Mövqe

Bir məktubdan:
Biz iki bacı bizi “qızlarım, ulduzlarının” deyərək sevən bir ana ilə böyüdük . Atam “Matchbox” avtomobil kolleksiyasını heç zaman bizimlə paylaşamadı. Mən o vaxtdan sevə-sevə əzizlədiyim “Barbi”ləri “gələcəkdə qızıma verərəm”,- deyə saxladım . Bəli, o gün gəldi və mən hamilə qaldım. Arzularımda həmişə qız uşağım olsun deyə duaçı olsam da, həkim “oğlan” dediyi an mənim bütün xəyallarım pozuldu …
” Axı mən heç oğlan anası olacağımı düşünməmişdim. Anam və əzizlərim “fikir eləmə, ikincisi, inşallah, qız olar ” kimi təsəlliverici sözlər söyləsələr də, mənim təsəllim qız uşaqları üçün mağazalarda gördüyüm, eləcə də özüm alan paltarlar oldu. Nəhayət, oğlumu qucağıma aldım … Min dəfə şükür etdim. Amma “görəsən, mənim qızım olmayacaqmı?” sualı heç zaman məni tərk etmədi…”
İlk dəfə ana olmağa can atan, həm də məhz qız anası olmağı arzulayan bu yeniyetmə qızın sosial şəbəkələrin birində rast gəldiyim məktubunu maraqla oxudum.
Ailə planlanması zamanı cinsin müəyyən edilməsi, oğlan uşağı deyilsə, selektiv abortlarla hamiləliyin dayandırılması kimi yanlış, yanlış olduğu qədər də zərərli və insanlıq adına utanc meyil davam etməkdə ikən qız uşaqlarına qucaq açan, evində gələcək qız övladı üçün yüyrük hazırlayan ana və ataların olması sevindiricidir. Belə arzu və xəyallar insanları öz əlləri ilə öz çıraqlarını söndürən günahkarlar olmaqdan xilas edə biləcəklərinə ümid işartılarıdır. Bu işartıları gurlaşdırmaq, hüdudlarını genişləndirmək, hər evə, hər ailəyə, “Ata”, “Ana” deyə çağrılacaqları günlər üçün boylanan hər bir yeniyetmə oğlanın, qızın qəlbinə yaymaq lazımdır.

Qız övladlarını qızıldan da artıq dəyərləndirən valideynlərimiz, təbii ki, var. Analar var ki, məhz qız arzulayır, özünün həyatdakı əksini yaratmaq istəyir. İstəyir ki, qızı çəhrayı fırfır ətəkli don geyinsin, buruq saçlarını toplayıb daramaq üçün hər səhər bu “şeytan”I güzgü qabağına gətirsin, corablarını geyindirsin, qapıdan yola salıb birbaşa pəncərəyə qaçsın ki, arxadan qıznın görünüşünə, addımlarına baxsın. Heç kimə, lap proletara deməsə də, öz içində xəfifcə pıçıldayacaq ki, eynən özümdür.
Çox istərdim qadın oxucularımız mənim məsələyə bitərəfli yanaşdığımı zənn etməsin. Məlum olan budur ki, günümüz üçün bu problem mövcuddur və getdikcə daha geniş spektrdə səpələnməkdədir.
Problem dövlətin prioritetidir və əlbəttə ki, onun həlli istiqamətdə addımlar atılır . Bununla bağlı Milli Fəaliyyət Planı təsdiq edilib, “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsi” Dövlət Proqramı qəbul olunub, Proqramın ayrı-arı istiqamətləri üzrə tədbirlər həyata keçirilir, selektiv abortları qadağan edən Qanun qəbul edilib və sair.
Bütün bunlarla yanaşı, insanları problemin mahiyyətini, onun gətirə biləcəyi fəsadları görüb dərk edə biləcəyi hala gətirmək üçün maarifləndirilmə və təbliğatın daha təsirli effekti ola bilər. Həm də ona görə ki, bu gün də yeni doğulanlar arasında qız uşaqlarının sayı azalmaqda, selektiv abortların (cinsi mənsubiyyətə görə hamiləliyin süni pozulması) isə davam etməkdədir.
Abortlara qadağa sovet dövründə də var idi. Buna baxmayaraq, abort etdirən müxtəlif vasitələrlə hamiləlik prosesinin qarşısını yenə dayadıra bilirdi, sadəcə, xərci bir az baha başa gəlirdi . Heç nəyin fərqinə varmadan, dinin buyurduqlarını unudaraq abort etdirən də, abort edən də günaha batırdı, elə indi də batır.
Haşiyə: Həzrəti Məhəmməd (s.a.v) buyurub:”Övladlarınız arasında oğlanla qıza fərq qoymayın; fərq qoymaq lazım gəlsəydi, mən qızları üstün tutardım…”

Bu, elə problemdir ki, onun zərəri, fəsadları adam ağacdan yıxılanda hiss etdiyi kimi, anındaca hiss etmir. Bəlkə də abort etdirən də, edən də bunun gətirdiyi fəlakətləri heç görməyəcəklər, bilməyəcəklər də. Amma oğlu, nəvəsi, nəticəsi, kötükcəsi bu təsirlərə məruz qala bilər.
Azərbaycanda 1975-1980-ci illərə qədər doğulan uşaqlar arasında cins nisbəti sabit olub. Amma 1998-ci ildən başlayaraq oğlan uşaqlarının sayında inkişaf özünü göstərməyə başlayıb, ildən-ilə keçdikcə bu dinamika artıb.
Qız övladı böyütmək qonşunun bağındakı çiçəyi sulamaq kimi deyildir
Nəticəsi də göz qabağında: Azərbaycan doğulan uşaqların cins nisbətinin pozulmasına görə dünyada ikinci yerdədir. Bunu BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin müşaviri Fərid Babayev kütləvi informasiya vasitələrinə verdiyi açıqlamada dilə gətirib.
Bakı Statistika İdarəsinin 2017-ci ildə verdiyi bir açıqlamaya əsasən, Bakı şəhərində 30373 nəfər körpə doğulub. Yeni doğulan körpələrin 52,5 faizi (hər yüz körpədən 53-ü) oğlan, 47,5 faizi (hər yüz körpədən 43-ü) qız uşaqlarından ibarət olub.
Unutmamalı ki, hələ ailələr ailə formatını 2 -3 uşaqdan 5-6 uşaq modelinə keçirmiş olsaydılar və bunu indiki kimi oğlan uşaqlarının hesabına etmiş olsa idilər, problem mövcud olduğundan da ciddi olardı.
Əgər övlad könül meyvəsidirsə, illərlə arzu edilən, tərəfləri vüsala aparan sevginin çiçəyidirsə, onu xüsusi vasitələrlə necə məhv etmək olar? Mən həyat təcrübəmdə çox müşahidə etmişəm. Çox valideynlərlə bu barədə söhbət etmişəm. İnanın, həmsöhbətlərimin böyük əksəriyyəti qız övladlarına küsənib. Dillərinə gətirməsələr də söhbətin axarından hiss etmişəm ki, onlar daha çox qız övladlarından atalıq-analıq haqqı görüblər və görməkdədirlər. Bunlar əsasən, keçən əsrin 80-ci illərinə qədər olan ictimai fikri üçün gəlinən qənaətdir. Üzübəri gəldikcə qızlara münasibət etimadsızlaşmağa başlayıb.
Niyə ailələr qız övladı istəmirlər? Niyə ailələr ikidən artıq üşaq istəmirlər?

Uşaq yoxsa, iraq-iraq, olmayacaqsa, onda o şəxs bioloji qadın olmaqdan qeyri təəssürat yarada bilməzzzz. Bir evin QADINI ola bilməz, “ANA” deyə sığınıla bilməz.
Heç fikir vermədinizmi, körpə elə ki, ana rəhmində qərar tutmağa başlayandan ananın vücudunda, ruhunda bir dəyişiklik, İntibah başlayır. Eləcə də gələcək atanın xəyallarında yeni statusunun modeli formalaşmağa başlayır. Elə isə, qadının da, kişinin də varlığına “lıq;- -lik” şəkilçisini, onun yaratdığı və mənəvi-əxlaqi məmnunluq doğuran ictimai məzmunu gətirən uşaqlar deyilmi: ana+lıq-qadn+lıq; kişi+lik-ər+lik-ata+lıq…
Fikrimcə, sualın doğru cavabını bu narahatçılıqda aramaq lazımdır: əksər ailələrdə ikidən artıq uşaq arzu edilmir və qız uşaqları ailələr üçün arzu edilən deyil.
Niyə? Bax bunun səbəblərini doğru müəyyən etmək, dilə gətirmək və qarşısını almaq üçün . xüsusilə gənclər arasında böyük layihələr yaymaq, maarifçilik hərəkatına başlamaq lazımdır.
Mətbuat, televiziya, hər kəs bu mənfi təzahürləri doğuran səbəblərə, dünyagörüşlərə qarşı mübarizə aparmalıdır.
Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.