Ailə sosioloji baxımından nikah yolu ilə, ya da qohumluq xətti ilə yaranan həyat birliyidir. Bu anlayışın etimoloji mənası eyni evdə yaşayan, ya da eyni nəsildən olan insanların kimi başa düşülür. Xarakterik xüsusiyyəti də budur ki, bu ittifaqda olan insanlar arasında qarşılıqlı etimad, hörmət, ümumi ideallar naminə məqsəd birliyi vardır.

Cəmiyyətin mövcudluğunu təmin edən başlıca dayaq da elə ailədir. Ona görə də qurulan ailələlərin keyfiyyət tərkibi, sanbalı ailə ilə yanaşı, cəmiyyətin özü üçün də mühümdür: çünki sağlam, xoşbəxt ailə cəmiyyətin də keyfiyyətinə təsir edir.
Ailə bir səadət dünyasıdırsa, deməli, bu dünyanın sakinləri xoşbəxt cütlüklərdir . Onu təməlindən birlikdə ” kərpic üstə kərpic qoyaraq” quran, yaradan, sonra da içinə baş vuran sakinlər qura bildikləri dünya üçün necə sevinirlər. Amma bu, hələ ilk addımlardır , əsas məsələ birlikdə qurulan həmin səadət dünyasında necə yaşamaqdır, bəxtəvər ömür sürməkdir. Bu isə tərəflər arasındakı ailə münasibətlərindən, bir az da irəli gedək, onların həyat və insanlıq haqqında yetkin münasibətlərdən, səbir və təmkinlərindən çox asılıdır. Bu da hələ tam deyil: kənar təsirlər, arzu olunmayan hadisə və hallar ailə ittifaqının keyfiyyətinə ciddi şəkildə təsir edə bilər. Bir neçə statistik rəqəmlərlə söhbətimizi davam etdirək.
2014-cü ildə 2013-cü illə müqayisədə nikahların sayı azalıb, boşanmaların sayı isə artıb. Ötən il Azərbaycanda 12,1 min nəfər boşanıb, 84,9 min nəfər nikah bağlayıb.
2015-ci ilin təkcə yanvar ayında ölkədə rəsmi orqanlar tərəfindən 1,1 min boşanma halı baş verib. 2015 –cl ildə, ümumiyyətlə, 68 773 nikah bağlandığı halda, 12 764 nikah pozulmuşdur. 2015-ci ildə nikaha girənlərin sayı əvvəlki illərə nisbətdə kəskin şəkildə aşağı düşmüş, dağılan ailələrin sayı isə əvvəlki tempdə artmaqda davam etmişdir. Orta hesabla, Azərbaycanda hər il 12 min ailə dağılır. 12 min sevgi rübabı ayrılıq notları üzrə köklənir.
Narahatçılıq doğuran bir hal da ondan ibarətdir ki, belə uğursuz nikahların əksəriyyətinin müddəti çox qısadır.
Dolanışıqmı, ailə-qayınana problemlərimi, övlad dünyaya gətirə bilməməkmi, xəstəlikmi, uzunmüddətli həbsmi, qeyri-sağlam həyat tərzimi körüklədi bu ayrılıq odunu? Bəs bu minlər evliliyə qədər heç belə deyildilər: nə oldu indi sizə?
Mən inanıram ki, bu uğursuz nikahlarda tək-tük də olsa, yuxarıda sadaladıqlarımızın hər biri səbəb ola bilər. Fəqət, ən böyük səbəb yada düşmədi, deyilmədi: sevgisizlik.
Bütün pozulan nikahların baiskarı sevgisizlikdir. Mən inanmıram ki, daxilən, mənən isti bir sevgiyə ehtiyac duyan və bu ehtiyacda nə vaxtsa öz cismindən ayrılmış parasını tapıb qovuşan, bu sevgi üçün təpədən-dırnağacan hazır olan gənclər belə tez, belə asan öz talelərinin üstündən xətt çəksinlər.
Düçünürəm ki, uğursuz nikahlar uğursuz sevgilərin sonucluğu imiş. Yəqin ki, bu 12 min aşiq ailə münasibətləri, eləcə də intim münasibətlər üçün kifayət qədər yetkin deyilmiş.
Ailə həyatı iki insanın ortaq bir həyatı olduğu üçün əbədi və xoşbəxt bir evliliyin sirri qarşılıqlı sevgidən keçir, etimad və güzəştdən keçir, yoldaşlıq və anlaşmadan keçir. Sevən tərəflər arasında bu münasibətlər hər zaman vacibldir, zəruridir.
Sevgililər bəzən rəsmiyyəti bir tərəfə qoyub, dost olmağı da bacarmalıdırlar.
Əgər bir ailədə ər-arvad arasında etimad, qarşılıqlı güzəşt, dostluq hissi lövbər salıbsa, bu evlilik əlaqəsi sağlam və möhkəm təməllər üzərində qərarlaşıb. Əgər sevginizin əbədi və xoşbəxtliklə davam etməsini istəyirsinizsə, sevdiyinizlə həm də dost olmalısınız.
Həyat yollarında gğzlənilməyən, nəzərə alınmayan o qədər hallar olur ki. Bəzən ömür-gün dostunu yastıq yoldaşı məsafəsinə qədər yaxınlaşdırsan da, deməyə çətinlik çəkdiyin söz ola bilər, amma dost kimi, ürəyini çəkinmədən ona aça bilirsən.

Problemsiz evlilik yoxdur. Bu yaşa çıxdım, görmədim belə ideallıq. Zəngin yaşayanın da problemi var, özü də sadə həyat yaşayandan heç də az olmur belə problemlər. Deməli, əbədi və xoşbəxt evlilik heç də sərvətlə bağlı deyildir. Ailəni sevgi nizamlayar, sevgisizlik heç edər. Buna görə də ailə quran tərəflər ailə yaxınlığına, yalnız bədənlərinin fizioloji ehtiyaclarını qanunla, qorxusuz-hürküsüz təmin etmə imkanı kimi baxmamalıdırlar. Bu, olsa-olsa, ən sonuncudur. İnsan sevərkən yalnız yatıb-durmağı fikirləşib evlənəcəksə, digər nəticələr o qədər önəmli olmayacaq. Yəni, ailə ittifaqına daxil olanlar ruhi və mənəvi birliyə görə deyil, fiziloji ehtiyaclarına görə baş vurublarsa, bütün digər ailə münasibətləri, qohumluq münasibətləri, sevgi halallığı heç vaxt bəxtəvərlik gətirməyəcək. Amma insan özü üçün könül həmdəminə ehtiyac duyursa, onunla birgə həyat ideallarına daha tez nail olacağna əmindirsə, ailə münasibətlərinin bütün tərəfləri təbii axarında davam edəcək. Yəni, valideynlərinə ömürlərinin ixtiyar çağlarında baba-nənə haqqını yaşatmaq üçün, ən əsası da nəsil xəttini davam etdirmək üçün ailə özəlliyinin bu anına da ehtiyac duyulacaq. Onda hər şey qanunauyğun olacaq, düşünülmüş olacaq, həyat hislərə qurban verilməyəcək.
Ailənin məsuliyyətini daşıyan hər iki tərəf bunu eyni cür düşünməlidir. Fərqliliklər çox az ola bilər. Amma sevgi cütləri göy qurşağındakı rəng əlvanlığına eyni zamanda və eyni heyranlıqla hakim kəsilməlidir. Ər televizoru açanda bir gözəl muğam səslənirsə və bu zaman qadın durub evi tərk edirsə, gedib mətbəxdəki televizorda digər bir kanalda tamam fərqli bir proqrama baxırsa, belə cütlüklər xoşbəxt evliliyin çox-çox uzaqlığında dayanıblar, onlar formal olaraq nikah münasibətlərinə girmişlər.
Həyat göstərir ki, ər və qadının ürəklərini bir-birlərinə açmaları, bir-birlərini dinləmələri, bir-birlərinin dünyasına hər zaman baş vurmaları lazımdır. Bu problemin birlikdə həllini təmin etdiyi kimi, səmimiyyətin isti axarında özəl yaxınlığı da qaçılmaz edir.
Mən bu yaxınlarda hamımıızın tanıyıb ehtiram göstərdiyi, respublikanın Xalq artisti Əlibaba Məmmədov bu yaxınlarda rəhməət gedib. Onun ailə haqqında maraqlı fikirləri olurdu. Əlibaba müəllim bir dəfə ailə, məhəbbət, sədaqət mövzusunda söz düşəndə görün nə demişdir: “….Mən tez evlənmişəm, 20 yaşında. Uşaqların anası rəhmətlik də məndən iki bayram balacaydı. İnanmazsız, Allah sizinkiləri saxlasın, ta uşaqlar böyüyən vaxtlaracan biz bir-birimizi o ilk gənclik şövqiylə dəlicəsinə sevmişik. Belə şey hələm-hələm olmur ha. Şükür Allah məsləhətinə, əlimdən alıb apardı. Taleyimdən heç narazı olmamışam, bu gün də yerdən-göyəcən razıyam. Amma bağışlayın məni, arvadın yerini heç kim vermir. Bax, maşallah üç qızım, bir oğlum, səkkiz nəvəm, on bir nəticəm var. Hamısı qulluğumdadı, bir kəlməm o yan-bu yan deyil. Di gəl, onu əvəzi deyil, bütün bunlar. Xüsusən də qocalanda Adam bu itkini ağır keçirir…”
Bax, əbədi sevgi budur…Sevgiyə, sevdiyinə sədaqət budur. Gənclərimiz ailə xoşbəxtliyini xəyallarla yox, birlikdə əzaba qatlaşaraq, çətinlikləri dəf edərək gerçək mübarizələri ilə qurmalıdırlar. Onda belə evliliklər əbədi olacaq.
Müəllif: Bənövşə ətirlim

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.