Mövqe

Hər gün 10 minlərlə uşaq ictimai nəqliyyat vasitələrindən istifadə edir: məktəbə, bağçaya gedir, eləcə də həmin nəqliyyat vasitələri ilə də evlərinə dönürlər. Bir də var nəqliyyat vasitəsi xüsusi olaraq balacaları daşımağa ayrılır. Hələ sovet dövründə üzərində “ Uşaqlar” yazılmış avtobuslar vardı, onlar uşaqları kütləvi tədbirlərə, pioner düşərgələrinə aparıb gətirərdilər. Yəni, bu məsələ yeni deyil. Həmin vaxtlar istər ictimai nəqliyyat avtomobillərini, istərsə də uşaqları daşıyan avtobusların sürücüləri çox peşəkar və məsuliyyətli olublar. Ona görə də nümunəvi və məsuliyyətlə təşkil olunan belə səfərlərdə qəza hadisələri olmazdı.

Amma bu gün belə deyil. Bu cür xidməti daha çox fizki və ya hüquqi şəxslərin yaratdığı sərnişindaşıma şirkətləri göstərməyə çalışırlar. Reallıqda isə həmin şirkətlərdə çalışan sürücülərin əksəriyyəti peşəkar deyil, heç avtobus idarə etmək hüququ yoxdur. Bəlkə elələridə var ki,heç sürücülük vəsiqəsi yoxdur. Sadəcə, sürmək bacarır. Hansısa avtobusun və ya taksinin sürücüsü yolun müəyyən hissəsində avtomobilini belə şəxslərin birinə verə bilər. Xüsusi xidmət ənənələri, imici olmayan belə şirkətlərin sürücüləri də, təbii ki, peşəkar olmayacaqlar.
İnternetdə, küçə divarlarında nə qədər reklamlar var. Hara baxırsan ya belə elanlardır, ya da hazırlıq kurslarına, özəl bağçalara dəvət edən elanlar.

Bunlara lisenziya verən təşkilat və ya şəxslər fərqində deyil ki, lisenziya verdiyi şirkət və şəxslər bu xidmətin ustasıdır, yoxsa onlar yaratdıqları xidməti dolanışıq yeri kimi açıblar. Pis-yaxşı 10-15 avtobus tapıb xəttə buraxmaq xidmət demək deyil. Elə böyüklər üçün olan ictimai nəqliyyat vasitələri də belə. Onlar insanlara xidmət etməyi deyil, onlardan toplayacaqları 30 qəpikləri hədəfləyirlər.
Və yaxud da ki, sərnişindaşıma xidməti ilə məşğul olan hansı hüquqi və ya fizikişəxsində məktəblərdə yaxını, tanışı varsa, söhbətləşib rayonlara turlar təşkil edirlər.
Son illər istirahət və bayram günlərində, eləcə də tətil günlərində uşaqlar üçün çoxlu sayda belə turlar təşkil edilir. Bu turlar yaxın və uzaq məsafələrə təşkil olunur.
Məsələn, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyalar belə turlara maraq yaratdı.
Bu turların çox böyük siyasi-ictimai əhəmiyyəti var. Nümunəvi şəkildə təşkil olunduğu üçün iştirakçılarının xatirindən uzun zaman silinməyəcək.

Amma bəzi turizm şirkətlərinin, adda-budda, yəni düşəndən-düşənə hansısa məktəbin şagirdlərini rayonlara daşıyan və geri qaytaran nəqliyyat qurumları da var ki, bunların xidmətləri xidmət markası yaratmaq deyil, gündəlik dolanışıq, pul qaznmaq hədəfindən başqa bir şey deyil.
Bu cür qurumlarda, burada çalışan sürücülər də sərnişin daşıma fəaliyyəti ilə qeyri-müntəzəm şəkildə məşğul olduqlarından onların xidmətləri tez-tez acı hadisələrlə müşayiət olunur. Belə qəzalardan biri 12 iyunda baş verdi. Mətbuatda verilən məlumatlara görə, mövsüm başlayandan bu, 3-cü qəza hadisəsi idi.
Qəza hadisəsi baş verdiyi gündən kütləvi informasiya vasitələrində rəsmi, qeyri-rəsmi açıqlamaları bird aha nəzərdən keçirdim. Gəldiyim qənaət budur ki, bu hadisədə Təhsil Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsindən başlamış 279 nömrəli məktəbin rəhbərliyinə, sinif rəhbərinə, həmin şagirdlərin valideynlərinə kimi hamının məsuliyyəti var.
Eləcə də bilavasitə daşıma xidmətini yerinə yetirən qurumla yanaşı, yol polisininin, nəqliyyatın hərəkətini təşkil edən qurumların da bilvasitə cavabdehliyi var.

Nümunəvi Qaydalara əsasən, planlaşdırılan səfərin təşkilatçıları səfərdən 2 gün əvvəl Dövlət Yol Müfəttişliyinin rayon şöbəsinə yazılı bildiriş təqdim etməlidirlər.
Uşaqlar 1-2 avtobusla daşınacaqsa, o zaman səfər bildirişi yol polisinə göndərilir.
Bildirişdə :
– daşınma tarixi;
– səfəri təşkil edən şirkət haqqında məlumat;
– azyaşlı sərnişinlərin sayı;
– təyinat məntəqələrini göstərən hərəkət marşrutu;
– müşayiət edən şəxsin tam adı;
– avtomobilin markası və qeydiyyat nömrəsi və sair vacib qeydlər göstərilir.
Yol polisindən qeydiyyatdan keçmiş bu bildiriş
sürücünün yanında olmalıdır. Həmçinin
avtobusun saz vəziyyətdə olmasını təsdiq edən diaqnostik kartın və ya texniki biletin olması da mütləqdir.
Sürücüdə uşaqların daşınmasına və avtobusun istismarına icazə verən sənədlərin tam siyahısı olmalıdır.
Magistral yollarda bu qədər polis postları var. Polis salonu uşaqlarla dolu olan avtobusu saxladır və sürücüsən bu və digər sənədləri tələb edir. Valideynlər kütləvi şəkildə uşaqları avtobusa doldurub necə tur təşkil edə bilər? Kim öz övladını və ya övladlarını aparır, artıq bu, onun öz işidir. Amma bütöv sinif halında səyahətə və ya gəzintiyə gedən kollektiv əvvəlcədən təşkil edilmiş, təlimatlandırılmış heyətlə olmalıdır. Nəqliyyat vasitələri üçün vacib tələblərin gözlənildiyini əks etdirən sənədlər məktəb direktoruna təqdim edildikdən sonra belə səfərə çıxmaq olar.

Yol polisi uşaqları aparan avtomobili saxlayıb sənədləri araşdıranda məlum olur ki, səyahət məktəb rəhbərliyinin razılığı olmadan təşkil olunub. Onda avtobus GLONASS peyk naviqatoru ilə izlənilməklə geri qaytarılır və dərhal uşaqların oxuduğu məktəb rəhbərliyinə, Bakı şəhəri üzrə Təhsil idarəsinə xəbər verilir. Qaçaqmalçılıq kimi sərnişindaşıma ilə məşğul olan qurum və ya şəxs ciddi şəkildə cəzalandırılır. Bunu sistemli olaraq davam etdirsələr, onda kimsə, qaydanı pozmağa, özbaşına uşaq daşımağa cürət etməz.
Hadisə ilə bağlı digər iradlarım.
Qəza baş verən hgünün səhəri internetdə yazdılar ki, Qəbələdən Bakıya turistləri aparan avtobusun Şamaxıda qəzaya uğrayıb və çoxlu sayda xəsarət alanlar var.
Konkret olaraq, qəzaya düşən avtobusdakı sərnişinlər Bakı şəhəri 279 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri, müəllim və bir qrup valideyndən ibarət olub.
Axı bunlar turist deyil, öz vətənini səyahət edən şəxsə “turist” demək hansı məntiqlədir. Sadəcə, məktəblilər və tədris ili başa çatmamış təşkil olunmuş ekskursiya, gəzinti zamanı qəzaya düşüblər.
Hadisə baş verəndən sonra mətbuatda daha müxtəlif açıqlamalar verildi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun rəsmisi Vəşarət Məmmədov mətbuata bir açıqlamasında bildirir ki: “Məktəb rəhbərliyinin verdiyi məlumatda əsasən, şagirdlərin səfəri valideynlərin təşəbbüsü ilə birgünlük gəzinti-istirahət məqsədilə təşkil olunub.”
Fikir verirsinizmi, istə Təhsil Nazirliyi, istər Bakı Şəhəri üzrə Təhsil İdarəsi özlərini məsuliyyətdən necə kənar tutmaq üçün cəhd edirlər.
Söhbət konkret olaraq 279 nömrəli məktəbin müəllim və şagird heyətinin avtobusda düşdüyü qəzadan gedir.
Necə yəni , məktəbin bir sinfi, sinif rəhbəri,olsun ki digər müəllimlərdən də olub, düşünülmüş, ölçülüb-biçilmiş şəkildə tədbir keçirir, məktəb rəhbərliyinin bundan xəbəri olmur. Əgər məktəb özü qabağa düşməsə idi, valideynlər , məsələn, iyul ayında özləri öz tərəflərindən istəsəydilər belə, bütün sinfi cəm edib gəzinti təşkil edə bilməzdilər.
Məktəb direktorunun açıqlamasını bu yazını bitirmək üzrə olduğum indiki dəqiqələrdə oxudum. Direktor deyir ki, gəzinti istirahət günü təşkil olunduğundan hadisədən gecə saatlarında xəbər tutub:
“Mənə bu gəzinti barədə heç kəs məlumat verməyib. Sinfin müəllimini də valideynlər qonaq ediblər. Arzu müəllim də bu qəzada ciddi xəsarət alıb. Əllərini avtobusun ön şüşəsinin qırıqları doğrayıb. Zərbədən uşaqlar və müəllim dərəyə yuvarlanıb. Burada əsas məsuliyyət turu təşkil edən şirkətdədir. Onlar qeyri-peşəkar tur təşkil etdiklərinə görə cavab verməlidirlər. Biz Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə hadisə baş verən andan uşaqların yanındayıq”.
Birbaşa Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul olduqları sahəyə dərindən nüfuz edə bilməmələri deməkdir bu hadisə.
Əhəmiyyət verməyib, pafoslu açıqlamalar verib üstündən keçdilər. Ona görə də təkcə məktəbdə deyil, digər sahələrdə də məsuliyyətsizlik və özbaşınalığın doğurduğu bu cür hadisələr təkrar-təkrar baş veməkdədir.

Yazırlar ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır. Ondansa məktəbləri, təhsil müəssisələrini daim nəzarətdə saxlasınlar və belə xoşagəlməz hadisələrdən maksimum uzaq olsunlar.
Əvvəlcə, direktorun fikrinə münasibət bildirək. İnsanları bu qədər sadəlövh hesab etməyin, cənablar. Sizin sinif rəhbərinizə bazar günü avtobus yola düşməzdən 1 saat öncə çağırıb deməyiblər ki, sizi bizimlə səfərə səvət edirik.
Bu səfər üşün əvvəlcədən hazırlıq görülüb. Çox güman ki, direktor da məlumatlı olub. Çünki gəzinti üçün müəyyən məbləğ toplanılıb. Bu, 1 günün işi deyil.
Heç yerdə belə hadisə ola bilməz ki, məktəbin xəbəri olmadan valideynlər, uşaqlar cəm olub avtobus tutsunlar və sinif rəhbərini də “qonaq” dəvət etsinlər. Halbuki, mövcud qaydaya görə, uşaqların üstündə rəhbər kimi gedən şəxs gediş haqqından azaddır.
Lap tutaq ki, sinif rəhbəri avtobus səfərə düşmə ərəfəsində məlumatlı olub. Bəs niyə direktora deməyib. Heç bir yerdə idarə rəhbərinin məlumatı olmadan kimsə müstəqil bir addım ata bilməz. Dərhal direktora zəng vurub xəbərdar etməli idi. Onda hadisənin qarşısı alına bilərdi.
Nə qədər ki, bütün belə hadisələr məsuliyyətsizlik və özbaşınalıq ucbatından baş verir, məsuliyyətsizcəsinə də yozulur, onların kökünü kəsmək olmayacaq.
Allah şükür ki, hadisədə ölüm-itim olmayıb, çox şükür.
Amma ondan nəticə çıxarmaq lazımdır.
Günahı nəqliyyatın da üstünə yıxmaq istəyirlər ki, texniki nasazlıqdan qəza törədib.
Uşaq daşımaq üçün ayrılmış avtobuslar turdan xeyli əvvəl texniki baxışdan keçirilib yola tam hazır vəziyyətdə gətirilməlidir. Sürücü tibbi müayinədən keçməli, maşındakı bütün sərnişinlər təhlükəsizlik kəmərləri ilə təchiz olunmalıdır. Amma hadisə vaxtı avtobusda olmuş bir valideynin açıqlaması var ki, mən uşağımı dərənin dibindən çıxartdım.
Belə avtobusların sürəti 70 km/saatdan artıq ola bilməz.
Belə avtobusu sürən sürücü ən azı sərnişindaşıma üzrə 3 il təcrübəsinə malik olmalıdır, həm də son bir ili məşğul olmaqla.
Səfər 12 saatdan uzun davam edirsə, sürücülər 2 nəfər olmalıdır və sair…
Göründüyü kimi həmin marşrut üzrə bu nəqliyyatın bütün göstəriciləri mövcud Qaydaların zidd olub.
Uşaqların daşınması üçün nəzərdə tutulmuş məktəb avtobusu haqqında qaydalar var. Bunu dövlət müəyyən edir və bu qaydalarda uşaqların taleyi ən üstün şəkildə himayə edilir.
İnternetdə Rusiyada və Gürcüstandakı təhsil müəssisələrinin şagird və tələbələri üçün xüsusi məktəb daşımalarının təşkili barədə nümunəvi qaydalar haqqında məlumatlar var, bunlara nəzər yetirdim, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” tanış oldum. Məlum oldu ki, hər il DYP-nin bununla bağlı cəmiyyətə, valideynlərə, sərnişindaşıma xidməti ilə məşğul olan qurumlara, eləcə də təhsil müəssisələrinə müraciət və tövsiyələri olub.
Üstəgəl, avtobuslarla uşaqların səyahətinin təşkili ilə bağlı aidiyyəti qurumlarla birgə hazırlanmış Qaydalar var və bu qaydalar cəmiyyətə hər il tirajlanıb . Bəs biz nə üçün həmin qaydalara, tövsiyə və məsləhətlərə əməl etmirik?
Bir xoşagəlməz hadisə baş verəndən sonra isə özümüzdən başqa hamını, texnikanı, hayanı, məkanı, şərairi günahkar təqsirkar hesab edirik.
Yay mövsümünün başlanması və belə səfərlərin intensivləşməsi ilə əlaqədar olaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə etmiş olduğu müraciəti biz də auditoriyamızın diqqətinə çatdırırıq ki, məktəb şagirdlərinin avtobuslarla ölkənin ayrı-ayrı regionlarına səyahətlərini yalnız sərnişindaşıma sahəsindəki mövcud qanunvericiliyə uyğun olaraq, aşağıda qeyd olunan tələblərə ciddi riayət olunmaqla təşkil etməlidirlər:

– Uşaq qruplarının avtobuslarla daşınması yalnız “D” kateqoriyası və ya “D1” altkateqoriyası üzrə avtomobil nəqliyyatı vasitəsinin idarə olunmasında üç il və daha çox fasiləsiz iş stajına malik olan sürücülər tərəfindən yerinə yetirilə bilər.
– Uşaq qruplarının 400 km-dən artıq məsafəyə daşınması üçün uşaqları aparan hər avtobusa iki sürücü təhkim olunur.
– Növbəarası istirahəti 12 saatdan az olan və ya reysqabağı tibbi müayinədən keçməyən sürücülər tərəfindən, yaxud texniki vəziyyətinin reysqabağı yoxlanılması aparılmayan avtonəqliyyat vasitələri ilə uşaqların daşınması üçün reysə çıxmasına yol verilmir.
– Avtobuslarla uşaq qruplarının daşınması yerinə yetirildikdə daşınmanın sifarişçisi tərəfindən bir böyük müşayiətçi, aparılan uşaqların sayı iyirmidən çox olduqda isə iki böyük müşayiətçi təyin edilir. Müşayiətçilər uşaq qruplarının təhlükəsiz daşınması məqsədi ilə müvafiq tədbirlərin görülməsini təmin etməlidirlər. İki müşayiətçidən biri baş müşayiətçi təyin edilir. Həmin müşayiətçi əsas avtobusda olmalı və daşınma zamanı bu Qaydalardan irəli gələn tələblərin yerinə yetirilməsinə nəzarət etməlidir.
– Azərbaycan Respublikasının ərazisində uşaq qruplarının daşınması zamanı növündən asılı olmayaraq, avtobusların hərəkət sürəti saatda 70 kilometrdən artıq olmamalıdır. Yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq uşaqların daşınmasını yerinə yetirən avtobusların yaxın məsafə üçün işıqları günün vaxtından asılı olmayaraq yandırılmalı və onlar “Uşaqların daşınması” tanınma nişanı ilə təchiz edilməlidir.
– Uşaq qruplarının saat 23.00-dan 05.00-a qədər olan vaxt ərzində, habelə yolun görünməsi məhdud olduğu şəraitdə (duman, yağış, qar və digər hallarda) daşınmasına yol verilmir. Müstəsna hallarda saat 23.00-dan 05.00-a qədər olan vaxt ərzində uşaqların dəmiryolu vağzallarına, hava və dəniz limanlarına və onların geriyə qaytarılmasına, habelə yolda ləngimə baş verdikdə yaxındakı istirahət məntəqəsinədək (gecələmə yerinədək) daşınmasına yol verilir.
– Uşaqların daşınması sayı 3-dən 10-dək avtobusun daxil olduğu kolonlarla yerinə yetirilməsi haqqında məlumat aldıqda BDYPİ-nin müvafiq bölmələri həmin kolonların bir ədəd patrul avtomobili, kolona daxil olduğu avtobusların sayı 10-dan çox olduqda isə iki patrul avtomobili ilə müşayiət olunmasını təmin etməlidir.
– Bu Qaydaların və ya yol hərəkəti qaydalarının tələblərinin pozulması halları aşkar edildikdə, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı və ya əsas avtobusda olan baş müşayiətçi təhlükəsiz hərəkətin davam etdirilməsinə maneə yaradan halların və pozuntuların aradan qaldırılması üzrə zəruri tədbirlər görülənədək uşaqların daşınmasını qadağan edir.
Qeyd: DYP belə daşımaların təhlükəsizliyinin təmin olunması məqsədilə xahişedir ki, səyahət təşkil edən müəssisə və təşkilat rəhbərləri uşaqları daşıyacaq nəqliyyat vasitələrinin gedəcəkləri istiqamətdə müşayiət olunmaları üçün səfərdən 5 gün əvvəl ərazi üzrə DYP bölümlərinə müraciət etsinlər.


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.