Mövqe

Dünya və günəş bir-birləri üçün nə qədər lazımdırsa, qadın ilə kişi də bir-biri üçün o qədər vacibdir.
Simona de Bovyar

Qadın kişi üçün sadəcə ömür-gün yoldaşı deyil. O, ruhun səssizliyində tapılan ən dərin dinclik və sığınacaqdır. Rəsmiyyəti bir kənara qoyub qəlb pəncərəsindən baxsaq, kişi öz daxili dünyasını, gücünü və zəifliyini ən çılpaq halı ilə yalnız onun gözlərində görə bilir. O gözlər heç bir maska taxmağa ehtiyac qalmayan yeganə məkandır. Həyatın amansız mübarizələrindən, yorğunluğundan və soyuqluğundan qaçıb sığına biləcəyimiz ən isti ocaq da məhz odur. Qadının bir təbəssümü bütün dünyanın acılarını yox edəcək qədər güclüdür. O, toxunduğu hər şeyi gözəlləşdirən sehr, ən soyuq evi “yuva”ya çevirən, ən sadə anı unudulmaz xatirə edən musiqidir. Onsuz həyat sadəcə qara-ağ bir hekayəyə bənzəyir. Hər uğurlu addımın arxasında dayanan, “Sən bacararsan!” inamını aşılayan o pıçıltı da Qadındır. Kişinin ən çarəsiz anında belə ayağa qalxması üçün onun bir baxışı bəs edir.İnsanın bu dünyadakı ən böyük axtarışı özünü tapmaqdır. Qadın kişinin yarımçıq qalmış tərəfidir; onunla birlikdə olanda insan özünü bütöv, əskiksiz və tamamlanmış hiss edir. O – şirin təsəlli, ömrün ən çətin yollarında əl-ələ yavaş-yavaş addımlayan mələk yoldaşıdır.Təəssüf ki, bu gözəl mənzərə bu gün xeyli dərəcədə dəyişib. İnternet və qlobal media vasitəsilə yad qadın obrazları artıq bizim də mənəviyyatımıza daxil olub. Əslində, bütün bunlarla biz hələ sovet dövründə ədəbiyyat vasitəsilə tanış idik. Həmin dövrün kapitalizm dünyasına qarşı ideoloji təqdimatları dollar dünyasının müharibə niyyətlərini, Uoll-Strit mühitinin neqativ tərəflərini və mənəvi aşınmalarını ifşa etmək baxımından kifayət qədər doğru reallıqlara söykənirdi. Burjua cəmiyyətinin daxili eybəcərliklərini göstərən bu tənqidi yanaşmalar xalqın mənəvi təhlükəsizliyi naminə inkar edilməz xarakter daşıyırdı. Əgər zamanında bu ideoloji sipər qurulmasaydı, bu gün okeanın o tayındakı yad mədəniyyətin mənəviyyatımıza ayaq açmasına etiraz etməyə heç bir əsasımız qalmazdı. Etiraf etmək lazımdır ki, sovet sistemi mənəvi tərbiyə mexanizmlərini cəmiyyətin ümumi maraqlarına və dəyərlərinə uyğun şəkildə qura bilmişdi. O dövrün ictimai mühitində insanlar arasındakı bağlar bugünkündən qat-qat güclü, səmimi və etibarlı idi. Qonşuluq münasibətlərindəki doğmalıq, çətin gündə bir-birinə dayaq olmaq hissi cəmiyyətin ən gözəl yazılmamış qanununa çevrilmişdi.

Yaşlı nəslə göstərilən sonsuz ehtiram və qadına qoyulan ali hörmət həmin dövrün mənəvi simasını müəyyən edən əsas amillərdən idi. Üstəlik, o sistemdə ailənin toxunulmazlığı ilə insanın ictimai statusu arasında birbaşa əlaqə var idi. Ailəsini qoruya bilməyən, həyat yoldaşına sadiq qala bilməyən adama böyük vəzifə etibar edilmirdi. Çünki ailə kiçik bir dövlətdir, dövlət isə böyük bir ailə. Bu gün isə yüksək vəzifəli məmur həyat yoldaşını rahatlıqla boşaya bilir, amma vəzifəsində qalır. Bu, mənəviyyatın adiləşməsinin inzibati səviyyədəki sübutudur. Əxlaq parçalana bilməz; reklam panosundakı qadın bədəninin istismarı ilə yüksək vəzifəli şəxsin ailə məsuliyyətsizliyi eyni zəncirin həlqələridir. Əgər əxlaq yalnız nəsihətlərdə qalırsa, amma qanunlarda, mediada, kadr siyasətində və reklam standartlarında buna göz yumulursa, nəticə əldə etmək mümkün deyil.Qloballaşan müasir dünyamızda dəyərlər ciddi aşınmaya məruz qalıb. Bir vaxt yad kişi ilə danışanda həyadan üzü qızaran qadınlarımızın varisləri bu gün başqa ölkələrdəki istirahət anlarını, ərəb şeyxləri ilə çəkilmiş şəkillərini sosial şəbəkələrdə rahatlıqla paylaşırlar. Bir çox qadın televiziyada gördüyü obrazlara bənzəmək, sərhədsiz sərbəstlik istəyir. Halbuki, o obrazlar ailə qadını deyil, sadəcə keçici partnyordurlar. Azərbaycan əxlaqında isə qadın-ər münasibətləri həmişə ədəb-ərkana tabe olub və olmalıdır da. Əgər kişi qadına filmlərdəki kimi yanaşsa, bu münasibətlər getdikcə adiləşəcək, qadının ülviliyi itib gedəcək. Bu gün ekran mənzərələri ilə milli əxlaq arasındakı təzad artıq özünü aydın göstərir. Televiziya, seriallar və qlobal media çox vaxt “sərhədsiz fərdiyyətçilik” və öhdəliklərdən uzaq bir həyat modeli aşılayır. Filmlərdəki münasibətlər əksər hallarda məsuliyyətsiz tərəfdaşlıq üzərində qurulur: bu gün varıq, hisslər bitəndə və ya çətinlik düşəndə ayrılırıq. Amma Azərbaycanın ailə modelində qadın və ər münasibətləri iki tərəfdaşın adi müqaviləsi ola bilməz. Ailə eyş-işrət məkanı deyil. Nikah şəhadətnaməsi də buna icazə verən sadəcə möhürlü sənəd deyildir. O – müqəddəs bir bağ və birgə mənəvi məsuliyyətdir.

Milli əxlaqımızda qadın və kişi arasında bütün dövrlərdə müəyyən bir məsafə, “həya və ehtiram” pərdəsi olub. Bu ədəb-ərkan münasibətləri soyutmur, əksinə, onu qoruyur. Hər şeyin həddindən artıq açıq, vulqar və sərhədsiz olduğu yerdə sirr qalmır. Sirr bitəndə isə adiləşmə başlayır. Bir-birinə qarşı ədəbini itirən cütlüklər çox keçmədən bir-birinin gözündə adiləşir və aralarındakı ecazkar cazibə yox olur. Nağıllarda qəhrəman sevdiyinə yetmək üçün otuz doqquz otaqdan keçməlidir; bacaracaqsa, qırxıncı otaqda vəslə çatacaq. Amma həyat göstərdi ki, qırxıncı otaq fəth ediləndən sonra qırx birinci otaq yoxdur. Ondan sonra geri dönüş başlayır və sevginin dozası hər gün bir “cıqqı” azalır. Bu geri dönüşü körükləyən isə kütləvi mətbuat, internet və orada yayımlanan seriallardır. Filmlərdə və reklamlarda qadın obrazının ucuzlaşdırılması, qadın mənəviyyatına xas olan o uca, saf və nəcib duyğuların — yəni ülviliyin itirilməsi müasir medianın ən büyük problemlərindən biridir. Keçmiş klassik sənətdə qadın fədakarlıq, analıq, dərin zəka, zəriflik və mənəvi təmizlik simvolu idisə, bu gün pop-mədəniyyət onu maddiləşdirib. Kinematoqrafiya və reklam sektorunun qadındakı ülviliyi necə məhv etdiyini bir neçə əsas məqamla izah etmək olar: Qadının “cəlbedici obyekt” səviyyəsinə endirilməsi: Tikinti materialları, avtomobil təkərləri, motor yağları və ya parfüm reklamlarında qadın bədəninin ön plana çıxarılması buna bariz nümunədir. Qadın burada bir fərd, ana və ya intellekt sahibi kimi deyil, kişilərin diqqətini məhsula yönəltmək üçün istifadə olunan bir dekorasiya statusuna salınır. Nəticədə onun ali və əlçatmaz hissləri, daxili dünyası heçə sayılır; o, yalnız görünüşdən ibarət bəsit bir varlığa çevrilir.
Kinoda saf sevginin və fədakarlığın əvəzlənməsi: Klassik kinoda qadın sevgisi ləyaqət, sadiqlik və ülvi hisslərlə zəngin idi. Müasir filmlərdə isə iki insanların ruhsal bağlılığı demək olar ki, göstərilmir. Sevgi hissi birbaşa ehtiras və fiziki təmasla eyniləşdirilir. Nəticədə tamaşaçının şüurunda qadınla münasibətin yalnız fiziki ehtiyacdan ibarət olduğu ideyası formalaşır. Güclü qadın obrazının yanlış təqdimatı: Bizim klassik filmlərimizdə qadın heç vaxt sadəcə vizual bir bəzək və ya kobud bir döyüşçü olmayıb. Məsələn, “Dədə Qorqud”da Burla Xatun və Banuçiçək həm qılınc oynadır, həm at çapır, həm də yurdun namusunu qoruyurlar. Bu güc onları kobudlaşdırmır; Burla Xatun həm də uca bir ana, Banuçiçək isə sadiq və zərif bir xatundur. “Nəsimi” filmində Şəms obrazı fədakarlığın, saf sevginin və mənəvi ucalığın zirvəsidir. Cəfər Cabbarlının Sevili savadsız, əzilmiş bir qadından elmli bir şəxsiyyətə çevrilir, lakin müstəqil olarkən mənəvi dəyərlərini itirmir. “Qayınana”dakı Afət obrazı isə evdəki köhnəlmiş qaydalara qarşı zəka, mədəniyyət və yumorla mübarizə aparır.Təəssüf ki, son illərdə çəkilən bəzi yerli ekran işlərində, xüsusilə internet platformalarında və reytinq xatirinə çəkilən seriallarda ciddi geriləmə müşahidə olunur. Komediyalarda qadınlar ya sadəcə lüks həyat və makiyaj arxasınca qaçan naşı varlıqlar kimi, ya da davakar, kişiyə hörmətsiz personajlar kimi təqdim edilir. Seriallarda isə qadın ya fiziki və psixoloji şiddətə məruz qalan aciz bir varlıq, ya da ailələri dağıdan, intriqalar quran mənəviyyatsız bir obraz rolunda çıxış edir. Hər iki halda müqəddəs ana və ləyaqətli xanım ülviliyi arxa plana keçir. Azərbaycan kino tarixi sübut edir ki, bizim öz milli köklərimizdə qadını həm azad, həm də uca tutan mükəmməl bir model var. Qərb kinosunun bu gün bizə təlqin etməyə çalışdığı “kişiləşmiş, aqressiv” və ya “cinsi obyektə çevrilmiş” qadın modelləri bizim kinomuza yad olub. Bu gün yerli rejissor və ssenaristlərimizin üzərinə düşən əsas vəzifə Hollivud şablonlarını köçürmək deyil, klassikamızdakı o nəcib, kübar və dərin qadın obrazlarını müasir formata uyğunlaşdıraraq yenidən ekranlara gətirməkdir. Çünki bu şablonlar cəmiyyətdə, xüsusilə gənclər arasında baxış bucağını korlayır. Vulqar qadın obrazlarını görən gənc qızlar elə hesab edirlər ki, cəmiyyətdə qəbul olunmağın yeganə yolu xarici görünüşü nümayiş etdirməkdir. Oxumaq, daxili dünyanı zənginləşdirmək və əxlaqi dəyərləri qorumaq arxa plana keçir. Ana, bacı, həyat yoldaşı kimi ülvi anlayışlar mediada lüks həyat düşkünü olan personajların kölgəsində qalır.Buna imkan verməməliyik. Hər şeydən əvvəl, qadın obrazına baxışları dəyişməliyik. Bunun üçün üç mühüm addım atılmalıdır:

İstehlak obyektindən şəxsiyyətə keçid: Qadını yalnız fiziki cizgiləri ilə yox, intellekti, istedadı, analıq müqəddəsliyi və mənəvi töhfələri ilə gündəmə gətirməliyik. Saxta gözəllik standartları mifinin dağıdılması: Mətbuat və televiziyamız bu mübarizədə möhkəm səngərimiz olmalıdır. Əsl gözəllik ləyaqətdə, həyada və ruhun zənginliyindədir. Milli əxlaqın və həya pərdəsinin bərpası: Qadının faş edilən vizual cizgilərlə küçə afişalarına çıxarılması onun müqəddəsliyinə zərbədir. Məşhur filosof Hanna Arendt deyirdi ki, cəmiyyətlər birdən-birə, böyük fəlakətlərlə çökmür. Çöküş insanların bir-birinə qarşı hissiyyatsızlaşması və emosional uzaqlaşması ilə başlayır. Qadının ülviliyi, ananın müqəddəsliyi və ailənin ədəb-ərkanı sadəcə “reklam obyekti”nə çevriləndə mənəvi empatiya və ehtiram hissi ölməyə başlayır. Zahirən parlaq, daxildən boş bir mədəniyyət – sivilizasiyanın ən təhlükəli nöqtəsidir.Kişinin ailədəki və cəmiyyətdəki üstün rolu etalon olmalıdır. Biz qadın əleyhinə deyilik; qadın hər birimizin anasıdır, bacısıdır, övladlarımızın anasıdır. Kişi qadınının dəyərini hər kəsdən çox bilir. Bilməsə, onun evində, könlündə o qadının nə işi vardı? Əsl qadın da kişinin rəhbərlik rolunu qəbul etməklə arzularını daha sağlam şəkildə reallaşdıra bilir. Qadının ülviliyinə ehtiram bəsləmək kişinin rolunu azaltmaq demək deyil. Güclü və məsuliyyətli kişi obrazı ailəni xarici təhdidlərdən qoruyan ən etibarlı qalxandır. Kişinin himayədarlıq rolu diktatura deyil, məsuliyyətdir. Eyni zamanda, kişi bilir ki, bu himayədarlığı bacarıbsa, onun çiyinlərinə dəstək verən də sədaqətli qadınıdır. Qadının dəyərini bilmək ailənin bütövlüyünü bilməkdir. Müdrik qadın da bilir ki, kişinin nüfuzunu qorumaq elə ailənin özünü qorumaqdır. Azərbaycan kişisini dünyada önə çıxaran, ona bu gücü verən həmişə onun möhkəm ailəsi və ləyaqətli qadını olmuşdur. Ailə institutunu qorumaq üçün dövlət, məktəb, media və biznes sektoru eyni hədəfə – “Güclü ata, Müqəddəs ana, Sağlam övlad” idealına doğru addımlamalıdır. Parçalanmış hədəflərlə mənəvi bütövlükdən danışmaq qeyri-mümkündür.

Qeyd: Hörmətli qadın oxucular elə düşünməsinlər ki, mən əks cinsi idealizə edirəm. Əsla. Allah rəhmət eləsin, Musa Yaqub gözəl deyib:
Bir gözün mən əydim, bir gözünü sən,
Niyə narazıyıq bu tərəzidən?..
Sən çeşmə qurudan, mən ağac kəsən
—Bir günah sənindir, bir günah mənim.
Əgər ailədə etimadsızlıq başlayıbsa, “bir günah qadınındır, bir günah kişinin”. Bununla belə, ailədə atanın, ərin üstün və məsuliyyətli rolu mütləq qəbul edilməlidir.