Araya qoyulan qılıncdan başdakı hicaba

Baş redaktordan


Azərbaycan xalqının minilliklərdən süzülüb gələn ağız ədəbiyyatı, nağıl və dastanları sadəcə bədii təxəyyül məhsulu deyil. O, zamanın ən çətin sınaqlarından keçmiş, dövlətlərin yox, el-obanın ağsaqqal və ağbirçəklərinin möhürünü vurduğu mükəmməl bir mənəviyyat və əxlaq dərsliyidir. Bu dərslikdən məzun olmaq üçün Oksfordu bitirməyə, hansısa kral akademiyasının diplomunu almağa ehtiyac yox idi. Bizim ailə-əxlaq məcəlləmiz qaynar həyatın özündə cilalanıb, südlə, qanla nəsildən-nəsilə ötürülərək günümüzə çatıb.
İnsanlıq tarixinə baxsaq, mağara dövrünün nizamsız münasibətlərindən bugünkü ülvi ailə institutuna qədər keçən yol asan olmayıb. Əks cinsləri bir-birinə bağlayan, insanı heyvani hisslərdən ayırıb ali məqama qaldıran yeganə qüvvə dəruni eşq və şərəf duyğusu olub. Bu mənəvi dəyərlərin parlaq izlərini Dədə Qorqud boylarında görürük Bu dəyərlr nəsillərin həyat süzgəcindən keçərək təsdiqlənib. Yağılar tarix boyu maddi sərvətlərimizi talamış ola bilər, amma ruhumuza hopmuş bu mənəvi mirası heç bir qüvvə dəvələrə, atlara yükləyib apara bilməyib.
Qılıncın müqəddəsliyi və səgrəyin andı
Bu mənəvi irsin ən parlaq nümunələrindən birinə “Kitabi-Dədə Qorqud” dastanında rast gəlirik. Dastanın “Əgrəyin dustaq olduğu boy”unda Səgrək əsir düşmüş qardaşını xilas etmək üçün yola çıxmaq istəyir. Ata-anası onu bu təhlükəli yoldan çəkindirmək üçün toy edib, el diliylə desək, “əlin-ayağını bağlamaq” istəyirlər. Lakin Səgrək toy gecəsi gərdək otağında gəlinlə öz arasına qılınc qoyur. Gəlinin bütün yalvarışlarına, “Murad verib, murad al, sonra get, igidim!” deməsinə baxmayaraq, Səgrək qardaşının canını qurtarmayınca öz halallığına toxunmağı özünə rəva bilmir.
Araya qılınc qoymaq – türk təfəkküründə müqəddəs bir anddır, öhdəlikdir. O qılınc təkcə fiziki bir silah deyil, namusun, iffətin və daxili əxlaqın mühafizəçisidir. Kişinin araya qılınc qoyması əmanətə sonsuz məsuliyyətdir: “Ölümü qəbul edərəm, fəqət bu şərəfsizliyi, nəfsimin quluna çevrilməyi özümə rəva bilmərəm” deməkdir. Qadın üçün isə bu, ən çıxılmaz, ən nabələd şəraitdə belə toxunulmazlığın, heysiyyətin qorunacağının zəmanətidir.

Bir parça örtük arxasında gizlənən üç mənhus niyyət

Bu gün qadın geyimi və hicab mövzusunu aqressiv şəkildə gündəmə gətirənlərin dərdi əsla din, iman və ya mənəviyyat deyil. Bu süni müzakirələrin arxasında eyni anda üç təhlükəli və mənhus niyyət gizlənir:
1. Ailə institutunu daxildən dağıtmaq və süni cinsi qarşıdurma yaratmaq: Bu oyunun birinci məqsədi heç bir əsaslı səbəb olmadan qadınları kişilərə, həyat yoldaşlarına qarşı qoymaqdır. Səgrək (Dədə Üorqud cəmiyyəti) zamanında ailədə kişinin, ailə başçısının ali rolu mənəvi bir dayaq kimi qəbul olunurdusa, bugünkü manipulyasiyalarla elə bir rəy yaratmaq istəyirlər ki, sanki qadınları “hicabsızlaşdırmaq”, onları milli kökündən qoparmaq istəyən elə kişilərdir. Beləliklə, ailə daxilinə etibarsızlıq toxumu səpirlər.
2. Ölkədə süni xaos və inanc qütbləşməsi yaratmaq: Belə həssas mənəvi mövzular cəmiyyəti ən tez alovlandıra biləcək nöqtələrdir. Hədəf – insanları “dindar-dünyəvi”, “hicablı-hicabsız” deyə qruplara bölmək, cəmiyyətin daxili harmoniyasını pozmaq və radikal meyllərə rəvac verməkdir.
3. Dövlətə və Zəfər Liderinə qarşı təxribat yaratmaq: Ən böyük siyasi hiylə isə bu xaosu cəmiyyəti birləşdirən ortaq dəyərlərə, ölkənin Zəfər Liderinə qarşı yönəltmək cəhdidir. Çünki sabitliyin pozulması birbaşa dövlətin gücünə zərbə vurmaq məqsədi daşıyır.

Dövlətin və Zəfər Liderinin dəyişməz mövqeyi

Bu mənhus ssenariləri quranların unutduğu ən böyük reallıq Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin bu məsələlərdəki qətiyyətli mövqeyidir. Dövlət başçısı hər zaman bəyan edib ki, Azərbaycan dünyəvi dövlətdir, lakin eyni zamanda milli-mənəvi, dini dəyərlərinə ən yüksək səviyyədə sadiq olan bir məmləkətdir.
Zəfər Liderinin rəhbərliyi ilə bu gün Azərbaycanda inanc azadlığı tam təmin olunub, tarixi məscidlərimiz, ziyarətgahlarımız bərpa edilir. Lakin eyni zamanda, dinin siyasiləşdirilməsinə, xaricdən idarə olunan radikal cərəyanların ölkədə baş qaldırmasına və qadın hüquqlarının istismarına heç vaxt icazə verilməyib. Prezidentimizin hər zaman vurğuladığı kimi, Azərbaycan qadını elmdə, mədəniyyətdə, dövlət idarəçiliyində öz sözünü deyən, eyni zamanda ailə dəyərlərini yaşadan uca bir varlıqdır. Onun geyimi üzərindən siyasi oyun oynamaq istəyənlərin qarşısında ilk növbədə dövlətin dəmir iradəsi və qanunları dayanır.

Son Söz: Andımıza Sadiq Qalaq

Biz andı divarların arasındakı çırağa, aradakı qılınca verən babaların xələfləriyik. Bu gün əxlaqı qorumağın yolu qadınların başına məcburi örtük çəkməkdən, cəmiyyətdə süni ayrıcı xətlər yaratmaqdan keçmir.
Qadın başını örtə də bilər, örtməyə də – bu onun inanc və seçim azadlığıdır. Amma heç kimin haqqı yoxdur ki, bu seçim üzərindən kiməsə əxlaq dərsi keçsin, yaxud bu mövzunu dövlətimizə qarşı silah kimi istifadə etsin. Çünki bu millətin qan yaddaşında əxlaqın keşikçisi qadının başındakı örtük yox, kişinin də, qadının da mənəviyyatının ortasına qoyulmuş o müqəddəs, görünməz “şərəf qılıncı”dır. O qılıncı qınından çıxarıb birliyimizi parçalamağa çalışanlara bu xalq əsla imkan verməyəcəkdir.

Bir cavab yazın