Baş redaktordan

İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su, bütün bunlara biz çox böyük diqqət göstərməliyik .
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Beynəlxalq təcrübədə dövlət başçılarının rəsmi səfərlər zamanı və ya ölkəyə gələn xarici liderlərlə birgə ağac əkməsi geniş yayılmış diplomatik ənənədir. Bu, dostluğun, sülhün və beynəlxalq həmrəyliyin simvoludur. Lakin heç bir xarici səfər, heç bir diplomatik protokol olmadan, bir ölkə Prezidentinin öz torpağında, öz xalqının gözü qarşısında ağac əkməsi, torpağa toxunub şitilə canlı su verməsi tamamilə fərqli və dərin bir məna kəsb edir.
Məşhur yapon mütəfəkkiri və təbiət filosofu Masanobu Fukuokanın çox dəqiq bir tərifi var:
“Biz təbiəti anlaya bilmirik. İnsan da heç bir şey deyil, bunu anlaya bilmədiyi üçün qəzəbdən ətrafdakı hər şeyi dağıdıb tökür. Biz yalnız təbiətlə ‘birlikdə’ var ola bilərik. Ondan fərqli, ya da onun kənarında deyilik.”
Görkəmli akademikimiz, böyük ekoloq Həsən Əliyevin xatirələrində yer alan bir dialoq da məhz bu həqiqəti — meşənin və təbiətin pul ilə ölçülməyən strateji dəyərini açıq göstərir. Akademik səyahətlərinin birində söhbət etdiyi almandan soruşur:
— “Nə üçün meyvə bağları deyil, meşə üçün tinglik salırsınız?” Alman aliminin cavabı isə qısa və dahi cəsinə olur:
— “Meyvəni başqa ölkələrdən də almaq olar, lakin meşəni heç yerdən gətirmək mümkün deyil!”
Bəli, binanı, yolu, körpünü və ya istənilən maddi neməti pulla almaq, yenidən tikmək olar. Lakin onilliklərlə formalaşan bir ağacı, təbiətin yaratdığı ekosistemi xaricdən almaq və ya bir günə bərpa etmək imkansızdır.

Ölkə rəhbərinin yaşıllaşdırma hərəkatında şəxsən iştirak etməsi basit bir media kadrı və ya mövsümi aksiya deyil, dövlət siyasətinin fəlsəfəsini müəyyən edən Ali İradədir.
Bu gün dörd bir tərəfdə dözülməz mənzərələr yaşanır, dünya alışıb yanır… İnsana xidmət etməli olan laləzar torpaqlar xarabazarlıqlara çevrilir, çiçəklər açmadan torpağa gömülür, quşlar yuvalarından pərən-pərən düşür. Hər an, hər dəqiqə barmaqları raketlərin düymələrinə tuşlanmış müharibə marşallarının dünyanı dəhşətə sürəklədiyi bir zamandayıq. Məhz belə bir qlobal həyəcan anında bizim Prezidentimizin əlində bel ilə torpağa ağac əkməsi, şitilə canlı su verməsi — bütün dünya üçün böyük bir SÜLH NİYYƏTİDİR! Bu, “bomba deyil, ağac əkin; məhv etməyin, yaşadın!” mesajıdır. Biz bu ali arzunu cana gətirməli, göyərtməli, qorumalı və yaşatmalıyıq.


Lakin acı və ziddiyyətli mənzərə odur ki, bir tərəfdən ölkə rəhbəri dünyaya sülh, həyat və “yaşıl gələcək” mesajı verir, şəxsi nümunəsində ağac əkir; digər tərəfdən isə yerlərdəki bəzi cavabdeh şəxslər və ya laqeyd münasibət bəsləyən idarələr Fukuokanın dediyi kimi, təbiəti anlayacaq şüura sahib olmadıqları üçün mövcud yaşıllıqlara ögey yanaşırlar. İllərlə boy başa çatmış köklü ağaclar baxımsızlıqdan quruyur, kəsilənlərin yerinə yeniləri əkilmir.
Prezidentin əkdiyi ağac yalnız bir bitki deyil, həm də mənəvi, hüquqi və sivil bir meyardır. Şəhərin göbəyində ağacı qorumayan, qurumuş ağacın yerinə yenisini əkməyən, tullantıları yandıraraq havanı zəhərləyən hər bir kəs, əslində yalnız təbiətə deyil, ölkə Prezidentinin nümayiş etdirdiyi ekoloji kursa, dövlət iradəsinə və bu bəşəri sülh niyyətinə qarşı laqeydlik nümayiş etdirmiş olur.
Alman aliminin dediyi kimi, məhv edilən o ağacları, kəsilən meşəlikləri sabah heç bir haradan gətirə bilməyəcəyik. Çünki ölkə başçısının əkdiyi ağac xalqa nümunə, təbiətə ehtiram, təbiətlə “birlikdə var olmaq” mədəniyyətidir. Bu mədəniyyətdən payını almayan, ağacı sadəcə “odun kütləsi” kimi görənlər isə anlamalıdırlar ki, təbiəti qorumamaq dövlətin gələcəyinə və sabahına laqeyd qalmaq deməkdir!
