji məlumatsızlığına necə inanaq? Sanki bu sahələrdə çalışanlar ixtisas sahibi deyillər, qeyri-peşəkarlardır. Avropalılar işi iş bilənlərə tapşırırlar. London bugün dünyanın ən yaşıl və ən yarpaqlı şəhərlərindən birinə çevrilməsinin bir səbəbi də belə seçimin doğru həlli ilə balııdr… İgiltərənin Ətraf Müjit Naziri televiziyaların birinə verdiyi açıqlamada xüsusi olaraq “Yaşıl örtüyümüz çirklənməni azaltmaqda, daşqın sularını azaltmaqda və ətraf mühiti yaxşılaşdırmaqda “bir ordu kimi” bir iş görür ” deməsi, praktik dərkin ifadəsidir.
Araşdırmalar nəticəsində məlum olmuşdur ki, hər il London ağacları 126 milyon funt sterlinq dəyərində 2241 ton hava çirklənməsini təmizləyir, ictimai sağlamlığa birbaşa müsbət təsir göstərir və sözün əsl mənasında həyat qurtarır və yaxud hər il Londonun ağacları yağan yağışları udaraq təxminən 3,5 milyon kubmetr suyun drenaj sisteminə daxil olmasının qarşısını alır və suyun çirklənməsi riskini azaldır.
Amma biz nə edirik. Əkilmişlərin bir qismi baxımsızlıqdan, qulluq görmədiyindən “başı kəsik gözık kötük”lərə çevrilir, bir qismini də diri-diri özümüz torpağa gömürük. 18 il bundan əvvəl işə gedərkən yolun kənarında amansız işgəncə ilə qol-budaqlarını qırılıb dərəyə atılmış bəlkə 100-dən çox köklü-köməcli şam ağacının cəsədlərini görmüşdüm. Növbəti dayanacaqda avtobusdan düşüb geri qayıtdım və həmin mənzərələri lentə aldım. Soraqlaşıb ərazi üzrə bələdiyyə idarəsinə də xəbər verdim. Maraqlanıb tapacaqlarını və ciddi tədbir görəcəklərini bildirdilər. Həmin “ağac cəsədlər” Bir neçə gün necə görmüşdüm , elə də yolun kənarında qalmışdı.
Bu ağacları o yoldan keçmiş uşaqlar da görüb, böyüklər də. Onda belə təəssürat yaranır ki, ağacların quruması da, kəsilməsi də faciə deyilmiş, heç problem də deyilmiş. Sosial şəbəkələrin birində (Bax: https://www.facebook.com/watch/?v=1586988152282740) yazımızın ruhuna uyğun bir süjetlə qarşılaşdım:
“Bu hadisə 2025-ci ilin oktyabr ayının 6 -da Hindistanın ucqar Sarra Qondi kəndində baş verib. 85 yaşlı Devla Bai Patel adlı qadın 25 il əvvəl əkdiyi və oğul kimi bəslədiyi ağacı İmran Memon və Prakaş Kosare adlı iki kişi gecə ikən kəsib. Hadisədən xəbər tutan qadın fəryad edib və bu emosional video sosial mediada yayılandan sonra polis dərhal tədbir görüb və ağacı qanunsuz kəsən hər iki şəxs həbs edilib. Kəndin bütün sakinləri bu hadisəyə qəzəbləndiklərini ifadə ediblər. Onların müşayiəti ilə Devla Bai eyni yerdə yeni bir ağac əkib”. Bizdə isə 100-ə yaxın şam ağacının yol kənarında vitrinə qoyublarmış kimi şil-küt edilmiş əndamına seyrçi kimi baxıb keçdik. Bakının ətraf rayonlarında hansı məhəlləyə daxil olsanız, nə qədər “başı kəsik gözəl kötüklər ” görəcəksiniz. Heç kimin tükü də tərpənmir. Ağaclar günərlə, həftələrlə, aylarla ərazidə qalır. Amma Yaşıllaşdırma Təsərrüfatı Birliyi mətbuatsa arayış verir ki, guya qəzanının nəticələrini operativ olaraq aradan qaldırıblar.
Ağac deyəndə ilk olaraq təsəvvürümzə çoxlu qol-budağı və böyük gövdəsi olan bir bitki gəlir. Ağaclar bəlkə də çoxnövlü faydası olan təbii sərvətlərimizdən birincisidir:
-ağac həyat üçün vacib olan oksigenin təminatçısıdır;
-ağac isti günlərdə , yağışlı havalarda sığınacaq yerimizdir;
-ağacların yetirdiyi meyvələr ağız dadımızdır;
– ağac evlərimizin durəyi, ona yaraşıq verən mebellərimizdir və sair.
Bunları bilməyən çətin ki olsun. Amma ağacların faydaları tək bunlar deyil axı . Onun “donu növ-növ, donu rəng-rəng, donu çoxdur”:
—Ağaclar, iqlim dəyişikliyinə qarşı mübarizə aparan, biomüxtəlifliyin qorunmasına töhfə verən və təmiz hava təmin edən əvəzolunmaz təbii sərvətlərdir. — ağaclar havanın keyfiyyətini yaxşılaşdırır – zərərli qazları (azot oksidləri, kükürd dioksid və s.) udur. — səs-küyü azaldır – xüsusilə şəhərlərdə yol səsini əhəmiyyətli dərəcədə zəiflədir.
— psixoloji sağlamlığa müsbət təsir edir – stressi, narahatlığı azaldır, konsentrasiyanı artırır.
— biomüxtəlifliyi qoruyur – saysız-hesabsız heyvan, quş və həşərat növlərinə yaşayış yeri yaradır.
— şəhər iqlimini yumşaldır – “şəhər istiliyi adası” effektini azaldır.
— iqtisadi faydaları var: əmlakın dəyərini artırır, enerji xərclərini (kondisioner, istilik) azaldır.
— sərin kölgəsində əyləçib söhbət edən, nərd, domino oynayan insanları insanları birləşdirir; — sevgi, görüş məkanı kimi himayəçidir, uşaqların təbiətlə əlaqəsini gücləndirir;
— ən əsası, gözəllik duyğularımızı korşalmağa qoymur.

Vətənimizin paytaxt şəhərində gözəl vitrinlər, sərgilər ancaq mgistral yol kənarlarında və şəhərin mərkəzi ərazilərindədir. Hara ki, şəhərin mərkəzidir, şəhərə gətirən yolların sağı-soludur, bu yerlərə qulluq göstərilir. Hara ki, gözdən-könüldən uzaqdadır, bu yerlər diqqət və qayğıdan da uzaqdadır. Əgər ağaclara vaxtlı-vaxtında lazımi fitosanitar qulluq göstərilməməsinə, tullantıların vaxtlı-vaxtında , uyğun saatlarda daşınmamasına, ərazilərin keyfiyyətsiz təmizlənməsinə işçi çatışmamasını səbəb göstərilsə, bu, əsaslı səbəb sayıla bilməz. Çünki dövlət müəyyən etdiyi bu ərazilər üçün işçi və texnikaların, eləcə də avadanlıqların sayını uyğun şəkildə müəyyən etmişdir. Sadəcə, məsul şəxslər öz işlərinə məsuliyyətsiz yanaşırlar. Ola da bilsin ki, bu işlərigörmək üçün ayrılmış işçilərin sayı var, amma onlar iş başında deyillər.
Xətai rayonunda 96 №li MİS-nin ərazisində çoxsaylı qurumuş və aşma riski olan çoxlu sayda ağaclar mövcuddur. Bu ağaclar istənilən vaxt (xüsusilə küləkli havalarda) qırılıb insanlara, avtomobillərə və binaya ziyan vura bilər. Ümumiyyətlə, bu ətraflarda ağaclara və yol kənarı qazonlara heç vaxt fitosanitar qulluq göstərilmir. Yaşıllaşdırma Təsərrüfatı Birliyi şəhərin mərkəzi ərazilərini, parkları, magistral yol kənarlarını diqqətdə saxlasa da, bunu şəhərətrafı rayonların daxili məhəllələrinə, yol kənarlarına aid etmək olmaz. Ola bilməz ki, daxili məhəllələrdəki ictimai yaşıllıq kateqoriyasına daxil edilmiş ərazilərə xidmət üçün işçi qüvvəsi ayrılmamış olsun. 20 ildən artıqır mən bu ərazidə yaşayıram, heç vaxt görmədim hardasa ağacların dibini yumşaltsınlar, vaxtaşırı su versinlər, ağacaların qurumuş budaqlarını kəssinlər, sıx əkilmiş ağacların budaqlarında seyrəltmə aparsınlar ki, ağacların gövdəsi yaxşı havalansın, yaxşı işıq düşsün. Ağacların, qazon və meydançaların görkəminə baxmaq kifayətdir ki, onların miskin vəziyyətini yəqin edəsən. Sadə adamların müraciət edib əlaədar qurumları xəbərdar etməkdən başqa, əlacları qalmır.
Müraciətlərimizə formal cavablar verilib, yalnız bir neçə ağac eybəcər şəkildə budanmışdır. Təhlükəli vəziyyətdə olan ağaclara isə heç əl vurulmayıb.
Yaşıllaşdırma Təsərrüfatı Birliyi , Xətai Rayon İcra Hakimiyyəti, Xətai Rayon Bələdiyyəsi hər dəfə bizə “Yaşıllıqların götürülməsi haqqında” 30 avqust 2016-cı il tarixli 321 saylı Qərarın 2-5-ci bəndini xatırladır və rəy gərəkliliyini bildirirlər. Amma bu bənddən əvvəlki 2.2.3 və 2.2.4 -cü, eləcə də Azərbaycan Respublikasının “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 13-cü maddəsinin 13.1.3 və 13.1.4 – cü bəndlərini unudurlar. Acınacaqlı burasıdır ki, bu məmurlar özlər qanunu təhrif edirlər. “Yaşıllıqların götürülməsi haqqında” 30 avqust 2016-cı il tarixli 321 saylı Qərarın 2-5-ci bəndinin sadə vətəndaşlara aidiyyəti yoxdur. Qərardakı “fiiziki” və “hüquqi” şəxs statusu tamam başqa münasibətlərdir.” Amma vətəndaşların maraqlarına cavab verən bəndlərin üstündən keçilir. Hansı ki, bu bəndlər həmin işləri görməli olan qurumlara qəzalı vəziyyətdə olan, qurumuş, xəstə ağacların götürülməsi üçün heç bir rəy, icazə tələb etmir. Bu, onların funksional borcudur. Bizim bütünqanunlar gözəldir, vətəndaşyönümlüdür. Sadəcə, yerində olmayan bəzi məmurlar bu qanunlara formirovka verir, onu dəyirman daşı kimi vətəndaşların başında fırladırlar.
Daha bir hüquqi əsaslandırma

Nazirlər Kabinetinin “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması haqqında” 17 may 2018-ci il tarixli 217 nömrəli Qərarı var. Bu qərara əsasən, mərkəzi icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən uçota alınan yaşıllıqlar barədə məlumatlar hər il yanvarın 1-nə qədər ümumiləşdirilir və tərtib olunmuş hesabatlar fevralın 20-nə kimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Bu qanunlar yaşıllıqların mühafizəsinə dövlət nəzarətini təmin edir və bələdiyyələrin bu sahədəki vəzifələrini müəyyənləşdirir.
Məlumatın düzgün və tam şəkildə təqdim edilməməsi, yaşıllıqların uçota alınmaması və ya təhrif edilməsi halında bələdiyyələr İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Bu, qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrin (yaşıllıqların mühafizəsi) icra edilməməsi, vəzifə səhlənkarılığı sayılır.
Nazirlər Kabinetinin bu Qərarı tələb edir ki, respublika ərazisindəki bütün yaşıllıqlar (o cümlədən General Şıxlinski küçəsindəki ağaclar) növləri üzrə uçota alınsın və kadastrı aparılsın. Əgər yerli icra hakimiyyəti orqanları və bələdiyyələr yaşıllıqların vəziyyətinə dair mütəmadi monitorinqlər keçirsəydilər, kadastr dəyərlndirmələri aparsaydılar, onda General Şıxlinski küçəsi 47, 49 və 51 ünvanları ətrafıfındakı təhlükəli ağaclar kadastr sənədlərində “qəzalı” kimi qeyd olunmalı idilər.
Və bu mönitorinq onu aparan qurumlar qarşısında öhdəlik qoyacaqdı ki, qəzalı ağaclar götürülməli, budanmalılar budanmalı, xəstəliyi olanlar da müalicə olunmalıdırlar. Funksional vəzifənizi heç bir rəy gözləmədən icra edin.
Təbi ki, İnsan — Təbiət münasibətlərində İnsan amili də əsasdır. İnsanlar yaşıllığı sevdikləri kimi, qorumaq qayğısına da qalmalıdırlar. Hər aiə ildə bir ting basdırsa, necə gözəl olar. Hər həyətdə ağaclara və yaşıllığa sakinlər özləri lazım gələndə su versələr, nə yaxşı. Amma bu münasibəti , bu münasibətlər üçün şəraiti yaratmaq, təşkil etmək, nizamlamaq və diqqətdə saxlamaq lazımdır. Sakinlər arasında ola bilmzə ki, ahıl yaşlı nəsillərin nümayəndəsi olmamış olsun.Onlar dünyasında həyətlərindəki ağacların susuz qalmasına imkan verməzlər, budamaq lzaıdırsa, əlçatan yerləri mütləq budayacaqlar. Amma günlərin birində bir işbaz gələcək ki, mənim icazəm var, burada moyka quraşdıracam, ticarət köşkü qoyacağam, kafe açacağam. Bunları görən heç kimin daha nə yaşıllığa, nə də ağaclara xidmət göstərməyə əli getməyəcək.
10 -15 il əvvəl General Şıxlinski küçəsi 49 nömrəli 12 bloklu yaşayış binasının arxasında biz bunu gördük. İnsanların ümumi istifadə yerlərini işbazlara pay-pürüş etməyə elə asan qıydılar ki.

Əgər biz yaşıllığı sevməliyiksə, qorumalıyıqsa, bu məsuliyyət hamı üçün eyni omalıdır. Həmi yerləri sahibkarlar üçün qazanc yeri olacaq obyekt tikməsinə sərəncam verən məmurlar üçün də, adi vətəndaş üçün də. Amma ətrafımızda tam əksinədir. Ümumi istifadə yerləri əlçim-əlçim işbazlara təslim edilir.

Leave a Reply