Qız övladı böyütmək qonşunun bağındakı çiçəyi sulamaq kimi deyildir (II yazı)

Uşaqlar dünyanın ən böyük səadətidir

Bəs niyə ailələr çoxuşaqlı ailə olmaqdan qaçırlar? Axı 30-40 il bundan əvvəl Azərbaycan ailələrinin əksəriyyətində ən azından 4-5 uşaq olurdu. Belə ailələr həmin dövr üçün  azuşaqlı ailələr hesab olunurdu. Fəqət, indi iki və üçuşaqlı ailələr çoxuşaqlı ailə kimi tanınır.

Mən xatırlayıram ki, kənddə 10 və daha artıq övlad dünyaya gətirmiş analara “Qəhrəman ana” fəxri adı və Qızıl medalı verirdilər. Özü də  elə kənd yox idi ki, bir neçə qəhrəman anası olmasın. 80-ci illərdən başlayaraq ailələrin say tərkibi  azalmağa doğru meyilləndi. Bunun səbəblərini bir çox amillərlə  izah edirlər. Səbəblər arasında daha çox iqtisadi çətinlik önə çıxarılır.

  Mən öz subyektiv münasibətimi bildirmək istəyrəm.Təbii ki, insanın, insan nəslinin yaşaya bilməsi üçün  dolanışıq, qida etibarlılığı mütləqdir. İnsanların sağlamlığı da bu sırada vacib amillərdən biridir. Amma bu səbəblər  doğum hallarının enməsinə və yaxud oğlan uşağına üstünlük  verilməsinə  vadar edə bilməz. Azərbaycan ailələrinin çoxuşaqlı ailələr kimi tanındıiğı vaxtlarda insanlar arasında belə söhbətlər olurdu.

 Yaxşı xatırlayıram. Kənddə insanlar tütünçülüklə, heyvandarlıqla məşğul olurdular. Bağlarının meyvə-tərəvəzi də dolanışıqlarına dəstək olurdu. Kənddə kimin  uşağı doğulurdu hamı bilirdi. Gözaydınlığına getmək dəb idi. Tutaq ki, bir ailədə 6-7 uşaq var, yeni bir uşaq da doğulub.  Kimsə desə idi ki, filənkəsin  yeni uşaq nəyinə lazım idi, sonsuz deyildi ki, 6-7 uşağı var, kasıb adamdır,   necə saxlayacaq  bu qədər külfəti. Onda yaşlılar, həyat adamları deyirdilər ki, Allah  veribdir, ruzisini də özü yetirəcək. Yəni, ailənin iqtisadi  vəziyyəti  ailə  tərkibinin sayca azalmasına təsir  edə bilməzdi, səbəb ola bilməzdi.

  Ailə vardı ki, 3-4, bəzən də daha çox qızı olurdu. Belə ailələr sağıcılıqdan, tütünçülükdən yaxşı qazanc əldə edirdilər. Belə ailələrin həyət-bacası həmişə  gül kimi olurdu. Bu ailələrdə analar əllərini ağdan-qaraya vurmazdılar: hər işi qızları görərdi.  Ana da xanım-xatın kimi evdə oturardı. Ailələrində uşaqların əksəriyyəti qız olan analara,hətta,   paxıllıq edən də olurdu:  “Filənkəsin  nə dərdi var, mənim kimi 4-5 oğlu yoxdu ki, hamısı dağıdan, bulaşdıran. Çöldə-bayırda ora-bura qaçıb üstünə cummurlar ki “yemək”.4-5 qızının hərəsi bir  işin qulpundan yapışır, anaları da xanım-xatın kimi gəzməklərdə. ”

Həqiqətdə də belə idi. Oğlan uşaqlarının ağzını kiritmək  heç də asan deyildi. Qız böyütməyə nə vardı ki. Özləri öz yediklərini qazanırdılar, ailəyə fayda gətirirdilər. Gəlin köçənə kimi də cehizliklərini hazırlayırdılar. Oğlan uşaqları isə  həddi-büluğa çatanda kənddən çıxır, illər keçəndən sonra bir çamadanla qayıdırlar ki, toy edin.  Qızlar ərə gedəndən sonra da ailəsinə, valideynlərinə hər zaman həssaslıqla yanaşırlar. Ailələrin qız övladı istəməmək iddialarından söhbət gedə bilməzdi. “Qızbəs”, “Qızyetər”, “Qızqayıt” kimi adlara gəlincə isə, bu adları övladlarına 5-6 qızı olub heç oğlu olmayan ailələr   verirdi. 2-3 oğlu olan ailə heç vaxt bu qardaşların bacısına belə adlar seçməzdi. “Qızbəs”, “Qızyetər”, “Qızqayıt” doğan analar növbəti doğuşda da dünyaya qız uşağı gətirsəydilər, yenə bu övladdan imtina etmirdilər. Sadəcə, belə ad seçmək bir inanc forması idi. Yəni, qızım çoxdur, daha bəsdir, daha dursun və bu iddialarını yeni doğulan qız körpələrinə “Bəsti”,”Dursun” adları verməklə  ifadə edirdilər.

 O vaxtlar uşağın cinsini  bir də doğulandan sonra bilirdilər. Deməli, qızdan imtinadan söhbət gedə bilməzdi, abortdan  da söhbət gedə bilməzdi. Belə meyillər  keçən əsrin sonlarından  xarakterik olmağa, kütləviləşməyə başladı.

  Özü də   qız uşaqlarından imtina   ailələrin say tərkibinin  çiddi şəkildə minimuma endirmək   planlaşması ilə paralel   başladı.  Bir vaxt çoxuşaqlı ailələr kimi tanınan  Azərbaycan haqqında bu gün eyni sözləri demək olmaz.

 Hazırda Azərbaycan əhalisinin sayı 9,8 milyon nəfərə bərabərdir. BMT   Azərbaycan əhalisinin sayı ilə bağlı  hazırladığı hesabatda bildirilir ki,  bu  say  2030-cu ilədək 10,68 milyon nəfərə, 2050-ci ilə qədər 11,03 milyon nəfərə qədər artacaq. Amma bu  artım keyfiyyəti  ailələrin çoxuşaqlılığı ilə deyil,  evliliklərin özünün artan sayı ilə mümkün olmuşdur. Yəni,  bir yaşayış məskənində, məsələn,  kənddə  200 təsərrüfat vardısa,  ortalama  bu ailələrdə  800-1000 nəfər uşaq olardısa, indi bu say   200 ailənin  hesabına deyil, 400-500 gənc ailənin  hesabına  mümkün olur. İndi ailələr 2-3 uşaqdan çox  uşaq istəmirlər, həm də  oğlan uşağı arzulayır və arzularını  texnologiyanın imkanları ilə nizamlayırlar. Nə qədər qadağalar qoyulsa da,  abort etdirən də, edən də çəmini tapır. Bizim ailə çoxuşaqlı ailə olub: 10 uşaq. 10 uşaq böyüdən ana özündən, xəyallarından, azadlıqlarından mütləq əl çəkməlidir. Gecə-gündüz   çalışmalıdır: əkməli-becərməlidir, toyuq-cücəyə, mal-qaraya baxmalıdır ki, çocuqlarının ağzını yığa bilsin.  Gündə olmasa da, iki gündən bir pal-paltarın yumalı, cırıq-söküyünü yamamalı, iki gündən bir böyük təhnə təndir çörəyi  bişirməlidir. Səhər gün doğandan ta uşaqlar yatıncaya qədər mənim anam da, eləcə də bütün çoxuşaqlı ailələrin anaları da  beləcə çapalayırdılar. Belə analar  bir də görürdün ayaqüstə mürgü vururlar.

İndinin qadınları bu cəfakeşlik etməyə hazır deyillər, həm də öz rahatlıqlarını çoxuşağa qurban vermək istəmirlər. Hansını dindirsən, “2-3 uşaq bəsdir” deyirlər.

Dünyaya 10 və yaxud 5-6 övlad gətirən qadının yuxarıda qeyd etdiyimiz   işləri görməsələr də,  təkcə  bu qədər uşaq doğmağa görə də şuxluqlarını itirir, tez qocalır, boyları balacalaşırdı. Amma onlar  belə şeyləri ağıllarına gətirmirdilər. İndiki analar ( heç də hamı nəzərdə tutulmur) 2-3 uşağı da böyük xərclər bahasına  birtəhər dünyaya gətirirlər, körpələrinə süd vermək istəmirlər ki,  vücudlarını təsirə məruz qoymasınlar. İndiki analar istəyir ki, tez-bazar 2-3 uşağı özünü idarə edə bilən səviyyəyə çatdırıb, özləri azadlığa çıxsınlar. Rahat durub–otursunlar və s. Belə analar  romantik həyat yaşamaq istəyir, cəfalı, nigarançılıq və səksəkə ilə dolu həyat yox.

 Halbuki, nəsilartımı   hər bir dövlətin strateji prioritetidir. Həyatın, bəşəriyyətin mövcudluğu  nəsilartımı olmadan  mövcud ola bilməz. İnsanın özünə gəlincə isə, insan onu həyata gətirən ata-ananın qarşısında  bu xətti davam etdirməyə borcludur.  Bu isə nə təkcə oğlan, nə də təkcə qız uşağının mövcudluğu ilə mümkün olan  gerçəklik deyil. Və yaxud olana xüsusi status verib, qızı iknci dərəcəli etmək, qızın  həyatımızdakı yerini kiçiltmək ailənin, böyük eşqin özünün mahiyyətini kiçiltməkdir.

Ailə, onun  keyfiyyəti yalnız  tərəflərin hər ikisinin eyni  amal uğrunda məqsəd eyniliyi ilə mümkün ola bilər. Nəsil xəttinin davam etdirilməsində  tərəflərin hər ikisinin rolu eynidir.  Axı oğlan   qız/qadın olmasa, ailə qurmasa,  nəsil xəttini necə davam etdirəcək? Həyat belə məsələləri elə nizamlayıb ki,  bir oğlan evinin qızı digər bir ailədə  həmin evin oğlu ilə bu yükün altına çiyin verir,  digər bir evin qızı isə  bu olan evinin oğlu ilə birlikdə bu məqsəd üçün ömür sərf edirlər.

Bu birlik hansı keyfiyyətdədirsə,  onların qurduqları ailə də, yaşadıqları həyat da, dünyaya gətirdikləri uşaqlar da o keyfiyyətdə olacaqdır.

Bir çox ailələrin qız uşaqları arzu etməmələrinin səbəbi olsun ki, həmin valideynlərin yanlış düşüncəsi ilə bağlıdır ki, pariarxal cəmiyyətlərin hamısında  nəslin davamçısı oğlan  hesab edilir. Qız övladı isə köçəri quşdur, özgə üçündür. Ona çəkilən zəhmət boşdur, hədərdir.  Amma digər ciddi səbəblər də mövcuddur. Məsələn,  kapitalist ölkələrində qadın  reklam  vasitəsinə    çevrilib   sahibkarın marağına yönlədilir. Avtomobil təkərini reklam edirlər, guya, yanında bir qız olmasa, təkər yaxşı getmir.  Cürbəcürə açıq-saçıq geyimlər(transparan, dekolteli, razrezli  və s)    əndamlı, yaraşıqlı  qızlara geyindirib podiumlara çıxarır, istehsal etdikləri  məhsulları  reklam etdirirlər və s.

 Qərb ölkələrinin seriallarındakı, elə həyatındakı sərhədsiz azadlıqlarını müxtəlif yollarla  bizim həyata  yoluxdurdular. Bir vaxt sinəsi-yaxası  bağlı, topuğa qədər də finka şalvar  geyinən gənc qızlarımız  indi  müxtəlif dəbli cins şalvarlara, mini geylmlərə,  həmçinin transparan, dekolteli  geyimlərə meyil edirlər.

Valideynlər, yaşlı nəsil belə geyimləri qəbul etməsələr də, gənclər bunda heç bir qəbahət görmür və irad bildirən kimi,  gender hüquqlarını, demokratik azadlıqlarını bayraq kimi başları üzərinə qaldırırlar.

 Bakının, eləcə də şəhər və rayonlarımızın əyləncə mərkəzlərində qızların iştirakçısı olduğu  nə qədər hadisələr baş verib və insanlar bunla haqqında mətbuat və televiziya vasitəsi ilə xəbərdardılar

Və yaxud  sosial şəbəkələrdə məşhur idmançıların, modellərin, aktrisaların macəra həyatından daha nələr qalmadı yazmasınlar,  məşhur modellərin hansı pozada şəkli qalmadı, manşetləri bəzəməsin.

Guya  estrada “ulduz”udur, “ünlü sənətçi”ldir, o, Bakıya gəlməzdisə,  biz mədəniyyətsiz qalacaqdıq. Azis Bakıya gələndə qızlar ona elə rəğbət göstərirlər ki, öz sənətkarlarımız heç vaxt bu  ampulada diqqətə ayrılmayıblar.

İraq  telekanallarndan biri Bakıda gizli çəkiliş aparmış və bunu öz ölkəsində yayımlamışdı. Obyektivdə təsvir olunanlar Bakıda baş verib və həmin şəxslər də  Azərbaycan qızlarıdır.(https://www.youtube.com/watch?v=xLTefoZRgpk).

Eləcə də istirahət məkanlarında,  park və bağlarda, bulvarda  ətrafdakılara məhəl qoymadan  bir-birinə sarmaşan, öpüşən  gənclər  görəndə  bunlar  valideynləri  qız övladı  arzulamamaq, qız övladından imtina kimi hallara istiqamətləndirə  bilər.

 Təbii ki, valideynləri də başa düşmək lazımdır.  Azərbaycan ailəsi həmişə namus, şərəf məsələsində mühafizəkar olub. Bildiyim qədər heç bir ailə belə geyimdə, belə davranışları ilə önə çıxan qızı gəlin kimi evinə gətirməz və yaxud belə qız sahibi olub kiminsə onun qapısına elçi gələcəyini gözləməz.Vaxt var idi ki, çoxlu qız övladları olan ailələrin  nəinki ata-anaları, qardaşları belə bu ailənin qızlarına görə  bir hörmət yiyəsi idi. Kimsə öz evində, hansı qohumununsa evində bu ailə ilə qohum olmaq istəyi ortaya çıxa  bilər deyə, bu qızların ata-anasına, qardaşına  onların sezə biləcəyi səviyyədə rəğbət sərgiləyirdilər. Belə qız atalarının qapısına elçiliyə gedəcəklər deyə əvvəlcədən  mühit, münasibət formalaşdırırdılar. İndi də belə ailələrimiz az deyil. Amma  fərqli  mənzərələr də var. Oğlan-qız özləri tapışıb sevişir, görüşür, bəzən evlənənə qədər izdivaca girənlər də olur. Belə davranış və normaların  qarşısını almaq da olmur. “Gənclər azaddır, müstəqil olaraq öz talelərini özləri müəyyən etməlidir”, ” İrad tutmaq, nəsə demək Avropa dəyərlərinə, insan haqqlarına ziddir”, “gender prinsipləri” və sair bu kimi səbəblər  ailələrin, valideynlərin əl-qolunu bağlayır. İctimai qınaq formalaşa bilmir. Hansı ki, içtimai qınaq, el gözü, el sözü hər zaman mizan-tərəzi olub.

Bəlkə də valideynlər bütün bu hallarla qarşılaşmasınlar deyə, qız övladları arzulamırlar və yaxud çarəsiz qalanda  selektiv abortla qızlarını dünyaya göz açmadan hamiləliyə son verirlər. Bu qızın günahı yox, dünyanın  pis-yaxşı işığı hələ üstünə düşmədən, onun məsumluğunu necə şübhə altına almaq olar? Mənə belə gəlir ki, abort etdirən ailə qərarı bu tifilə görə yox, ətrafda gördüklərindən hasil etdiyi qənaətə görə qəbul edir. Bizim kütləvi informasiya vasitələrini, özəl telekanallarda saysız-hesabsız belə nümunələr, hadisələr var ki, qızlara qarşı etimadsızlığa sürükləyir.

  Bu etimadsızlığı aradan qaldırmaq, Azərbaycan qızlarının ənənəvi şöhrətini qaytarmaq üçün maarifləndirmə işlərini indikindən üstün hala gətirmək lazımdır. Kütləvi informasiya vasitələrində belə məsələlərə aid  dərc olunan məlumatları, yazıları, şəkilləri, süjetləri hökmən saf-çürük etmək lazımdır. Şou verilişlərinin  birində iştirak edən  bir xanım deyir ki, “…filənkəs kimi  arxa hissəmi siğorta etdirmək istəmirəm.

… Sinə, dodaqlar, burun hamısı özümündür, əməliyyat etdirməmişəm”.

  Düşünürəm ki, mətbuata, ekrana Qadın obrazını  gətirərkən  cəmiyyətin mənafeyini hökmən gözləmək lazımdır.

Cəmiyyəti, böyüməkdə olan nəsli yaxşı nümunələr üstündə kökləmək lazımdır. Bütün dövrlərdə, bütün cəmiyyətlərdə  çoxluğun istəmədiyi, arzu etmədiyi əxlaqi naqisliklər, utanc nümunələr olub və heç olmayacağını gözləmək də sadəlövhlük olardı. Amma belə nümunələrə laqeyd qalmaq olmaz.Belə nümunələri  cürbəcürə adlarla manşetə, ekrana çıxarmaq olmaz. Kimə lazımdır belə plastika, harmoniya? Başından, əqidəsindən,  hər kəsdə məmnunluq yarada bilən əməllərindən söz aça bilməyən qız/qadın ictimai tribunada sinəsindən, dodaqlarından, görkəmindən  necə danışa bilər?

Qız övladlarından imtina cəmiyyəti hara aparıb çıxara bilər? Sən oğul övladı arzulayırsan, qızın olacaqsa, üz-gözünü turşıdacaqsan. Təkcə oğul övladı olmaq  bəxtəvərlik deyil ki. Bu övladı böyüdüb boya-başa çatdırınca, ömrünü həsr edəcəksən: məktəbə gedəndə  canına bir rahatlıq gələcək, məktəbi bitirəndə, ali məktəbə girəndə, hər addımında sevinəcəksən.Evinə gəlin gətirməyə tələsəcəksən, nəvən olanda dünyanı sənə verəcəklər. Amandı olsun, bütün həmvətənlərimizə beləcə dünya bəxş olunsun.Əcəba, bəs bu dünyanı evimizə, həyatımıza gətirən gəlini   bətndə olarkən selektiv abortla bizə doğru gəlməyə qoymasaydılar,  nə edərdik? Oğlumuz var, öyünək, qurban olaq. Bəs onu bizə kim bəxş edib: tərəddüdlərlə güc-bəla abortdan xilas olmuş o vaxtki bir Qız.

 Qız övladı böyütmək hind atalar sözündə deyildiyi kimi “qonşunun bağındakı çiçəyi sulamaq kimi  deyil”: çiçək yetişdirib, dünyaya, evlərə çiçək paylamaqdır. Verib, çiçək almaqdır…

 İnsanlar ilk  dəfə odu əldə edəndə sönməsin deyə gecə-gündüz ocağın başında keşik çəkirlərmiş, odu qoruyurlarmış. Hər yeni doğulan qız uşağı da Allahın  həyatı, insanlığı qorumaq, davam etdirmək  üçün insanlara əta etdiyi  əbədi nicatdır. İnsanlar bu nicatı  insanlıq davam etsin deyə qorumalıdırlar.

Son

İstifadə edilmiş ədəbiyyat: 1. “Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər: keyfiyyət və kəmiyyət əsaslı tədqiqat”- Bakı, 2014;

2. İstifadəyə açıq  internet mənbələri