Hökümə Səmaya uçdu, amma əbədi olaraq xalqının qəlbində qaldı

Baş redaktordan

Təyyarə titrədi, göylər dumanlı,
Gözlərdə qorxu var, anlar həyəcanlı.
Amma sarsılmadı o mərd, o canlı,
Ucaldı bir nida, sildi qorxunu:
“Hər şey yaxşı olacaq!”

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, cəsur təyyarə bələdçisi Hökumə Əliyevanın doğum günüdür. Yaşasaydı, 35 yaşını qeyd edəcəkdi. O, Kəlbəcərin Susuzluq kəndində dünyaya gəlmiş, ömrünü peşəkarlıq və insanlara xidmətə həsr etmişdi. 2024-cü il dekabrın 25-də AZAL-ın Bakı–Qroznı reysində baş verən faciə zamanı son anlarına qədər sərnişinləri sakitləşdirərək “Hər şey yaxşı olacaq!” demişdi. Öz ölümünə razı olmuşdu ki, təki, sərnişinlər yaşasın…
Bu fədakarlıq və şücaətinə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü və “Qızıl Ulduz” medalı ilə təltif olundu. Göstərdiyi misilsiz fədakarlıqlar milyonların qəlbində əbədi taxt qurdu. Sizi heç vaxt unutmayacağıq…
Hökumə özü bu günü qeyd edə bilməsə də, xalqımız onun hər yaşını ehtiramla yad edir və xatirəsini ürəyində yaşadır. Göylərdə uçan Azərbaycan təyyarələri kimi onun ruhu da Vətən səmasında əbədi qalacaq. Ruhu şad olsun, xatirəsi daim yaşasın!

Leave a Reply