Mövqe

Standartlaşdırılmış testlər o qədər genişlənib və böyüyüb ki, artıq məktəblərimizi udmaq təhlükəsi yaradır.
Alfie Kohn-
ABŞ-lı təhsil mütəxəssisi, tədqiqatçı, yazıçı və mühazirəçidir

Azərbaycan kinosunun şah əsərlərindən olan “Ulduz” filmindəki Gülümsərov obrazını hamımız xatırlayırıq. Onun fəaliyyətinin ana xəttini real iş görmək yox, kağız üzərində “gözəl hesabatlar” hazırlamaq, hər şeyi rəqəmlərlə bəzəmək və yuxarılara xoş görünmək təşkil edirdi. Təəssüf ki, bu gün ölkə təhsilinə nəzər salanda, sistemin məhz həmin o gülümsərovsayağı eksperimentlərin poliqonuna çevrildiyini aşkar görmək olur. Biz real bilik və tərbiyə mühiti qurmaq əvəzinə, mexaniki proseslərin və sənədləşmələrin əsirinə çevrilmişik.
Sonsuz İmtahan Marafonu və “Test Sənayesi”
Təhsil sistemimiz ilboyu fasiləsiz imtahan rejimində fırlanır: MİQ, sertifikasiya, yerdəyişmə, şagird qəbulu və digər saysız-hesabsız testlər. Məktəb artıq öyrətmək funksiyasını itirib, sadəcə,imtahan keçirmək və test yoxlamaq müəssisəsinə dönüb. Bu qədər imtahanlaşdırma dərs keyfiyyətini artırmır, əksinə, sınaq kitabları və hazırlıq kursları üzərində kölgə iqtisadiyyatını böyüdür.
Lakin bu vəziyyətdə günahı, sadəcə, müəllimlərin üzərinə atmaq haqsızlıq olardı. Mən bir müddət TQDK-da (DİM) işlədim. Yüksək bal toplayan abituriyentlərlə görüşlərimiz olurdu. Repetitorsuz yüksək bal toplayan uşaqlarımız az deyildi, hətta ucqar kənd məktəblərində də belə hazırlıqlı şagirdlərimiz vardı. Deməli, dövlətin proqramı və dərslikləri əslində yetərlidir. Bəs nə üçün ailələr istər aşağı, istərsə də yuxarı siniflərdə oxuyan övladlarını hazırlıq kurslarına, fərdi repetitor yanına göndərməyə məcbur olurlar?
Əsl səbəb siniflərdəki dəhşətli şagird sıxlığındadır. 35-40 nəfərlik siniflərdə hər uşağın qavrama səviyyəsi eyni deyil. Yazıq müəllim 45 dəqiqə ərzində hansı biri ilə fərdi məşğul olsun? Müəllim oxumaq istəyən potensiallı uşaqla keyfiyyətli məşğul ola bilmir, çünki sinif mühiti buna imkan vermir. Bir sinifdə müxtəlif qavrama səviyyələri olan şagirdlərə dərsi eyni formatda tədris etmək effektiv nəticə verə bilməz.
Bir tanış riyaziyyat müəllimi dostumuz vardı. Bu barədə söhbətimiz düşəndə həmişə deyərdi: “Mən heç bir şagirdi qrupuma say xatirinə götürmürəm. Zəif uşaqlar hazırlıq qruplarında da keyfiyyətli tədrisə mane olurlar. O uşaqları qəbul edirəm ki, onlara çəkilən zəhmət hədər getməyəcək, bu uşaqlar ali məktəblərə mütləq qəbul olunacaqlar”.
Bu acı etiraf əsl reallığı ortaya qoyur: repetitor və ya özəl kurs öz nüfuzunu qorumaq üçün yalnız oxuyan, nəticə verə biləcək “hazır material” şagirdləri seçib götürür, zəif uşağı isə qapıdan geri qaytarır. Məktəb isə hamını eyni mühitdə saxlamağa məcburdur. Valideynlər bu süzgəci bildikləri üçün övladlarının geridə qalmaması üçün fərdi çalışdırılması yolunu seçirlər. Nazirliyin yuxarı qatlarında keçirilən onlarla formal imtahan və elektron layihələr isə bu köklü struktur problemini həll etmir, sadəcə, kağız üzərində gülümsərovsayağı bir “uğurlu statistika” formalaşdırır.
Məktəbdən Qaçış və Onun Doğurduğu Sosial Fəsadlar
• Zəncirvari Qanun Pozuntusu: Yuxarı sinif şagirdləri repetitor yanına getdikləri üçün artıq məktəbə ümumiyyətlə gəlmirlər. Hətta aşağı sinif şagirdləri də bu axına qoşulub; sanki valideynlər bir-birlərinə baxıb dəstədən geri qalmaq istəmirlər. Bu kütləvi yayınmalara göz yumulması, “qayıb” yazılmaması, əksinə, rübün sonunda jurnallara saxta qiymətlərin köçürülməsi məktəb rəhbərliyinin və müəllimlərin birbaşa məsuliyyətsizliyidir. Sinf rəhbərlərinin səsini çıxarmaması, müəllimlərin dərsdə olmayan şagirdə qiymət yazması başqa necə izah oluna bilər? Təbii ki, məktəb rəhbərləri müəllimlərə və sinif rəhbərlərinə “ağız açır”, sonra da bunu “xoşməramlılıq” adı altında qanuniləşdirirlər.
• Məktəbdə İntizamın İflası: Belə bir qeyri-şəffaf mühitdə şagirdlərlə müəllim və rəhbərlik arasında sağlam olmayan münasibətlər formalaşır. Oxumayan, bir qədər də nadinc olan uşaqlar bu neqativləri bildikləri üçün məktəbdə istədikləri hərəkətləri edirlər. Dərsə gecikir, istədikləri vaxt birinci-ikinci saatlara girmir, yaxud sonuncu dərslərdən qaçıb küçələrdə, parklarda dolanırlar. Sinif rəhbəri və ya direktor bu uşaqlara intizam tənbehi tətbiq edə bilmir. Çünki qarşıdurma yaranan kimi valideyn məktəbə gəlib hay-küy salacaq: “Kütləvi şəkildə dərsə gəlməyən varlı uşaqlarına yaşıl işıq yandırırdınız, bizim uşaqları isə təhdid edirsiniz!” Nəticədə rəhbərlik özü qanunsuzluğun içində olduğu üçün nə şagirdə, nə də müəllimə qarşı tələbkarlıq edə bilmir.
• Ədalət Hissinin İtməsi: Məktəbə mütəmadi gələn və repetitora getməyə imkanı olmayan uşaq görür ki, qaydaları pozanlar cəzalandırılmır, əksinə, onların bu hərəkətinə göz yumulur. Bu, uşaqda sistemə və ədalətə qarşı inamı sıfırlayır.
• Assosial Davranışlar və Küçə Faktoru: Dərs vaxtı məktəbdən yayınan, nəzarətdən kənarda qalan uşaqlar asanlıqla pis vərdişlərə meyil edir, küçələrdə vaxt keçirir və aqressiv, assosial davranışlar sərgiləyirlər.
• Məktəbin Nüfuzunun Tamamilə İflası: Cəmiyyətin gözü qarşısında baş verən bu proses getdikcə dərinləşir. Məktəb elm və tərbiyə ocağı statusundan çıxıb, sadəcə, “diplom və attestat paylayan formal bir idarəyə” çevrilməkdədir.
• Gələcək “Başağrıları”: Bu cür intizamsız mühitdə böyüyən uşaqlar çox keçmədən həm valideynləri, həm məktəb, həm də bütövlükdə cəmiyyət üçün idarəolunmaz problemlər, hüquq pozuntuları və böyük sosial başağrıları yaradırlar.
İdarəetmədə Kadr Paradoksları: “Bişməmişlər” və Qeyri-Pedaqoqlar
Təhsildə aparılan digər böyük eksperiment isə kadr siyasətidir. Son illərdə qeyri-pedaqoji təhsili olan şəxslərin təhsil sahəsində, xüsusən də regional idarələrdə və digər rəhbər vəzifələrdə oturdulması tendensiyası yaranıb. Məktəbin və müəllimin ruhunu anlamayan, sinif otağının havasını tənəffüs etməyən menecerlər təhsili idarə etməyə çalışırlar.
Digər tərəfdən, “gəncləşdirmə” adı altında hələ tam “bişməmiş”, təcrübəsi və həyat müdrikliyi yetərsiz olan cavan-cavan şəxslər yüksək postlara gətirilir. Bu zaman isə illərini bu sahəyə vermiş, pedaqogikanın incəliklərinə bələd olan müdriklər rəhmsizcəsinə proseslərdən uzaqlaşdırılır. Nəticədə, məktəblərdə və bağçalarda idarəçilik sənəti silsilə səhvlər zəncirinə çevrilir.
Daşlaşmış Rəhbərlər və Bağça Müdirələri Fenomeni
Kadr siyasətindəki digər bir ziddiyyət isə bəzi rəhbər işçilərin eyni vəzifədə, eyni məktəbdə və ya bağçada uzun illər saxlanılmasıdır. İslahat və yenilik rəqəmsal hesabatların o tərəfinə keçə bilmir, çünki yerlərdə sistemi idarə edən və artıq funksionallığını itirmiş, “daşlaşmış” rəhbərlər oturub. Bağça müdirələri ilə bağlı yaranan və bitmək bilməyən neqativ tendensiyalar, şəffaflıq eksperimentlərinin yerlərdə necə iflasa uğradığının bariz nümunəsidir. Sistem vizual olaraq yenilənir, amma daxildəki feodal idarəçilik prinsipləri dəyişməz qalır.
Nəticə: Kağız Üzərində Uğur, Reallıqda Boşluq
“Ulduz” filmində Gülümsərovun sədrlik etdiyi iclaslar necə süni idisə, bu gün təhsilimizdəki bir XML “yeniliklər” də eləcə formaldır. Biz prosesin forması (imtahanlar, elektron portallar, reytinqlər) ilə o qədər məşğul oluruq ki, məzmunu (şəxsiyyət yetişdirməyi, elmi savadı) tamamilə unuduruq.
Təhsil eksperiment mühiti deyil, o, millətin gələcəyidir. Gülümsərovsayağı hesabat xatirinə edilən vizual islahatları dayandırıb, siniflərdəki real sıxlığı azaltmağın, təhsilin məzmununa və təcrübəli kadrların müdrikliyinə qayıtmağın vaxtı çoxdan çatıb.
