Üzüklə qaşın vəhdəti: Hüquq bərabərliyi, yoxsa mənəvi tamamlanma? (Beynəlxalq Kişilər Günü Düşüncələri)

Mövqe

Dünən mətbuat səhifələrində rast gəldiyim “Kişi qadınla bərabər ola bilməz!” sərlövhəli bir yazı cəmiyyətdəki əxlaq və münasibətlər sistemini çözmək iddiası ilə qələmə alınsa da, təəssüf ki, məsələnin mahiyyətindən xeyli uzaq, hətta yanlış müstəvidə təqdim olunub.Müəllif yazıda iddia edir ki, “Kişilərin qadınlarla bərabər olması bir mifdir… Kişilər heç vaxt qadınlarla bərabər ola bilməz, olmamalıdır da” və məsələni ictimai nəqliyyatda qadınlara yer verilməsi kimi məişət etiketləri üzərindən izah etməyə çalışır.

Əvvəla, məsələnin qoyuluşu kökündən yanlışdır. Tarix boyu cəmiyyətdə heç vaxt kişilərin qadınlarla eyni hüquqa malik olmaq ehtiyacı və ya davası olmayıb. Əksinə, əsrlər boyu aktual olan və uğrunda mübarizə aparılan məsələ məhz qadınların kişilərlə bərabər vətəndaşlıq, təhsil və seçki hüquqlarına malik olması idi. Nəqliyyatda qadına yer vermək isə hüquq bərabərliyinin pozulması və ya təsdiqi deyil; bu, sadəcə daxili mədəniyyət, bir qədər aristokratiya, bir qədər də centlmenlik əlamətidir. Hüquq müstəvisini məişət nəzakəti ilə qarışdırmaq oxucunu çaşdırmaqdan başqa bir şey deyil. Əslində, mənəvi və fəlsəfi müstəvidə “kim kimdən üstündür” və ya “kim kimə bərabərdir” mübahisəsini ortaya atmaq özü mənasızdır. Çünki hamı insandır — qadın da, kişi də. Yaradan hər iki cinsə fərqli təbiət, özünəməxsus yer, fərqli missiya və öz haqqını verib. Cəmiyyətin və ailənin ahəngi “eyniləşməkdə” deyil, sadəcə hər kəsin öz yerini bilməsində və öz yerində ləyaqətlə dayanmasındadır.

Mövzunu cəmiyyətin təməli olan ailə mühitinə gətirdikdə isə bu fəlsəfənin ən dəqiq və emosional düsturunu böyük şairimiz Bəxtiyar Vahabzadənin misralarında görürük. Kişi və qadın münasibətləri bir-biri ilə yarışan rəqiblərin yox, bir-birini tamamlayan üzüklə qaşın vəhdəti kimidir:

Həmişə ayrıyıq, gecə-gündüzük,
Birimiz təpəyik, birimiz düzük.
Üstünün qaşıyla tanınar üzük,
Əgər üzük yoxsa, qaşı neylərəm?

Bəli, üzük qaşı ilə gözəl göründüyü kimi, qaş da yalnız o üzüyün üstündə öz dəyərini və mənasını tapır. Biri olmasa, o biri yarımçıq qalar.

Sabah — 19 Noyabr Beynəlxalq Kişilər Günüdür. Bu gün həm də cəmiyyətdə və ailədə kişinin əsl missiyasını xatırlamaq üçün gözəl bir fürsətdir. Əsl kişilik qadınla hüquq mübahisəsinə girmək deyil; ailəsinə arxa-dayaq olmaq, zərifliyə centlmencəsinə ehtiram göstərmək və üzüyün halqası kimi bütövlüyü qorumaqdır.

Bayramınız mübarək, əziz kişilər!

Qoy cəmiyyətimizdə hər kəs öz yerində, öz ucalığında və öz dəyərində olsun!


Bir cavab yazın