Təhsil və məktəbəqədər tərbiyə müəssisələri
Mənim təhsil haqqında dediklərim, gördüklərim xəyal məhsulları deyil, gördüyüm, bildiyim və birbaşa eşitdiklərimdir. Bu gün müəllimlər var ki, günlərini sayır ki, təqaüd yaşı çatsın, çıxıb otursunlar evdə. Çünki təqaüdü 8-10 saata görə alacağı maaşdan ki çox olacaq.

Onların dərs saatları isə imtahan balları çatmadığından çarəsizlikdən müəllimlik ixtisaslarını seçən yeni müəllimlərə veriləcək, ya da əvvəlki yazılarımızda Bakı məktəblərində “Azərbaycan müəllimi” qəzetindən göstərdiyimiz araşdırma nəticələrində olduğu kimi , daha yüksək bal toplamış müəllimlər arasında deyil, direktorların, təhsil müdirlərinin maraqları əsasında paylaşılacaq. Əgər belə deyilsə, onda nə üçün həmin saatlar yüksək bal toplayan müəllimlərə deyil, onlardan hiss ediləcək qədər aşağı göstəricisi olan müəllimlərə verilir (Bax:https://www.facebook.com/muallim.edu.az/posts/645475195642236/) ?

Qəbul imtahanlarında topladığı bal “Hüquq”,”Müalicə işi”,” Avtomobil nəqliyyatının istismarı”, eləcə də Diplomatiya Akademiyasının, İqtisdiyyat Universitrtinin yüksək karyera vəd edən ixtisaslarına yetməyib, müəllimliyi seçənlərin tarix, ədəbiyyat,riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə diaqnostik qiymətləndirilmədə yüksək bal toplaması, əlbəttə, reallıqdır, kimsə buna şübhə etmir. Təbii ki, məktəb illərindən müəllim olmaq arzusu ilə pedaqoji ixtisasları seçmişlər də az deyil və onlar da yüksək nəticə göstərirlər. Amma bu gün təhsil sistemimizdə baş verən ciddi uyğunsuzluqlardan biri getdikcə pedaqoji təhsillilərin keyfiyyət tərkibinin aşağı enməsi ilə bağlıdır. Müəllim fitrətən müəllim olmalıdır. Heç bir nəzəri bilik bu vacibliyi əvəzləyə bilməz.
Pedaqoji təhsillilər arasında kişi müəllimlərin getdikcə azalması da təhsilimizin qayğılarından biridir. Bir qayğımız da könlünü, gözünü müəllimliyə verib 30, 40, bəzən də 50 ildən çox maarif fədaisi olmuş şəxslərin sonda çox asanlıqla, bəlkə də sevincək yola salınmasıdır ki, yeni vakant yeri yaranır.
İşlədiyi məktəbin hər yetirməsinin qazandığı uğurlarda əməyi olan bir müəllimi böyük hörmət-izzətlə yola salmaq əvəzinə, haqlarında “test suallarının yarısına cavab verə bilməyib”, “savadsız olub” və sair bu kimi təəssüratlar yaradıb yola salmaq böyük hörmətsizlikdir.
Sovet dövründə müəllimləri hörmət-izzətlə qarşılayardılar, evlərimizdə qonağı necə qarşlayarlar o şəkildə. Hər il dərslər başlayanda məktəbə bir də ona görə can atırdıq ki, görək məktəbimizə neçə yeni müəllim gəlib, bizə hansılar dərs deyəcək. Hər il gözləyirdik bunu. İndi təhsili o səviyyəyə gətirmişik ki, şagirdləri hər gün məktəbə deyil, repetitor yanına tələsirlər.
Repetitorluq ciddi fəaliyyətdir. Bu fəaliyyət o qədər əmək tələb edir ki, repitor müəllim repetitorluqla yanaşı, eyniz zamanda işlədiyi məktəbdə 18 saat dərs apara bilmir, ixtisası üzrə məktəbdə viktorina, müsabiqə və yaxud hər hansı bir formada tədbir keçirməyə vaxtı çatmır, çünki uyğunlaşdıra bilmir. Onda məktəblə əlaqəsinin üzülməməsi, stajının itməməsi üçün ya 6-8 saat dərs götürür,qalan saatlardan imtina edir, ya 18 saat dərsi dalbadal 3 günə saldırır, ya da bu dərsləri qeyri-rəsmi başqa müəllimə verir ki, sən apar, əmək haqqı da sənin. Sadəcə, mənim adım getsin.
“Nəticələri müəllimlərə vermədik” adlı bir yazıda adı jurnallarda gedib, gerçəkdə isə işləməyən pedaqoqlar olduğunu Nazirlik özü də etiraf edib:
“Məktəblərdə, təhsil sistemində yüzlərlə, minlərlə adları gedən, lakin özləri olmayan müəllim var … ( Bax: https://modern.az/az/news/100983/nazirlik-resmisi-neticeleri-muellimlere-vermedik).
Tanınmış təhsil eksperti, professor Şahlar Əsgərov bir vaxt Modern.az saytına (https://modern.az/news/86089/repititorluq-tehsilin-bicaq-yarasidir/) demişdir ki, repititorluq təhsilə bıçaq yarasıdır və hələ uzun illər problem olaraq qalacaq:

Hörmətli professor bu fikirləri 2015-ci ildə səsləndirib. Üstündən 9 ilə yaxın vaxt keçir. Amma bununla bağlı heç bir nizamlama, qoruq-qadağa tətbiq edilməyib, əksinə, bu gün ibtidai sinif şagirdləri belə hazırlığa gedir Repetitorlar müəllimlər bizdən inciməsinlər. Onlar bizim kifayət qədər seçilmiş müəllimlərimizdir, öz ixtisaslarının kamil bilicisidirlər. Məktəblər repetitorluğa görə, belə müəllimləri, təbii ki, itirir. Diaqnostik qiymətləndirmənin nəticəsi də onların qazancına əsaslı təsir edə bilmədi. Əgər bu cür savadlı müəllimlərin əməkhaqqları onların ürəyincə olsa idi, heç biri işlədiyi məktəbdən uzaq düşməzdi.
Digər bir əks-təsir də budur ki, bir məktəbdə nə qədər repetitor, qruplarda şagird hazırlayan müəllimlər var, məktəbdə o qədər qanunsuzluqlar var.
Direktor bilmirmi əsas ixtisas fənləri olan riyaziyyatı, fizikanı, kimyanı 3 gün dalbadal salmaq olmaz, amma direkror müavinləri və direktorlar repetitorlara bu imkanı yaradaraq dərs cədvəlinə verilən pedaqoji-psixoloji tələbləri pozurlar. Direktor bilmirmi, məktəbin müəllimi təkcə öz dərslərini deməklə kifayətlənməməli, məktəbin ictimai-siyasi həyatında yaxımdan iştirak etməli , gecələr təşkil etməli, sinif rəhbəri kimi fəaliyyət göstərməlidir. Bilir, çox gözəl bilir.
İndi baxın, repetitor olan müəllimlər sinif rəhbərliyi aparmır, sinifdən və məktəbdənkənar tədbirlərin təşkilatçısı olmurlar.
Hamımızın yolu məktəblərin yanından düşür, hamımızın yaşadığı ərazilərdə bir neçə məktəb var. Rastlaşdığımız mənzərələrdir ki, yuxarı sinif şagirdləri ikinci növbədə fərdi və yaxud qrup halında məktəb binalarına axışırlar, əllərində dəftər və kitab. Niyə – çox güman ki hazırlığa gedirlər.
Bütün bunlar mütləq hansısa təmənnanın qarşılığında baş verir.

Məktəblərdə şagirdlərin gündəlik davamiyyəti də çox aşağı səviyyədədir. Repetitor müəllim varsa, deməli, dərs vaxtı dərsdən yayınıb bu məşğələlərə gedən şagirdlər də var. Hər sinifdə şagirdlər bilirlər axı, onların sinfində 3-5 şagird dərsə gəlmir, repetitor yanına gedir. Hətta adların ucqar rayon məktəblərinə yazdırıb məktəbə heç gəlməyən şagirdlər də var. Nə baş verir: sinif rəhbəri öz işinin öhdəsindən gələ bilmir, özü bu pozuntunun iştirakçısına çevrilir, müəllim faktik olaraq onun dərsinə gəlməyən şagirdləri gəlmiş kimi qeydə alır, gündəlik, rüblük qiymət yazır… Bunların müqabilində onlar da işlərinə məsuliyyətsiz yanaşır, direktor müavuinləri də, direktorun özü də tələbkarlıq edə bilmir. Çünki sinif rəhbərlərinə də, müəllimlərə də dərsdə iştirak etməyənləri yola verməyi təveqqe edib axı. Onda müəllim də işinə yaradıcı yanaşmır, yenilənmir, gündəlik tutmur, işə gecikir, tədbirlərə qatılmır və sair.
Türkiyədə pedaqoji ixtisas üzrə təhsilini başa vurmuş şəxs Müəllim Bankından çıxaracağı paketdə hansı məktəbin ünvanı yazılıbsa, oraya da getməlidir. Əgər imtina edərsə, adı Müəllim Bankından çıxarılır və heç bir yerdə onu müəllim kimi işə götürə bilməzlər.
Biz oxuyan vaxtlarda təyinat bölgüsü vardı, qayda-qanun da vardı. Təyinat yerinə getməli idin. 3 il işləyəndən sonra arzunla istədiyin yerə dəyişilə bilərdin.
Azad təyinat da olurdu: müəyyən səbələrlə bağlı. O vaxtı da sapınmalar olub, amma indiki qədər deyildi bu. Biz ali məktəbi bitirib rayonlarımıza səpələndik. İllər sonra Bakıya qayıdandan sonra bildik ki, öz yoldaşlarımızdan, başqa ali məktəblərdə oxuyanlardan tanıdığqlarımızdan filənkəslər təyinat yerinə getməyiblər, müxtəlif formada Bakıda qalıblar. Bu gün təyinat yoxdur, deməli, əyalətlərə gedənlər ya heç yoxdur, ya da çox azdır. Deməli, hələ çox-çox illər bu nizamsızlıqlar yenə davam edəcək: ucqar kəndlərdə müəllim çaışmayacaq, qeyri-pedaqoji ixtisaslar üzrə texnikum, institut bitirmişləri kurslarla müəllim edib buraxacaqlar məktəblərə. Belə kadrları idarə etmək rəhbərlərin sağlam olmayan niyyətləri üçün çox əlverişli olur. Bütün bunlardan qaçmaq üçün dərs ilinin əvvəlindən təhsil şöbələri məktəblər üzrə ehtiyacları Təhsil nazirliyinə təqdim etsinlər. Təhsil nazirliyi müvafiq olaraq hər ali məktəbə bu ehtiyac təklifini təqdim etsin ki, ay Universitet, Siz Lerik rayonu üzrə bu ixtisaslardan bu kəndərə bu qədər təyinat verməlisiniz. Ailə səbəbi istisna olunmaqla hər kəs Müəllim bankından götürdüyü rayona getməlidir. Getmədiyi halda, Təjsil Nazirliyi bütün ali və ümumtəhsil məktəblərinə qədər bütün pedaoji müəassisələrdə onların işə gğtürülməsinə qadağa qoysun. Hətta öz kəndində yer olan bir məzun da yalnız bankdan çıxardığı məktəbə getməlidir. 3 ildən sonra bu məzunların iş yerlərini arzuları ürə dəyişilməsinə təminat verməlidir.

Davamı var…