Mövqe

Statistik məlumatlara görə, hər dəqiqə dünyaya 270 körpə göz açır, hər saatda 16 200. Onda hər saatda 16 200 ailə şənlik edir. Hər saatda 16200 sevgi çiçəyi açırsa, baxın, bir ildə bu, 121 968 000 sevgi çiçəyi deməkdir. Ehvatorun uzunluğu 40 075 696 metrdirsə, bu sevgi çiçəklərini ekvator boyunca 2 dəfə rahatlıqla dolamaq olar: dünyaya sevgi kəməri…

Ammalar da var. Bu çoçuqların heç də hamısı sağlam doğulmur, qaydasınca qidalanmır, ixtisaslaşdırılmış tibbi yardım ala bilmirlər. Bəzi yerlərdə təhsil imkanları olmayan uşaqlar da var. Lazımi qayğı və diqqət ayrılmadığından uşaqlar kiçik yaşlarından pis vərdişlərə sürüklənirlər və sair.
Ona görə də uşaq doğumu, onları dünyaya gətirən anaların sağlamlığı, uşaqların sağlam, qayğısı böyüməsi hər bir ölkənin prioritetidir. Bu, təkcə qidalandırmaq, geyindirmək yox, həm də fiziki, zehni, sosial və emosional baxımından müvəffəq böyütməyə nail olmaqdır. Xüsusilə 0-6 yaşlar uşaqların inkişafının ən sürətli dövrü olduğu dövrü olduğu üçün onların ahəngdar inkişafının ilk təməli bu yaşlarda qoyulur. Bu isə məktəbəqədər olan dövrdür. Zaman-zaman müşahidə olunmuşdur ki, məktəbəqədər tərbiyə müəssisələrində hazırlanıb ilkin təhsilə atılan uşaqlar belə müəssüsələrə heç getməmiş uşaqlardan daha bacarıqlı və savadlı olurlar.
Məktəbəqədər ictimai tərbiyə ocağı xalq maarifi sistemində ilkin vəsilədir. O, ailə ilə sıx əməkdaşlıq şəraitində uşaqların ahəngdar inkişafı, onların məktəbə hazırlanması kimi vəzifələri həyata keçirir.
İşləyən qadınlar üçün məktəbəqədər tərbiyə müəssisələrinin əhəmiyyəti xüsusilə böyükdür. Körpələr evi, uşaq bağçaları analara məhsuldar əmək sahələrində olduğu kimi, ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirak etməyə imkan yaradır. Beləliklə, uşaq bağçası gedən uşaqla getməyən uşaq arasında fərqlər necə xarakterizə olunur?
Bağçaya gedən uşaq daha fəal olur: “Fiziki, əqli cəhətdən yaxşı inkişaf edir, özünə inamlı olur, nitqi inkişaf edir, kollektivə öyrəşir, bir çox sevmədiyi yeməklərin adlarını öyrənir, evdə heç yemədikləri yeməkləri bağçada qrup halında əyləncəli şəkildə yeyirlər, paylaşmağı öyrənir, digər həmyaşıdları ilə ünsiyyətdə olur, sosiallaşırlar.



Nəticədə, gələcəyin yetirmələri elə uşaq yaşlarından ətrafdakı insanlarla rəftar etməyi, hörmətlə yanaşmağı öyrənir. Hörmətli və anlayışlı bir insan olmaq üçün cəmiyyətə doğru addım atırlar.
Bağçada uşaqlar əyləncəli vasiyələrlə gələcək təhsilə hazırlanırlar. Kəsmə, yapışdırma və rəngləmə kimi oyunlar və yaxud otaqda olan əşyaları uyğunlaşdırmağa, təsnif etməyə, müşahidə etməyə və mücərrəd düşünməyə imkan verən fəaliyyətlərlə onların mütəhərrik və koqnitiv bacarıqları inkişaf etdirilir.
Uşaqlar bağçada şeir və nağıl danışaraq sağlam nitq vərdişlərinə yiyələnirlər. Yaşamaq, danışmaq, dinləmək və qarşılıqlı əlaqə yaratmaqla dildən istifadə etmək vərdişləri əldə edirlər.
Əl-üzlərini yumaq, dişlərini fırçalamaq, idman fəaliyyətləri onların sağlam böyümələrinin təməlini qoyduğu kimi, gigiyenik məsuliyyət yaradır. Həyətdəki gülləri sulamaq, təlim aldıqları otaqlarda, həyətdə səliqə-sahmana riayət etmək onları əməyə alışdırdığı kimi, əmək adamlarına hörmət bəsləməyi öyrədir. Ən əsası, uşaqlar bağçada öyrənmə vərdişləri qazanırlar.Uşaq bağçası uşaqlar üçün həm də onların istedadlarını üzə çıxarmaq, düzgün sahəyə yönəltmək baxımından çox faydalıdır.
Bəs bu gün məktəbəqədəryaşlı uşaqlar bu qayğılarla necə əhatə olunublar?
Azərbaycan Respublikası Elm və Təhsil Naziri Emin Əmrullayev keçirdiyi brifinqlərdən birində deyib:
“Ölkədə 1825 uşaq bağçası var. Onlardan 1692-i dövlətə məxsusdur. Orada 126 mindən çox uşaq tərbiyə alır. Azərbaycanda 133 özəl bağça fəaliyyət göstərir. Orada 5124 uşaq var. İlin əvvəlinə olan məlumata görə, bağçalarda 17 218 nəfər işləyir”.
Digər bir məlumata görə, 1825 uşaq bağçasından 385-i Bakının şəhərinin payına düşür. Bakıda, eləcə də digər şəhər və rayonlarda istər məktəb, istərsə məktəbəqədər tərbiyə müəssisələri tikintisində bir vüsət var. Azərbaycan dövlətinin lideri, cənab İlham Əliyev, hörmətli Mehriban xanım hər yeni tikiləcək məktəb və bağaça tikintilərinin təmılqoyma mərasimində, eləcə də istifadəyə verilərkən açılış mərasimlərində şəxsən iştirak edir, uşaqlarımıza göstərilən qayğıya əmin olurlar. Bununla belə görüləsi işlər çoxdur. Azərbaycanda hələ bağçalar kifayət qədər deyil. Yerlərdə elə bağçalar var ki, həmin bağçalarda heç bir keyfiyyətli təlim-tərbiyədən söhbət gedə bilməz. Valideynlər bu cür bağçalara, olsa-olsa, işə gedəndə uşaqlarını qoyacaqları yer kimi yanaşırlar.



Mətbuatda verilən məlumata əsasən, uşaq bağçaları, uşaqların əhatə olunmasına görə Azərbaycan dünyada ən aşağı yerlərdən birini tutur və bu da yaxşı göstərici deyil.
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc “Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu” ictimai rəy sorğusunun nəticələrinə həsr edilən konfransda çıxışı zamanı bildirib ki, “Ölkəmizdə 1825 uşaq bağçası var. Bu o deməkdir ki, hər 4 uşaqdan yalnız biri bağça ilə təmin olunur. Baxmayaraq ki, hər il dövlət yeni müəssisələrin inşasını bir nömrəli məsələyə çevirib”.
Sovet dövründə mən Bakıda bir bağçada olmuşdum – təxminən 83-85-ci illər idi. İşim vardı. Fürsətdən istifadə edib həyət-bacadan tutmuş balacaların sanitariya qovşağının vəziyyətinə qədər hər şeyə diqqət yetirdim. Bağçanın 3-4 texniki əməkdaşı, müəlliməsi və müdiri ilə ehtiyatla ünsiyyət yaratdım. Marağım bu idi ki, görüm bunların uşaqlarla ünsiyyəti (Haşiyə: O vaxt indiki kimi “kommunikasiya” demirdilər. İndi kommunukasiya var, ünsiyyət yoxdur) necədir , belə yaraşıqlı binası və əhatə gözəlliyi olan bağçaya uyğun işləyirlərmi?
Tam razı qalmışdım. Müəyyən çatışmazlıqlar təbii ki, olmamış deyildi. Belə olmayan idarə, təşkilat , əslində, yoxdur və ola da bilməz. Amma indiki dövrdə olduğu kimi yox. Məktəbəqədər tərbiyə vasitələri
sanki yuxarıda qeyd etdiyimiz kimi, işləyən valideynlərin axşam işdən çıxana qədər övladları üçün bir saxlanc yeridir.
Elə bağçalar var ki, sanitariya vəziyyətinə, heç bir rahatlığı olmadığına görə dərhal bağlanmalıdır. Amma onlar illərdir belə də fəaliyyət göstərirlər.
Günümüzün bağçaları tərbiyə subyektliyindən daha çox sahibkarlıq subyektinə oxşayır.
Bu uşağı saxlayan pedaqoqdur, anadır, ailəli deyil, psixikası necədir, bunu axtaran kimdir? Bu gün kim istəyir bağça aça bilər. Deputat , nazir, rektor qızı, gəlini, bacısı, bir sözlə, pulu olan hər kəs uşaq tərbiyə müəssisəsi açdıra bilər. Çox vaxt belə müəssisələr bağça statusunda rəsmiləşmir: qeydiyyatdan qrup, mərkəz kimi keçir, amma tam bağça kimi fəaliyyət göstərirlər.
Məktəb, bağça elə bir sahədir ki, bu sahədə ancaq məşhur pedaqoq Suxomlinskinin dediyi kimi: “ürəyini uşaqlara verə bilənlər işləməlidir”. Günümüzdə, təəssüf ki, belə deyil. Mən bütün bağçalarımız haqqında əks fikirdə deyiləm. Yaxşı bağçalarımız , əlbəttə, var. Amma narazılıq doğuran bağçalar da az deyil. Uşaq bağçaları var ki, həyətinə daxil olanda çin hürkər. Oyuncaqları kirli-paslı, sınıq-salxaq. Bağçalar da var ki, həmin bağçalarda sağlam pedaqoji mühit yoxdur, uşaqlara fiiki cəza verilir. Kütləvi informasiya vasitələrində bu barədə çox yazılıb.
Elə bağçalar var ki, müdirələri illərdir işlədikləri bağçalarda lövbər salıblar, elə bil babalarından miras qalıb. Ciddi qayda qoyulmalıdır. 3 ildən artıq eyni müəssisədə rəhbər işləmək olmaz. İndi Nərimanov rayonunda işləyir, 3 ildən sonra yaxşı işləyirsə, Qaradağ rayonundakı bağçaların birinə dəyişdirilsin.
…Guya işə imtahanla qəbul edirlər. Bu, formal bir kampaniyadır, şəffaf deyil. Müsabiqədən keçən bir müəlliməyə deyəcəklər ki, sizi Qobu qəsəbəsindəki bağçaya müdir göndəririk. Evi Bayıl qəsəbəsində olan qadın/qız üçün bu marşrut əlverişli olmaya bilər. Və yaxud belə nümunə varmı ki, hansısa məşhurun qızı Bakıda yaşadığı halda, Salyanda, Zərdabda bağça müdiri işləməyə getsin?
Yəni, demək istədiyim odur ki, pedaqoyi müəssisələri müəllim, rəhbər vəzifələrə kadrların seçilib yerləşdirilməsində ciddi nöqsanlar var.
Bu gün istər dövlət, istər özəl bağçaların çoxsunda işləyən şəxslərin pedaqoji təhsilləri yoxdur.
Mənə bir şəkil göndərmişdilər. Həmin şəkil Bakı bağçalarının birində uşaqların yemək vaxtı çəkilib. Süfrəyə, yeməyin özünə baxın: boşqabı ancaq su və makaronla “dolu qab” ediblər.
Nahar vaxtı uşaqlar daha acımış olur. Amma süfrədə meyvə, şirə və sair iştahagətirici heç nə yox.

Belə bağçalar çoxdur. Ona görə də uşaqlar bağçaya ağlaya-ağlaya gedirlər.Uşaqların üzünə baxanda bir vitaminsizlik yağır. Halbuki, dövlət onların qidalanması üçün nə qədər lazımdır vəsait ayırır.
Uşaqların bağçaya qəbul məsələsində neqativ hallar var. Elektron sistemə keçildiyi elan edilsə də, insanlar yenə də qəbul məsələsinin şəffaf olmadığı barədə danışırlar.
Azərbaycan bu gün öz müstəqil həyatını yaşayır. Əsrlərlə davam edən erməni mifi Cənab İlham Əliyevin qətiyyətli siyasəti ilə darmadağın edilib. Ölkəmizdə gedən gedən quruculuq işləri də bizim gözlərimiz qarşısında gedir. Biz yeni , daha qüdrətli, daha firavan Azərbaycan uğrunda üzü sabahlara doğru gedirik. Məşhur bir uşaq mahnısının məşhur misraları ilə yazımızı ünumiləşdiribson veririk:
…Ay ana, böyüyəndə
Günəş olaram mən də.
Doğulan hər bir körpəmiz cəmiyyətin davam etməsi üçün vəsilə olduğu kimi, həm də Azərbaycan üçün bir Günəşdir. Əgər biz onlara daha sevgi və qayğı ilə yanaşsaq, Azərbaycan daha aydın sabahlara qərq olacaq.
