Nostalji

Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsasən, payız fəsli ölkəmizə 23 sentyabr Bakı vaxtı ilə tam olaraq saat 04:05:08-də rəsmən qədəm qoyur. Hazırda sentyabrın 21-i olduğu üçün, sabah gecə saatlarından etibarən qapımızı tam mənası ilə payız döyəcək və payız gecə-gündüz bərabərliyi (ekvator xəttinin keçilməsi) baş verəcək

Payız hər insanda fərqli bir pəncərə açır, hər ürəkdə fərqli bir duyum oyadır. Kimisi ona bərəkətinə, bağı-bağatına görə “Qızıl Payız” deyir, kimisi də küləyin havasına qapılıb onu bir xəzan çağı, hüzün fəsli kimi qəbul edir. Böyük ustad Aşıq Ələsgər də “Dağlar” şeirində bu fəslin sərt üzünü vurğulayaraq, “Payızın zəhməri qoyur virana” demişdi. Amma payız bizdən incimir; o, öz səmimi ssenarisini yazmağa, gizli gözəlliklərini inadla yaşatmağa davam edir. Çünki gözəl görməyi bacaran bir göz üçün bu dünyada çirkin heç nə yoxdur.Bu xəzan çağında çoxumuzun xəyalları tez-tez doğma kənd həyatına, uşaqlıq illərinə boylanır. Yadımızdamı, kənd yerində ən gur, ən şən toylar məhz payızda olardı. İnsanlar birillik əziyyətlərinin bəhrəsini yığıb-satar, ilin son əməkhaqqını alıb böyük bir ümidlə toy-büsat tədarükü görərdilər.

Payız həm də bir elin-obanın bəxtinin açıldığı, yeni ocaqların qurulduğu fəsil idi. Bəlkə də elə buna görədir ki, payız gələndə ağaclar çılpaqlaşsa da, ürəklər o toyların, o bərəkətin istisi ilə yenidən yaşıllaşırdı.Bəlkə də insan övladı digər fəsillərdə heç belə gözəlləşmir. Çünki payızın o dumanlı, qızılı və melanxolik etüdləri insanın daxili saflığını, onun səmimiyyətini daha parlaq üzə çıxarır. Gəlin, yarpaqların rəqsində, soyuq küləyin nəfəsində və payız etüdlərinin sehrində gizlənən o ecazkar insan gözəlliyinə, o solmayan xatirələrə birlikdə tamaşa edək.




