Uşaqlar dünyanın ən böyük səadətidir
Bir məktubdan:

“Biz iki bacı bizə “qızlarım, ulduzlarının” deyərək sevən bir ana ilə böyüdük . Atam “Matchbox” avtomobil kolleksiyasını heç zaman bizimlə paylaşamadı. Mən o vaxtdan sevə-sevə əzizlədiyim “Barbi”ləri “gələcəkdə qızıma verərəm”,- deyə saxladım . Bəli, o gün gəldi və mən hamilə qaldım. Arzularımda həmişə qız uşağım olsun deyə duaçı olsam da, həkim “oğlan” dediyi an mənim bütün xəyallarım pozuldu … Axı mən heç oğlan anası olacağımı düşünməmişdim. Anam və əzizlərim “fikir eləmə, ikincisi, inşallah, qız olar ” kimi təsəlliverici sözlər söyləsələr də, mənim təsəllim qız uşaqları üçün mağazalarda gördüyüm, eləcə də özüm alan paltarlar oldu. Nəhayət, oğlumu qucağıma aldım … Min dəfə şükür etdim. Amma “görəsən, mənim qızım olmayacaqmı?” sualı heç zaman məni tərk etmədi…”
İlk dəfə ana olmağa can atan, həm də məhz qız anası olmağı arzulayan bu yeniyetmə qızın sosial şəbəkələrin birində rast gəldiyim məktubunu maraqla oxudum.
Ailə planlanması zamanı cinsin müəyyən edilməsi, oğlan uşağı deyilsə, selektiv abortlarla hamiləliyin dayandırılması kimi yanlış, yanlış olduğu qədər də zərərli və insanlıq adına utanc bir meyil davam etməkdə ikən qız uşaqlarına qucaq açan, evində gələcək qız övladı üçün yüyrük hazırlayan ana və ataların olması sevindiricidir. Belə arzu və xəyallar insanları öz əlləri ilə öz çıraqlarını söndürən günahkarlar olmaqdan xilas edə biləcəklərinə ümid işartılarıdır. Bu işartıları gurlaşdırmaq, hüdudlarını genişləndirmək, hər evə, hər ailəyə, “Ata”, “Ana” deyə çağrılacaqları günlər üçün boylanan hər bir yeniyetmə oğlanın, qızın qəlbinə yaymaq lazımdır.
Qız övladlarını qızıldan da artıq dəyərləndirən valideynlərimiz, təbii ki, var. Analar var ki, məhz qız arzulayır, özünün həyatdakı əksini yaratmaq istəyir. İstəyir ki, qızı çəhrayı fırfır ətəkli don geyinsin, buruq saçlarını toplayıb daramaq üçün hər səhər bu “şeytan”I güzgü qabağına gətirsin, corablarını geyindirsin, qapıdan yola salıb birbaşa pəncərəyə qaçsın ki, arxadan qıznın görünüşünə, addımlarına baxsın. Heç kimə, lap proletara deməsə də, öz içində xəfifcə pıçıldayacaq ki, eynən özümdür.
Çox istərdim qadın oxucularımız mənim məsələyə bitərəfli yanaşdığımı zənn etməsin. Məlum olan budur ki, günümüz üçün bu problem mövcuddur və getdikcə daha geniş spektrdə səpələnməkdədir.
Məsələ dövlətin prioritetidir və əlbəttə ki, onun həlli istiqamətdə addımlar atılır . Bununla bağlı Milli Fəaliyyət Planı təsdiq edilib, “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsi” Dövlət Proqramı qəbul olunub, Proqramın ayrı-arı istiqamətləri üzrə tədbirlər həyata keçirilir, selektiv abortları qadağan edən Qanun qəbul edilib və sair.
Bütün bunlarla yanaşı, insanları problemin mahiyyətini, onun gətirə biləcəyi fəsadları görüb dərk edə biləcəyi hala gətirmək üçün maarifləndirilmə və təbliğatın daha təsirli effekti ola bilər. Həm də ona görə ki, bu gün də yeni doğulanlar arasında qız uşaqlarının sayı azalmaqda, selektiv abortların (cinsi mənsubiyyətə görə hamiləliyin süni pozulması) isə artan xətt üzrə davam etməkdədir.
Abortlara qadağa sovet dövründə də var idi. Buna baxmayaraq, abort etdirən müxtəlif vasitələrlə hamiləlik prosesinin qarşısını yenə dayadıra bilirdi, sadəcə, xərci bir az baha başa gəlirdi . Heç nəyin fərqinə varmadan, dinin buyurduqlarını unudaraq abort etdirən də, abort edən də günaha batırdı, elə indi də batır.
Haşiyə: Həzrəti Məhəmməd (s.a.v) buyurub:”Övladlarınız arasında oğlanla qıza fərq qoymayın; fərq qoymaq lazım gəlsəydi, mən qızları üstün tutardım…”
Bu, elə problemdir ki, onun zərəri, fəsadları adam ağacdan yıxılanda hiss etdiyi kimi, anındaca hiss etmir. Bəlkə də abort etdirən də, edən də bunun gətirdiyi fəlakətləri heç görməyəcəklər, bilməyəcəklər də. Amma oğlu, nəvəsi, nəticəsi, kötükcəsi bu təsirlərə məruz qala bilər.
Azərbaycanda 1975-1980-ci illərə qədər doğulan uşaqlar arasında cins nisbəti sabit olub. Amma 1998-ci ildən başlayaraq oğlan uşaqlarının sayında artım özünü göstərməyə başlayıb, ildən-ilə keçdikcə bu dinamika artıb.
Nəticəsi də göz qabağında: Azərbaycan doğulan uşaqların cins nisbətinin pozulmasına görə dünyada ikinci yerdədir. Bunu BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin müşaviri Fərid Babayev kütləvi informasiya vasitələrinə verdiyi açıqlamada dilə gətirib.
Bakı Statistika İdarəsinin 2017-ci ildə verdiyi bir açıqlamaya əsasən, Bakı şəhərində 30373 nəfər körpə doğulub. Yeni doğulan körpələrin 52,5 faizi (hər yüz körpədən 53-ü) oğlan, 47,5 faizi (hər yüz körpədən 43-ü) qız uşaqlarından ibarət olub.
Unutmamalı ki, hələ ailələr ailə formatını 2 -3 uşaqdan 5-6 uşaq modelinə keçirmiş olsaydılar və bunu indiki kimi oğlan uşaqlarının hesabına etmiş olsa idilər, problem mövcud olduğundan da ciddi olardı.
Əgər övlad könül meyvəsidirsə, illərlə arzu edilən, tərəfləri vüsala aparan sevginin çiçəyidirsə, onu xüsusi vasitələrlə necə məhv etmək olar? Mən həyat təcrübəmdə çox müşahidə etmişəm. Çox valideynlərlə bu barədə söhbət etmişəm. İnanın, həmsöhbətlərimin böyük əksəriyyəti qız övladlarına küsənib. Dillərinə gətirməsələr də söhbətin axarından hiss etmişəm ki, onlar daha çox qız övladlarından atalıq-analıq haqqı görüblər və görməkdədirlər. Bunlar əsasən, keçən əsrin 80-ci illərinə qədər olan ictimai fikri üçün gəlinən qənaətdir. Üzübəri gəldikcə qızlara münasibət etimadsızlaşmağa başlayıb.
Bəs nə üçün ailələr qız övladı istəmirlər? Niyə ailələr ikidən artıq üşaq istəmirlər?
Uşaq yoxsa, iraq-iraq, olmayacaqsa, onda o şəxs bioloji qadın olmaqdan qeyri – təəssürat yarada bilməzzzz. Bir evin QADINI ola bilməz, “ANA” deyə sığınıla bilməz.
Heç fikir vermədinizmi, körpə elə ki, ana rəhmində qərar tutmağa başlayandan ananın vücudunda, ruhunda bir dəyişiklik, İntibah başlayır. Eləcə də gələcək atanın xəyallarında yeni statusunun modeli formalaşmağa başlayır. Elə isə, qadının da, kişinin də varlığına “lıq;- -lik” şəkilçisini, onun yaratdığı və mənəvi-əxlaqi məmnunluq doğuran ictimai məzmunu gətirən uşaqlar deyilmi: ana+lıq-qadn+lıq; kişi+lik-ər+lik-ata+lıq…
Fikrimcə, sualın doğru cavabını bu narahatçılıqda aramaq lazımdır: əksər ailələrdə ikidən artıq uşaq arzu edilmir və qız uşaqları ailələr üçün arzu edilən deyil.
Niyə? Bax bunun səbəblərini doğru müəyyən etmək, dilə gətirmək və qarşısını almaq üçün . xüsusilə gənclər arasında böyük layihələr yaymaq, maarifçilik hərəkatına başlamaq lazımdır.
Mətbuat, televiziya, hər kəs bu mənfi təzahürləri doğuran səbəblərə, dünyagörüşlərə qarşı mübarizə aparmalıdır.
“….Bir qızım var. Biri daha olacaqsa, onun da qız olmasını ürəkdən istərəm. Amma qız uşaqları fərqli olduğundan deyil, hər iki uşaq eyni cinsdən olsun deyə. Mən heç vaxt “bir qızım, bir oğlum olsun” deyən tərəfə olmadım. Həp ikisi üşün xəyal qurdum, amma həp ikisinin qız, ya da hər ikisinin oğlan olmasını dilədim.İki bacının və ya iki qardaşın anlaşması və birlikdəliyi ruhuma çox xoş gəlir.”
Adamlar tanıyıram ki, sadəcə, övladı olsun, “Ana” çağrılsın deyə, gecə-gündüz Allaha dua edir, nəzir-niyaz paylayır. Amma adamlar da var ki, dünyaya qız övladı gətirmiş qadınına şərt qoyur ki, bu dəfə də qız doğsan, körpəni də götürüb doğum evindən birbaşa atan evinə qayıdarsan və ya doğulacaq körpənin qız olduğunu bilincə, günahsız tifili tələm-tələsik filan qədər də xərc çəkib, elə bətndəcə məhv etdirirlər. Olurmu belə?!
Təki, Allah cəmi övlad arzumanında olanlara xeyirli övlad qismət etsin.
Bir məktubdan:
“Mən oğlan istəyirəm”, “qızım olsun” kimi düşüncələr nə qədər yersiz görünür”.
Bir il bundan öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova mətbuata verdiyi bir açıqlamada 2006-2016-cı illərdə qızların sayının azaldığını təsdiqləmişdi.
Dövlət rəsmisinin təqdim etdiyi statistik rəqəmlərə diqqət yetirək:
Baş məsləhətçisi açıqlamasında onu da qeyd etmişdir ki, bu tendensiyanın davam etməsi gələcəyə yönəlik demoqrafik problemlər yarada bilər.
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin müdiri, İnsan coğrafiyası istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov 2017-ci ildə “Trend” informasiya agentliyinə verdiyi açıqlamada bildirib ki, II dünya müharibəsindən sonra Azərbaycanda əhalinin tərkibində həmişə qadınların nisbi üstünlüyü olub. Lakin son illər bu fərq getdikcə azalır, əhalinin cins tərkibi pozulur:
“Əgər hər 100 qız uşağına 104-105 oğlan uşağı düşsəydi, o zaman il ərzində qızlarla müqayisədə təxminən 3000 oğlan uşağı çox doğulardı. Lakin Azərbaycanda bu göstərici normadan yüksək olduğundan qızlarla müqayisədə 7000-dən artıq oğlan uşağı çox doğulur. Ola bilər ki, indi bu fərq özünü göstərmir. Ancaq həmin uşaqlar nikah yaşına çatanda problem müəyyən qədər özünü göstərəcək. Bunun qarşısını almaq üçün tədbirlər görülməli, bu məsələyə ciddi nəzarət edilməlidir.”
BMT-nin Əhali Fondunun hazırladığı Hesabata görə (Azərbaycanda doğulan uşaqların cinsnisbətinin pozulmasınazəmin yaradan mexanizmlər: keyfiyyət və kəmiyyət əsaslı tədqiqat – Bakı – 2014), “Azərbaycan 1990-cı illərdən bəri dünyaya gələn uşaqların cinsinə görə nisbətinin ən çox pozulmuş ölkələr sırasındadırlar (Mesle, Vallin və Badurashvili, 2005; Guilmoto, 2012). Ümumdünya Əhali Perspektivləri (2010 yeni nəşri, BMT, 2011) sənədinə görə, Azərbaycan dünyaya gələn uşaqların cinsinə görə nisbətinin pozulması göstəricilərinə görə dünyada ikinci yerdədir (Cədvəl 8)”.
Doğulan uşaqların cins nisbətindəki bu fərqlər ölkəmizdə qız övladına münasibətin birmənalı olmamasından qaynaqlanır. Arzuedilən olmasa da, bu gün cəmiyyətdə qızların ailədə arzuolunmaz övlada çevrilməsi ilə bağlı narahatlıqlar var. BMT-nin adı şəkilən Hesabatında göstərildiyi kimi, “Azərbaycanda hamiləliklərin təxminən yarısı (52.7%) diri doğuşla tamamlansa da , qalan böyük əksəriyyəti isə süni abortla dayandırılır (hamiləliklərin 40.9%-i). Süni abortla dayandırılan hamiləliklərin sayı qadının yaşı və hamiləliklərin sıra nömrəsi artdıqca daha da yüksəlir. 34-35 yaş arası qadınlar arasında hamiləliklərin dörddə üç hissəsi süni abortla nəticələnir. Süni abort əmsalları aşağı olan ABŞ kimi ölkələrdə baş verən süni abortların əksəriyyəti subay qadınların ilk hamiləliyi ilə bağlıdlr (Westoff, 2005). Lakin Azərbaycanda süni abortlar əsas etibarilə ailəli qadınlar tərəfindən ikinci doğuşdan sonra nəsilverməni tənzimləmək məqsədilə istifadə olunur. İlk hamiləliklərin yalnız 2 faizi süni abortla nəticələnir, lakin beşinci və daha sonrakı hamiləliklərdə bu faiz 80.4%-ə qalxır .”
Sanki ailələrdə nəsilverməni məhdudlaşdırmaq arzusu artır.
“Ötən 50 il ərzində Azərbaycanda nəsilvermə acınacaqlı şəkildə tənəzüllə uğramışdır. Ümumi nəsilvermə əmsalı (hər qadına düşən doğuşların orta hesabla sayı) 1961-ci ildə 5.60 olmuş və bu say azalaraq 2001-ci ildə indiyə qədər müşahidə edilmiş ən minimum səviyyəyə 1.8-ə enmişdir. 2010-cu ildə nəsilvermə əmsalı hər qadına 2.3 uşaq olmuşdur (Qrafik5).”
Narahatçılıq yaradan məsələ isə doğum səviyyəsinin getdikcə aşağı enməsi və həm də doğumun daha çox oğlan uşaqları üzərində planlaşdırılmasıdır.
Dövlət tərəfindən doğumu stimullaşdırıcı tədbirlər görülsə də (uşaqlara doğularkən müavinətlər verilməsi, himayəsində bir neçə azyaşlı övladı olan ailələrə ünvanlı sosial yardım təyin edilməsi, məktəbəqədər tərbiyə şəbəkələrinin genişləndirilməsi və s.) problem var, onu arxa plana çəkmək deyil, həlli istiqamətində düşünülmüş addımlar atmaq lazımdır.
Davamı var …





