Təhsil və məktəbəqədər tərbiyə müəssisələri

Maddə 66. Attestasiya olunmayan işçilər
Aşağıdakı işçilərin attestasiyası keçirilmir:
-vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər;
-Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər;
-bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər;
-hamilə qadınlar;
-uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
-yaşı 18-dən az olan işçilər;
-bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər;
-eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər;
-kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər;
Mənbə: http://www.e-qanun.az/code/7

Demək olar ki, bu gün təhsil sistemində keçirilən diaqnostik qiymətləndiriilmə müəllimin ixtisas və metodiki biliklərini ölçmə, hesabalama və dəyərləndirmə kimi başa düşülür və bu, sovet dövründəki attestasiyadır. Amma attestasiyanın diaqnostik qiymətləndirilmədən üstün cəhətləri də vardır. Attestasiya zamanı müəllimlərin açıq dərsləri izlənir, fənn metodbirləşmələrində ixtisasına və metodiki biliklərinə aid məruzələri dinlənilirdi. Diaqnostik qiymətləndirilmə zamanı isə iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı verilir. Bu tapşırıqlar müəllimin ixtisas və peşə hazırlığının səviyyəsini tam üzə çıxarmağa imkan verdimi, qiymətləndirilmənin qarşya qoyduğu məqsədi ədalətli, doğru yerinə yetirə bildimi, valid oldumu, yox. Diaqnostik qiymətləndirlmə üçün verilən 60 sual müəllimin təhsil proqramı, metodika və təlim strategiyaları üzrə nəzəri-metodiki biliklərini ölçə bilər, bəs işin özünün görülmə üsulları necədir, hər bir müəllimin pedaqoji taktı necədir, pedaqoji qabiliyyətləri özünü necə göstərir, dərs prosesində öyrədənin, bilik verənin ünsiyyət üslubları yetərlidirmi və s. Bəs bunu necə ölçdünüz? Cəmi 60 test tapşırığı ilə bunların real, faktik vəziyyətini müəyyən etmək olmur axı.Ali məktəblərə qəbul olunmaq üçün test imtahanlarının üstünlükləri , əlbəttə, oldu, amma mənfi cəhətləri də çox oldu. Sovet dövründəki canlı tədris prosesi, əks-əlaqəli, sorğulu-suallı axtarıcılıq yox oldu. Şagirdlərin fikirlərini ifadə etmək qabiliyəti aşağı düşdü, yazı bacarıqları da həmçinin. Bütün bunları indi də müəllimlərin özlərinin başına gətirirlər. Axı müəllim təhsil aldığı ali məktəbdə ildə 2 dəfə imtahan verib, sonda da Azərbaycan dövlətinin təsdiq etdiyi Dövlət İmtahan Komissiyası onları imtahan edib, hər hansı bir fənn üzrə orta ümumtəhsil məktəblərində müəllim ixtisası verib. 20-30 il də bu məktəbdə işləyir, dəfələrlə attestasiyadan keçib, peşəsinə yararlı olduğunu təsdiqləyib. İndi nə imtahandır bu? Ali məktəbi başa vuranda məzun Dövlət İmtahan Komissiyasının qarşısında imtahan verir, ixtisas və peşə statusu alır. Amma eyni Nazirliyin qurumu – Təhsil şöbələri bu diplomlara güvənmir, işə yenidən imtahan keçirib qəbul edir. Təhsil Nazirliyi işə qəbul olunmaq üçün başlanğıcda bir sədd , diaqnostik qiymətləndirmə ilə ondan da geri qalmayan daha digər bir sədd qurub. Modern.az-ın (Bax: https://modern.az/az/news/134660/imtahanda-sifir-netice-goumlsteren-muumlellimlernbsponlar-azerbaycanin-geleceyini-baltalayir) yazdığı bir məlumata görə, 2017-ci ilin diaqnostik imtahanında xeyli sayda müəllim sıfır nəticə göstəribmiş. Hətta imtahanda iştirak edən 120 mindən çox müəllimin 10 minə qədərinin ixtisası üzrə nəticəsi 10 faizə qədər olub. Bilirsiniz bu, nə deməkdir, bu, o deməkdir ki, 2017-ci ildə bizim hər 12 müəllimimizdən birinin ixtisas və metodiki biliyi minimum səviyyədə olub. Onda belə çıxır ki, ali məktəblər savadsız mütəxəssislər yetişdirir. Onda belə çıxır ki, bizim ümumtəhsil məktəblərimizin ancaq məktəbyaşlı uşaqları gün ərzində məşğul etməkdən başqa bir xidməti olmayıb. Ali məktəblərə qəbul olunanlar isə, sadəcə, repetitorların əməyinin nəticəsidir.

Hələ müxtəlif informasiya portallarının paylaşdığı xəbərlər başlıqlarına fikir verin:
1. “İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır… ”
2. ” Müəllimlərin biliyi imtahan ediləcək”
3.”Müəllimlər imtahan verəcək “
4.”Bu gün müəllimlər imtahan ediləcək”
5.”Müəllimlər imtahan verdi ” və s.
Əgər doğrudan da siz deyən kimidirsə, müəllim Azərbaycanın gələcəyini baltalayırsa, onda bu müəllimdən daha çox onu 5-7 il hazırlayan ali məktəbləri ittiham etmək lazımdır, bu ali məktəbklərin fəaliyyətinə rəhbərlik edənləri sorğu-suala tutmaq lazımdır.
Onsuz da məktəbin, müəllimin nüfuzu getdikcə aşağı düşməkdədir. Məktəbə JEK işçindən, bələdiyyədən, polis serjantından, reket jurnalistdən tutmuş hər kəs ayaq açmaqdadır. İmkanlı, vəzifəli qohumları olan adamlar pedaqoji təhsili olmayan yoldaşını, gəlinini, qızını, qayınanasını müxtəlif adlarla məktəblərdə işə düzəldirlər. Məktəbdə bunu hamı görür, ərazidə yaşayan valideynlər bilir və belə şəraitdə sağlam pedaqoji-psixoloji mühit yaratmaq olmaz.
Bütün bunlar üçün cavabdehlik elə Təhsil Nazirliyinin öz üzərinə düşür. İllərdir bizə islahatlar, yeniliklər adıyla eyforiya yaşatdılar. Amma hələ də təhsil problemləri davam etməkdədir, həm də get-gedə böyüməkdədir.
Mən kənd məktəbində məktəb rəhbəri oldum. Qadın müəllimlər çox əziyyət çəkirlər.Baxın, onlar evi, ailəni, uşaqları yola verməli, həyət-bacaya diqqət yetirməli , toyuq-cüçəni yemləməli, həm də sabah deyəcəyi dərsə hazırlaşmalıdır, elmi və bədii ədəbiyyat oxumalıdırlar və s. Bir işçinin nümunəvi fəaliyyət göstərməsi üçün lazım olan şərait və imkanı ona verməmişiksə, ondan etalon iş necə tələb edə bilərik?
Bacarmır, çıxsın otursun evdə,hə? Axı hamının vəziyyəti belə idi. Hamı eyni həyatı yaşayırdı.
Belə vəziyyətdə onlar həm evdə analıq/qadınlıq vəzifəsini yerinə yetirirdi, həm də şərəfli müəllimlik peşəsini. Çalışırdılar, bacara bildiklərinə qədər edirdilər.
Sabah dil fənnindən “Mübtədanın ifadə vasitələri”, ədəbiyyatdan “Poçt qutusu” hekayəsini tədris etməlidir, eləmi, axşamdan bir də göz yetirəcək, əyanı vəsaitlərini hazırlayacaq, hansı üsul və vasiyələrdən istifadə edəcək, bunlar artıq illərlə istifadə edildiyindən artıq vərdişə çevrilib.
Həmin dövr üçün bu səviyyə yetərli idi. Bəs bu rayonun məktəbləri Təhsil Nazirliyinin məlumatlarında ilin ən qabacıl məktəbləri sırasında necə yer alıb? Bu uğurda onun dərs dediyi şagirdlərin payı yoxdurmu?
Diaqnostik qiymətlədirmə üçün əsas şərt müəllimin dərs dediyi sinfin faktik bilik səviyyəsi, bu məktəbin məzunlarının biliyi yoxlanılan müəllimin ixtisası üzrə qəbul imtahanlarındakı göstəriciləri olmalıdır. Müəllim fəaliyyəti elə sinxron fəaliyyət sahəsidir, elə spesifik xüsusiyyətləri var ki, onu test tapşırıqları ilə yoxlamaq olmaz.
Bu fəaliyyət daha çox praktik həllə bağlıdır. Müəllim necə öyrənməyi öyrətməlidir. Təbii ki, nəinki müəllim, hər bir ixtisas sahibi yetərli biliyə malik olmalııdr, daim yenilənməlidir. Müəllimin mükəmməl savadı ilə yanaşı, mükəmməl də metodikası olmalıdır. Bütün bunlar praktik həll bacarığı ilə də təsdiqlənməlidir. Birmənalı olaraq nəzəri və metodiki biliklər bunları həyata keçirmək prosesində bir-birini tamamlamalıdır. Belədə uğur daha qalıcı olacaq.
Bəzən elə hal da ola bilər ki, müəllimin metodiki nəzəri biliyi, metodiki ustalığından aşağı səviyyədə olsun, fəqət, tədris etdiyi mövzu üzrə məqsədinə çatmış olsun və yaxud əksinə, ola da bilər ki, müəllimin nəzəri və metodiki biliyi yüksəkdir, amma o, dərsdə məqsədinə çata bilməsin.
Həyatın özündə də belədir. Adam var, elm dəryasıdır, əksər elmlərdən məlumatlııdr, amma bu məlumatları ötürə bilmir, dediyini anlamaq olmur. İndi həmin adamı çıxdaş etmək nə dərəcədə ədalətlidir? Onun biliklərindən faydalanmaq yolu yoxdurmu?
Mövcud qaydalara görə orta məktəblərində çalışan yaşı 65 çatmış müəllimlər təqaüdə göndərilməlidir.
İnternet resurslarımızın birində bununla bağlı 2019-cu ilə aid statistik məlumatlar verilmişdi. Məlumata görə, 2019-cu ilin dekabr ayının 31-dək ölkənin orta məktəblərində 65 yaşı tamam olacaq 17 471 müəllim fəaliyyət göstərmişdir. Bunlardan 497-si direktor, 11 385-i direktor müavini və müəllimlər olmuşdur.
Hər il 18 minə yaxın müəllim məktəbləri bu səbəbdən tərk etsin

12 min müəllim də diaqnostik qiymətləndirilmədə 10 faizdən aşağı nəticə göstəriblər deyə əli, dili qısa olmağa məhkum edilmiş olsun. Uşaqların, valideynlərin ağzına da söz düşsün ki, müəllimlərimizin əksəriyyəti 60 suala , hələ 10 faizdən aşağı nəticə demirəm ha, 20-30 faizlik nəticə göstərib. Onda bu müəllimlərin əvvəlki həvəslə, canıyananlıqla dərs deyəcəyini kimsə gözləməməlidir. Bununla da iş bitməyəcək. Nəticələr elan olunar-olunmaz təhsil şöbələrinin, direktorların təhdidi başlayacaq. 20- 30 il işləmiş müəllimlərin yəqinki 18 saatdan az dərsi olmayıb. İndi hərəsindən 8-10 saat geri alacaqlar ki, aşağı nəticə göstərdiyiniz üçün 10 saatdan artıq dərs apara bilməzsiniz. Nadinc,dərsini bilməyən uşaq yerinə qoyulan 12 min müəllimin müəyyən qismi böyük sevgi ilə qədəm basdığı məktəbindən, doğma peşəsindən bezib ayrılacaq, ya da 6-10 saata biyara işlədilirmiş kimi, təqaüd yaşına kimi könülsüz gəlib getməyə məcbur olacaqlar.
Davamı var…




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.