Ailə elə bir ismət evidir ki, onun qapıları bağlı gərəkdir ( V yazı )

Qadın, ana, ailə dəyərləri

Nə qədər ki, xanımlar bizimlə bərabər idilər, qüvvət də, qüdrət də bizdə idi. Qadını atdan endirdik, yanımızdan ayırdıq, qüvvət də, qüdrət də bizdən ayrıldı. Erkək ictimai həyatda aciz qaldı. Kor, topal, çolaq oldu, yarım qaldı. Yarım erkəklərdən təşkil edilən millətlər yarım millətlərdir.

Quzuçu oğlu Təhsin bəy

Evlənmək- ailə qurmaq istəyi   həm qadında, həm də kişidə fizioloji bir ehtiyac və genetik meyllilikdən yaranır. Bununla yanaşı, həm də ən əsas olanı da budur ki, ailə   qurulmasının   nəsillər və cəmiyyət qarşısında  böyük  məsuliyyəti var. Çünki ailə cəmiyyətin davamlılığını və nəsil xəttini davam etdirmək üçün vacib  olan  bir institutdur.  Ona görə də istər  istər bir nəslin, şəcərənin  başbilənləri, istərsə də dövlət  qurulan ailələrin davamlılığında və keyfiyyətində çox maraqlıdır.

 Təbii ki, hər  ailə başçısı arzu edir və həyatı boyu da  çalışır ki,  onların övladları yetkin və məsuliyyətli olsun, ailəcanlı olsun. Nəsil xəttini  davam etdirməyə məsul olsunlar. Eləcə də dövlət. Çünki cəmiyyətin davamlılığı və saflığı məhz  ailələrin   keyfiyyəti ilə bağlı məsələdir.

 Təəssüflər ki, bu gün  sevgi kimi nəcib hiss də, vəfa, sədaqət ,  ailə  müqəddəsliyi kimi əxlaqi dəyərlərimiz cılızlaşır,  bunların qarşısını  indiki mətbuatın qaratikan kimi boy atmaqda olan  cılız “sevgi” və “sevgili”ləri qapamışdır. Belə  “sevgi”lər  öz əli ilə öz evlərini yıxanları”  hər zaman təqib edir.

Psixoloq  Samirə Bağırova  son dövrlər  bəzi ailələrdə  xəyanətlərin artmasının səbəbini virtual məkanın oynadığı pozucu təsirlərlə izah edir.  Psixoloqun  fikrincə,   evləndikdən sonra kişi və qadın arasında olan münasibətlərin tam açıq olmaması  tərəflər arasında  soyuqluq yaradır  və onları  xəyanətə sürükləyir. Xəyanət varsa, demək, ailə  birlikdəliyinin dayaqları  sarsıdılmışdır və  o,  tez və ya gec dağılacaqdır.

 Böyük şairimiz Əli Kərim xəyanətin dəhşətlərini, ailələrə, insanlara gətirdiyi ağrı-acını, göz yaşlarını ölümün  caynaqlarından amansız olduğunu poetik dillə belə ifadə etmişdir:

Ölümdən – xəyanət pis,

Ölümdən – rəzalət pis.

Bəzən necə gözəlsən,

Ölüm, sən ey səadət!

 Amma mən xəyanətlərin baş verməsinin səbəbini  evli tərəflərin  cinsəl həyatındakı qapalılıqda görmürəm.

Təbiətən qadınlar kişilərin qayğılarını çəkmək üçün yaradılmışdır.  Allah  hər insan dünyaya gəlməmişdən öncə onun qulluğunda durmaq üçün “mələk anne”sini  göndərir. Bu uşağı həmin  “mələk anne”  yedizdirir,   böyüdür. Bir yeri ağrayanda, bir balaca kefsiz olanda, ən çox titrəyən də ana/qadın olur.

Sonra bu uşaq  yeniyetmə, daha sonra gənc olur. Ana  övladı cəmiyyətdə öz yerini tutanacan  onun qayğılarını yenə çəkəcək: yeməyini verəcək, pal-paltarını yuyacaq, ütüləyəcək  və sair.    Sonra  ona toy edib evləndirəcəklər,  bundan sonra isə  bu və ya digər qayğıları tamam başqa bir  ampulada başqa bir  qadın yerinə yetirəcək. Onun adı həyat yoldaşıdır. İndi o,  bir ailənin, uşaqların qayğısını çəkən  cəfakeş ana olmaqla  yanaşı, həm də  ərinin qayğısını  çəkən  qadındır.

  Amma qadın olmaq  o demək deyil ki,   bu qadın  elə  xidmətçi olmaq üçün doğulub:  “bir əli evdə-eşikdə, bir əli mətbəxdə, qabda-qaşıqda, bir əli də kişisinin üstündə” olmalıdır. Axşam qaş qaralan kimi də onun  yatağına girməlidir. Kim belə düşünürsə, öz  düşüncəsi ilə cizgi filmindəki kimi  “aşını şor, gözünü də kor edir”.

 Əgər  bir kişi, ər kişi ha, seriallardakı kişilər yox ha, öz halal qadınını  mələk kimi görmək istəyirsənsə,  bunun üçün səy göstərməlidir, ona qadınının  ətrafında  cənnət yaratmağı   öyrədən kurslara getməlidir, diaqnostik yoxlamalardan geçməlidir.  Zəngin daxili aləmi, yüksək intellektual səviyyəsi   olmayan   bir  şəxs   bu cənnəti, yoxsa, necə yarada bilər? Bu cənnətin  aksessuarları Dərnəgül  yolunda topdan satış inşaat materialları bazarımda satılan sement, kirəc, armatur, taxta, mismar, BF yapışqanı deyil ha,    heç özün də getməyəsən, sürücünü göndərəsən ki, gedib alıb gətirə.  Bəs çox vaxt həyatda necə olur:  insafsız  bir ər ailə dünyasının  vaciblərini  birinci qadını ilə münasibtlərində  öyrənir,  amma cənnəti  onun yox,   məşuqəsinin,  mətbuatın  ad verdiyi “sevgili”sinin  ətrafında yaradır.

 Mənim  ailə  dəyərləri haqqında  baxışım, qənaətim bu.

   Ailə ixtilaflarında məsuliyyəti nə qadınların, nə də  kişilərin üzərinə atmaq istəyirəm. Çünki kimsə günahkar axtarmağa baş sındıracaqsa, nə günahkar aşkarlanacaq, nə də  problem çözüləcək.  Əvvəldə qeyd etdiyimiz kimi,  ədalət mühakiməsində  “bir günah kişinindir, bir günah da qadının”.  Biz  isə sizinlə bu barədə  qarşılıqlı  fikir mübadiləsi aparmaq  ehtiyacındayıq

Mən belə düşünürəm, belə deyirəm. Deyirəm ki, xəyanətlərin  səbəbi evli tərəflərin bir-birlərinə qapalı olmaları deyil, Qərb əxlaqından, xarici seriallardan mənəviyyatımıza yoluxmuş  viruslara görədir.

 Ailə həyatında ərlə qadın arasındakı münasibətlər psixoloq  xanımın, eləcə də belə düşünənnlərin fikirləşdiyi kimi  deyil,  elə   40-50 ilə qədər olduğu kimi davam etməlidir.

Biz etibarlı gələcəyimizə   bütün dəəyrləri ancaq  dədə-babaların ölçüləri ilə çəkib   qəbul etməklə,  qoruya və yaşada bilərik.

Ailədəki qadın seriallardakı qadın deyil. Ailə münasibətlərində abır-həya mütləq lazımdır. Ailə həyatı gözlərinin qurdunu öldürmək üçün qurulmur. Belə olsaydı, evlənmək nəyə lazımmış ki, bu qədər  leqal, qeyri-leqal intim xidmətlər var ikən.

 Bu problemin qadınlar tərəfindən səsləndirilməsi – lap cəmiyyətin müəyyən bir qisminin fikrini ifadə etmək missiyası olsun – heç bizim dəyərlərə uyğun gəlmir.  Hər şeyi akselrasiyanın üstünə atmayaq.  Böyük Vətən müharibəsində nişanlı olub,  gərdəyə girməyən qızlarımız olub.  Müharibədən dönməyən  nə qədər  igidlərimiz olub. Onların  ” vəfalı Səriyyələri” məzara qoruduqları  vəfa ilə də gediblər. Onların hissi, duyğusu olmayıbmı məgər?

İsa  Muğannanın “Tütək səsi” filmində bu məqama aid bir təsirli baxış var: əsgər ailəsinə münasibət! Bu şərəf  artıq cəmiyyətin şərəfidir, onu cəmiyyət qoruyur.

Məşhur  filosof  Ziqmund Freyd   “Həyatımın 30 ilini  qadın psixologiyasını öyrənməyə həsr etdim. Amma ən böyük sualın  cavabını tapa bilmədim:  “Qadınlar nə istəyir?”

Doğrudan,  nə istəyir qadınlar, sevgimi, ailə səadətimi, ANA çağrılmaqmı? Arzulamısınız, qismətiniz olub, halalınız da olsun.  Amma belə  bəxtiyarlığın sərgisində tüğyan edən cinsəl istəklərə  heç yer yoxdur axı.

 Parodoksal olan nədir? Qadınlar intim məmnunluq istəyirlər. İstəyirlər ki,  evliliklərindən 10 il sonra da ilk illərdəki kimi   romantik  həyat yaşasınlar.  Amma  müəllimlərin diaqnostikası kimi bir diaqnostika keçirilsə, məlum olacaq ki, son  illərin Azərbaycan ailələrinin sosial tərkibi, əsasən, ata-ana  və  2 uşaqdan ibarət olur. 3-4 uşaqlı ailələr günümüz  üçün çox azdır. İndi  bizm mühit üçün 3-4 uşaqlı  ailələr çoxuşalı ailələr hesab olunur. Bəs  elə isə  bu çağlayan istək nə üçündür?

 Nələ  internetdə lap çoxdan maraqlı bir yazı oxumuşdum.  Yazı təxminən belə idi ki,  qadınlar var, gənc yaşlarında ana olmaq, vücudlarının  harmoniyasının  pozulmasını istəmirlər.  Həm də istəyirlər ki, gənclik illərinin romantikasını yaşasınlar,  sevgi  birlikdəliyinin dadını  çıxartsınlar. Ona görə də yumurtalıqlarını xüsusi  laboratoriya   şəraitində  saxladır  və nə zaman  uşaq  arzulasalar,  xəstəxana şəraitndə   bu yumurtalıqları  dölləndirirlər.

 İndi bu qadınlarla, bu analarla gəncliyində ailə qurmağı, ana olmağı arzulayan qadınların  fərqi yoxdurmu? Var, həm də göylə yer arasındakı fərq qədər. Bir evdə, ailədə böyüyən qız uşağı və oğlan uşağının  davranışları, maraqları,  oyuncaqları arasındakı fərqləri görmürükmü? Oğlan uşağı silah oyuncağa, topa, tütəyə meyilli olduğu halda, qız uşağı  gəlinciyə meyilli olur. Nənəsi, anası mətbəxdə iş görərkən onları yamsılayır. Elə qardaşına qoşulub həyət düşsün də, futbol oynasın da. Olmur axı. Ona anadan ruhla,  qanla keçmiş varislik  bunu  tələb etmir axı. O, gələcəyin  bir gəlini, bir anası olacaq. Onun genetik yaddaşına  həkk olunan and-aman, əhd budur.

 Analar, övladlarınızın  qanında, canında bu ruhu canlı saxlayın. Onun genetik yaddaşının  yadlaşmasına, kənar təsirlərə məruz qalmasına imkan verməyin. Anası gəzən ağacı balası budaq-budaq gəzər  deyimini  sizin simanızda tam müsbət mənasında qəbul etsinlər.  Əslində  bu atalar məsəli  mütləq  mənfi mənada deyilməyib. Məsələn, kənddə hamı  bütün ailələr  bir-birlərini  tanıyırdılar. İndi bir dayı  oğlunu evləndirmək, ocağına gəlin gətirmək istəyir. Bu atanın da, onun  qadınının niyyəti də   öz əsl-nəcabətlərinə  layiq  bir  gəlin seçməlidirlər.   Geyimini, oturub-duruşunu, danışığını bilməyən bir qız üçün kim  hansı qapıya elçi gedər ki? Qeyd etdiyim kimi,   həmin valideynlər  hansı qapıya gedəcəkdilər,  birinci olaraq o ailənin anasını, atasını  göz önünə gətirirdilər. Sadə, zəhmətkeş  ailədirlər, namusludurlar  və s. Bu keyfiyyətlər bəs edirdi, “qız kor olsa da ərə gedəcəkdi”.  Deməli, burada  qızı  anasına görə seçdilər və bəyəndilər: tam   haqqında bəhs etdiyimiz atalar sözünün əksinə olaraq.

Davamı var...