Mövqe

Kitabxana ikinci evim kimidir, hətta, kitabxana mənim həqiqi evim kimidir bəlkə də. Haruki Murakami – Məşhur yapon yazıçısı

Son günlər sosial şəbəkələrdə və mediada ən çox müzakirə olunan mövzulardan biri də Mədəniyyət Nazirliyinin kitabxana əməkdaşları üçün keçirdiyi attestasiya prosesidir. Rəsmi açıqlamalarda bu addımın “rəqəmsal bacarıqların inkişafı və xidmət keyfiyyətinin artırılması” məqsədilə atıldığı bildirilsə də, acı reallıq tam fərqlidir: onilliklərini bu sahəyə həsr etmiş xeyli insan bu gün formal imtahanlar səbəbindən işsizlik təhlükəsi ilə üz-üzə qalıb. Bir sayt rəhbəri və ömrünü kitablardan ayırmayan bir ziyalı kimi, bu mövzuya biganə qala bilməzdim.
Kitabxanalar mənim Məbədim, Kitabxanaçılar isə əsl dostlarımdır
Mənim kitabxana işçilərinə həmişə böyük və sonsuz bir rəğbətim olub. Həyatım heç vaxt kitablardan, o qoxulu vərəqlərdən və sakit kitabxana zallarından ayrı keçməyib, bu gün də belədir. Dostlarım, dərin hörmət bəslədiyim insanlar cərgəsində kitabxanaçıların yeri hər zaman fərqlidir.

Tələbəlik illərimiz xatırlayıram – kitabxanasız bircə günümüz də olmazdı. O dövrlərdə gənc işçilər nadir halda tapılardı; əksəriyyəti bu peşəyə, sadəcə, iş kimi yox, könül verib qalanlar idi. Onlar hər gün müraciət edən yüzlərlə oxucunu səmimiyyətlə qarşılayan, yönləndirən, ağsaçlı, nurani və son dərəcə savadlı QADINLAR idi.Keçmiş V.İ. Lenin adına Mərkəzi Şəhər Kitabxanasının (indiki Prezident Kitabxanası) oxu zalı bizim üçün sanki bir məbəd idi. Orada yaşlı, ağsaçlı bir biblioqraf xanım vardı – səhv etmirəmsə, adı Bəyim xala idi. O, sanki bütün elmlərdən xəbərdar idi. Tələbə Elmi Cəmiyyətinin xətti ilə mövzular üzərində işləyəndə, kurs və diplom işi yazanda bizə elə nadir mənbələr, elə kitablar tapıb təqdim edərdi ki, heyran qalardıq. Öz uşaqlıq və gənclik yaddaşımı vərəqləyirəm: bu qədər illər ərzində kitabxanada işləyən cəmi bircə kişi işçi görmüşəm. Qalan hamısı qadınlar olub. Maaşın azlığı, əksər kitabxanaların bərbad, təmirsiz və uyğunlaşdırılmış binalarda yerləşməsi ucbatından kişilər bu yerlərdə qalıb işləməzdilər. Amma o fədakar qadınlar dözdülər, cəmiyyətin bu ağır mənəvi qayğısını öz zərif çiyinlərində daşıdılar. Bəs bu gün bu əmyi biz necə dəyərləndiririk ? Siz indiyə qədər kitab günlərində, bayramlarda hansısa kitabxanaçıya fəxri ad verildiyini, yaxud onların deputat seçildiyini gördünüzmü? Təəssüf ki, yox.

Bir Nazirin yaşı qədər stajı olan insanları işdən çıxarmaq doğru idarəçilik deyil!
Mətbuatdan məlum olduğu kimi, iyulun 13-dən iyulun 25-dək .Mədəniyyət Nazirliyinin kitabxana sistemlərinin avtomatlaşdırma və informasiya-resurs şöbələri əməkdaşları üçün attestasiya prosesi həyata keçirilib, 65 şəhər və rayondan 1100-dək kitabxana əməkdaşı cəlb olunub . Sosial şəbəkərdə yazylanlara görə, nəticədə bir çox kitabxana işçisi işindən uzaqlaşdırlıb. Bu, tamamilə səhv və ədalətsiz bir idarəçilik yanaşmasıdır. Bir nazirin yaşı qədər kitabxanaçılıq stajı olan, ömrünü kataloqlar arasında əridən mütəxəssisi bir neçə quru, texniki və bəlkə də heç öz sahəsinə aid olmayan sualla imtahan edib evə göndərmək olmaz. Yenə sosial şəbəkələrdə yazılanlara görə, İşçilər və ekspertlər imtahandakı İKT və rəqəmsal bacarıqlarla bağlı sualların kitabxanaların mövcud maddi-techniki bazasına və yaşlı əməkdaşların (50-60 yaşdan yuxarı) hazırlıq səviyyəsinə uyğun olmadığını dilə gətirblər. Kitabxana zamanın dayandığı, minlərlə ruhun yan-yana nəfəs aldığı müqəddəs bir sığınacaqdır. Bu sığınacağın memarı isə hər gün o rəflərə sevgisini, kartotekalara isə barmaq izlərini qoyan kitabxanaçıdır. Hər bir kitab bir insandırsa, kitab rəfləri onların doğma evidir, onu bu rəflərdən, kitablardan, kartotekalardan ayırmaq, sanki bir insanı da öz yuvasından, doğma elindən didərgin salmaq kimidir. Onları bir-birindən ayırmaq olmaz, çünki bu vəhdət uzaqlaşanda kitabxananın o mistik, doğma ruhu da yox olar.Hər bir kitab öz rəfində əbədi qalsın, hər bir kart öz qutusunda o kitabın keşiyini çəksin. Çünki bu sadiqlik kitabxanaçının bu peşəyə verdiyi ömrün və sevginin ən gözəl sübutudur. Məsələnin maddi tərəfini kənara qoyuram. Onsuz da bu insanlar ömür boyu az maaşla yaşamağı, qənaət etməyi öyrəniblər və bu çətinlik onların kitabxanaya olan sevgisini heç vaxt azalda bilməyib. Onları indi, yaşlarının bu çağında işdən azad etmək maddi yox, mənəvi cəhətdən sarsıdacaq. Bu zərbə onları hər gün 1 günün içində 1 ay qədər yaşlandıracaq, həyatdan küsdürəcək. Onları tamam bağlandıqları kartoteekalardan, kitablardan ayırmayın…İslahat aparmaq insanları küçədə qoymaq deyil, onlara şərait yaratmaq, yaşlı nəslin təcrübəsi ilə gənc nəslin rəqəmsal çevikliyini sintez etməkdir.Yazımı kitabxana işinin müqəddəsliyini və insanların bu məkana bağlılığını ən gözəl şəkildə ifadə edən bu möhtəşəm sitatla bitirmək istəyirəm:

Mən kitabxanaçıyam, kitabxanaçılıq mənim dinimdir, kitabxanalar mənim məbədimdir və kataloq kitabxanalarda saxlanılan hikmət və bilik zənginliyini açmaq üçün əsas silahımdır.
Salman Haider – Kitabxanaçı və kataloqçu; Kitabxanaçılıq Araşdırmaları və İnformasiya Texnologiyaları bloqunun yaradıcısı