Şairə-publisist Təranə Dəmirin bir yazısına münasibət
Mövqe

“…Universitetlər,ali təhsil müəssisələri bir ucdan tələbə qəbul edir,eyni zamanda hər il həyata minlərlə mütəxəssis uğurlayır .Bəs bu gənclərin sonrakı taleyi necə olur? Kimsə maraqlanırmı bu gənclərlə? ….
… Bu ölkədə özünə mövqe və iş tapmayan gənclərin bir qismi çıxış yolunu ölkəni tərk etməkdə görür….”
Təranə Dəmir, AYB-nin və AJB-nin üzvü, şair-publisist

Hörmətli Təranə xanım, doğrudan da, son dövrdə ölkəmizdə elmi potensialın xaricə axını getdikcə daha ciddi və narahatedici bir problemə çevrilib. İstedadlı gənc alimlər, tədqiqatçılar və yüksək ixtisaslı mütəxəssislər öz vətənlərində layiqli şərait tapa bilmədikləri üçün Avropa, Amerika, Türkiyə və digər ölkələrə üz tuturlar. Bu axın sadəcə fərdi seçim deyil, sistemli problemlərin nəticəsidir. Elmi işçilərin maaşlarının aşağı olması, tədqiqat infrastrukturunun zəifliyi və layihələrə ayrılan vəsaitlərin yetərsizliyi onları vətəndən uzaqlaşmağa məcbur edir. Xaricdə isə eyni alimlər daha yüksək maaş, müasir laboratoriyalar və beynəlxalq əməkdaşlıq imkanları ilə qarşılanır. Nəticədə ölkəmiz illərlə böyük vəsait və zəhmət hesabına yetişdirdiyi kadrları itirir. Bu “beyin axını” təkcə elm sahəsini deyil, bütövlükdə ölkənin inkişaf perspektivlərini zəiflədir. Geri qayıtmaq istəyənlər də çox vaxt uyğun iş və şərait tapa bilmir. Beləliklə, elmi mühit getdikcə boşalır, yerli universitet və institutlarda təcrübəli kadr çatışmazlığı yaranır. Bu proses dayanmasa, gələcəkdə ali məktəblərimizin zəifləməsi qaçılmaz olacaq. Ölkəmizin intellektual sərvətinin bu şəkildə dağılması isə heç bir cəmiyyət üçün arzuolunan deyil.
Bu fikrinizlə tam həmrəyəm. Yazdıqlarınız bu gün minlərlə savadlı gəncin və onların fədakar valideynlərinin ürəkağrısı, boğazında düyünlənən hıçqırığıdır. Çox haqlısınız: azad və demokratik cəmiyyət idealından bizi uzaq salan ən böyük bəla — istedadlının üstündən keçib, “imkanlı və arxalı” kadrların irəli çəkilməsidir. Amma gəlin, bu faciənin bir az daha dərin qatlarına — bizi bu “diplomlu işsizlər” bolluğuna gətirən köklərə nəzər salaq. Bizim vaxtımızda ali təhsil bir imtiyaz, universitet isə müqəddəs bir elm məbədi idi. Hamının beynində bircə universitet var idi: Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universiteti (indiki BDU). O vaxt hüquqa, tarixə, jurnalistikaya daxil olmaq hər oğulun işi deyildi; biliyin, zəhmətin və əsl istedadın çəkisi var idi. İndi isə Loğmanın dediyi o məşhur misala gəlib çıxmışıq: “Bir yerdə ki yağla şor eyni qiymətdədir, orada məskən salmaq olmaz.” Təəssüf ki, bu gün təhsilimizdə yağla şorun qiyməti bərabərləşib. Universitetlərin adını dəyişib “ali təhsil müəssisəsi” qoymaqla onun mayasına bir ovuc biznes anlayışı qatdılar. Göbələk kimi çoxalan, adı olub özü olmayan, hətta xaricdə (Dağıstanda, Ukraynada və digər yerlərdə) fəaliyyət göstərən saxta və ya keyfiyyətsiz universitetlərin diplomları evlərin arxivini bəzəyir. İndiki sistem abituriyentə 15 ixtisas seçimi verir. Bu, reytinqi və keyfiyyəti aşağı salan ən qısa yoldur. Orta məktəb məzunu , sadəcə, “tələbə” adını qazanmaq xatirinə gözəyarı test işarələyib, 150-200 balla Kənd Təsərrüfatı Universitetinə, İdman Akademiyasına və ya digər aşağı keçid ballı ixtisaslara daxil ola bilir. Ömründə mühazirə otağı görməyən, dərsə getməyən “məzun” bir də görürsən ki, kimininsə sayəsində bəzəkli bir kabinetdə əyləşib. Amma gecəsini gündüzünə qatıb yüksək balla universitet bitirən həqiqi istedad isə o kabinetlərin qapısında aylarla, illərlə növbə gözləyir. Mənim fikrimcə, bu qədər geniş ixtisas seçimi nəyə lazımdır? Tibb Universitetinə balı çatmayan abituriyentin kimya müəllimi olması, 1-ci ixtisas kimi kimyanı seçən, o sahəyə həqiqi maraq və hazırlığı olan abituriyentlə eyni ola bilməz. Bu, nəticədə həm təhsilin keyfiyyətini, həm də gələcək kadr potensialını məhv edir. Bu gün Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyi arasındakı illərdir bitməyən ziddiyyət də təhsilin onurğa sütununu qırır. Test sistemi bəlkə də ilk illərdə korrupsiyanın qarşısını almağa xidmət etdi, amma bu gün təhsilimizi tam şəklində mexanikləşdirdi. Daha bir problem: hələ məktəb başlamamış, ibtidai sinifdən uşaqlar bellərində ağır çantalar repetitor yanına göndərilməsi təhsil sistemimizin çöküşünün ən açıq vizual sübutudur. Gözümüzün qabağında gələcək məhv olur. Əlbəttə, günahın bir hissəsi də özümüzdə — cəmiyyətdədir. Bu gün hüquq fakültəsini bitirən gənc dərhal prokuror, hakim və ya müstəntiq olmaq istəyir. Pillələri addım-addım dırmaşmaq, aşağı vəzifələrdən başlamaq, təcrübə toplamaq istəmirik. Maksimalizm və status həvəsi gəncləri bir az da çıxılmazlığa itələyir. Eyni zamanda, işə qəbul prosesindəki çoxmərhələli imtahanlar və müsahibələr çox vaxt şəffaflıqdan uzaq görünür və “arxası olan”lar üçün yaşıl işıq yandırır.Yazdıqlarınız acı reallıqdır. Strukturun iflasa uğramaması üçün təhsildə aşağıdan yuxarı ciddi, sistemli islahatlara ehtiyac var. Təhsil biznes layihəsi olmaqdan çıxmalı, diplom, sadəcə, bir kağız parçası statusundan xilas edilməlidir. İstedadlı və savadlı gənclərin potensialından istifadə etmək, önə arxalı və pullu kadrları deyil, biliyi və həqiqi əməyi çəkmək lazımdır. Yalnız o zaman inkişafdan və tərəqqidən danışmağa haqqımız olar.
