Ailə elə bir ismət evidir ki, onun qapıları bağlı gərəkdir ( II yazı )

Qadın, ana, ailə dəyərləri

 Qadın cəmiyyətin əsasıdır. Qadının tərəqqisi ölkənin tərəqqisi deməkdir.

Məhəməd  Peyğəmbər (s.ə.s)

Məktəb  illərimdə eşitmişdim bu fikri: “Mədəniyyətin ən yüksək forması  vəhşilikdir.” Bu ifadədəki 5 sözün  ayrı-ayrılıqda  hər birinin leksik mənası bizə məlum olsa da, mahiyyəti aydın  olmazdı.  Heç ağlımıza gəlməzdi  də  müəllimlərimizdən soruşaq ki,  bəs mədəniyyət   insanların yaratdığı dəyərlər sistemidirsə, onda  niyə onun sonu  “vəhşilik”  olmalıdır? Sadəcə, fikirləşmişdik ki, bizim yaşımız hələ çox azdır, biz bu ibarənin özülündə gizlənmiş mahiyyəti   böyüyəndə biləcəyik.

Onda  Hüseyn Cavidin  məşhur “Təməddünün (mədəniyyyət) sonu vəhşətmidir, nədir əcaba?..” misrasından hələ xəbərimiz yox idi.

Həmin illərdə bu cür daha başqa bir məşhur  ibarə də eşitmişdik: ” Axır zaman gələcək.” Bunu da eynilə başa düşə bilməzdik. Təxmin etdiyimiz ancaq bu olardı ki,  böyük adamlar,  ölkələr zamanın, dünyanın   axırının  gəlməsinə imkan verməzlər.

  İndi dərindən düşünəndə bu iki ibarə arasında  bir  yaxınlıq olduğunu  görürəm. Bu yaxınlığın  nədən ibarət olduğunu deyim.

Cəmiyyətdə baş verənlərin kütləvi informasiya vasitələrində ifadəsi, həmçinin yeni ideya və mövzu axtarıcılığı məni onsuz da həmişə informasiya subyektlərini izləməyə sövq edir.  Bu maraqla  TV8  kimi fəaliyyət göstərən   internet televiziyasında  (Bax: https://www.youtube.com/watch?v=JD9sAdm0A3Q) çox yöndəmsiz və ədəbsiz başlıqla  yayımlanmış  bir süjetə rast gəldim.

Süjetdə 2020-ci ilin mart ayının 8-də  Baknın mərkəzində feministlərin küçə yürüşü fəallarından birini həmsöhbət seçmişdilər. Əlində ” Vaqina mənimdir  kimə istəsəm verərəm” şüarı  gəzdirən   bu qız   indi cəmiyyətə nə deyə biləcəkdi?  Deyəcəkdi, amma  2020-ci ildə dedikləri  yazılı formada idisə, indi  isə ekranda birbaşa  dillə söyləyəcəkdi və söylədi də: “ÜREYİM İSTƏSƏ VEREREM BUNDAN KİMƏ NƏ?!” – 18+ QIRĞIN DEBAT”  Fərq yalnız bunda idi.

 Amma məni çox düşündürür ki, doğrudanmı   belə məntiqi olan gənci  ekrana  çıxartmaq  cəmiyyət üçün  lazımlı idi, özü də canlı yayımla?  Sovet dövrünün  nə televiziyasında, nə radiosunda, nə də  qəzetində belə  biabırçı hal  başa verə bilməzdi? Əgər cəmiyyətə təqdim edilməyə layiq deyilsə, niyə canlı yayıma çıxarırsınız. Əvvəldən lentə alardılar,   qüsurlu fikirləri   qayçılayardılar. Əgər  cəmyyətin, əxlaqın  ziddinə  heç nə olmazdısa,  buyurub   tirajlayardılar. Amma  bu  söhbətləşmə cəmiyyətə təqdim edilməyə layiq deyildi.  Bu azmış kimi,   kanal TV8  titrlərdə   “Efirdə belə 18+ verliş olmamışdı!” kimi  sözlərlə süni diqqət, cazibə  effekti yaratmağa çalışır.

Əgər, doğrudan da, kanalın məramı maarifləndirməkdirsə,    “18+”, “Efirdə belə 18+ verliş olmamışdı!”  deyib, izləyicilərin  marağına “patı” qatmaq nə üçün?

Bakının mərkəzində feministlərin həmin yürüşü yadımızdan çıxmayıb ki. Kim düşünə bilərdi ki, bir vaxt  başının örpəyi təsadüfən açılıb hörükləri görünən  və buna görə  həyadan küz alması kimi qıpqırmızı qızaran Azərbaycan qızları indi üzlərində, əllərindəki kağızlarda seks ikonları küçələrə töküləcək, “Vaqina mənimdir, kimə istəzəm, verərəm” ,  “Məmələrə  azadlıq” yazılmış   lövhələri başları üzərinə qaldırıb cəmiyyətə nümayiş etdirəcəklər.

  Yazımızın əvvəlində    mədəniyyətin sonu   insanı haralara gətirib  çıxartması ilə bağlı narahatçılığımızı  əbəs yerə dilə gətirmədik.

   40-50 il öncə bizim böyüklərdən eşitdiyimiz  “axır zaman” gəlib çatmayıb ki, görəsən?

Bu gün günəş sistemində qorxulu əlamətlərin ortaya çıxması, insan əliylə  ekoloji  fəlakətlərin getdikcə çoxalması,  dağıdıcı müharibələrin  artması, ayrı-ayrı ölkə və böyük şəhərlərin yox olması, günahsız uşaqların, qadınların, yaşlı insanların öldürülməsi,  xəstəlik  və epidemiyaların yayılması, qətliamların və kütləvi qətillərin geniş artması, fitnələrin çoxalması, haramların halal sayılması,əxlaqi tənəzzül və sair, və ilaxır, bunlar “axır zaman”ın gəlib çatmasına  işarə deyilmi?

 Feminizm də, nudizm də, LGBT  və sair daha nə qədər “izm”lər bizim mühitə,  bizim mənəviyyata   Amerikadan, Almaniyadan, Hollandiyadan, Finlandiyadan, Fransadan

köçürüldü. Bir çox  Avropa  ölkələrində    xüsusi hotellər, kamplar, saunalar və idman zalları fəaliyyət göstərir ki, burada insanlar tam çılpaq formada gəzir, söhbətləşir və əylənirlər. Hətta, nudist çimərlikləri var, burada qadınlar da, kişilər də  tam çılpaq çimirlər. Bu da azmış kimi nudism tərəfdarları insanbları  çılpaqlığa səbrlə yanaşmağı tövsiyə edirlər.

İlk insanlar dünyaya çılpaq gəldikləri kimi, uzun əsrlər də çılpaq yaşayıblar.  Sonralar  qardan, yağışdan qorunmaq üçün kortəbii  geyim vasitələrini mənimsəyiblər.  Daha irəli getdikcə,  insanın şüur və  təfəkkürü onu daha aliləşdirib.  Həya, əxlaq və normalar  onun geyim vasitələrini də, geyinmə zövqlərini də  daha ali forma halına gətirib. Bunlar artıq sosial səbəblər idi. Xüsusilə Azərbaycan mühiti üçün bu səbəblər çox vacib idi. Hətta o dərəcədə vacib idi ki, həm də doğru vacib idi ki,  bir qadının,bir qadının timsalında  bütöv bir nəslin cəmiyyətdəki mövqeyini  isbatlayırdı.

  Sonra inkişaf, mədəniyyət ampulasında   geyim mədəniyyətinə  bir az əl gəzdirdilər, bu da  geyimə uyğun əxlaq  formalaşdırdı. Avropadan gələn mədəniyyət və davranış etiketləri bizim mühiti ekzotik bir hala gətirdi.

Ümumiyyətlə, avropalıların  bizim mühitə, bizim mənəviyyata köçürdükləri   bütün mədəniyyətlər     mədəniyyətdən də, humanizmdən də uzaqdır.  Biz Avropadan  hələki texnoloji  nailiyyətləri əxz etməliyik. Bəşəri mədəniyyəti isə onlar bizdən öyrənməlidirlər.

Nudizmin  geniş yayıldığı ölkələrdə nudizmə turizm sənayesinə böyük gəlir  gətirə  bilən sahə kimi baxırlar.   Missionerlər dollara, evroya  şirnikləşdirib yabançı həyat tərzini  bizim  ölkəmizdə  yaymağa çalışırlar.  Artıq neçə illərdir ki, ölkəmizə xarici turistlərin axınında ildən-ilə   fəallaşma  müşahidə edilir. İstər Bakıda , istərsə də ayrı-ayrı zonalarda  turistlərin davranışları, bizim əxlaqa zidd hərəkətləri barədə cəmiyyətdə narazılıqlar  səslənməkdədir. Hətta nikah şəhadətnamələri olmayanların otel və istirahət məkanlarında gecələməsinə yasaq qoyuması  təklifləri də var.

  Mən insanların  narahatçılığını başa düşürəm və  tam dəstəkləyirəm. İndi turizm sektoru pul qazanacaq  deyə, millət kor olmalıdır, lal olmalıdır? Olmaz belə.

Kərbəlayı Abbasqulu bəylə görüşəndə  dediyi kimi: “Sonra da gəlib deyəcəklər papağını da, ver namusunu da”.

Turizm Agentliyinin bununla bağlı    fəaliyyət proqramı olmalı. Ölkəmizə gələn turistlərə deyilməlidir ki, bura Kambodja, Hollandiya, Tailand, Braziliya  deyil. Füsunkar təbiətimizə,  Göy gölümüzə, İsa bulağımıza  buyurun… Amma gözlərinizin qurdunu öz xarabanızda öldürün.

 Siseronun bununla bağlı çox  dəqiq bir deyimi var: “Millətlər pulsuzluqdan deyil, əxlaqsızlıqdan süqut edərlər.”

 Axı  bizim xalqın tarixində  belə həyat tərzi, belə davranış tərzi  olmayıb, belə  geyim nümunələri olmayıb. Bizim indi adı gələndə adamın  içinə  müqəddəslik, zəriflik seli dolduran  kəlağayımız var,  nimtənəmiz var.  Kim  gətirib  dürtdü geyinmiş çılpaqların  belə libaslarını milli geyim mədəniyyətimizə?

 Əsl sevgi nümunəsi bu xalqa məxsusdur. Amma bizə Sevgililər Gününü 14 fevralda  Valentin Günü kimi qeyd etməyi öyrədiblər.

“…Müqqədəs Valentin keşiş dostu Mariusla Claudiusun ziddinə gedərək sevən gənclərin kilsədə görüşməsinə imkan yaradırmış, gizlincə kəbinlərini kəsirmiş. İmperator bundan çox gec xəbər tutaraq onu həbs etdirir və zindana atdırır. Valentin zindanda verilən işgəngəcələrlə də öldürülür…”

Elə isə  Valentin  bu müqəddəsliyə, təqdir olunmağa layiq idimi?

Amma bizm qədim bir bayatımızda  bu xalqa məxsus  sevgi fəlsəfəsi necə möhtəşəmdir:

Su gəlir pər gələnə,

Zülfün bas tərgələnə.

Üzün bir ay parçası,

Göstərmə hər gələnə.

Əgər bayatını incələsək,  sevən şəxs  segilisinə  kiminsə baxmasına qısqanır. Təbii ki, istər qız, istərsə də oğlan olsun, fərqi yoxdur, hər gün  tanıdığı-tanımadığı çoxlu sayda insanlarla  ünsiyyətə girir, ümsiyyətə girməsə belə,  hər gün neçə adamla qarşı-qarşıya gəlir.  Aşiq bunların bəlkə də heç birini  görmür. Məsələn, 15 nəfər küçədə, nəqliyyatda rastlaşdığı  kimsələri görüb və yaxud onlar  bu qızımızı görüb. Sevən bunladan heç xəbəri olmur, olmayacaq da. Örümüzün axırına kimi eyni vəziyyət davam edəcək.  Burada əndişələnməli bir şey də yoxdur.  Adamın  kiməsə baxması, onu kimininsə görməsi  niyə qara niyyət kimi qəbul edilsin ki? Su murdar götürmür. Lap deyək ki, aşiq qısqancdır. Təsadüfən, bu 15 nəfərdən 2 nəfərinin sevdiyi qızın “üzündə göz izinin olduğunu” bilib . Pencəyini çıxarıb bir tərəfə atsın və meydana girsin və yaxud  söz davasına çıxsın. Bəs  qalan  13 nəfərdən  ki xəbəri yoxdur, bilməyib kimdir, nəçidir, necə olub baxıb, niyə baxıb.  Deməli,  bu bayatıdakı “göstərmə hər gələnə ” baxışı   heç də ifrat qısqanclıq, istər qızın sevdiyinə, istərsə də  artıq sevgilisi, ailəsi olan  nişanlı oğlanın, ərin öz  sevdiyinə  və həyat yoldaşına xəyanəti kimi  qəbul edilməyib. Sadəcə,  bizim son 50 ilə qədər olan sevgi, ailə-əxlaq  haqqındakı etik baxışları  əks etdirilib. 

 Sevilən qız, nişanlı qız, ailəli qadın   hər zaman  bunun fərqində olmalı, doğru olduğu hallarda da özünü, ailəsini mümkün dedi-qodulardan qorumalıdır.

 Həyətdə ağacın altında  vedrədəki suya  it ağzını vurarsa, onu görən kimsə bu vedrədən  su içəcəkmi?

Ona görə də qızlarımız ad və şərəflərini gənclikdən qorumalıdır.

  Türk xaqlarının  dastanlarında namus, qeyrət  məsələsi istər qızlarımızın, istərsə də  gənclərin  xarakterini  açmağa  kömək edən  əsas  faktordur. Hətta, o qədər əsas və  həlledici faktordur ki,  namus, qeyrət sərhədini keçmiş    heç kim qılıncdan yan keçə bilməmiş.

Qılınc  isə  türk xalqlarının  şifahi xalq ədəbiyyatı nümunələrində  təkcə döyüş silahı kimi təqdim edilmir. Əcdadlarımız dəmirin kəşfi ilə əlaqədar onu kultlaşdırmışdılar.  Qılıncı altından keçmək, araya qılınc qoymaq; qılınc və qalxanın qoşalaşması ilə  ədaləti qorumaq, kəsərli olmağı ifadə etmək, igidliyi bildirmək və sair simvolik mənaları   olub və bu gün də  qalmaqdadır.

Məsələn, “Koroğlu”  türk filmində   Koroglu (Cüneyt Arkın)  Gülzar xanıma (Fatma Girik) deyir ki, nikahımız bağlanana  qədər qılınc aramızda qalacaq.

“Oyanış: Böyük Səlcuqlu” serialında çox maraqlı bir epizod var. Səncər arvadı    Durna xatuna üz tutdu, “yatağımıza qılınc qoy”,- dedi və and içdi .

And içən şəxs  bununla demək istəyir ki,  mən vədimi yerinə yetirməyincə,  sən mənə halal deyilsən.

Bu,   qədim türk andıdır. Biz bu andı “Dədə Qorqud” dastanından tutmuş “Manas” dastanına qədər bir çox yerdə görürük.

  Haşiyə: 1937-ci ilin sonunda  ərləri “xalq  düşm əni” kimi həbs edilmiş 47 nəfərin həyat yoldaşlarını sürgünə aparan bir  yük qatarı üzü qarlı, soyuğu iliyə işləyən bir qış  gecəsində Qazaxıstan çöllərinə doğru irəliləyirmiş.   Allah bilir , necə qatar idi, yəqin ki, sərnişin qatarı deyildi. Burada hansı rahatlıqdan söz gedə bilərdi ki. Özü  də bu qatarın sərnişinləri “xalq düşmənləri”nin qadınları olaydı. Amma  dustaqların üstündə nəzarətçi  gedən rus hərbçilərinin  murdar niyyətlərinə yarayardı bu qadınlar.

Hər  dəfə   vaqon xidmətçiləri  bu zavallıların birini  aparırmış  həmin hərbçilərin yatağına. Amma  bu qatarda  böyük İstiqlal şairi Əhməd Cavadın Halalı Şükriyyə  xanım da vardı. O, heç diqqəti cəlb etmirmiş. Bir dəfə sındırılmış qadınlardan biri Şükriyyə xanımdan bunun səbəbini soruşanda, Şükriyyə xanım demişdi ki, gecə tualetə girib, qapını arxadan bağlayıram. Əynimdəki paltarların hamısını çxardıram və tualetin döşəməsini silib, sonra da əynimə geyirəm. Ona görə də kim mənim yanımdan keçirsə,  burnunu tutub keçir.

 Həmin dustaq  qadın deyir ki, mən acam, başa düşürsən, acam! Bəs sən ac deyilsən?

 Şükriyyə xanım bilirsiniz  ona  necə cavab verib, deyib ki,  mən heç kimə heç vaxt imkan vermərəm ki, Cavadın ləyaqətinə toxunsun.

 Şükriyyə xanıma hələ sürgündən əvvəl də belə iyrənc təkliflər edilmişdi. Mircəfər Bağırov ona təklif etmişdi ki, Cavaddan boşan. Yoxsa səni də həbs edəcəklər . Şükriyyə xanımın onda M.Bağırova  belə cavab verib:

– Onsuz da  Cavadı güllələyəcəklər. Amma mənim boşanma ərizəm ona güllədən də ağır olacaq. Mən Əhməd Cavada görə atam Süleyman bəyi ayaqlayıb, ona qoşulub qaçmışam. Amma Cavadı heç vaxt ayaqlamaram. Ayaqlamayıb da. Əhməd Cavaddan belə möhtəşəm sevgi görmüşdü axı:

  Şükriyyə taleyim, şükür Xudaya!

Gördüyüm doğrumu, yoxsa bir röya?!

Dolub ürəyimə bu dadlı xülya

Yaşaya bilmərəm bir kərəm sənsiz!.

Bir gülsən dərmişəm gənclik bağından,

Bir gülü, çiçəyi dərmərəm sənsiz.

Kam aldım ömrümün oğlan çağında,

Bir bağa, bağçaya girmərəm sənsiz.

Səninlə gəzərəm eldən-elə mən,

Bataram, çıxaram seldən-selə mən,

Düşərəm ağıza dildən-dilə mən, Yaşaya bilmərəm, bilmərəm sənsiz!

Əhməd Cavab bu möhtəşəm eşqdən kam almadı , 45 yaşında öz qan qardaşlarının, can sirdaşlarının əliylə güllələndi. Şükriyyə xanım əzabla bu möhtəşəm eşqi  ömrünün sonuna qədər yaşatdı, bu sevginin özünə, onun  çiçəklərinə, tumurcuqlarına pasibanlıq etdi…

 Daha neçə belə onilliklər, yüzilliklər keçəcək.  Bu sevgi nümunəsi  həmişə örnək qalacaq. Sevgiyə  mənəvi qida kimi baxan Cavadların, Şükriyyələrin nəsibi olacaq. Onlar bu  eşqi, sədaqəti, vəfanı  daha uzaq əsrlərə aparan karvanların sarbanları olacaqlar.

 Davamı var…