Görkəmli şəxslərin həyatından

“Akademik M. A. Topçubaşovun həyat yolu, yaradıcılığı, bizim üçün və gələcək nəsillər üçün qoyduğu irs milli sərvətimiz, milli iftixarımızdır.”
— Heydər Əliyev

Adındakı hikmət: bir ata və ananın duaları ilə seçilmiş övlad
Dünyaya göz açmasını yalnız ata-anası, qohum-əqrabası və bir də qonşuları bilmişdi. Valideynləri ona “Mustafa” adını qoyanda bəlkə də bu adın daşıdığı dərin mənaya heç bələd də deyildilər. Onlar, sadəcə, nəsillərini davam etdirəcək bir oğul övladının gəlişinə sevinirdilər. Lakin zaman göstərdi ki, Mustafa adının mənası (“bəyənilmiş”, “seçilmiş”) onun taleyinə yazılıbmış. Uca Allah onu həm Topçubaşovlar nəslinə, həm də mənsub olduğu xalqa seçilmiş bir ulduz olaraq bəxş etmişdi.
Hələ Mirzə Rzanın ibtidai məktəbində təhsil alan uşaq ikən mütəfəkkir şair M. Ə. Sabirin bu misralarını böyük həvəslə oxuyurdu:
Məktəb, məktəb, nə dilguşasən,
Cənnət — cənnət demək, səzasən…
Hikmət, hikmət səninlə ali,
Xaki — vətən səninlə hali.
Vaxt gələcəkdi ki, sıravi həkimlikdən elmin ən ali zirvəsinə yüksələn, Azərbaycanı dünyada ləyaqətlə təmsil edən Mustafa Topçubaşovun şərəfli həyat yolu böyük Sabirin “Xaki —vətən səninlə xali” misralarındakı həqiqətin daha bir təsdiqinə çevriləcəkdi. Bəli, Vətən torpağının nicatı , gülüstana çevrilməsinin yolu məktəb və təhsillə bağlıdır. Bu yollar 19 yaşlı Mustafanı qoynuna aldı.
Ağır sınaqlar və Kiyev illəri
Gələcəyin dahisini qarşıda çətin və şərəfli sınaqlar gözləyirdi. Filosofların dediyi kimi: “İnsanın qiymətini düşdüyü çətinliklər üzə çıxarır” (A. Tires) və “Əgər getdiyin yolda heç bir maneə yoxdursa, o yol sizi heç bir yerə çıxartmayacak” (B. Şou).
Mustafa Topçubaşovun müstəqil həyatı məhz belə maneələrlə başladı. O, 1914-cü ildə ali tibb təhsili almaq üçün Kiyevə yollandı. Birinci Dünya Müharibəsinin çətinlikləri, qürbət el və ehtiyac onun üçün əsl həyat məktəbi oldu. Günə cəmi 200 qram çörəklə dolanan tələbə Mustafa çox vaxt ac qalırdı. Yaşamaq üçün qospitalların birində aylıq 25 manat maaşla sanitar işləməyə başladı. Gələcəyin dahi həkimi məhz bu çətin şəraitdə yetişirdi.
Bəzən qəhrəmanlığın yalnız döyüş meydanında olduğunu düşünürük. Bəs adi günlərin qəhrəmanlığı necə adlanmalıdır? Bir çox gənc adi çətinliklərə təslim olub təhsilini yarımçıq qoyduğu halda, Mustafa bəy “həyatın dibində” bütün dalğalara sinə gərdi. Vətən və xalq naminə, ata-anasının duaları naminə ideyasından, məsləkindən dönmədi, vətənə ali təhsilli həkim kimi qayıtdı.
Bakıda soyuq qarşılanması və ilk addımlar
Vətənə dönüş yolu da asan olmadı. Müharibə alovları içində dəfələrlə qatar dəyişən gənc həkim, demək olar ki, Dağıstandan Bakıya qədər piyada gəldi. Lakin Bakı da onu qucaq açıb qarşılamadı. Ermənistan əsilli olduğu üçün burada heç bir qohumu, dayağı yox idi. Üstəlik, o dövrün hakimiyyəti üçün “təhlükəli” sayılan Kiyev Universitetinin məzununa kimsə iş vermək istəmirdi.
Gələcəyin böyük alimi günlərlə limanda, dəmiryol vağzalında, park və xiyabanlarda gecələməli oldu. Amma “ehtiyac bu qəhrəmanı qul edə bilmədi”. Kiyevdə küçə döyüşlərində, barrikadalarda ölümlə dəfələrlə üz-üzə gəlmiş Mustafa bəyi bu çətinliklər daha da vüqarlı etdi.
Nəhayət, bəxt onun üzünə güldü. Küçədə təsadüfən köhnə universitet dostu Ağayevə rast gəldi. İnqilabi fəaliyyətinə görə vaxtilə universitetdən qovulmuş bu dostun atası Mustafa bəyə “Bazarnaya” küçəsindəki mehmanxanasında balaca bir otaq verdi. Onların məsləhəti ilə gənc həkim yenicə açılmış Bakı Dövlət Universitetinə müraciət etdi və burada ilk milli ordinator kimi əmək fəaliyyətinə başladı.
Azərbaycan səhiyyəsində dönüş nöqtəsi
Mustafa Topçubaşov fəaliyyətə başlayanda Azərbaycan səhiyyəsi acınacaqlı vəziyyətdə idi. Ölkədə traxoma və malariya kimi xəstəliklər tuğyan edir, xəstəxana və kadr qıtlığı yaşanırdı. Bütün respublikada cəmi 12 azərbaycanlı həkim var idi. Xalqın ağır güzəranına ekoloji şəraiti də əlavə etsək, vəziyyətin nə qədər acınacaqlı olduğunu təsəvvür etmək olar.
Hippokratın “Bütün sənətlərin həqiqətən ən nəcibi tibbdir” kəlamını rəhbər tutan Mustafa bəy xalqın sağlamlığı üçün gecə-gündüz çalışmağa başladı. O, tez-tez rayonlara gedərək yerlərdə cərrahi şöbələr qurdu, səyyar və stasionar tibbi yardımı təşkil etdi. Tibb İnstitutunda cərrahlıqdan dərs deyərək gənc milli kadrların yetişdirilməsinə böyük əmək sərf etdi.
Müharibə illəri və böyük ixtira
İkinci Dünya Müharibəsi başlayanda M. Topçubaşov Səhiyyə Komissarlığının Evakoqospital İdarəsinin baş cərrahı təyin olundu. Onun təşkilatçılığı sayəsində praktika tarihinde ilk dəfə olaraq xüsusi təyinatlı hərbi xəstəxanalar (döş cərrahiyyəsi, neyrocərrahiyyə, uroloji və s.) yaradıldı.
Müharibə şəraitində cəbhədən gələn yaralı əsgərlərin bədənindən qəlpə və güllələri çıxarmaq üçün rentgen aparatları çatmırdı. Topçubaşov möcüzəvi bir aparat ixtira etdi. Bu ixtira sayəsində rentgen aparatı olmadan belə, hər hansı bir səhra xəstəxanasında bədəndəki yad cisimlərin yerini dəqiq təyin etmək mümkün oldu. Gün ərzində 20-25 ağır cərrahi əməliyyat aparan dahi həkim minlərlə döyüşçünü yenidən həyata və ailəsinə qaytardı. Homerin dediyi kimi: “Bir həkimin məharəti yüzlərlə döyüşçünün hünərindən üstündür”.
Onun bu fədakar xidmətləri dövlət tərəfindən “Lenin”, “Qırmızı Əmək Bayrağı” ordenləri və müxtəlif hərbi medallarla mükafatlandırıldı.
Nobel Mükafatına mane olan “sapı özümüzdən olan baltalar”
M. Topçubaşov hələ müharibədən əvvəl, 1938-ci ildə cərrahlıq tarixinə böyük bir yenilik gətirmişdi: efir-yağ narkozunu — “Analgezin” preparatını kəşf edərək təhlükəsiz keyləşdirmə metodunun əsasını qoymuşdu. Bu kəşfə görə o, 1964-cü ildə A. Vişnevski adına mükafata layiq görüldü.
1977-ci ildə isə Beynəlxalq Nobel Mükafatı Komitəsi bu unikal kəşflə ciddi maraqlandı və müvafiq sənədlərin komitəyə göndərilməsini xahiş etdi. Lakin böyük alimin Nobel mükafatı almasına “sapı özümüzdən olan baltalar” mane oldu. “Bakinski raboçi” qəzetində Alfred Nobel əleyhinə təşkil olunmuş silsilə anonim yazılar və məqalələr komitənin fikrini dəyişməsinə səbəb oldu və dahi həkim bu layiq olduğu mükafatdan məhrum edildi. Amma bu haqsızlıq belə onun insanlığa xidmət əzmini qıra bilmədi.


Rəqəmlərin dili ilə: möhtəşəm bir ömrün statistikası
Aşağıdakı cədvəl akademik Mustafa Topçubaşovun 62 illik fəaliyyətinin miqyasını aydın şəkildə nümayiş etdirir:
Fəaliyyət göstəricisi – Möhtəşəm nəticə
Ümumi Cərrahi Əməliyyat Sayı: 100 000-dən artıq
Gündəlik əməliyyat ortalaması: 5–6 əməliyyat
Xalqa şəfqət payı: Hər 80 azərbaycanlıdan birinin xilaskarı
Yazdığı fundamental dərslik: 5 cildlik “Xüsusi cərrahlıq” (ana dilimizdə)
Elmi əsərləri və monoqrafiyaları: 7 şaxəli monoqrafiya, 300-dən çox elmi məqalə
Yetişdirdiyi Alimlər: 10 elmlər doktoru, 30-a yaxın elmlər namizədi
Beynəlxalq Statusu: Azərbaycan EA-nın ilk həqiqi üzvü, Bolqarıstan EA-nın müxbir üzvü
Təltif və mükafatları:
Sosialist Əməyi Qəhrəmanı — 4 avqust 1975 (“Lenin” ordeni və “Oraq və Çəkic” medalı təqdim edilməklə)
“Azərbaycan SSR əməkdar həkimi” fəxri adı — 23 aprel 1940
“Stalin” mükafatı (2-ci dərəcə) — 22 mart 1943
4 dəfə “Lenin” ordeni — 4 noyabr 1944, 6 noyabr 1951, 4 sentyabr 1954, 4 avqust 1975
“Oktyabr inqilabı” ordeni — 20 iyul 1971
“Qırmızı əmək bayrağı” ordeni — 25 fevral 1946
“Qırmızı Ulduz” ordeni — 3 mart 1942
“Şərəf nişanı” ordeni — 27 yanvar 1936
Əbədi yaşayan irs:gələcək nəsillər üçün örnək
Mustafa Topçubaşov gənclərə həmişə xüsusi bir ata məhəbbəti ilə yanaşır, onları Azərbaycanın gələcəyi hesab edirdi. Təhsil illərindən sonra da gənclərin inkişafını izləyir, onlara yol göstərirdi. Onun layihəsi əsasında qurulmuş xüsusi cərrahi auditoriya sayəsində tələbələr əyani vəsaitlərlə əməliyyatların bütün detallarını dərindən öyrənirdilər.
Böyük alimin bizə qoyub getdiyi ən böyük sərvət onun şöhrətli adı və insanlıq naminə göstərdiyi şəxsi nümunədir. Onun cismani ayrılığından illər keçsə də, o öz elmi irsi ilə həmişə bizimlədir. Ulduzlar heç vaxt sönmür, onlar kainatı nura boyamaqda davam edirlər. Dahi həkimin vaxtilə dediyi bu sözlər bu gün böyüməkdə olan hər bir uşaq və gənc üçün əsl həyat bələdçisidir:
“Hər birimiz bir şam işığı qədər işıq versək, planetimizin qaranlıq nöqtəsi qalmaz.”

Müəllif: Akif Əhmədov
(Yenidən işlənilmiş variant . Yazı ilk dəfə 2007-ci ildə redaktoru olduğum “Herba Flora” junalının 1-ci sayında dərc olunmuşdur.)
