Baş redaktor


Bu gün dünya sözün həqiqi mənasında alışıb yanır. Hər gün dünyanın müxtəlif bölgələrində günahsız insanlar həyatını itirir, uşaqlar oyuncaqlarından, isti yuvalarından, gələcəklərindən məhrum edilir. İnsanlığın bəxtəvər yaşaması niyyəti ilə açılmış sülh şəfəqli səmalar reaktiv mərmilərin saçdığı fosforlu işıqla əvəzlənir, ruzi yetirməyə, çiçək açmağa xidmət etməli olan torpaqlar viran qoyulur, neçə-neçə şəhər və kənd xarabazarlığa çevrilir. Təbiət insan tamahının və müharibələrin qurbanı olur, quşlar belə yuvalarından perik düşür.
Bu yazı dünyaşöhrətli yazıçı və şairlərə, incəsənət xadimlərinə və Nobel mükafatçılarına yalvarışlı bir çağırışdır. Dünya alışıb yanarkən, fidan-fidan körpələr torpağa gömülərkən Zəka sahibləri nə üçün belə laqeyd qalır? Bu sükut baş verən faciələri daha da dərinləşdirir:
NİYƏ SUSURSUNUZ, NƏYİ GÖZLƏYİRSİNİZ?
Azərbaycan ədəbiyyatının və fəlsəfəsinin zirvəsi olan Hüseyn Cavid hələ illər əvvəl bəşəriyyətin xilası formulunu belə ifadə etmişdi:
“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü…”
Bu gün bəşəriyyətin tökülən qanları dayandıran, zorakılığa “Dur!” deyən və sülhü bərqərar etməyə çağıran DAHİyə ehtiyacı var. Müharibələrin, dağıntıların və sükutun qarşısında birgə dayanmaq, humanizmi və insan həyatının dəyərini hər şeydən üstün tutmaq hər birimizin mənəvi borcudur.
Dünya dağıntılarla deyil, sülhlə, sənətlə və uşaq gülüşləri ilə bəzənməlidir.
