Mövqe



Bizim təbiət və ətraf mühitə münasibətlə bağlı istər feysbuk səhifəsində, istərsə də öz saytımızda çox yazılarımız olub .
Əksəriyyəti də tənqidi yazılar olub. Amma bu tənqid müxalif tənqid deyil, rastlaşdığımız neqativ hallara qarşı vətəndaş mövqeyimizin ifadəsidir. Bir də təbiətə qarşı harda və nə vaxtsa məsuliyyətsiz və biganə münasibətlə qarşılaşdıqsa, biz bunun səbəbini yalnız məmur və xidmət təşkilatlarının adı ilə bağlamadıq. Onlar məsuliyyətin ən böyüyünü daşısalar da, vətəndaşların məsuliyyəti də az deyil. Heç kim bu məsuliyyətdən kənarda qala bilməz və qalmamalıdır.


Bura isə 49 nömrəli binanın arxa tərəfidir.
Bu gün Bakıda çox az sayda idarə təşkilat, məktəb tapmaq olar ki, könülaçan ərazisi, bağ-bağçası olsun. İstər şəhərin mərkəzində, istərsə də şəhərətrafı rayonlarda elə məktəbəqdər tərbiyə müəssisələri var ki, ərazisinə, sanki, illərlə insan ayağı dəyməyib. Bəs bu bağçalarda böyüyən uşaqlarda gələcəkdə təbiətə hansı sevgi və cavabdehlik oyatmaq olar? Eləcə də, hansısa idarədir, həyətində illədir yatıb qalan avtomobil hissələri, ayrı-ayrı dəmir mexanizmlər və s. Bu müəssisədə işləyən vəzifəli şəxsləri və yaxud sıravi işçilərin yaradıcı əməyinə inanırsınız, mən inanmıram. Belə müəssisə, məktəb, bağça rəhbərini belə münasibətinə görə vəzifədə saxlamaq olmaz.


Təbiəti şüarla, pafoslu çıxışlarla, kampaniya ilə deyil, şüurli və sistemli şəkildə cana gətirmək, gələcəyə sağlam şəkildə miras qoymaq olar.
Ev heyvanları balacalarla daha rahat, məmnun olduqları kimi təbiət də uşaqlarla ünsiyyətdə gözəl olur, mənalı olur. Deməli, uşaqlara təbiətə sevgini lap kiçik yaşlarından aşılamaq lazımdır. Uşaq təbiəti, bitkiləri, gülü-çiçəyi, heyvanları, qarışqanı, böcəyi belə tanımalıdır. Bu, həm də gələcək ekoloji fəlakətlərə qarşı ağıllı strategiyanın ilkin addımları olardı.
Gəlin, həqiqəti deyək, bir az da öz məsuliyyətimizi aşkarlayaq. Biz şəhərimizə, rayonumuza, kəndimizə, həyətimizə canyandırırıqmı? Bir vaxt kəndlərimizdə ağaclar o qədər sıx idi ki, külək əsəndə , sanki kəndin bu başındakı ağac budaqları vasitəsi ilə kəndin o başındakı ağaclarla təmasda olurdu. İndi heı bir həyətdəki ağaclar belə, həmin ünsiyyəti yarada bilmir. Çünki ahıllar köç etdikcə, bağ-bağça sığalsız, mehrsiz qaldı. Onları suvaran, dibini yumşaldan, budayan olmadı. Nəticədə, ağaclar seyrəldi, yeni nəsil cavan ağac əkmək, onun qulluğunda durmaq qayğısını özlərinə sığışdırmadı.. Bununla onlar maddi təminatdan, eləcə də təbii sipərdən özlərini məhrum etdilər.






Böyür-başında topla oynayırlar, üstünə top düşür, özləri əllə qırır, hər kolun dibindən yol salınıb… Yaşıllıqlar yoluq toyuğ döndərilib.
Sovet dövründə Ağdaş rayonundan Qutqaşen(Qəbələ) şəhərinin mərkəzinə qədər qoz ağacları yolun o üz- bu üzü ilə sıralanmışdı. Deyirlər ki, Rusiya imperator ordusunun general-mayoru , həm də yazıçı — Müqəddəs Georgi ordenini qazanan ilk azərbaycanlı İsmayıl bəy Qutqaşınlı guya həmyerlilərinə deyib ki, hər əkdiyiniz qoz ağacına sonda bir qızıl verəcəyəm. Adamlar da həvəslə ağacəkmə kampaniyasına qoşulub . Kampaniya başa çatanda insanlar haqlarını istəyəndə İsmayıl bəy deyib ki, bu ağaclar böyüyəcək, həm onların kölgəsində dincələcəksiniz, həm də meyvəsi ömrünüzün sonuna kimi gəlir yeriniz olacaq.
O vaxt bu yolu yaşıl tunel adlandırıdılar. Yadıma gəlir ki, bizim nəsil həmin ağacların dibindən yığdıqları qozları sataraq velosiped, top və s arzuladıqlarını alardılar. İndi həmin ağaclardan barmaqla sayılacaq qədər qalıb, və yaxud heç qalmayıb.


Bəs bağlarımız, bağçalarımızda ağacları kim əkməlidir, insanlar heç ağıllarına gətirirlərmi ki, belə davam edəriksə, çox meyvələr “Qırmızı kitab”a düşəcək. Mən eşitdiklərimi yox, gördüklərimi yazıram:
1962-1972-ci illərdə bizim balaca kəndimizdə mal-qarası, qoyun-quzusu, toyuq-cücəsi olmayan bir həyət yox idi. Hər həyətdə məhsul yığımında tonlarla Qızıləhmədi alma, qoz, şabalıd, fındıq toplanardı. İndi bunun 3-5 faizi ola, ya olmaya? Tək-tük ailə var ki, mal-qara saxlayır.
Xəlil Rza Ulutürkün uşaqlar üçün yazdığı bir şeirə mahnı bəstələnib:
Sağıcıdır mənim nənəm,
Köməkçisi mənəm, mənəm.
Mən badyanı gətirirəm,
Nənəmə tez yetirirəm.
Nənəm sağır inəkləri,
Badyada süd köpüklənir.
*****
Sağıcıdır mənim nənəm,
Köməkçisi mənəm, mənəm.
Əynimdə var ağ xalatım,
Köməkçidir mənim adım.
Mən badyanı gətirirəm,
Nənəmə tez yetirirəm.
Nənəm sağır inəkləri,
Badyada süd köpüklənir.
******
Qızıl inək, qaşqa inək,
Südü sanki çeşmə inək.
Mən badyanı gətirirəm,
Nənəmə tez yetirirəm.
Nənəm sağır inəkləri,
Badyada süd köpüklənir.
Çox təəssüflər ki, indi kəndlərimizdə belə şirin uşaqlıq həyatını yaşayan nəvələr olduqca azdır. Və bir də ona da çox təəssüflər ki, kəndlərimiz nə qədər müasirləşirsə, o qədər də öz təbiiliyindən günbəgün uzaqlaşır. Hömətli Leyla xanımın təşkilatçılığı və qayğısı ilə Bakının yaşıllaşdırılması sahsində böyük layihələr həyata keçirilib və keçirilməkdədir. Amma sonra bu yaşıllıqları qorumaq, qayğı göstərmək məsələsi təəssüfedicidir.
Hansı yaşayış binasına yaxınlaşırsan, həyət-baca nə gündədir. Əgər insan öz məhəlləsini, yaşadığı binanın ətrafını təmiz, gül-çiçəkil görmək istəmirsə, əksinə, gecə-səhərə kimi evinin pəncərəsindən zibildolu paketləri, şüşə qabları evinin qarşısına atırsa, o yerdə hansı rahatlıq və gözəllik yaratmaq olar? Hansı oturacaqlara, “besedka”lara yaxınlaşırsan böyür-başı günəbaxan qabıqları, boş dondurma, şirə qabları. Kommunal xidmət işçiləri hər gün olmasa da, ikigündənbir təmizləyirlər. Amma bu vəziyyət hər gün davam edir.
Belə natəmiz, sıxıntılı yerdə əyləşib necə dinclik tapmaq olar?
Hesab edin ki, Bakının hər bir sakini, eləcə də Azərbaycanın, lap böyük mənada dünyanın hər bir sakini torpağa bir şitil basdırsa, Yer kürəsi yaşıllığa bürünər. Hər bir kəs öz evinin qarşısında, öz həyətində, tərbiyə aldığı bağçada, məktəbdə, işlədiyi müəssisənin həyətində bir ağacın, bir gülün nazını çəksə, havamız, suyumuz necə saflaşar.
Küçəyə tüpürməmək, bir kibrit çöpü atmamaq, istifadə olunmuş kağız və karton məmulatını, istifadəsiz plastik qab və polietilen paketlər səliqə ilə saxlayıb təkrar emal məntəqələrinə təhvil vermək özü təbiətə qayğılı münasibətdən xəbər verir. Axı plastik tullantılar təbiətdə yüz illər ərzində parçalanmır, miqdarı isə ilbəil artır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və sututarları çirkləndirir, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir və məhsuldarlığın aşağı düşməsinə səbəb olur.

4 ağac quruyur. Çünki bu ağaclar suyu ancaq yağış, qar yağanda görürlər. Nə Ekologiya məsulları, nə bələdiyyə, nə Yaşıllaşdırma təsərrüfatı, nə rayon Epidemioloji Mərkəzi bu cür yüzlərlə quruyan ağaclardan xəbərsizdirlər…. Hələ binanın arxasında neçə belə ağac var, son günlərini yaşayır.
Bu ağaclar susuzluqdan “Xilas edin” deməyə belə, taqətləri qalmayıb.
- Biz saytımızda bu mövzudan dəfələrlə bəhs etmişik.Ağac hər il 50 m3 təmiz su istehsal edir və quraqlığın qarşısını almağa kömək edir.
- Bir ton istifadə olunmuş kağız və karton tullantılarının geri dönüşü, yəni, təkrar istehsala qaytarılması nəticəsində 16 ədəd şam ağacının və 85 kvadratmetr meşə sahəsinin viran qalmasının qarşısını alır.
- Bir ton plastik qablaşdırma tullantılarının təkrar istehsala qaytarılması nəticəsində 14000 kwh enerjiyə qənaət etmiş oluruq. Həm iqtisadi maraqlarımıza, həm də sağlam həyatımıza xidmət etmiş olarıq əgər hər şeyə qədirşünaslıq duyğusu ilə yanaşmağı həyat tərzinə çevirə bilərik…..
Qızıldərililərin qəbilə başçısı Seatle qorxulu, amma uzaqgörənliklə düşünüb-daşınmağa çağırır:
“Bir gün görəcəksiniz: göydəki qartallar, dağları örtən meşələr yox olmuş: atlar əhilləşdirilmiş və hər yer insan övladının vahiməsinə bürünmüş. Bax, o gündən insan üçün həyatın və varlığın iflası başlayacaqdır.”
Təbiət şairimiz Musa Yaqubun şeirindən bir parça ilə hər bir kəsi belə qədirşünaslığa, həm də məsuliyyətə çağırıram, sevək torpağımız, gülümüzü, çiçəyimizi:
Nə qərib alova bürünüb o dik,
Qaymaq çiçəkləri yanır zər kimi.
İlahi, biz necə bəxtəvərmişik!
Bu dağlar, dərələr bizimkidimi?
Bu göy də, bu yer də bizimkidimi?
Yəni biz də varıq,
dünya da varmı?
Bu baxan gözlər də bizimkidimi?
İlahi, biz necə bəxtəvərmişik!..

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.