Poeziya buketi, nəğmə çələngi

Anamgildədir

Şirinli-acılı ömür keçmişəm,
Yaxşını-yamanı görüb seçmişəm.
Evli-eşikliyəm, var işim-peşəm…
Uşaqlıq həsrəti anamgildədir.
Ürək ağrısına hey dözə-dözə,
Duranda nadanla bəzən üz-üzə
Bir səs eşidirəm: “Oğul gəl bizə…”
Dizimin taqəti anamgildədir.
Neçə anaya da, anam anadır,
“Aləm bir yanadır, o bir yanadır”.
O açan süfrədə şor da bal dadır,
Ağzımın ləzzəti anamgildədir.
Gəlinin, yeznənin bilir yerini,
Çəkir qardaş-bacı dərdi-sərini.
Ərköyün böyüdür nəvələrini,
Hər kəsin qisməti, anamgildədir.
Qızına bilmirik oduna qazın:
Havası isinmir otağımızın.
İndi duyuram ki, ocağımızın
Közü-hərarəti anamgildədir.
Ömrün qar fəslidir, ağarıb saçım,
Məni ata bilir, qardaşım, bacım,
Çətində mən kimin yanına qaçım?
Ata şan-şövkəti anamgildədir.
Eşqimin növrağına

Könlüm düşdü diyar-diyar
Bir kəkliyin sorağına,
Ha yalvardım, o qonmadı
Məhəbbətin budağına.
Meyl etmədim bir gözələ,
Sədaqətim düşdü dilə.
Mən and içdim ildən-ilə
İlk eşqimin növrağına.
Bir gün yenə onu gördüm,
Dilə gəldi həmin dərdim.
Bir dəstə gül-çiçək verdim,
O, almadı qucağına.
Əllərimdə gülüm soldu,
Riqqətimdən gözüm doldu.
Sinəm başı hədəf oldu
O dilbərin bu dağına.
Sanma könül sınasıdır,
Kərəm olub yanasıdır.
O, körpəmin anasıdır,
Vurulmuşam bu çağına.
Qonşu olmaq istəmirəm səninlə
Bu şeir Telman Hacıyevin bəstəsində məşhur mahnıya çevrilən mahnının Şuşada qələmə alınmış ilk variantıdır. Şair bu sözlərin üzərində sonradan işləmiş, şerin süjet xəttinə əlavələrdə qonşu qızın xitablarını da əlavə etmişdir.

Qonşu qız
Qonşu kimi biz hər axşam, hər səhər
Gəzdik Şuşa dağlarında bərabər.
Indi sənə bir sözüm var, a dilbər,
Soruşmadan səbəbini gəl dinlə:
Qonşu olmaq istəmirəm səninlə.
Nə zaman ki, baxışımız öpüşür,
Bu atəşdən varlığıma od düşür.
Ah, bu yerdə günlər nə tez ötüşür…
Bir arzum var, coşub gəlir o dilə:
Qonşu olmaq istəmirəm səninlə.
Sənsiz heçdir bu yerlərin səfası,
“Daşaltı”nın, “Şuşakənd”in havası,
Müxtəsəri budur, sözüm qısası:
Köç büzə gəl, quraq təzə ailə,
Qonşu olmaq istəmirəm səninlə.

Şuşa, 31 iyul, 1950-ci il

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.