Baş redaktordan


Bu gün təqvimimizin ən şərəfli, tariximizin isə ən qürurlu günüdür – Zəfər Günüdür! Bu möhtəşəm Qələbə ilə Azərbaycan xalqı öz taleyinə silinməz bir qəhrəmanlıq dastanı yazdı. Biz evlərimizdə, divanlarımızda əyləşib bu tarixi seyr edərkən bəlkə də müharibənin real dəhşətini, küçə döyüşlərinin amansızlığını, cəbhədən tək qolunu, tək ayağını və ya gözünü itirib qayıtmağın canımızda yaratdığı o giziltini tam ehtiva edə bilmirik. Çünki bu Qələbə asanlıqla qazanılmadı. Bu Zəfər rüşvətlə, pulla və ya kənardan gətirilən transfer əsgərlərlə əldə edilmədi; onu bu xalqın canından, qanından keçən cəngavər oğulları, igid övladları öz sinələrini sipər edərək qazandılar.Lakin hər bir böyük ordunun arxasında onu doğru hədəfə aparan bir beyin, bir iradə dayanır. Gözəl bir bayatımız var:
Əzizim, Ordubada,
Yol gedir Ordubada.
Sərkərdə qoçaq olsa,
Heç verməz ordu bada…
Tarix sübut edir ki, hər lider öz ölkəsini Zəfərə apara bilmir. Bizim xalqımızı bu böyük Qalibiyyətə, bu tarixi ZƏFƏRƏ Cənab Ali Baş Komandan İlham Əliyev apardı və adını dünya liderləri tarixinə qızıl hərflərlə yazdı.

Bu Qələbə təkcə 44 günlük döyüşün nəticəsi deyil, illərlə məqsədyönlü şəkildə atılan strateji addımların bəhrəsidir. Cənab İlham Əliyev əvvəlcə ölkənin iqtisadi qüdrətini sabitləşdirib güclü dövlət qurdu, beynəlxalq əlaqələri etibarlı və davamlı şəklə saldı. Azərbaycanın müdafiə qabiliyyətini və ordusunu regionun ən qüdrətli qüvvəsinə çevirdi. Ən əsası isə – xalqın daxilində sarsılmaz bir Qələbə əzmi, dövlətə və orduya sarsılmaz bir inam yaratdı. Məhz bu daxili güc və sərkərdə uzaqgörənliyi bizi şanlı Qələbəyə qovuşdurdu.
Zəfərimiz əbədi, birliyimiz sarsılmaz olsun!
Bayramınız mübarək, Əziz Azərbaycan xalqı!
Biz qalib ölkənin qalib xalqıyıq!
Bu zəfəri bizə bəxş etmiş Ali Baş Komandan İlham Əliyevə , Milli Ordumuza minnətdarıq.